Tezliklə bütün Avropanın diqqəti Bakıya
yönələcəkdir
"Tezliklə bütün Avropanın diqqəti Bakıya yönələcəkdir". Almaniyanın populyar "Lufthansa Magazin" jurnalının may buraxılışında dərc edilmiş "Qafqazda şou zamanı" sərlövhəli məqalədə belə deyilir.
AzərTAc məqaləni qısa ixtisarla təqdim edir.
May ayında Azərbaycanın paytaxtında "Eurovision" mahnı müsabiqəsi keçiriləcək, bu zaman bütün Avropanın diqqəti Bakıya yönələcəkdir. Xəzər dənizinin sahilində yerləşən paytaxtın mənzərəsi son zamanlar misli görünməmiş dərəcədə dəyişmişdir. Zəngin ənənələri və müasir kosmopolit çalarları özündə birləşdirən paytaxt Bakı bu gün valehedici təəssürat yaradır.
"Baku Crystal Hall" məxsusi olaraq "Eurovision" mahnı müsabiqəsi üçün inşa edilmişdir.
Paytaxtın ən hündür nöqtəsi olan Dağüstü parkdan Bakının mənzərəsini bir baxışla seyr etməklə bu şəhərin necə də füsunkar olduğunu aydınca görmək olar. Ənənə və müasirlik burada bir-birinə çox yaxındır. Hündürlüyü 180 metr olan üç alov qüllə səmanın əlçatmaz zirvələrinə yüksəlir, alovlanan məşəli xatırladan binanın şüşə fasadları göz qamaşdırır. Bu hündür nöqtədən yaxınlıqda yerləşən İçərişəhərin dolanbac, sirli-sehirli küçələrinə, qədim binalarına, qalalarına, qala divarlarına tamaşa edərkən gözlərin önündə keçmiş və müasirliyin qovuşduğu bir mənzərə canlanır.
Sonra isə nəzərlər Xəzər buxtasında biznes mərkəzlərinə, onlarca müasir şüşə qüllələrinə, kilometrlərlə uzanan dənizkənarı sahilə və nəhayət, Bakıda tikinti bumuna əyani sübut olan "Baku Crystal Hall" kompleksinə yönəlir. "Eurovision" mahnı müsabiqəsi üçün səkkiz ay ərzində inşa edilmiş bu möhtəşəm çoxfunksiyalı arena Hamburq şəhərindən olan memarlar Gerkan, Marq və tərəfdaş (gmp) tərəfindən layihələndirilmişdir. Gecələr konsert zalı dənizdə kristal kimi şəfəq saçır. Mayın 22-26-da Avropanın nəzərləri Azərbaycanın paytaxtına yönələcəkdir. Bu beynəlxalq tədbirdə 43 ölkənin təmsilçiləri musiqi yarışmasına qatılacaqlar. Təxminən 20 minə yaxın tamaşaçı bu əzəmətli zalda möhtəşəm bir şounu canlı olaraq izləyəcəkdir.
Keçmiş zamanlarda Azərbaycana heç də hər dəfə nəsib olmayan bu mötəbər beynəlxalq mədəni tədbir ona özünü müasir və dünyəvi ölkə kimi təqdim etmək baxımından geniş imkanlar açır. 20 il bundan əvvəl müstəqilliyini əldə edən Azərbaycanda demək olar ki, Avropanın heç bir başqa ölkəsində rast gəlinməyən iqtisadi dinamika hökm sürməkdədir.
"Artıq müasir ölkə olduğumuzu dünyaya nümayiş etdirmək üçün, bu final yarışması bizim üçün çox vacibdir ", - deyən 33 yaşlı Asif Əzizov sosializmi uşaq olaraq yaşadığını və bunun sonunda biznes sirlərini və ingilis dilini öyrənməsini ona verilən böyük şans kimi qəbul edir. Bu gün Əzizov bütün dünyanı onun üzünə açan bir işdə çalışır: ARDNŞ-də xarici qonaqları doğma şəhəri ilə tanış edir.
İçərişəhərdə gəzinti zamanı insan özünü sanki tarixin müxtəlif dövrlərində hiss edir. Avropa və Asiyanın sərhədlərinin qovuşuğunda özünəməxsus coğrafi mövqe, dəyişkən tarix və müxtəlif mədəniyyətlər şəhərin formalaşmasına öz güclü təsirini göstərmişdir. Bəzən özünü sanki Parisdə hiss edirsən, sonra yenidən məscid və karvansaraların arasında Şərq dünyasına qərq olursan.
Qonaqları şəhərin qədim hissəsi ilə tanış edən Asif Əzizov deyir ki, İçərişəhər 2000-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilmişdir. Burada möhtəşəm Şirvanşahlar sarayı, məscidlər, karvansaralar, bazarlar və çoxəsrlik hamamlar, ənənəvi buxar vannaları kimi nadir memarlıq abidələrinə ras gəlmək olar.
Tarixi binaların ətrafında sanki "1001 gecə" nağıllarındakı kimi sirli rəvayətlər dolaşır. Təqribən 30 metr hündürlüyündə olan qədim Qız qalası bu memarlıq inciləri arasında ən heyranedicidir.
Tarixi inkişafın təzadlarını Bakıda çox aydın görmək olur. Qala divarlarından bir neçə küçə aralıda XXI əsr bütün gücü, qüdrəti ilə aydın nəzərə çarpır. Şəhərin mərkəzi hissəsindəki təmtəraqlı tikililərdə göz oxşayan moda mağazaları sıralanır.
