Azərbaycan
Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya
qarşı Mübarizə İdarəsinin əməkdaşları
Çin Xalq
Respublikasında səfərdə olmuşlar
Çin Xalq Respublikasının Honq Konq şəhərində Korrupsiyaya Qarşı Müstəqil Komissiyanın (İCAC) təşkilatçılığı ilə "Mövcud çətinliklərə yeni yanaşmalar: Dəyişən dünyada korrupsiya əleyhinə mübarizə" mövzusunda 5-ci beynəlxalq simpozium keçirilmişdir.
Tədbiri Korrupsiyaya Qarşı Müstəqil Komissiyanın (İCAC) Honq Konq şəhəri üzrə nümayəndəsi Timoti Tonq açaraq dünya dövlətlərinin korrupsiyaya qarşı mübarizədə günü-gündən artan əməkdaşlığının əhəmiyyətini və bu sahədə müasir mübarizə metod və vasitələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini nəzərə çatdırmışdır.
Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti Eduardo Vetere, Çin Xalq Respublikası baş prokurorunun müavini xanım Hu Zeyun, Beynəlxalq Antikorrupsiya Akademiyasının keçid qrupunun rəhbəri Martin Kreutner, Dünya Bankının vitse-prezidenti Leonard Makkarti, Böyük Britaniya Krallığının Ağır Dələduzluqlar Əleyhinə Ofisin sabiq direktoru Riçard Alderman və başqaları çıxış edərək qloballaşma dövründə dövlətlərin hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq səviyyədə əməkdaşlığının və qarşılıqlı əlaqələrinin təkmilləşdirilməsinin və daha da inkişaf etdirilməsinin zəruriliyini bildirmişlər.
Simpoziumda iştirak edən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təşkilatı və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, korrupsiya hüquqpozmaları ilə bağlı cinayətlər üzrə ibtidai istintaq sahəsində ixtisaslaşmış antikorrupsiya orqanı olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərə qoşulmuş, o cümlədən Avropa Şurasının Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında və BMT-nin Korrupsiya əleyhinə konvensiyalarının ölkə qanunvericiliyinə implementasiyası həyata keçirilmiş, hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılaraq korrupsiyaya qarşı mübarizə sahəsində ölkə qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
R.Əliyev daha sonra Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi və effektiv aparılması məqsədilə son dövrlər qanunvericilik aktlarının təkmilləşdirilməsi və praktiki tədbirlərin həyata keçirilməsi, o cümlədən idarənin səlahiyyətlərinin artırılması, strukturunun təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər, korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları qarşısında konkret istiqamətlərin müəyyənləşdirilməsi və həyata keçirilən kəsərli tədbirlər barədə ətraflı informasiya vermişdir.
Tədbirdə həmçinin iştirakçı ölkələrin hüquq-mühafizə orqanları arasındakı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və qarşıda duran perspektivlər müzakirə edilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 19 may.- S. 7.