Bakı-2020-nin
nümayəndə heyəti Kanadaya getmişdir
Bakı-2020-nin yüksək səviyyəli nümayəndə heyəti mayın 23-də Kanadanın Kvebek şəhərində keçiriləcək SportAccord beynəlxalq idman toplantısına yola düşmüşdür. Tədbirdə Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarını təşkil etmək üçün namizəd şəhərlərin adlarını elan edəcək.
Azərbaycanın nümayəndə heyətinin tərkibinə Baş nazirin birinci müavini, Bakı-2020 Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva daxildirlər.
Gənclər və idman naziri Azad Rəhimov Kanadaya yola düşməzdən əvvəl demişdir: "Çox ümid edirik ki, 2020-ci il Olilmpiya Oyunlarına ev sahibliyi üçün rəsmi namizəd şəhər stasunu alacağıq. Beynəlxalq Olimpiya Komitəsinə güclü və layiqli namizəd olduğumuzu göstərən və peşəkar səviyyədə hazırlanmış sifariş kitabı təqdim etmişik. Kitabda Olimpiya Oyunlarının çevik, innovativ və kompakt təşkili planı əks olunmuşdur. Biz öz namizədliyimizlə Olimpiya Oyunlarının idmana, əhalinin sağlam həyat tərzinin və yaşayış keyfiyyətinin inkişafına yönəlmiş ciddi sərmayə olacağını və həmçinin gələcəkdə oyunların səmərəli və məsuliyyətli təşkili nümunəsini göstərmək istəyirik".
Bakı-2020 Təşkilat Komitəsinin
icraçı direktoru Könül
Nurullayeva isə bildirmişdir
ki, Bakı idman üçün ideal iqlim şəraitinə, gözəl dənizkənarı
buxtaya və zəngin tarixə malikdir: "Hazırda bir
sıra ölkələrin ciddi maliyyə
böhranı ilə üzləşməsinə baxmayaraq, Azərbaycan dünyada
ən sabit və sürətlə inkişaf edən iqtisadiyyata
malikdir. Bakı-2020 namizədliyinin
müsbət cəhətlərini görməmək mümkün deyil. Oyunlardan sonra Azərbaycana
qalacaq idman mirası bir neçə nəsil
idmançıların inkişafına böyük
təkan verəcək. Bizim Olimpiya Oyunlarına iddiamız
Azərbaycanda hamı tərəfindən dəstəklənir
və Kvebekdə toplanan beynəlxalq idman ictimaiyyətinə xalqımızın ümid və arzularını
çatdıracağıq. Ümid edirik ki, son
yeddi ay ərzində bu məqsədlə gördüyümüz
işlərin nəticəsi müsbət olacaq və 2020-ci il
Oyunlarına ev sahibliyi
mübarizəsində Bakı növbəti mərhələyə
keçəcək".
Azərbaycan.- 2012.- 22 may.- S. 2.