Azərbaycan “Eurovision”a tam hazırdır
Avropanın ən populyar mədəniyyət
tədbiri olan "Eurovision" mahnı müsabiqəsini digər
nüfuzlu beynəlxalq yarışmalardan - futbol üzrə
dünya və Avropa çempionatından, Olimpiya
oyunlarından fərqləndirən əsas cəhətlərdən
biri ev sahibliyi edən dövlətin hazırlıq işləri
üçün vaxtının az olmasıdır. Digər
mötəbər yarışlarda ev sahibi ən azından 8-10
il əvvəldən məlum olursa, "Eurovision"da bu
müddət bir ildir.
Ötən il "Eurovision" mahnı müsabiqəsinin qalibi olaraq ev sahibliyi hüququ əldə edən Azərbaycanın qarşısında dayanan ən mühüm vəzifələrdən biri bu yarışmaya hazırlaşıb onu yüksək səviyyədə təşkil etmək idi. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 may 2011-ci ildə imzaladığı "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncamına əsasən, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradıldı.
Ötən 12 ayın mənzərəsi göstərir ki, hazırlıq işləri dövlət səviyyəsində lazımi dəstəyini alaraq ən yüksək səviyyədə başa çatıb və Azərbaycan bu müsabiqəyə ev sahibliyini layiqincə həyata keçirəcəkdir.
Təhlükəsizlik
orqanları gücləndirilmiş iş
rejiminə keçib
Təbii ki, istənilən beynəlxalq tədbirdə ev sahibinin üzərinə düşən vəzifələrdən biri təhlükəsizlik məsələləridir. Azərbaycanın bu sahədə aidiyyəti qurumları ilk vaxtdan üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər planı tutublar və buna uyğun olaraq təhlükəsizlik tədbirlərini həyata keçirməkdədirlər.
"Eurovision-2012" mahnı müsabiqəsinin təşkilində və keçirilməsində təhlükəsizlik məsələlərinin təmini baxımından üzərinə böyük vəzifələr düşən strukturlardan biri daxili işlər orqanlarıdır. Bu vəzifələrin effektiv həyata keçirilməsi və təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyində xüsusi Tədbirlər Planı hazırlanıb. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sərəncamı ilə DİN-in bütün orqan və hissələri may ayının 10-dan 31-dək gücləndirilmiş iş rejiminə keçib, bu strukturlarda sutkalıq fəaliyyət göstərən əməliyyat qrupları yaradılıb və rəhbər əməkdaşların xüsusi cədvəl üzrə növbətçiliyi təşkil edilib. Tədbirlər Planında Bakı polisinin də üzərinə konkret vəzifələr qoyulub. İlk növbədə, müsabiqə ərəfəsində və keçirildiyi dövrdə ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək şəxsi heyətin sayı, stasionar post və marşrutların dislokasiyası müəyyənləşdirilib.
Polis tərəfindən müsabiqənin keçiriləcəyi məkanın ətrafında, müsabiqə iştirakçılarının, rəsmi şəxslərin, nümayəndə heyətlərinin işlədikləri, istirahət etdikləri, əyləndikləri və yaşadıqları yerlərdə, şəhərin mərkəzi küçələrində ictimai asayişin gücləndirilmiş rejimdə qorunması təmin edilib. Eyni zamanda, qonaqların ictimai nəqliyyatdan da istifadə edəcəyi nəzərə alınaraq metroda, marşrut avtobuslarında, dəmiryolu vağzalında, habelə müsabiqə iştirakçılarının qatarla hərəkət marşrutunda ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilir.
Xidmətin müasir tələblərə uyğun təşkil olunması üçün bu işə qadın polislər də cəlb edilib, əməkdaşların ingilisdilli kurslardan keçməsi üçün müvafiq tədbirlər görülüb. Əcnəbilərlə bağlı hadisə baş verən yerlərə göndərilməsi üçün xarici dilləri mükəmməl bilən əməkdaşlardan ibarət xüsusi mərkəz yaradılıb. Paytaxtın rayon polis idarələrinin və ərazi polis bölmələrinin növbətçi hissələrində xarici dil bilən əməkdaşlar sutkalıq xidmətə cəlb olunub. Saxlanılmış şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün müsabiqə keçirilən ərazinin rayon polis idarəsində tərkibində istintaq və təhqiqat xidmətlərinin əməkdaşları da olan və müsabiqə dövründə sutkalıq fəaliyyət göstərən xüsusi işçi qrup yaradılıb. Əcnəbilərin yerləşəcəyi mehmanxanalarda polis naryadlarının sayı artırılıb.
Müsabiqə ərəfəsində Bakıda yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət olunması istiqamətində nəzarət tədbirləri də gücləndirilib. Aidiyyəti dövlət qurumları ilə birgə şəhərdə qeydiyyatsız yaşayan əcnəbilərin müəyyən edilməsi və barələrində qanunauyğun tədbirlərin görülməsi prosesi davam edir.
Bakı şəhərində küçələrdən dilənçilərin yığışdırılması, qanunsuz ticarətin qarşısının alınması ilə bağlı tədbirlər də qanuna müvafiq olaraq davam etdirilir. Paytaxtda beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar avaralığa və dilənçiliyə qarşı mübarizə, belə halların qarşısının alınması, azyaşlı uşaqları dilənçiliyə təhrik edənlərin aşkarlanıb barələrində qanunauyğun tədbirlərin görülməsi daha da gücləndirilib.
