Ordu və güc
strukturları müasir texnika,
silah və döyüş
sursatı ilə tam təmin olunur
2012-ci il Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət mükafatına təqdim olunmuş çoxsaylı əsərlər arasında müstəqil respublikamızın silahlı qüvvələrini və müxtəlif güc strukturlarını yüksək texnologiya əsasında istehsal olunmuş müasir texnika, avadanlıq, silah və digər çeşidli döyüş sursatları ilə təmin edən, qısa müddətdə çoxsahəli istehsal sahələrinin, birlik və müəssisələrin təşkilinə nail olan Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşı tərəfindən hazırlanmış "Döyüş sursatlarının yaradılması, istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsalat sahələrinin yaradılması" adlı iş xüsusilə fərqlənir (işin müəllifləri: Yavər Camalov-layihənin rəhbəri; icraçılar: Azad Məmmədov, Eldar Bağırov, Rafiq Hüseynov, Səlahəddin Əsgərov, Cahid Qocayev).
Ölkəmizdə hərbi sənaye kompleksinin əsası ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra qoyulmuşdur. Keçmiş SSRİ-nin hərbi sənaye kompleksi üçün fəaliyyət göstərən, hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr sovet imperiyasının süqutundan sonra ciddi problemlərlə üz-üzə qalmışdı. Belə ki, mövcud xammal, satış bazarının itirilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin kəsilməsi, regionda qeyri-sabitlik və digər problemlər müəssisələrin tənəzzülə uğramasına, sözün əsl mənasında, dağılaraq tamamilə sıradan çıxmasına səbəb olmuşdu. Müdafiə təyinatlı məmulatların istehsalı üzrə ixtisaslaşmış bu müəssisələrin fəaliyyətlərini bərpa etmək və respublikada müdafiə sənayesi kompleksini inkişaf etdirmək üçün 1993-cü ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradılsa da, qarşıya qoyulan əsas məqsədə çatmaq mümkün olmamışdır.
Müstəqilliyin ilk illərində respublikada hökm sürən xaos, səriştəsiz, heç bir siyasi və iqtisadi savadı, təcrübəsi olmayan təsadüfi adamların dövlət idarəçiliyinə gətirilməsi nəinki ərazi bütövlüyünün qorunmasına, həm də ordu quruculuğuna zərbə idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mütəşşəkkil, güclü, müasir hərbi texnika, silah və sursatla təmin olunmuş bir orduya çevrilməsi, ordu rəhbərliyinə səviyyəli, hərbi hazırlıqlı milli kadrların irəli çəkilməsi istiqamətində titanik tədbirlər görülməyə başlanmışdır.
İndi Azərbaycan Silahlı Qüvvələri həm hərbi hazırlığına, həm də mütəşəkilliyinə, müasir hərbi texnika ilə təchizatına görə regionda ən güclü ordudur.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Ölkə başçısının apardığı məqsədyönlü, ardıcıl siyasəti nəticəsində Azərbaycanın hərbi potensialı gücləndirilmiş, son illərdə bu sahəyə ayrılan dövlət vəsaitinin həcmi dəfələrlə artırılmış, Azərbaycan ordusu müasir silah-sursat və hərbi texnika ilə təchiz edilmişdir.
Nazirlik yarandığı gündən tabeliyində olan istehsal müəssisələrinin yenidən qurularaq istifadəyə verilməsini qarşıya məqsəd qoymuşdu. 2007-2011-ci illər ərzində müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi üçün nazirliyin tabeliyindəki birlik və müəssisələrdə aparılan tikinti və yenidənqurma işləri nəticəsində 45-dən artıq yeni istehsal sahələri yaradılmışdır. Həmin obyektlərin 15-nin açılışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev iştirak etmiş, özünün xeyir-duasını və dəyərli tövsiyələrini vermişdir.
Xüsusi vurğulamaq lazımdır ki, qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin maşın və avadanlıq parkının yeniləşdirilməsi məqsədilə elmin və texniki tərəqqinin bütün imkanlarını özündə cəmləşdirən, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkət və firmalarından mürəkkəb əməliyyatları həyata keçirən çoxsaylı texnoloji avadanlıq, 1500-ə yaxın müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınaraq quraşdırılmış və istehsala buraxılmışdır.
Nazirliyin müəssisələrində yaradılan yeni istehsal sahələri təkcə Azərbaycan Respublikası Silahlı Qüvvələrini deyil, həm də digər güc strukturlarını müasir tələblərə cavab verən müxtəlif təyinatlı hərbi məmulatlarla - texnika, silah və döyüş sursatları, o cümlədən xalq təsərrüfatında, maşınqayırma, cihazqayırma, elektronika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin edir.
