Bakıda ənənəvi
“Qız qalası” Üçüncü Beynəlxalq
incəsənət festivalı başa
çatmışdır
Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva tədbirdə iştirak etmişdir
Mayın 19-da İçərişəhərdəki Kiçik Karvansarada ənənəvi "Qız qalası" Üçüncü Beynəlxalq incəsənət festivalının başa çatmasına həsr edilmiş mərasim keçirilmişdir.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.
Mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən "Qız qalası" Beynəlxalq incəsənət festivalı 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və "Qız qalası" Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilir.
"Qız qalası" Üçüncü Beynəlxalq incəsənət festivalı Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliğini qarşısına məqsəd qoymuşdur. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması məqsədilə keçirilən builki incəsənət festivalında 24 ölkədən 30-dan çox tanınmış rəssam iştirak etmişdir. Onlar qalanın kiçik maketlərini öz milli üslublarında naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaratmışlar.
Əvvəlki festivallardan fərqli olaraq nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək məqsədilə bu il ilk dəfə olaraq IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası çərçivəsində ceyran maketləri hazırlanmışdır. Həmin maketlər ötən illərdəki müsabiqələrdə iştirak etmiş və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzədilmişdir.
Bu işlər sırasında yer alan Mehriban xanım Əliyevanın və Leyla Əliyevanın əsərləri iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Festivalda sərgilənən işlərlə yaxından tanış olan Mehriban xanım Əliyevaya məlumat verilmişdir ki, hər il iştirakçı rəssamların müxtəlif ölkələri təmsil etməsi festivalın əhatə dairəsini genişləndirərək mədəniyyətlərarası dialoqa mühüm töhfə verir.
Müəlliflər öz əsərlərinin
ideya məzmunu haqqında Mehriban
xanım Əliyevaya ətraflı məlumat vermişlər.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım ƏLİYEVA tədbirdə
çıxış edərək dedi:
-
Xanımlar və cənablar!
Əziz
dostlar!
Hər
şeydən əvvəl, sizi gözəl şəhərimiz
Bakıda salamlayıram. "Qız qalası"
Üçüncü Beynəlxalq incəsənət
festivalı çərçivəsində keçirilən
"Böyük beşlik" sərgisinə xoş gəlmisiniz.
Biz bu festivalı üçüncü dəfədir ki, keçiririk. Çox böyük uğur qazanan bu festival Bakı sakinlərinə dünyanın fərqli ölkələrindən müxtəlif rəssamların yaradıcılıq nümunələri ilə tanış olmağa imkan verir.
Bu gün biz burada Azərbaycanda və Cənubi Qafqazda ən gözəl, lakin nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlardan biri olan ceyranı nümayiş etdiririk. "Böyük beşlik" sərgisi diqqəti Azərbaycanda və regionda nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlara cəlb etmək üçün təşkil edilmişdir.
IDEA Kampaniyası nəsli kəsilmək təhlükəsi ilə üzləşən ayı, qartal, canavar, ceyran və Qafqaz bəbirini "Böyük beşliy"ə daxil etmişdir. Bu gün biz nəsli kəsilmək təhlükəsi ilə üzləşən bu canlılara nümunə kimi ceyrandan istifadə edirik. Ceyran Azərbaycanın sehirli nağıllarında və musiqilərində hər zaman zəriflik və gözəllik rəmzi olmuşdur. Heydər Əliyev Fondu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ceyranların təbii yaşayış mühitinə köçürülməsi layihəsini reallaşdırmışdır. IDEA olaraq biz bu layihəyə daha çox yaradıcı və bədii yanaşma nümayiş etdirmək qərarına gəldik.
Bildiyiniz kimi, IDEA Kampaniyası təxminən bir il əvvəl yaradılmışdır. Bu müddət ərzində biz ətraf mühitin qorunması ilə bağlı xeyli layihələr həyata keçirmiş və çox müsbət nəticələr əldə etmişik.
Yarım saat bundan əvvəl biz Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzini açdıq. Bu mərkəz insanlara ətraf mühitlə bağlı araşdırmalar aparmağa imkan verəcəkdir.