Alıcılıq qabiliyyətinin yüksək olduğu bu şəhərdə əksər brend mağazalarına rast gəlmək olar. Azərbaycanlı kişilər sükan arxasında özlərinin Qərbə meyilli olduqlarını göstərməyə çalışırlar. Əgər burada əvvəllər "Lada" və "Volqa" avtomobilləri ilə fəxr edilirdisə, nəqliyyatın sıx olduğu İçərişəhərdə Almaniya istehsalı olan avtomobillərə daha üstünlük verilir. Qlobal müstəvidə neftə və qaza olan böyük tələbatın durmadan artması Azərbaycanın kiçik ölkədən nəhəng qüdrətli bir dövlətə çevrilməsinə gətirib çıxarmışdır. XX əsrin sonunda Dubayda, Abu-Dabidə, Qətərdə və Dohada olduğu kimi, indi də artıq Bakı çiçəklənir, inkişaf edir. Rəsmi statistikaya görə, Bakıda iki milyona yaxın insan yaşayır. Onların sayı artmaqda davam edir. Qafqazın müxtəlif və narahat bölgələrindən minlərlə insan iş və sakit həyat axtarışı məqsədilə Bakıya üz tutur.
Bütün dünyadan xoşbəxtlik axtarışına çıxmış insanlar bu şəhərə böyük pul qazanmaq məkanı kimi baxırlar. Buraya turist axını da durmadan artır. Azərbaycan islam ölkəsi olmaqla yanaşı, qonşuları ilə müqayisədə daha müasir və tolerant bir ölkədir. "Biz azərbaycanlılar qəlbən ənənəvi olaraq daha çox Qərbə meyilliyik", - deyə Asəf Əzizov diqqətə çatdırdı. Bu ənənə hətta XIX əsrin sonuna, Bakıda neft bumu dövrünə gedib çıxır.
Daha sonra yolumuzu Bakının vaxtilə "Qara şəhər" adlanan hissəsindən salırıq. Burada gördüyümüz mənzərə son illər Bakıda həyata keçirilmiş işlərin geniş miqyasından xəbər verir. Paytaxtın bu hissəsində "Ağ şəhər" adlı möhtəşəm layihə reallaşdırılır.
Bakıda diqqətimizi çəkən bir məqam da neft yataqlarının şəhərin hüdudlarına qədər gəlib çıxması oldu. Məşhur yazıçı Əsəd bəy XX əsrin əvvəllərində bu buruqları "Möhtəşəm nağıllar meşəsi"nə bənzətmişdir. O zaman Bakı və onun ətraf qəsəbələrində Amerika Birləşmiş Ştatlarındakından daha çox neft çıxarılırdı. Bu neft bumu yerli neft baronlarının inanılmaz şəkildə varlanmasına səbəb olmuş, o, həm də ölkəyə Rotşild və Nobel qardaşları kimi xarici investorları cəlb etmişdir. Ən nəhayət isə, Bakıda ilk neft tankeri istifadəyə verilmiş və ilk boru kəməri də məhz burada salınmışdır. Bu gün Bakıda "Villa Petrolea" muzey və Bakı Nobel İrsi Fondunun qərargahı kimi fəaliyyət göstərir. Burada neft mədənlərinin ortasında özünü cah-calallı, tam rahat bir gözəl evdəki kimi hiss edirsən. Bağdakı ağaclar İtaliya və Fransadan gətirilmişdir.
Dövlət İncəsənət
Muzeyinin nəzarətçisi Əminə
xanım Məlikova bizi muzeyin
ayrı-ayrı otaqları ilə tanış edir.
İsveç sənayeçilərinin bir zaman tərtib etdiyi quruluşda olduğu kimi bu əzəmətli otaqlarda
hər şey olduğu
formada qorunub
saxlanılmışdır. "Əslində Lüdviq
Nobel Azərbaycana tüfəng
qundaqlarının istehsalında istifadə olunan
taxta material almaq üçün gəlmişdi",
- deyə ingilis dilində səlis
danışan 34 yaşlı xanım qeyd etdi. Az sonra
Lüdviq Nobel Stokholmda yaşayan
qardaşına xəbər verir ki, burada taxta
emalından daha yaxşı bir gəlirli sahə aşkar
etmişdir. Divarlardan
asılmış tarixi fotolar
və rəsmlər Nobel imperiyasından ətraflı
xəbər verir. Neft
baronları necə yaşamağın fərqində idilər.
Lakin bu təmtəraq çox uzun çəkmədi. Ə.Məlikova deyir: "Ötən əsrin 20-ci illərində
bolşeviklər ölkəni qəsb etdilər. Sovet hakimiyyəti
70 il davam
etdi. Əlbəttə, bu, bir tarix idi. İndi Azərbaycanda
insanlar gələcəyə
nikbinliklə baxır.
Geniş
Nobel prospekti ilə geriyə, İçərişəhərə
üz tuturuq. Azərbaycanda kifayət qədər
bol və ucuz elektrik enerjisi
istehsal edildiyindən şəhərin küçələri,
binaları bütün
gecə boyu işıqlandırılır.
Bu gün Bakı
daha canlı və parlaq görünür. "Eurovision" mahnı müsabiqəsi ilə yanaşı, Bakı daha möhtəşəm bir yarışmaya - bu ilin payızında keçirilməsi nəzərdə
tutulan U-17 qadınlar arasında futbol üzrə Dünya çempionatına hazırlaşır.
Bundan əlavə, Bakı 2020-ci il
Yay Olimpiya Oyunları üçün
namizədliyini irəli
sürmüşdür.
Daha bir neçə ildən sonra Azərbaycanın paytaxtında dünyada ən yüksək bina daxil olmaqla
süni ada silsiləsi tikiləcəkdir. Layihəyə əsasən,
bu binanın hündürlüyü 1050 metr olacaq, bununla da o,
Dubaydakı 828 metrlik Burc Xəlifə qülləsini
ötüb keçəcəkdir.
Azərbaycan.- 2012.- 13 may.- S. 9.