Əkiz alim qardaşlara həsr edilmiş Əkizlər bədii-sənədli filminin təqdimatı olmuşdur

 

 Mayın 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında tanınmış əkiz alim qardaşlar, biologiya elmləri namizədləri Ziyad Məmmədov və Atlıxan Xanməmmədovun həyat və elmi fəaliyyətlərinə həsr edilmiş "Əkizlər" bədii-sənədli filminin təqdimatı olmuşdur.

Film "Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV) tərəfindən istehsal edilmişdir.

Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov tanınmış alimlər Ziyad Məmmədov və Atlıxan Xanməmmədovun mənalı ömür yolları, elmi yaradıcılıqlarından danışmışdır.

Z.Məmmədov 1911-ci ildə Zəngilan rayonunda anadan olmuş, 1935-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. O,  ayrı-ayrı idarə və təsərrüfat müəssisələrində məsul vəzifələrdə çalışmış, 1954-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Əkinçilik İnstitutunda, 1967-ci ildən ömrünün sonunadək GenetikaSeleksiya İnstitutunda elmi fəaliyyətlə məşğul olmuşdur.

1954-cü ildə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Kənd təsərrüfatının inkişafında səmərəli xidmətlərinə görə Z.Məmmədov Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

A.Xanməmmədov 1936-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Müxtəlif təhsil müəssisələrində, 1942-ci ildən isə Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunda çalışmış, dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Milli Məclisin Sosial məsələlər komitəsinin sədri Hadi Rəcəbli, parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, akademik Urxan Ələkbərov və digər çıxış edənlər də Z.Məmmədov və A.Xanməmmədovun elmə dəyərli töhfələrindən bəhs etmiş,  filmlə bağlı fikirlərini bildirmiş, əhəmiyyətini vurğulamışlar.

Tanınmış alim Z.Məmmədovun qızı, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova filmin yaradıcı heyətinə və tədbirin iştirakçılarına təşəkkürünü bildirmişdir.

Filmdə alimlər - Zeynal Əkbərov, Qara Mustafayev və başqaları həmkarları haqqında xatirələrini bölüşmüşlər.

Qeyd edək ki, ekran əsərinin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Sənan Sultanov, operatoru Zahid Bağırovdur.

 

 

Azərbaycan.- 2012.- 19 may.- S. 8.