Bu göstərilənləri əsas götürərək belə bir qənaətə gəlmək olar ki, müstəqil Azərbaycanın ən ali mükafatlarından biri olan Dövlət mükafatına təqdim olunmuş digər işlər arasında Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşının təqdim etdiyi iş istər siyasi, istər elmi, istərsə də iqtisadi cəhətdən əsaslandırılmış fundamental bir əsərdir.
Təqdim olunmuş elmi-tədqiqat, layihə-konstruktor və təcrübi-sınaq işi atıcı silahlarda və artilleriya sistemlərində istifadə olunan müxtəlif növ döyüş sursatlarının yaradılmasına, istehsalının təşkilinə və eləcə də istifadəyə yararsız, təhlükəli, saxlanması həm ekoloji, həm də iqtisadi cəhətdən səmərəsiz olan döyüş sursatlarının utilizasiyasına, habelə MDB məkanında ilk dəfə yeni tökmə texnologiyası tətbiq etməklə müxtəlif çaplı minaatanlar üçün artilleriya minalarının gövdələrinin və zirehli texnikalar üçün (T72 tankı, BMR və MT-LB tipli döyüş maşınları üçün) tırtılların döyüş istehsalına həsr edilmişdir.
Respublikada ilk dəfə "yanan modellər" üzrə mina gövdələrinin və zirehli döyüş maşınlarının çox mürəkkəb istismar şəraitində dağılaraq sıradan çıxan aparıcı hissələrinin - tırtıllarının tökmə üsulunun mənimsənilməsi şixtə materiallarından istifadə əmsalını 80 faiz yüksəltməyə, emal payının 10 faizədək, tökmə qüsurlarını 5 faizə qədər azaltmağa, qəlib materiallarından istifadəni 95 faizə qədər çatdırmağa, milyonlarla manat dövlət vəsaitinə qənaət etməyə və Müdafiə Nazirliyinin göstərilən məmulatlara olan tələbatını tam təmin etməyə imkan vermişdir.
Nazirliyin müəssisələrində aparılmış məqsədyönlü elmi - tədqiqat, layihə - axtarış konstruktor işlərinin nəticələrinin tətbiqi sayəsində respublikada ilk dəfə müxtəlif çeşidli atıcı silahlar üçün patronların seriyalı istehsalını təmin edən avtomat rotor xətləri tətbiq edilməklə qabaqcıl texnologiyaya əsaslanmış istehsal sahəsi yaradılmışdır.
Aparılmış məqsədyönlü tədqiqatlar nəticəsində çox mühüm bir problemin - artilleriya minalarının partlayış zamanı qəlpələnməyə hesabı, alınmış nəticələrin çoxsaylı sınaqlarla təsdiqi, minaların partlayıcı qatışıqlarla doldurulması üçün optimal tərkibin və variantların seçilməsinə, praktiki tətbiqinə nail olunmuşdur.
Fikrimizcə, təqdim olunan işin ən vacib və mühüm əhəmiyyət kəsb edən dəyərlərindən biri də respublikada ilk dəfə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində ekoloji cəhətdən təmiz, partlayış təhlükəsizliyinə görə bütün norma və tələblərə cavab verən, müasir texnologiyalara əsaslanan, yararsız, vaxtı ötmüş döyüş sursatlarının müasir utilizasiya sahəsinin yaradılması və istifadəyə verilməsidir. Bu sahədə qabaqcıl texnologiyalara əsaslanmış üsulların tətbiqi nəticəsində istismar müddəti başa çatmış, sıradan çıxmış döyüş sursatlarının həm də təkrar emal materialı kimi (mis, bürünc, partlayıcı maddələr, barıt, yüksək keyfiyyətli polad, çuqun və s.) istifadəsinin mühüm xammal ehtiyatı olmasıdır. Döyüş sursatlarının klassik üsulla, yəni partlatmaqla utilizasiyası həm ekoloji təhlükəsizlik, həm də iqtisadi səmərəlilik cəhətdən yolverilməzdir.
Döyüş sursatlarının utilizasiyası nəticəsində əsas və köməkçi materiallardan, elementlərdən mülki məmulatların istehsalının təşkili, müəssisələrə bəzi defisit materialların kənardan alınmasını aradan götürməklə yanaşı, milyon manatlarla dövlət vəsaitinə qənaət etməyə imkan yaratmışdır.
Nazirliyin tabeli müəssisələrində müxtəlif çaplı döyüş patronlarının seriyalı istehsalı ilə yanaşı, avtomat patronları üçün müasir tələblərə cavab verən "şəffaf maqazinlərin" istehsalı da öyrənilmiş və hazırda həmin maqazinlərin kütləvi istehsalına başlanmışdır. Çox yüksək konstruktiv möhkəmliyə malik bu cür patron maqazinləri müəssisədə xüsusi tərkibli plastik kütlədən - polikarbonatdan hazırlanır. Avtomat və əl pulemyotları üçün nəzərdə tutulmuş bu "şəffaf maqazinlər" müxtəlif, dəyişkən istismar şəraitində davamlılıqları ilə yanaşı, patronların silahın patron yuvasına etibarlı ötürülməsini təmin edir.
