Eurovision təmsilçilərinin Baku Crystal Hallda ikinci məşqləri də yaddaqalan məqamları ilə diqqəti cəlb edir

 

"Eurovision-2012" mahnı müsabiqəsi təmsilçilərinin "Baku Crystal Hall"da ikinci məşqləri də uğurla davam edir. Hər bir iştirakçı öz geyimi, ifası, təmsil etdiyi ölkə, həmçinin bu beynəlxalq yarışmaya ev sahibliyi edən Azərbaycanla bağlı ən xoş və səmimi ürək sözlərini söyləyir və qələbəyə daha çox inandıqlarını vurğulayırlar.

AzərTAc xəbər verir ki, mayın 18-də "Baku Crystal Hall"da məşq edəcək 13 ölkə arasından ilk olaraq səhnəyə Rusiya təmsilçiləri çıxmışlar. Rusiyalı nənələrin ikinci məşqləri səhnə arxasındakı jurnalistlərin alqış sədaları altında baş tutmuşdur. Rusiyanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi "Buranovskiye babuşki" qrupunun səhnə tərtibatında heç bir fərq hiss olunmamışdır. Geyimlərindən və aksessuarlarından səhnə quruluşunadək ilk məşqdə olduğu kimi, heç bir dəyişiklik etməyən rusiyalı nənələr səhnədə yenə də sərbəst və rahat bir ifa nümayiş etdirmişlər.

Onların məşqi zamanı Fanklubun üzvləri və jurnalistlər arasında təşkil olunmuş səsvermədəki reytinqləri də bir qədər yüksəlmişdir. "Buranovskiye babuşki" qrupu birinci yarımfinalın iştirakçıları arasında liderliyi cədvəldəki 214 səslə davam etdirir.

Macarıstanın "Eurovision-2012"dəki təmsilçisi "Compact Disco" qrupu "Sound of Our Hearts" mahnısı ilə "Baku Crystal Hall"un səhnəsində təkrar məşq etmişdir. Klipində evsiz insanın çətin həyatının canlandırıldığı mahnının səhnə quruluşu və işıq effektləri də tamaşaçıda eyni əhval-ruhiyyə oyadır. Mavi və yaşıl işıq effektləri ilə quruluş verilən səhnənin arxa fonunda əllərini göylərə açan insan kölgələri və ürək şəklində təsvirlər verilmişdir. Qırmızı işıq effektləri ilə diqqəti cəlb edən ürəklər mahnının sözlərinə uyğun olaraq döyüntülərlə müşahidə edilmişdir. Qrup üzvlərinin səhnə geyimi isə sadəliyi ilə diqqət çəkir. Üzvlər qara sadə idman koftalarında, müğənni isə qara parlaq gödəkcədə səhnəyə çıxmışlar.

Mahnının birinci hissəsində bütün qrup göstərilsə də, ikinci hissəsindən sonra kameralar daha çox müğənniyə cəmlənmişdir.

Avstriya təmsilçisi müğənni həmkarlarından fərqli olaraq səhnədə fərqlilik nümayiş etdirməyə çalışmışdır. Bakı səhnəsinə motosikletdə çıxan avstriyalı qrup müsabiqədə ölkəsini "Woki Mit Deim Popo" ("Shake Your Ass") mahnısı ilə təmsil edir. Mahnıya verilən quruluş da son dərəcə maraqlı olmuş, səhnədə sarı işıqlar üstünlük təşkil etmişdir.

"Eurovision-2012" mahnı müsabiqəsində Moldovanı "Lautar" adlı mahnısı təmsil edəcək Paşa Parfeni səhnə geyimini sirr olaraq saxlamağa üstünlük vermişdir. Təmsilçinin oxuduğu mahnının ritmi ilə səhnə tərtibatı bir-biri ilə uzlaşmışdır. Bəstəkar və müğənni Paşa Parfeninin performansında, təqdim edilən mahnının rəqs xoreoqrafiyasında da dəyişiklik nümayiş olunmuşdur.

Moldovalı müğənninin ifa edəcəyi mahnının sevgidən bəhs etməsinə baxmayaraq, səhnənin arxa fonunda rəng ziddiyyəti diqqəti çəkmişdir.

İrlandiyanı 57-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edən əkiz qardaşlar mahnılarını fəvvarələrin fonunda təqdim etmişlər. Yarışmada "Waterline" mahnısı ilə çıxış edən İrlandiyanın "Jedward" qrupunun geyimləri səhnə quruluşları ilə həmahənglik təşkil etmişdir. Ağ pencək, qara şalvarda Bakı səhnəsinə çıxan əkiz qardaşları müşayiət edən qrupun digər üzvləri isə sadə geyimdə olmuşlar. Kameralar daha çox qardaşları göstərdiyindən "Jedward" qrupunun vokalçıları daha çox arxa planda diqqət çəkmişlər.

İrlandiyalı əkizlərin təqdim etdikləri "Waterline" mahnısı isə enerji və dinamikliyi ilə yadda qalmışdır.

Serbiyanın "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi Zeljko Yoksimoviç Bakı səhnəsində ikinci dəfə çıxış etmişdir. Zeljko Yoksimoviç "Baku Crystal Hall"da çıxışı üçün qeyri-adi şou hazırladığını və bu şounun digərlərindən fərqlənəcəyini bildirsə də, onun çıxışında elə də ciddi bir fərqlilik nümayiş olunmamışdır. Sadəcə, işıq effektlərində sarı rəng üstünlük təşkil etmişdir.

Bəstəkar və müğənni Zeljko Yoksimoviç Bakı səhnəsinə sadə geyimdə çıxmışdır. Onu müşayiət edən musiqiçilər, həmçinin xanım müğənni Jovana Jankovic də qara, sadə rəngli paltarlarda çıxış etmişlər. Bu geyim onların yarımfinaldakı səhnə geyimləridir.

