Azərbaycan təbiətini qorumaq hər bir vətən övladının borcudur

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadi, sosial-mədəni və digər məsələlərlə yanaşı, ekoloji problemlərin həllinə də xüsusi diqqət yetirildi. Təbii ki, iqtisadiyyatın sürətli inkişafı, neft strategiyasının uğurla həyata keçirilməsi ekoloji problemlərin də həllinə imkanlar yaradır.

Yeri gəlmişkən, bir faktı da vurğulamaq lazımdır ki, məsələnin aktuallığı, vacibliyi onun həlli üçün bütün dövlət, qeyri-hökumət təşkilatlarını, müxtəlif qurumların səylərini birləşdirməyi tələb edir.

Biomüxtəlifliyin qorunması, meşələrin mühafizəsi və inkişafı, geoloji kəşfiyyat, əhalinin içməli su ilə təminatı, çirkab suların idarə olunması, neftlə çirklənmiş ərazilərin təmizlənməsi qarşıda duran belə vacib məsələlərdəndir.

Son illərdə aparılan uğurlu geoloji kəşfiyyat işləri sayəsində yeni qızıl yataqlarının aşkarlanması ölkə iqtisadiyyatının inkişafına böyük bir töhfə oldu. Qiymətli metalların sənaye üsulu ilə istehsalına başladıqdan sonra Azərbaycan qızıl ixrac edən ölkələr sırasına qoşulmuşdur. Bu mənada, Gədəbəy, Göygöl, Şəmkir və Daşkəsən rayonlarında uğurlu addımlar atılmaqdadır. Ümumiyyətlə, müxtəlif təbii ehtiyatlarla, o cümlədən qiymətli metallarla zəngin olan Qarabağın, xüsusilə Kəlbəcərin nə vaxtsa işğaldan azad olması  Azərbaycanın bu sahədə də dünya dövlətləri arasında öz mühüm yerini tutmasına səbəb olacaqdır.

İnsanın bütün fəaliyyətinə güclü təsir göstərən iqlim dəyişikliklərinin öyrənilməsi, hidrometereoloji proqnozların dəqiqliklə və vaxtında ictimaiyyətə çatdırılması da qarşıda duran mühüm vəzifələrdəndir. Bunun üçün yeni texnoloji nailiyyətlərdən, elmi fikrin  imkanlarından bacarıqla istifadə olunmalıdır.

Tarixən Azərbaycanda formalaşmış biomüxtəlifliyin qorunub saxlanması, onun gələcək nəsillərə çatdırılması da vacib, ümumxalq əhəmiyyətli vəzifələrdəndir. Son illər respublikamızda bu sahədə də mühüm addımlar atılmaqdadır. 2003-cü ildən başlayaraq xüsusi qorunan təbiət ərazilərinin sahəsi iki dəfədən çox artırılaraq 1132,5 min hektara çatdırılmış, nəticədə 10 milli park, 11 qoruq və 24 yaşıllıqdan ibarət şəbəkə yaradılmışdır. Ümumilikdə, bütün bunlar ölkə ərazisinin 13 faizdən çoxunu təşkil edir. Samur-Yalama Milli Parkının, Qızılağac Dənizkənarı Milli Parkının və Zaqatala-Balakən Biosfer Rezervatının formalaşmasının başa çatdırılması, 130 min hektar sahəyə malik, Cənubi Qafqazın ən böyük parklarından biri olan Şahdağ Milli Parkında aparılan tikinti- abadlıq işləri, vəhşi təbiətin günün tələblərinə uyğun mühafizə olunması da  bu sahədə böyük bir addımdır.

Meşə salınması və onun mühafizəsi sahəsində də görülən işlər diqqətəlayiqdir. Son iki ildə ümumilikdə 22 min hektar ərazidə meşəbərpa işləri aparılmış, 7471 hektar sahədə yeni meşələr salınmışdır. Təkcə cari ilin birinci rübündə 801 hektar sahədə 1,5 milyon ağac əkilmiş, xeyli toxumluq əldə edilmişdir.

Paytaxt Bakıda, eləcə də ətraf kənd və qəsəbələrdə yaşıllaşdırma işləri böyük sürətlə həyata keçirilir. Təqdirəlayiq haldır ki, Abşeronun ənənəvi bitki aləmi nəzərə alınaraq bu ərazidə zeytun bağlarının salınmasına xüsusi fikir verilir. Hazırda Hövsan ətrafında yaşıllıqlar artırılaraq yeni zeytun massivlərinin salınması dediklərimizə sübutdur. Eyni mənzərəni Bakıdan Qubaya, Şamaxıya, Qazağa yola düşən hər kəs müşahidə etməkdədir. Bu yaşıllıq zolaqlarının ümumi uzunluğu 160 kilometrdən çoxdur.

Ümumiyyətlə, ekoloji problemlərdən danışarkən ətraf mühitin çirkləndirilməsi, təbii resursların qorunması, su və kanalizasiya problemlərindən yan keçmək mümkün deyil. Bütün bu qlobal məsələlərin həllində isə hamı dövlətin, dövlət strukturlarının yanında olmalı, onlara hər cür köməyi göstərməlidir. Çünki təbiətimizi qorumaq özümüzü, ailəmizi, övladlarımızı qorumaq, onların sağlam gələcəyini təmin etmək deməkdir.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 20 may.- S. 1.