IDEA-nın digər maraqlı bir layihəsi burada, qədim Qız qalasının qarşısında reallaşdırılır. Qız qalasında bərpa işləri aparılarkən biz Afrikadan Azərbaycana uçub gəlmiş uzunqanad quşların yuvalarını aşkar etdik. IDEA Kampaniyası "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə bu quşlar üçün alternativ yuvalar tikdi. Mən böyük məmnuniyyətlə məlumat verirəm ki, quşlar yeni yuvalarına köçmüşdür.
Əziz dostlar, bu gün burada dünyanın müxtəlif ölkələrindən, eləcə də Azərbaycandan 23 rəssam iştirak edir. Mən onların bəzilərini tanıyıram, artıq "Qız qalası" festivalında iştirak etmişlər. Bəziləri peşəkar, bəziləri isə mənim kimi incəsənəti sevən həvəskar rəssamlardır.
Hesab edirəm
ki, bu festival çox uğurludur. Çünki dünyanın müxtəlif
ölkələrindən gəlmiş
rəssamlara bir-birilərinə
məhəbbət, sülh
və qarşılıqlı
anlaşma mesajını
çatdırmağa imkan
yaradır. Bu mesaj
bizim IDEA Kampaniyasının
şüarına da
tam uyğundur: "Bir
planet - bir gələcək".
Sizin hamınıza
bu sərgidə iştirak etdiyinizə görə təşəkkür
edirəm. Bu sərgi
bir müddət Bakıda keçiriləcəkdir.
Biz bu sərginin
müxtəlif ölkələrdə
keçirilməsini də
planlaşdırırıq.
Sərginin təşkil edilməsində
köməyi olanların
hər birinə, xüsusilə də rəssamlara təşəkkür
edirəm. Mən hesab edirəm ki, siz həqiqətən
gözəl iş görmüsünüz.
Bakıya gəldiyiniz üçün
bir daha sağ olun. Ümid edirəm
ki, bizim gözəl şəhərimizdə
olmağınızdan məmnun
qalacaqsınız. Hamınıza cansağlığı, xoşbəxtlik
və məhəbbət
arzulayıram.
* * *
Tədbirdə "Qız qalası" Üçüncü Beynəlxalq
incəsənət festivalına
həsr edilmiş videomaterial nümayiş etdirilmişdir.
Mühüm bir layihənin reallaşdırılmasına göstərdiyi
diqqət və qayğıya görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını
bildirən küveytli
rəssam Suraya Albaqsami və Birləşmiş Ərəb
Əmirliyindən gəlmiş
sənətkar Talal Moualla Bakıda belə bir festivalda
iştiraklarından xüsusi
zövq aldıqlarını
diqqətə çatdırmışlar.
Onlar vurğulamışlar ki, bu gün Bakı
təkcə neft diyarı deyil, həm də dünyanın əsl mədəniyyət və
incəsənət beşiyidir.
Builki festivalın
digər fərqləndirici
cəhəti isə Qız qalası üzərində video-mappinq
texnologiyasının təqdim
edilməsi olmuşdur.
Festivalın bağlanış mərasimində
Qız qalasının
üzərinə ötən
festivallarda yaradılmış
və abidənin arxitekturasına uyğun olan Qız qalası
maketlərinin proyeksiyası
salınaraq rəngarəng
görüntülər yaradılmışdır. Görüntülərin yaradılmasında müasir
post-prodakşn videotexnologiyalarından
istifadə olunmuşdur.
Qız qalası səthinin 360 dərəcə görüntülərlə
əhatə edilməsi
məqsədilə abidənin
üzərinə 7 müxtəlif
nöqtədən 30 proyektor
vasitəsilə proyeksiyalar
salınmışdır.
Bakı sakinləri və qonaqlar bu rəngarəng
görüntüləri mayın
29-dək izləyə biləcəklər.
AzərTAc
Azərbaycan.- 2012.- 22 may.- S. 2.