Zaqatala rayonunda qeydə
alınmış zəlzələ ilə əlaqədar
fövqəladə hallar naziri
bölgədə vəziyyətlə tanış olmuşdur
Xəbər verdiyimiz kimi, mayın 18-də yerli vaxtla saat 19.46-da Zaqataladan 15 kilometr cənubda 12 ballıq cədvəl üzrə 6,0 bal gücündə yeraltı təkan qeydə alınmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə zəlzələ Zaqatalada, həmçinin ocağa yaxın məntəqələrdə 5,0 bal və 4,0 bal gücündə hiss olunmuşdur. İnsan tələfatı yoxdur.
AzərTAc xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov baş verən zəlzələ ilə əlaqədar Zaqatalaya gedib təbii fəlakətdən zərər çəkmiş kəndlərdəki vəziyyətlə tanış olmuşdur.
Təxminən on gün əvvəl baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin əksəriyyəti, eləcə də orta məktəb binaları uçmuşdur.
Hazırda yeni binaların tikintisinə hazırlıq gedir. Yerli sakinlərlə görüşən nazir Kəmaləddin Heydərov yeni məktəb binalarının tikintisinin planlaşdırıldığını demişdir. Binaların layihələrinin artıq hazır olduğunu bildirən nazir məktəb binalarının yeni dərs ilinə qədər hazır olacağını demişdir.
Nazir K.Heydərov zəlzələ nəticəsində uçan və ya qəzalı vəziyyətə düşən fərdi evlərin əvəzinə yenilərinin tikintisinin qısa müddətdə başa çatdırılacağını da diqqətə çatdırmışdır.
K.Heydərov insan tələfatının olmamasının sakinlərin əvvəlcədən çadırlarda yerləşdirilməsi ilə bağlı olduğunu bildirmişdir.
Zəlzələ nəticəsində xəsarət alanlar və stress keçirənlər xəstəxanaya aparılmışlar.
Zaqatalada qeydə alınmış zəlzələ ilə əlaqədar bölgəyə nazirliyin əlavə qüvvələri göndərilmişdir.
Ehtiyacı olan əhali
çadır və lazımi tələbat malları ilə təmin
olunacaqdır.
Azərbaycan.- 2012.- 20 may.- S. 3.