Altı görüşün bir ömürlük xatirəsi
Heydər Əliyev mənim həyatımda
Müstəqil Azərbaycanın qurucusu və memarı, dünyanın böyük siyasətçisi, xalq qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsi milyonlarla insanın qəlbində yaşayır, ömrünə-gününə nur saçır. Taleyi Azərbaycanın yeni tarixi ilə bağlı olan ulu öndərin yaratdığı dövlətçilik ənənələri, müəyyən etdiyi strategiya, idarəçilik üsulu böyük bir məktəbdir.
Bu gün ulu öndərin ruhu qarşısında hesabat veririk. Azərbaycan dünyanın sivil dövlətləri arasında böyük nüfuz qazanıb. Dünyada bir sıra məsələlərin həllində ölkəmizin rəyi ilə hesablaşırlar. Buna mayın 4-də BMT Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyevin sədrlik etməsi aydın sübutdur.
Qazanılan uğurların, inkişafın, tərəqqinin bünövrəsi hələ 1969-cu illərdə qoyulub. Həmin vaxtlarda ki, respublika rəhbərliyinə qətiyyətli bir lider gəlib. O lider ki, Azərbayanı keçmiş SSRİ-nin geridə qalmış əyalətindən bugünkü inkişaf edən dövlətlər cərgəsinə çıxarıb.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycan az bir vaxtda böyük inkişaf yolu keçib. Həmin müddətdə Heydər Əliyevin dövlət quruculuğundakı böyük səriştəsinə, təşkilatçılıq, rəhbərlik məharətinə, yüksək intizam, mütəşəkkillik kimi tələblərinə yaxşı bələd olmuşam. Bu insan haqqın, ədalətin böyük müdafiəçisi olduğundan, ölkədə keçirdiyi islahatların xalqın güzəranının yüksəldilməsinə yönəldiyindən mənim üçün ideal idi. Çoxları kimi mən də onunla görüşmək, canlı ünsiyyətdə olmaq istəyirdim.
1990-cı ildə Moskvada Beynəlxalq Əlaqələr İnstitutunun kafedra müdiri Rumyantsevlə söhbətimi xatırlayıram. Adını çəkdiyim institutda məni onunla dostum Katarani Melikov tanış etdi. Məqsədimi, kimliyimi soruşdu. Katarani məni təqdim edib dedi:
- Azərbaycanlıdır, Heydər Əliyevin görüşünə gəlib. İlham Əliyevi gözləyirik!
Bu tanışlıqdan sonra ölkənin ən böyük ali məktəblərindən birinə başçılıq edən, zəngin dünyagörüşlü şəxsin dediklərindən qürur hissi duydum.
O dedi:
- Mən sizə təşəkkür edirəm ki, məhz bu vaxtda Heydər Əliyevi axtarırsınız.
Əlavə edib dedi ki, Allah Azərbaycana hər şeyi verib. Üstəlik, Heydər Əliyev kimi bir şəxsiyyəti də! İlhama gəlincə, o elə bir günəşdir ki, nə vaxtsa Azərbaycan bu günəşlə isinəcək.
Bizim xalq, onun övladları haqqında səmimi sözlər dediyinə, yüksək qiymət verdiyinə görə ona təşəkkür etdim. Təəssüf ki, həmin vaxt ulu öndərlə görüşüm baş tutmadı.
Nəhayət, bu böyük insanla görüşmək mənə 1992-ci ilin noyabrında qismət oldu. Heydər Əliyevlə canlı ünsiyyətdə olmaq, onu dinləmək böyük səadət, insanın həyatının ən unudulmaz anlarıdır. Biz Heydər Əliyev dühasının böyüklüyünü dərk etmək qüdrətindən kənardayıq. Ancaq hər kəs o böyük insanın sadə bu həyat fəlsəfəsi ilə şərikdir: "Hər bir vətəndaş öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Mən fəxr edirəm ki, azərbaycanlıyam".
1992-ci ildə noyabrın 20-də Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak etmək üçün Naxçıvana gedənlər arasında idim. Bölgədəki vəziyyət barədə söhbətimizdə onun bölgəmizə çox yaxşı bələd olduğunu gördüm. Cənub bölgəsindən elə adamları soruşdu ki, onlar da özü kimi Vətənə, xalqa sədaqətli idilər.
