012 Bakı Public Art Festivalı çərçivəsində rəssam Nəzrin Məmmədovanın Xəzər əsəri təqdim edilmişdir

 

 Mayın 18-də Bakıdakı Fəvvarələr meydanında "YARAT!" qeyri-kommersiya təşkilatının Birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində rəssam Nəzrin Məmmədovanın "Xəzər" əsəri təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, Nəzrin Məmmədovanın installyasiyası 260x200x30 ölçülü dəniz suyu ilə doldurulmuş akvariumdan ibarətdir.

Tarixi aspektdə Xəzər - tədqiq üçün çox qəribə obyektdir: okeanla əlaqəsi olmadan, o, suyunun tərkibi və orada yaşayan endemik (yerli) canlıların növlərinə görə dəniz hesab olunur. Azərbaycanın iqtisadi, mədəni və siyasi inkişafında Xəzər dənizinin rolu böyükdür. Bakı buxtası isə müxtəlif mədəniyyətləri və xalqları ticarət yolları vasitəsilə birləşdirən məkandır. Sahilyanı landşaftların, infrastrukturun dağılmasına, biomüxtəlifliyin azalmasına, suyun daha da çirklənməsinə səbəb olan və Xəzər dənizində suyun səviyyəsi ilə əlaqəli qeyri-adi mühüm ekoloji problemə də diqqət yetirmək lazımdır.

İnstallyasiyanın əsas vəzifələrindən biri iqlim dəyişiklikləri ilə şərtləndirilən təhlükələrin XXI əsrdə bəşəriyyət üçün həddindən artıq ciddi təhdid kimi qəbul edilməsinə auditoriyanın diqqətini yönəltməkdir. Akvariumun Bakı şəhərinin mərkəzində yerləşdirilməsi layihənin əsas detalıdır. Bu bir növ Xəzər dənizinə ucaldılmış abidədir.

Hər bir mədəniyyət bizə nəyin qorunmasını və saxlanılmasını, nəyin isə unudulmasını diktə edir. Bu baxımdan N.Məmmədovanın əsəri bizə onu xatırladır ki, indiki müasirdinamik inkişaf edən şəhərin yerində bir vaxtlar müəmmalı Xəzər dənizi uzanırdı...

 Son yüz əlli il ərzində Xəzər dənizinin səviyyəsinin xeyli və dəfələrlə dəyişdiyini dövrümüzə gəlib çatan arxiv fotoşəkilləri əsasında ehtimal etmək olar. Hərbi fotoqraf A.Ulskinin 1883-cü ildə çəkdiyi şəkillərdə sahil xətti Qız qalasının ətəyinin, yəni indiki Muğam-Klub restoranının və qalanın Kiçik Karvansara adlandırılan tikilisinin yanından keçdiyi əks olunmuşdur.  A.Mişonun Dağüstü park tərəfdən Bakı mənzərəsini həkk etdirmiş 1895-ci ilə aid fotoşəklində xeyli dəyişikliklər görmək olar: dəniz tərəfdən sökülmüş qala divarının arxasında bütöv silsilə evlər peyda olmuş, Aleksandr küçəsi (indiki Neftçilər prospekti) çəkilmiş, lakin sahil xətti boyunca bir dənə də olsun kiçik belə ağac yox idi. Şəhər Dumasının, o cümlədən onun üzvü Məmməd Həsən Hacınskinin təşəbbüsü ilə 1909-1911-ci illərdə Bulvar bağının salınmasına başlanmışdır. Həmin illərin fotomaterialları da buna əyani sübutdur. Beləliklə, su səviyyəsinin təbii dəyişiklikləri nəticəsində, habelə antropogen amillərin təsiri altında Bakının mərkəzi hissəsində, ayrı-ayrı yerlərdə sahil xətti xeyli geriyə çəkilmişdir.

N.Məmmədovanın əsərləri Bakıda keçirilmiş "Azerbaijani Women" (2009), "Art Bazaar" (2010), "Alüminium IV" "Transformation" və digər sərgilərdə nümayiş etdirilmişdir.

"012 Bakı Public Art Festivalı"nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri əsərlərində əks etdirmişlər. Layihə sentyabrın 1-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 19 may.- S. 7.