Berlində İran səfirliyinin qarşısında etiraz aksiyası keçirilmişdir

 

Mayın 19-da Berlində İran səfirliyinin  qarşısında etiraz aksiyası keçirilmişdir.

Etiraz aksiyasına Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin - Avropa Azərbaycanlıları Konqresinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin, Berlin-Bakı Qalereyasının, Türk-Azərbaycan Birliyinin, Azərbaycan Akademiklər Birliyinin, Saksen-Anhalt Vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyətinin, Xəzər Cəmiyyətinin, ASN Tələbə və Gənclər Təşkilatının, Alman-Azərbaycan Həmrəylik Cəmiyyətinin və Azərbaycan Evinin üzvləri, Cənubi Azərbaycandan və Türkiyədən olan çoxsaylı soydaşlarımız qatılmışlar. Aksiyada İranın siyasi dairələrinin və din xadimlərinin Azərbaycan Respublikasının daxili işlərinə qarışmasına, İran ərazisindən yayımlanan və Azərbaycana qarşı təbliğat aparan "Səhər" telekanalının fəaliyyətinin dayandırılmasına, torpaqlarımızın 20 faizini işğal etmiş təcavüzkar Ermənistana İranın bütün sahələrdə hər cür dəstək verməsinə, bu ölkədə yaşayan milyonlarla azərbaycanlıların hüquqlarının pozulmasına, onların ana dilində təhsil almaq, milli mədəniyyətlərini, adət-ənənələrini yaşatmaq haqqından məhrum edilməsinə qarşı şüarlar səsləndirilmiş, Azərbaycan, alman və fars dillərində çıxışlar olmuşdur.

Etiraz aksiyasının sonunda alman və Azərbaycan dillərində bəyanat qəbul olunmuş və İran səfirliyinə təqdim edilmişdir.

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 20 may.- S. 2.