Bu görüşə qədər ulu öndəri sovet dönəmində respublikanın rəhbəri kimi keçirdiyi tədbirlərdə görmüşdüm. Kənd Təsərrüfatı Nazirliyində aparıcı vəzifələrdə işləyən qardaşım İmran Əbilovu tanıyırdı. Bir sözlə, cənub bölgəsindən adamları soruşanda bildim ki, Azərbaycanın ən ucqar bölgələrini belə məhəllələrinə qədər tanıyır. Bu xalqa qaynayıb-qarışmağından irəli gəlirdi. Respublikanı idarə etdiyi dövrdə rayonları qarış-qarış gəzdiyinin, adamlarla çoxsaylı görüşlərinin nəticəsi idi.
Mən söhbət zamanı camaatın fikrini ona çatdırdım. Dedim ki, xalq bu çətin günlərdə Sizdən ümid gözləyir.
Yeni Azərbaycan Partiyasının təsis konfransında çıxış etdim. 51 nəfər şura üzvü seçildi. Mənə də etimad göstərildi. Ulu öndər özü mənim Yeni Azərbaycan Partiyasının şura üzvlüyünə üzv seçilməyimi təklif etdi.
Partiyanın 1-ci üzvlük bileti Heydər Əliyevin,
71-ci bileti mənim adıma yazılıb.
Ümummilli
liderlə görüşüm həyatımın ən
parlaq səhifəsi kimi heç vaxt yaddan çıxmayan
saatlar idi. Həmin görüşdə mən bir daha
inandım ki, Azərbaycanı bütün məqamlarda çətinlikdən
çıxara biləcək bir siyasi lider mövcuddur.
Heydər
Əliyevlə siyasi həmfikir kimi, ideya ortağı kimi
yaşadığım kəndə qayıdıb onun
ideyalarını yaymaq üçün təşkilati işə
başladım. İlk növbədə,
yaşadığım Mahmudavar kəndində Yeni Azərbaycan
Partiyasının özək təşkilatını
yaratdıq. 1993-cü il fevralın 26-da isə partiyanın
Masallı yerli təşkilatını təsis etdik. İlk təşkilatın
sədriliyinə yekdilliklə siyasi həmfikirlərim məni
seçdilər.
15 il
Masallı təşkilatının sədri kimi fəaliyyətimdə
partiyanın boy sırasının artmasına, onun siyasi cəhətdən
yetkin, ictimaiyyətdə fəal mövqeyi olan gənclərlə
zənginləməsinə nail oldum. Rayon şöbəsinə
rəhbərliyim dövründə Yeni Azərbaycan
Partiyasının üzvləri Masallının ictimai həyatında
böyük fəallıq göstərir, aparıcı
mövqe tuturdular.
Yaşadığım
kənddə Heydər Əliyevin büstü ucaldıldı.
Bəlkə də respublika kəndlərində birinci olan bu
büst mahmudavarlıların ulu öndərə böyük
məhəbbət və ehtiramının bariz nümunəsidir.
Kəndimizin orta məktəbində əməkdar müəllim
Musarza Mirzəyevin yaratdığı Heydər Əliyev muzeyi
də ulu öndərə xalq məhəbbətinin təzahürüdür.
Bu
böyük şəxsiyyətlə altı dəfə
görüşmüşəm. Hər biri mənim
üçün bir unudulmaz tarixdir. 1998-ci ildə
yağışlı bir gündə Masallıya gəlmişdi.
Masallılılar bu görüşü səbirsizliklə
gözləmişdilər. Leysan yağmağına baxmayaraq,
adamlar ulu öndərin sözlərini eşitmək istəyir,
söz alıb danışır, bu böyük insana məhəbbətlərini
izhar edirdilər.
Mən
Heydər Əliyevin həyat və fəaliyyətini çox
diqqətlə müşahidə edən adi azərbaycanlı
kimi bu qənaətdəyəm: Azərbaycan üçün
ulu öndərin gördüyü işlər təkcə
yaşadığı dövrə deyil, ölkənin gələcəyi
üçün də möhkəm bünövrə
olmuşdur.
Məndən
"məhəbbət nədir" soruşanlara
düşünmədən cavab verərəm ki, Heydər Əliyev
bir rəhbər kimi mənim və milyonlarla azərbaycanlı
üçün məhəbbətin, ehtiramın zirvəsidir.
Heydər Əliyev bütün zamanlar üçün Azərbaycanın
ən əziz, ən böyük, ən sevimli övladı
kimi yaddaşlarda qalacaq.
Şirvan ƏBİLOV,
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının
üzvü, Prezident
təqaüdçüsü
Azərbaycan.- 2012.- 20 may.- S. 3.