Beynəlxalq Kann kinofestivalında Azərbaycanın bayrağı dalğalanır

 

 Mayın 16-da  açılmış 65-ci Beynəlxalq Kann kinofestivalında Azərbaycanın bayrağı dalğalanır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ikinci ildir festival şəhərciyinin mərkəzi xiyabanda yerləşən və "Azərbaycanfilm"in loqotipi ilə  bəzədilmiş pavilyonda kinomuz, onun tarixi, bugünkü potensialı, birgə film istehsal etmək və xarici film istehsalçılarına xidmətlər göstərmək imkanları haqqında məlumatlar bildirən çap məhsulları və audiovizual materiallar təqdim olunmuşdur. Burada həmçinin Azərbaycanın turizm imkanları geniş təmsil olunmuşdur.

Festivalın açılışı günündə pavilyonda qurulmuş monitorda "Buta" bədii filmini seyr edən digər ölkələrin nümayəndələri və festival iştirakçıları filmin rejissoru İlqar Nəcəfə əsərinin milli folklora və ənənələrə söykənməklə yanaşı, Avropa tamaşaçılarının anlaya biləcək tərzdə çəkildiyini bildirmişlər. Tamaşaçılara filmin son bir neçə ayda iki beynəlxalq kinofestivalın baş mükafatlarına layiq görülməsi haqqında məlumat verilmişdir.

Ürəkaçan məqamlardan biri festival proqramlarından birində iki qısametrajlı filmimizin təmsil olunması ilə bağlıdır. Bunlar "Ultra production" şirkətinin çəkdiyi "İnkoqnito" və "Iz production"un istehsal etdiyi "Susma!" filmləridir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 may.- S. 8.