Abşeronun zümrüd boyunbağısı

 

Abşerona yolu düşən hər bir əcnəbinin diqqətini ilk cəlb edən yaşıl zümrüd muncuqlar kimi yolların "yaxası"na düzülən  zeytun ağacları olur. Zeytunun zümrüd daşına bənzədilməsi qəribə gəlməsin. Ona görə ki, ta qədimdən həm zeytun, həm də zümrüd daşı diabet, ürək-damar və hipertoniya xəstəliklərinin müalicəsində istifadə edilib: zeytundan qida məhsulu, zümrüddən isə müalicəvi zinət kimi. Ona görə də zeytunu Abşeron yarımadasının sinəsində bərq buran zümrüd boyunbağıya bənzətmək mübaliğə deyil. Həmişəyaşıl bitki olan zeytun yarımadaya xüsusi gözəllik verməklə bərabər, nadir nemətləri ilə insanlara gümrahlıq gətirir, sağlamlıq bəxş edir. Zeytun əvəzolunmaz qida və müalicəvi bitki kimi minillər boyudur ki, insanların diqqətini özünə çəkir. Həqiqətən də bədənimizin elə bir üzvü yoxdur ki, bu nemət ona məlhəm olmasın. Yunanların hələ miladdan əvvəl zeytun budağını ilk Olimpiya oyunlarının rəmzi seçməsi və həyat  simvolu adlandırması da təsadüfi deyil.

Qədim zamanlardan dünyanın subtropik ölkələrində becərilən zeytun əsasən Cənubi Avropa, Cənubi Asiya və Avstraliyanın mülayim istitropik zonalarında, Aralıq dənizi hövzəsində, sonralar Yunanıstan, İspaniya, İtaliya və digər subtropik ölkələrdə yayılmışdır. Bu gün İtaliyada 2, İspaniyada 1,5, Yunanıstan və Türkiyədə isə 1 milyon hektardan da artıq ərazidə zeytun bağları salınıb. Meqaiqtisadiyyatın aqrar sektorunda zeytun plantasiyalarının artırılmasının yeni üsullarını axtarırlar. Subtropik qurşaqda yerləşən dövlətlərin əksəriyyətində zeytunçuluq kənd təsərrüfatının ixtisaslaşmış sahələrindən biri kimi təsdiq olunmuş və dövlət büdcəsinin formalaşmasında əsas rol oynamağa başlamışdır. Dünyada bu nadir bitkidən alınan məhsulun illik istehsalı son illərdə 20 milyon tondan artıqdır. İtaliya, İspaniya və Yunanıstan  yüksək satış göstəricilərinə görə fərqlənirlər.

İqlim çalarlığı baxımından Azərbaycan heçzeytun ixracatında üstünlük təşkil edən ölkələrdən geridə qalmır, əksinə, ölkəmizin yerləşdiyi coğrafi məkan, bir-birini əvəz edən iqlim qurşaqları torpaqlarımızın flora və faunasının zənginliyinə, al-əlvanlığına şərait yaratmışdır. Tarixi mənbələrdə ölkəmizdə böyük zeytun bağlarının salındığı göstərilir. Lakin XIII əsrin əvvəllərində (1220-1256-cı illər) Azərbaycana monqol yürüşləri zamanı qışlamaya qalan ordu zeytun bağlarını qırıb odun kimi yandıraraq məhv edir.

II Dünya müharibəsindən sonra Azərbaycana Sovet İttifaqının bostanı kimi münasibət bəsləyən Stalin Abşeronda zeytunçuluq təsərrüfatının  yaradılmasına və emal zavodunun tikilməsinə sərəncam verir. 1949-1950-ci illərdə ilk zeytunçuluq təsərrüfatı yaradılır və kiçik emal zavodu tikilir. Sonralar Hövsan qəsəbəsində geniş ərazidə zeytun plantasiyası salınır, Maştağa qəsəbəsində yeni zeytun emalı zavodu istifadəyə verilir. Sovet hakimiyyəti illərində Abşeronda zeytun bağlarının sahələri 20-30 il ərzində artaraq 3 min hektara çatır. Lakin 90-cı illərdəki qarışıqlıq, anarxiyaxaos nəticəsində zeytun bağları müdafiəsiz qalır. Torpaqların şəxsi mülkiyyətə verilməsi, sovet mülkiyyət formasının ləğv edilməsi zeytunçuluğun inkişafdan qalmasına səbəb olur. Belə ki, yeni mülkiyyət sahiblərinin təcrübəsizliyi özünü büruzə verir. Ayrı-ayrı əllərə keçən zeytun bağları baxımsız qalır. Sonralar yeni formalaşan sahibkarların da bir qismi bu plantasiyaların müəyyən hissəsini məhv edir, zeytun bağlarını tikinti meydançalarına çevirirya tamam başqa məqsədlər üçün istifadə edirlər. Nəticədə Abşeronda zeytun bağlarının ümumi sahəsi nəzərəçarpacaq dərəcədə azalır.

