Zəngin xəzinəsi olan məbəd

 

 Abbasqulu  ağa Bakıxanovun təbirincə desək, keçmişindən xəbərsiz olaraq bu günlə yaşamaq, yolsuz biyabana girib, məqsədsiz dolaşığa düşmək kimi bir şeydir. Tarixin daşlaşmış səhifələrindən  soraq almaq, keçmişə hörmətlə yanaşmaq və gələcəyi bu bünövrə əsasında qurmaq mənəvi borclardan biridir. Bu mənada tarixin səhifələrinə  bələdçilik edən, qiymətli sənədlərin toplandığı və qorunduğu məbədlərin - muzeylərin rolu əvəzsizdir. Muzeylər tarixin öyrənilib-öyrədilməsi, mədəni sərvətlərin toplanıb qorunması və təbliği ilə bağlı çox vacib işlər görür.

Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanması yolunda muzeylərin rolunu qiymətləndirərkən demişdir: "Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr arasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur".

Belə  maddi və mənəvi sərvətlərin qorunub gələcək nəsillərə çatdırılmasında mühüm vəzifələr üzərinə düşən mədəniyyət müəssisələrindən biri  də R.Mustafayev adına Azərbaycan Dövlət Milli İncəsənət  Muzeyidir. Muzeyin direktor müavini, sənət nümunələrinin dilini bilən, sənətşünas Elmira Qasımovadır. Hərdən təlatümlü və bir qədər də duyğulu dünyasında incəsənətə incə tellərlə bağlı olan muzeyşünas çoxlarımıza sadə görünən ən kiçik işlərin belə dərin fəlsəfi məzmun daşıdığını dilə gətirdi: "...Muzey adi iş yeri deyil. Burada fanatiklik, daxili bağlılıq əsas şərtdir. Məlum məsələdir ki, muzey işi çoxcəhətlidir. Muzey işçisi olmaq üçün  sənətşünaslıq elmini və tarixini bilmək azdır. Gərək  ədəbiyyatı, tarixi, fəlsəfəni də dərindən biləsən. Ekspozisiya ilə tanış olmaq istəyənlərlə ünsiyyət qurmaq üçün psixologiyadan xəbərdar olmalısan. Hər bir sənət əsərini tarixə, yəni dünənə açılan sirr dolu pəncərə adlandırmaq olar: təsvirlər hansı fikirdən yaranıb, sənətkar bizlərə nə demək istəyir? Bu kimi suallara cavab verir. Eksponat adlandırdığımız bədii-estetik, fəlsəfi sənət nümunələri. Əlbəttə, kim bilmir ki, dənizin ləpəsi  çör-çöpü sahilə atar, gövhər isə onun dibində qalar. Yaradıcılıq axtarışlarında dərinliklərdən üzə çıxara bildiyim gövhəri tamaşaçılara  ən müxtəlif formalarda, xüsusi zövq və həvəslə təqdim etməyə, hisslərimizlə, duyğularımızla, düşüncələrimizlə bölüşməyə çalışırıq".E

Respublikanın ən böyük  mədəni mərkəzi olan Azərbaycan Dövlət İncəsənət Muzeyi 1936-cı ildə Azərbaycan Dövlət Muzeyinin  incəsənət şöbəsi əsasında yaradılıb və bir ildən sonra isə açılışı olub. Fondunda 20 minə qədər nadir sənət nümunələri saxlanan muzey 1943-cü ildən R.Mustafayevin adını daşıyır. Ekspozisiyasında Azərbaycan, rus, eləcə də Qərbi Avropa ilə Şərq xalqlarının boyakarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərlərinin nümunələri nümayiş etdirilir. Realist təsviri sənətin baniləri M.Nəvvab, B.Kəngərli, Ə.Əzimzadə... kimi xalqımızın tanınmış klassiklərinin, həmçinin məşhur rəssam və heykəltəraşlardan M.Abdullayev, S.Bəhlulzadə, M.Rəhmanzadə, T.Salahov, V.Səmədova, F.Əbdürrəhmanov, P.Sabsay, C.Qaryağdı, T.Məmmədov, Ö.Eldarov və digərlərinin əsərləri buradakı eksponatların zənginliyini bir qədər də artırır.

Məbəd ötən il Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Milli İncəsənət Muzeyi statusu daşıyır. Muzeyin Azərbaycan incəsənəti şöbəsi zərgərlik, xalçaçılıq və keramika məmulatları, tikmələr, milli geyimlər, musiqi alətləri, silahlar, qədim və müasir dekorativ-tətbiqi sənət nümunələri, arxeoloji qazıntılar zamanı respublikamızın ərazilərindən tapılmış qəbirüstü daşlar, həndəsi naxışlı sənduqələrlə zəngindir. Həmsöhbətimiz onu da bildirdi ki, rus incəsənəti  şöbəsində Türkiyə, İran, Yaponiya,  Çin, Hindistan və s. Şərq ölkələrinin miniatür və dekorativ-tətbiqi sənət nümunələri qorunur: "Qərbi Avropa incəsənəti şöbəsində isə italyan, holland, fransız və  s. rəssamlıq məktəblərinə məxsus sənətkarların əsərləri, yəni dünya şöhrətli nadir incilər hesab olunan əl işləri toplanıb.  Muzey əməkdaşları eyni zamanda təbliğatçı kimi də fəaliyyət göstərirlər. Onlar mədəni-maarif fəaliyyəti ilə məşğul olur, sərgilər keçirir, mühazirələr və müzakirələr aparır, kataloqlar, bukletlər, albomlar nəşr etdirir, diafilmlər göstərirlər. Muzeyin eksponatları dəfələrlə xarici ölkələrdə, məsələn, Böyük Britaniyada, Fransada, Çexiya və Slovakiyada, Suriyada, Əlcəzairdə, Kanada və Kubada nümayiş etdirilib. Həmçinin burada da bir sıra əcnəbi xalqların maddi mədəniyyət nümunələrindən ibarət sərgilər keçirilib. Muzeyin bərpa emalatxanası, laboratoriya və kitabxanası, eləcə də ayrı-ayrı sahələr üzrə fondları var. 1938-ci ildən Gəncədə muzeyin filialı  fəaliyyət göstərir. Fəxrlə  bildirmək olar ki, muzeyimiz Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının (European Economic Chamber of Trade, Commerce and İndustry EEİG) yekdil qərarı ilə Avropa Muzey Standartı statusu daşıyır".