Maqazinlərin təzyiq altında avtomatik tökmə üsulu ilə xüsusi konstruksiyalı pres-qəliblərdə hazırlanması bütün texnoloji tsikl boyu əl əməyinin aradan qaldırılmasını təmin edir və bu müəssisəyə yüz min manatlarla vəsaitə qənaət etməyə və Müdafiə Nazirliyinin bu cür maqazinlərə olan tələbatını tam ödəməyə imkan vermişdir.
Müdafiə Sənayesi Nazirliyinin tabeli birlik və müəssisələrində istehsal olunan hərbi və mülki təyinatlı məhsullar son illər beynəlxalq sərgilərdə nümayiş etdirilmiş və xarici ölkələrin hərbi mütəxəssisləri tərəfindən yüksək dəyərləndirilmişdir.
Sevindirici haldır ki, nazirliyin iştirak etdiyi beynəlxalq sərgilərdə nümayiş olunan məhsulların çeşidləri durmadan artır. 2009-cu ildə Türkiyədə təşkil olunan "İDEF-2009" sərgisində 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildə Küveytdə keçirilən "Körfəz Müdafiə və Aerospeys" sərgisində 97 adda məmulat nümayiş etdirmişdi. Bu sərgi Müdafiə Sənayesi Nazirliyinin qatıldığı sayca yeddinci sərgi idi. Bundan öncə nazirlik "İDEF-2009", "SOFEX-2010", "MSPO", "AAD-2010", "İDEX-2011" və "İDEF-2011" sərgilərində iştirak etmişdir. Sərgilər zamanı bir çox ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilmiş və qarşılıqlı əməkdaşlığa dair razılıq əldə olunmuşdur. Həmin ölkələrin şirkətləri ilə bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, dünyanın qabaqcıl şirkətlərinin qatıldığı bu sərgilərdə nümayiş olunan ölkə məmulatları, xarici nümayəndələr tərəfindən xüsusi maraqla qarşılanır. Bütün bunlar Azərbaycanın müdafiə sənayesinin inkişafının bariz nümunəsidir.
Hazırda nazirliyin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud istehsal bazasından istifadə etməklə mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. İstehsal edilən məhsulların çeşid sayı artıq 400-ü ötmüşdür. Onların arasında fontan armaturları, fontan siyirmələri, terminalda qazın qəbulu, tənzimlənmə və ölçmə qovşaqlarının avtomatlaşdırılmış məlumat - nəzarət sistemləri, 9 növ tibb avadanlığı, 2 növ ov tüfəngi, müxtəlif növ mebel dəstləri, liftlərin təmiri üçün idarə pultları, gəmilərin təmiri üçün ehtiyat hissələri, traktorlar üçün tırtıllar, 1 və 2 yaruslu çarpayılar, səyyar yemək termosları, smart kartla işləyən qaz sayğacları, rəqəmsal işıqforlar, müxtəlif güclü akkumlyator batareyaları, müxtəlif laylı çap lövhələri, rəqəmsal televiziya yayımı üçün dekoderlər və s. var. Ötən ildən etibarən nazirliyin müəssisələrində istehsal olunan mülki məhsulların da beynəlxalq sərgilərdə nümayişinə başlanılmışdır. 2010-cu ilin noyabr ayında Özbəkistanda keçirilən beynəlxalq sərgidə 59 adda mülki məhsul nümayiş etdirilmişdir. Bu ilin sentyabırında dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş milli sərgidə nazirlik xüsusi stendlə təmsil olunmuşdur. Burada nazirliyin müəssisələrində istehsal edilən 400 adda mülki və ikili təyinatlı məhsullar barədə ətraflı məlumat verilmişdir.
Bütün bunları nəzərə alaraq, bir daha tam əminliklə vurğulamaq olar ki, 2012-ci il üçün "Elm, mədəniyyət və ədəbiyyat" sahəsində Dövlət mükafatına təqdim olunmuş əsərlər arasında Müdafiə Sənayesi Nazirliyi tərəfindən verilən iş respublikamızın istər siyasi həyatında, istərsə də Azərbaycan Silahlı Qüvvələrinin, digər güc strukturlarının müasir silah, döyüş sursatları və texnika ilə təminatında müstəsna əhəmiyyət kəsb edir və ümidvarıq ki, təqdim olunan bu iş belə yüksək mükafatı almağa əsas namizədlərdən biridir.
Arif HƏŞİMOV,
Azərbaycan Milli Elmlər
Akademiyasının birinci
vitse-prezidenti, akademik
Azərbaycan.- 2012.- 13 may.- S. 8.