Serbiya təmsilçisinin mahnısının ritmində olduğu kimi, təqdimatında da hərəkət və enerji müşahidə olunmuşdur.

Makedoniyalı təmsilçi müəllifi olduğu "Black and White" ("Ağ və qara") mahnısı ilə Bakı səhnəsində ikinci məşqini etmişdir.

Makedoniyanı Avropanın bir sıra beynəlxalq müsabiqələrində təmsil edən K.Bukle Balkan yarımadasının tanınmış müğənnilərindən biridir. O, vətənində 100-dən çox konsert vermiş, teatr və filmlərdə çıxış etmişdir. K.Bukle 1996-cı ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilmiş "Eurovision" mahnı müsabiqəsində iştirak etsə də, uğur qazana bilməmişdir.

Kaliopi Bukle demişdir ki, "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçılarının gözəl performansları məni xoşbəxt edir. Onlarla eyni səhnəni bölüşmək məndə xoş hisslər yaradır.

Niderlandın "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi Joan Franka "Baku Crystal Hall"da ikinci məşqində maraqlı bir quruluş təqdim etmişdir. Mavi rəngli geyimindən tutmuş, saçlarına taxdığı lələklərə və ətrafındakı işıq effektlərinədək hər bir element müğənninin təqdim etdiyi ifanı tamamlamışdır. Səhnə tərtibatı elə təqdim edilmişdir ki, sanki niderlandlı təmsilçi ətrafını bürüyən alov dilimlərinin əhatəsində oxuyur. Səhnədə bu dəfə daha ciddi görünən təmsilçini dörd musiqiçi müşayiət etmişdir.

Malta təmsilçisi Kurt Kalleya müəllifi olduğu mahnısının səhnə quruluşunu təqdim etmişdir. Bəstəkar və müğənni olan Kurt Kalleya səhnəyə sarı və qara rəngli geyimdə çıxmışdır. Sağ əlinə dəri əlcək geymiş müğənnini müşayiət edən üzvlər isə ağ cins köynəklərdə olmuşlar.

"Baku Crystal Hall"un səhnəsində ikinci məşqə çıxan növbəti ifaçı Belarus təmsilçisi olmuşdur. "Litesound" rok qrupu mahnılarını yarımfinal mərhələsində səhnəyə çıxacağı geyimdə təqdim etmişdir.

Qrupun üzvləri Bakı səhnəsində dinamik və enerjili bir ifa nümayiş etdirmişlər. Sarı rənglərin daha çox üstünlük təşkil etdiyi səhnədə kameralar diqqəti bütün qrup üzvlərinə yönəltmişdir. Tez-tez dəyişən kadrlar mahnının ritmi ilə həmahənglik təşkil etmişdir.

Portuqaliyanı 57-ci "Eurovision" mahnı müsabiqəsində "Vida Minha" ("Mənim həyatım") mahnısı ilə təmsil edən müğənni Filipa Sousa "Baku Crystal Hall"un səhnəsində rəngarəng bir səhnə performansı nümayiş etdirmişdir.

Portuqaliya təmsilçisinin səhnə hərəkətləri, incə səsi və ölkəsinə xas lirikası onu digər müğənni həmkarlarından fərqləndirmişdir. Səhnənin arxa fonunda təsvir edilən şəkillər isə müğənninin sanki axşam gəzintisinə çıxması təəssüratı yaratmışdır.

Ukrayna təmsilçisi Qaytana Essami Bakı səhnəsində növbəti dəfə çıxış etmişdir. Yüksək səs diapazonuna malik təmsilçinin ifa etdiyi mahnı və onun fonunda nümayiş etdirdiyi jestlər onun arxayınlığını və olduqca sərbəst tərzini nümayiş etdirmişdir.

Ukraynalı təmsilçinin mahnısının quruluşunda diqqəti cəlb edən cəhət isə rəngarəng səhnə üslubu olmuşdur. Müğənninin arxa fonundakı iri monitorlarda rəngli heykəllərin rəqsləri, müxtəlif hərəkətləri və həmçinin tez-tez dəyişən kadrlar nümayiş etdirilmişdir.

Qaytana Essamini müşayiət edən rəqqaslar isə çox parlaq rənglərdə olan geyimləri ilə müğənninin mahnısını tamamlamışlar.

Mayın 18-də "Baku Crystal Hall"un səhnəsində ikinci məşqdə sonuncu çıxış edən Bolqarıstan təmsilçisi Sofi Marinova olmuşdur. Çəhrayı və bənövşəyi rəngdə işıq effektləri ilə bəzədilmiş səhnəyə müğənni sadə qırmızı kofta və qara şalvarda çıxmışdır. Şaquli və üfüqi istiqamətdə tez-tez kəsişən işıq xətlərinin fonunda dinamik bir ifa nümayiş etdirən bolqarıstanlı Sofi Marinovanın qolundakı döymə də diqqəti çəkmişdir.

Qaraçı mənşəli bu müğənni geniş səs diapazonuna malikdir. Repertuarında pop-folklor və etnik musiqi janrları üstünlük təşkil edir. Onun mahnılarından ibarət "Stari Rani" toplusu ən çox gəlir gətirən musiqi albomları siyahısındadır.

Mayın 19-da Bakı səhnəsində yarışmanın ikinci yarımfinalında çıxış edəcək Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, həmçinin böyük beşliyin (Almaniya, Fransa, İtaliya, İspaniya və Birləşmiş Krallığın) və müsabiqənin ötənilki qalibi Azərbaycan təmsilçiləri ilk məşqlərini edəcəklər.

 

 

Azərbaycan.- 2012.- 20 may.- S. 4.