Muzey, bir növ tarixə, mədəniyyətə, təbiətə aid olan abidələri toplayıb mühafizə edən, onları öyrənən və geniş təbliğ edən elmi-tədqiqat müəssisəsidir. Hər kəs öz tarixi keçmişini öyrənməyə daim ehtiyac duyur. Xalqlar və dövlətlər də bu  amilə əsaslanaraq, tarixi keçmişini araşdırmağı vacib sayıb. Çünki burada həqiqətlər "yatır", "daşlaşmış yaddaş" incə-incə səhifələnir. Bu "sükut"da dünənimiz, keçmişimiz, mədəniyyətimiz "yuxuya gedib".

Muzeylər mədəniyyətin qorunduğu və bioloji müxtəlifliyin, milliliyin ciddi mühafizə olunduğu ünvanlardır.  Köhnəlik gerilik  nümunəsi deyil, əksinə, tarixi keçmişlə gələcək arasında bir körpü, milli-mənəvi dəyərlərin saxlanc mənbəyidir. Ona görə də onlara xalq məhəbbəti və dövlət qayğısı ən vacib faktorlardır. Hər iki münasibəti biz muzeylərin istər fəaliyyətində, istərsə də onlara göstərilən qayğıda görürük. Gördüklərimiz isə təkcə bunlar deyil. Ömrünü muzey işinə həsr edən sənətşünas Elmira Qasımova demişkən, burada qorunan tarixin əvəzsiz sərvətləridir. Onları təqdim etmək isə xüsusi istedad və qabiliyyət, sənətə məhəbbət tələb edir. Bu muzeydə öncə diqqəti çəkən də məhz bu amillərdir. Bura eyni zamanda gözəlliklər məkanıdır. Bu gözəllikdən estetika formalaşır, etika yaranır. Xalqımıza məxsus bir sıra ali keyfiyyətləri özündə  əks etdirən xüsusiyyətlərin nümayişinə də burada  şərait vardır. Muzey əməkdaşı, sadəcə, bələdçi ola bilməz. O, eyni zamanda aktyor, diksiyası səlis bədii qiraətçi, elmli, hər şeydən xəbərdar, böyük tamaşaçı və dinləyici auditoriyasını idarə etməyi bacaran pedaqoq, həmçinin psixoloq olmalıdır ki, təqdim etdiyi əsərlərin ən incə detalını, məqsəd və məramını aça bilsin.

Yeri gəlmişkən,  fəaliyyəti dövründə muzey bir çox xalqların incəsənət nümunələrinin sərgisindən ibarət tədbirlərin müəllifinə çevrilib. Bu ilin birinci  yarısınadək muzeyin təşkil etdiyi tədbirlər silsiləliyi və zənginliyi ilə yadda qalıb. Onlardan biri də Heydər Əliyev Fondunun təşəbbüsü   və dəstəyi ilə mart ayının 10-da açılıb mayın 6-dək davam edən "Fransa inciləri: Fransız incəsənəti Rezessansdan bu günədək" adlı sərgidir. Həmin sərgidə nümayiş etdirilən eksponatların əsas hissəsini Versal Sarayının, Luvr və Orse muzeylərinin, Pompidu Mərkəzinin, Fransa Milli Kitabxanasının əsərləri təşkil edib.

Sərginin mövzusunu daha da zənginləşdirmək və eyni zamanda fransız mədəni irsinin mühüm tərkib hissəsi olan əyalət  muzeylərini də tanıtmaq məqsədi daşıyan qiymətli kolleksiyaya malik Nant, Kann, Ruan, Amyen, Reyms, Beznson, Lion, Dijon, Nitsa və digər mədəniyyət mərkəzlərində qorunub saxlanan incəsənət əsərləri də sərginin tamaşaçılarına təqdim edildi. Demək olar ki, adıçəkilən sərgi Fransanın bütün dünyada şöhrət tapmış zəngin mədəniyyətini nümayiş etdirməklə yanaşı, onun qədim tarixinə də  bir səyahət kimi dəyərləndirildi. Azərbaycanın mədəni həyatında mühüm iz qoyacaq adıçəkilən sərgidə ilk dəfə Fransanın ən məşhur korifeyləri sayılan Pussen, Oryoz, Brak, Roden, Deqa  və başqalarının əsərlərinə tamaşa etdilər. Ekspozisiyada nümayiş olunan, janr və  mövzu  genişliyi, tarixiliyi ilə diqqəti cəlb edən 500-ə yaxın əsər içərisində fransız təsviri sənətində tanınmış gənc rəssam və heykəltəraşların da əsərləri yer aldı...

Bir sözlə, muzeyin təşkil etdiyi mədəni-kütləvi tədbirlər hər bir iştirakçının estetik zövqünün formalaşmasında da mühüm vasitəyə çevrilir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 20 may.- S. 7.