Azərbaycanda son 20 ildə neft sektoru ilə yanaşı, iqtisadiyyatın, kənd təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada əsaslı dəyişiklik, inkişaf müşahidə olunmasın. Sahibkarlığın inkişafı və onlara dövlət dəstəyi, güzəştli kreditlərin verilməsi istiqamətində görülən işlər artıq bəhrəsini verir. Nazirlər Kabinetinin sonuncu müşavirəsində dövlət başçısı qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini, birinci rübdə bu sahədə ümumi daxili məhsulun 7,7 faiz artdığını qeyd edərək demişdir: "İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılmış addımlar bəhrəsini verir. Əgər sənaye istehsalına nəzər salsaq görərik ki, ümumi sənaye istehsalı 0,3 faiz azalmış, ancaq qeyri-neft sənayemiz 16,5 faiz artmışdır. Bu, səhv etmirəmsə, müstəqillik dövründə ən yüksək, rekord göstəricidir və yenə də son illər ərzində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki qeyri-neft sənayesinin inkişafı ilə bağlı mənim tərəfimdən dəfələrlə müvafiq göstərişlər verilmişdir, konkret addımlar atılmışdır. Dövlət İnvestisiya Proqramında bu məsələlər öz həllini tapmışdır. Özəl sektora göstərilən dəstək - həm siyasi, həm də maddi dəstək, kreditlərin verilməsi qeyri-neft sənayesinin inkişafına gətirib çıxarır".

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdir müavini Rizvan Mustafayev ölkədə zeytunçuluğun da inkişafında müəyyən dönüşün yarandığını təsdiqləyir. Belə ki, hazırda Azərbaycanda olan 1868 hektar zeytun sahəsindən 1556 hektarı bar verəndir. Zeytun bağlarının salınması üçün müraciət edən sahibkarların sayı da tədricən artır. Azərbaycanda təkcə Abşeronda yox, digər bölgələrdə - Sumqayıt, Siyəzən, Salyan, Göyçay, Beyləqan və Yevlaxda da yeni zeytun bağları salınır. Bakının Zirə qəsəbəsində 200 hektara yaxın zeytun bağı salınmış və Türkiyədən tinglər gətirilmişdir.

Lakin etiraf etmək lazımdır ki, zeytun bağlarının məhsuldarlığı aşağıdır. Qabaqcıl ölkələrdə bir hektar zeytun bağında əkilən 300-350 ağacın hər birindən 15-25 kiloqram bəhər götürməklə hektarın məhsuldarlığı 4,5-7 ton təşkil edir.  Kənd Təsərrüfatı Nazirliyinin aparıcı mütəxəssisi Rizvan Mustafayev Azərbaycanda zeytun bağlarının məhsuldarlığının inkişaf etmiş ölkələrdən xeyli geridə qaldığını bildirir. Abşeron yarımadasında zeytun bağları genişlənsə də, hektarın məhsuldarlığı hələ ki, 4-5 sentner ətrafındadır. Respublikada məhsuldarlığın orta göstəricisi 9 sentnerdir.  Bu rəqəm Bakı üzrə 23, Beyləqanda isə 26,7 sentnerdir.

Zeytun bağlarının bəhərə düşməsi üçün 8 ildən artıq vaxt lazım olduğundan bu sahə investorları bir o qədər cəlb etmir. Lakin yerli sakinlər gözəl bilirlər ki, bəhərə düşən zeytun bağları əsrlər boyu yaşayır və insanlara xeyir verir. Digər tərəfdən, zeytun Abşeron yarımadasında küləklərin qarşısını almaqda, torpaqları eroziyadan qorumaqda əvəzsiz rol oynayır. Ötən il respublika üzrə 250 hektar yeni zeytun bağı salınmışdır. Dönüş var, lakin Nazirlər Kabinetinin sonuncu müşavirəsində Prezidentin yekun nitqindəki taxılçılığın inkişafı ilə bağlı tənqidi fikirlərinə qayıtmaq yerinə düşərdi: "Əgər inkişaf etmiş, müsbət təcrübəyə malik olan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada rəqəm daha da yüksəkdir. Bizdə isə ölkə üzrə məhsuldarlıq 25 sentnerdir. Çox aşağı səviyyədədir, yəni, biz bu məhsuldarlığı artıra bilmirik. Bir il artır, bir il azalır. Məhz bu məqsədlə iri fermer təsərrüfatlarının yaradılması ideyası da ortaya çıxmışdır ki, biz mövcud olan bütün torpaqlardan istifadə edək. Ancaq əgər biz bununla bərabər, məhsuldarlığa daha da böyük diqqət göstərsək, eyni torpaqdan, indi dövriyyədə olan torpaqdan iki dəfə çox məhsul götürə və beləliklə, özümüzü taxılla tam şəkildə təmin edə bilərik". Təbii ki, dövlət başçısının taxılçılığın inkişafı ilə bağlı fikirləri zeytun təsərrüfatlarının da əhəmiyyətli dərəcədə genişlənməsinə təkan verəcək. Abşeron üçün ideal bitki olan zeytun bağlarının azalmasının səbəblərini ötəri də olsa araşdırdıq, bu sahənin inkişafına təkan verə bilən təbii amilləri sadaladıq və maraqlı perspektivlərə toxunduq.   Qeyd edək ki, zeytunçuluğun inkişafı yüksək və davamlı gəlir gətirməklə yanaşı, yaşıllıqların artması, ölkə ərazisində biomüxtəlifliyin qorunması və havanın oksigenlə zənginləşməsində ciddi rol oynayır.  Gövdəsindən tutmuş hər bir yarpağına qədər insan orqanizmi üçün müalicəvi əhəmiyyəti olan zeytun plantasiyalarının daha geniş yayıldığı ölkələrin statistik göstəricilərində ürək-damar və xərçəng xəstəliklərinin azlığı da diqqətçəkən məqamlardan biridir. İnanırıq ki, ölkəmizdə bu qiymətli ağacın becərilməsinə qayğı, diqqət artırılacaq, onun ləziz nemətləri hər kəsin süfrəsini bəzəyəcək və Abşeron zeytunu bütün dünya ölkələrində öz  adı ilə məşhurlaşacaqdır.

 

 

Elnur HADİYEV

 

Azərbaycan.- 2012.- 20 may.- S. 7.