Parisdə
keçirilən beynəlxalq konfransda Azərbaycanda
neft-qaz sahəsində mövcud
durum və inkişaf
perspektivləri müzakirə olunmuşdur
Fransanın "Total" şirkətinin təşkilatçılığı ilə Parisin "İntercontinental qran" otelində Müstəqil Dövlətlər Birliyi, o cümlədən Xəzər regionu ölkələrində neft və qaz infrastrukturu və bu sahədə reallaşdırılan layihələrlə bağlı müxtəlif məsələlərin müzakirəsi üzrə ənənəvi beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan konfransda Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndələri ilə təmsil olunmuşdur.
Şirkətin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev konfransda "ARDNŞ-nin investisiya fəaliyyəti, son illərdə həyata keçirilən layihələr, Azərbaycanda neft və qaz sahəsində mövcud durum və inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə ARDNŞ-nin həm Azərbaycanda xarici tərəfdaşlarla birlikdə həyata keçirdikləri neft-qaz və infrastruktur layihələri, həm də perspektivdə Dövlət Neft Şirkətinin yaxın 10-12 il ərzində həyata keçirəcəyi çoxmilyardlı layihələr barədə məqamları əks etdirmişdir. V.Əliyev məruzəsində, eyni zamanda, son illərdə ARDNŞ-nin ölkəmizdən kənarda apardığı investisiya layihələri, o cümlədən Gürcüstanda, Türkiyədə, Rumıniyada, Ukraynada və İsveçrədə həyata keçirdiyi layihələrə toxunmuş, şirkətin Türkiyədə ən böyük xarici yatırıma sahib olmasını xüsusi vurğulamışdır.
Şirkətin Türkiyədə ildə on milyon ton emal gücü olan neft emalı zavodunun inşasına başladığını diqqətə çatdıran məruzəçi bu ölkədə həyata keçirilən digər enerji layihələrindən bəhs etmiş, son dövrlərdə "Azəri-Çıraq", "Günəşli" layihələri və "Şahdəniz" layihəsinin ikinci fazası üzrə görülən işlər, bu çərçivədə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi məqamlarından söhbət açmışdır. Türkiyə vasitəsilə Avropaya çıxış məsələlərinə toxunan məruzəçi ARDNŞ-nin bu ölkənin şirkətləri ilə birlikdə üzərində çalışdıqları "Transanadolu" qaz kəməri layihəsinin reallaşdırılması və bu istiqamətdə Azərbaycan dövlətinin mövqeyi, həmçinin "Cənub" enerji dəhlizinin yaradılmasında ölkəmizin rolu, Türkiyə və Avropa İttifaqı dövlətlərinin enerji təhlükəsizliyi ilə əlaqədar şirkətin fəaliyyətindən danışmışdır.
Sonda V.Əliyev sualları cavablandırmışdır.
Əsgər
ƏLİYEV
Azərbaycan.- 2012.- 19 may.- S. 7.