“012 Bakı Public
Art Festivalı”
çərçivəsində rəssam Mehdi
Məmmədovun “Neft”
əsəri təqdim edilmişdir
Bakıda, Muzey Mərkəzinin qarşısında "YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində rəssam Mehdi Məmmədovun "Neft" əsəri təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, layihə intellektual, elitar tutumu ilə fərqlənən, müasir vizual sənətlə sıx əlaqədə olan, valehedici incəsənət sintezidir. Özündə videoproyeksiya texnologiyalarını cəmləşdirən 3D-mapping irihəcmli təsvirin tamaşaçı gözündə optik illüziyasını yaratmağa imkan verir.
"YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova bildirmişdir ki, "012 Bakı Public Art Festivalı" çərçivəsində on birinci iş təqdim edilir. Rəssam Mehdi Məmmədov təqdim etdiyi bu maraqlı əsərdə Bakı neftinin ölkənin inkişafında rolunu nəzərə çatdırmışdır. Mehdi Məmmədov yaradıcı gəncləri dəstəkləyən "YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri A.Mahmudovaya təşəkkürünü bildirərək əsəri haqqında məlumat vermişdir. Bildirmişdir ki, təqdim edilən əsərdə məqsəd ölkəmizin iqtisadiyyatında tarixən neftin böyük rolu olduğunu diqqətə çatdırmaqdır. Burada 2-3 dəqiqənin ərzində ilk istehsalından tutmuş müasir dövrədək - şəhərimizin indiki çiçəklənən durumuna qədər neftin ölkəmizin həyatında oynadığı rol təcəssüm etdirilmişdir.
Nümayiş zamanı gözün optik yanılması baş verir və təsvir tamaşaçı tərəfindən 3D görüntü kimi qəbul edilir. Proyeksiya istənilən səthin, əsasən də bina fasadlarının üzərində daha effektli görünür. Bu zaman memarlıq detalları proyeksiyaya stereoskopik effekt verir. Bu audiovizual layihə 3D-mapping texnologiyalarının tamaşaçını, sadəcə, əyləndirmək, hansısa şou proqramın tərkib hissəsi kimi istifadə etmək cəhdi deyil, müasir incəsənət məhsuludur.
Layihənin vacib cəhəti onun mövzusu ilə bağlıdır. Rəssam tamaşaçıya şəhərin tarixini göstərmək istəyir. Bu tarixin leytmotivi neft mövzusudur. Ona görə ki, bu şəhər böyük anlamda məhz neftə görə bizim tanıdığımız Bakı olmuşdur. Yalnız "neft inqilabı" Bakının sürətli sənaye və mədəni inkişafını təmin etmişdir.
Beləliklə, M.Məmmədov bizlərə
artıq dəfələrlə eşitdiyimiz
köhnə Bakının tarixini yeni texnologiyaların tətbiqi vasitəsilə
çatdırır ki, bu
da mövzuya yeni, innovativ məna verir.
Azərbaycan.- 2012.- 20 may.- S. 2.