Çelyabinskdə Fotofest-2012 III Beynəlxalq Fotofestivalı keçirilir

 

Xəbər verdiyimiz kimi, mayın 18-20-də Çelyabinskdə "Fotofest-2012" III Beynəlxalq Fotofestivalı keçirilir.

Festival Çelyabinsk vilayəti Mədəniyyət Nazirliyi və Rusiya Fotorəssamlar İttifaqı Çelyabinsk regional bölməsinin dəstəyi ilə Çelyabinsk Dövlət Diyarşünaslıq Muzeyində keçirilir.

Azərbaycanı festivalda Azərbaycan Fotoqraflar Birliyinin (AFB) sədri Mirnaib Həsənoğlu, AzərTAc-ın fotomüxbiri İlqar Cəfərov və AFB-nin daha 9 üzvü təmsil edir.

Festivalın açılışında Çelyabinsk Dövlət Diyarşünaslıq Muzeyinin direktoru Vladimir Boqdanov, AFB-nin sədri Mirnaib Həsənoğlu, Çelyabinskdəki "Ozan" Mədəniyyət Mərkəzinin sədri Rafail Quliyev çıxış etmişlər.

Sərgiyə gələnlər Azərbaycan müəlliflərinin foto işlərinə maraqla tamaşa etmişlər.

Sərginin təşkilatçıları Azərbaycanın "Müharibənin sürəkli əks-sədası"  adlı stendini belə şərh etmişlər: "Azərbaycanın "Müharibənin sürəkli əks-sədası" adlı ekspozisiyası təxminən 20 il əvvəl Dağlıq Qarabağda baş vermiş hadisələrə həsr olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsi yenidənqurma illərində daha da kəskinləşmiş, 1988-ci ilin noyabr-dekabr aylarında münaqişə açıq qarşıdurmaya çevrilmişdir. Dağlıq Qarabağ ərazisində miqyaslı hərbi əməliyyatlar 1991-ci ildən 1994-cü ilədək davam etmişdir. Atəşkəs haqqında razılıq 1994-cü il mayın 12-də qüvvəyə minmişdir. Lakin müharibənin nəticələri indiyədək özünü büruzə verməkdədir. Bu, ilk növbədə, çoxlu sayda azərbaycanlı qaçqın və məcburi köçkünlər, minlərlə itkin düşmüş insan, dağılmış şəhər və kənd, sındırılmış taledir... Azərbaycan fotoqrafları da öz reportajlarında bundan söhbət açırlar. Şəkillərdə əks olunmuş dramatik hadisələr faciənin miqyasını daha dərindən anlamağa imkan verir".

Ekspozisiyada 9 azərbaycanlı fotoqrafın çəkdiyi 60 ağ-qara fotoşəkil nümayiş etdirilir. Onların arasında reportaj, portret, məişət janrında çəkilmiş fotoşəkillər də vardır. Şəkilaltı sözlər romantikadan uzaqdır. Onlar hadisələrin lentə alındığı yer və vaxt barədə məlumat verir. Fotoşəkillər arasında 1990-cı il Bakı hadisələrindən bəhs edən işlər də yer almışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 20 may.- S. 6.