Nəqliyyatla bağlı kompleks tədbirlər həyata keçirilib
"Eurovision" mahnı müsabiqəsinin təşkilatçılarının üzərinə düşən əsas vəzifələrdən biri də nümayəndə heyətlərinin, müsabiqə iştirakçılarının nəqliyyat vasitələri ilə yüksək səviyyədə təmin edilməsi, o cümlədən ictimai nəqliyyat sahəsində müasir xidmətin təşkilidir. Bununla əlaqədar olaraq bir neçə istiqamətdə kompleks tədbirlər həyata keçirilib. Müsabiqədə iştirak edən rəsmi heyətlər ən müasir 43 Neoplan, 43 BMW və 5 Mercedes "Sprinter" markalı nəqliyyat vasitəsi ilə təmin olunub. Təhlükəsizlik və xidmətin yüksək səviyyədə qurulması baxımından bu nəqliyyat vasitələrinin onlayn izlənməsi də təmin olunub. 2 Neoplan, 17 BMW və 25 Mercedes "Sprinter" ehtiyatda nəzərdə tutulub. Bütün bu işlərə 178 sürücü cəlb olunub. Sürücülər təlimatlandırılıb, akkreditasiyadan keçirilib və müvafiq geyim formaları ilə təmin olunublar.
Bununla yanaşı, final və qeyri-final günləri akkreditə olunmuş media nümayəndələrinin və azarkeşlərin, həmçinin final günləri tamaşaçıların daşınması üçün E indeksli 9 müntəzəm avtobus marşrutları təşkil edilib. E2, E3, E4 avtobus marşrutları media nümayəndələrinin qaldığı otelləri əhatə edir. Bütövlükdə E marşrutları üçün 66 avtobus və sürücü heyəti ayrılıb, marşrutlar üzrə məsul şəxslər müəyyən olunub. E marşrutları üzrə sutkalıq dispetçer məntəqələri də fəaliyyət göstərir.
Ümumilikdə "Eurovision" yarışmasının nəqliyyat təmini üçün 154 ədəd avtobus, 50 ədəd mikroavtobus və 60 ədəd BMW markalı avtomobil ayrılıb. Bakı sakinlərinin və şəhərin qonaqlarının rahatlığını təmin etmək üçün 1700 ədəd, o cümlədən 1000 ədəd London taksisi onların xidmətindədir. Hər bir avtobus və taksi "Eurovision" yarışması ruhunda bəzədilibdir.
Rabitə sahəsində ən son yeniliklər tətbiq olunur
"Eurovision" mahnı müsabiqəsinin yüksək
səviyyədə təşkili
üçün etibarlı
və dayanıqlı
rabitə sistemi qurulub, bu sahədə
informasiya-kommunikasiya texnologiyalarının
ən son nailiyyətləri
tətbiq edilib. Bu sahədə bütün texniki məsələlər
tam həll edilib.
Artıq ölkəmizə təşrif
buyuran müsabiqə iştirakçıları, jurnalistlər
və tamaşaçılar
tətbiq edilən ən müasir texnologiyalardan aktiv şəkildə istifadə
edirlər. "Baku Crystal Hall"da
keçirilən məşqlər
zamanı müsabiqə
iştirakçılarının və tədbiri işıqlandıran jurnalistlərın
informasiya texnologiyalarından
fasiləsiz olaraq yüksək səviyyədə
istifadə etməsi deyilənlərə əyani
sübutdur. Jurnalist personalının istifadə
etməsi üçün
müasir kompyuter dəstləri ilə təminat, internetə sürətli simsiz çıxış onların
razılığı ilə
qarşılanır.
Ümumilikdə həyata keçirilən
işlər nəticəsində
"Baku Crystal Hall"da hər
istifadəçinin internetə
qoşulma sürətinin
1 Mbs sürət əldə etməsi şərtilə 4000 nəfərlik
internet bağlantı (3000 nəfərin
"Wi-Fi", 1000 nəfərin isə stasionar kompyuterdən istifadə etməsi) təmin edilib. Bundan başqa, kompleksdə, mətbuat mərkəzində
və digər otaqlarda tələbata uyğun internet şəbəkəsi
təşkil edilib.
Həyata
keçirilən işlər
nəticəsində qlobal
internet şəbəkəsi ilə əlaqənin bir neçə istiqamətdə alternativliyi
və etibarlılığı
təmin edilib. Şəhər mərkəzindəki
ticarət mərkəzlərində,
restoranlarda və s.
"Wi-Fi" (genişzolaqlı kabelsiz internet) xidməti tətbiq edilib. "Eurovision-2012" mahnı müsabiqəsinin
keçiriləcəyi kompleksdə
yayım üçün
1 ədəd 8 Mbs-lik sürətə malik
internet kanalı təşkil
edilib.
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi aparılan işlərin daha keyfiyyətliliyini və dayanıqlığını
təmin etmək məqsədilə bütün
istiqamətlərdə alternativ
rabitə sistemi qurub.
Rəşad CƏFƏRLİ,
Elçin CƏFƏROV
Azərbaycan.- 2012.- 20 may.- S. 5.