“Eurovision-2012” Azərbaycanla bağlı əsl həqiqətlərin
dünyada yayılmasına böyük töhfə verəcək
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun
fikrincə, erməni lobbisinin maliyyələşdirdiyi
qüvvələrin Azərbaycana qarşı
apardıqları qərəzli və böhtançı təbliğat
heç bir effekt verməyəcək
Dünən "Hilton" hotelində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOV Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevlə birgə mətbuat konfransı keçirdi. Konfransda "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana təşrif buyurmuş əcnəbi və yerli jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırıldı. Öncə Əli Həsənov konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan Respublikası bu günlər çox mühüm və əlamətdar bir hadisəyə ev sahibliyi edir. Bu, "Eurovision" musiqi yarışmasıdır: "Sayca 57-ci musiqi yarışması bu günlərdə Bakı şəhərində keçirilir və paytaxtımıza minlərlə qonaq gəlməkdədir. Bu qonaqlar, musiqi yarışmasında iştirak edənlər, tamaşaçılar, yarışmanı işıqlandıracaq media nümayəndələri müsabiqənin yaratdığı bayram əhval-ruhiyyəsində Azərbaycanda olmaq, Cənubi Qafqazın bu gözəl guşəsində maraqlı anları bizimlə bölüşmək istəyən şəxslərdirlər".
Dövlətimiz
"Eurovision-2012" mahnı müsabiqəsinə bütün sahələrdə ciddi hazırlaşıb
Əli Həsənov bildirdi ki, dövlətimiz "Eurovision-2012" mahnı müsabiqəsinə bütün sahələrdə ciddi hazırlaşıb. Təşkilat Komitəsi ilə birgə Bakı Şəhər İcra Hakimiyyətinin, o cümlədən müvafiq dövlət və aidiyyəti qurumların üzərlərinə düşən vəzifələri uğurla həyata keçirməsi nəticəsində bütün sahələr üzrə vəziyyətin normal olduğu elan olunub. Mətbuat konfransını keçirməkdə məqsəd isə Azərbaycanda olan və ölkəmizin daxili həyatı, iqtisadi və sosial sahələrdə baş verən hadisələrlə maraqlanan xarici jurnalistlərin suallarını cavablandırmaqdır.
Qonaqlara ölkəmiz haqda qısa məlumat verən Prezident Administrasiyasının rəsmisi qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazın 3 dövlətindən biridir. Respublikamız Cənubi Qafqazın insan resurslarının təxminən 70-75 faizini, iqtisadi potensialının isə 80-85 faizini təşkil edir. Bölgənin əsas enerji resursları və dünyanın digər dövlətlərini maraqlandıran bütün iqtisadi resurslar ölkəmizdə cəmləşib.
Qısa məlumatdan sonra jurnalistlərin sualları
cavablandırıldı.
Ölkəmizə gələn bütün
xarici turistlərin təhlükəsizliyi ilə
bağlı zəmanət
vermişik
Əli Həsənov son zamanlar Azərbaycana qarşı aparılan çirkin kampaniyalar, antiazərbaycançı
şəbəkənin "Eurovision-2012"
mahnı müsabiqəsi
ərəfəsində fəallaşmasına
aydınlıq gətirərkən
qeyd etdi ki, Azərbaycan hakimiyyəti özünün
ictimai-siyasi təhlükəsizliyi
ilə bağlı bütün qabaqlayıcı
və hazırlıq tədbirlərini görüb:
"Biz təhlükəsizliyimizi bütövlükdə bütün
sahələrdə daim qoruyuruq. Lakin
"Eurovision" müsabiqəsi dövrü təhlükəsizlik
tədbirləri bilavasitə
gücləndirilib və
gücləndirilməkdə də davam edir.
Ölkəmizə qarşı bəzi
təhdidlər var. Ancaq
heç bir ölkə hansısa
terror aktından, təxribatdan
sığortalanmayıb. Odur k, Azərbaycanın müvafiq
qurumları bütün
imkanlarını səfərbər
edərək təhlükəsizliyin
qorunmasını təmin
edib. Biz ölkəmzə gələn
bütün xarici turistlərin təhlükəsizliyi
ilə bağlı zəmanət vermişik".
"Amnesty International" və "Human Rights Watch"
təşkilatları Azərbaycanın
beynəlxalq imicini təhdid etməkdə davam edirlər
Əli Həsənov
"Eurovision" mahnı müsabiqəsi
ərəfəsində antiazərbaycan
təbliğatı aparan
qüvvələrin fəaliyyəti
və onların məqsədlərinə də
aydınlıq gətirdi. Onun sözlərinə görə,
bəzi qeyri-hökumət
təşkilatları bilərəkdən
ayrı-ayrı mərkəzlərin
sifarişi ilə Azərbaycana qarşı sifarişli tənqidi və yalan məlumatlar
yayırlar: "Mən
xüsusi olaraq bu işdə iki təşkilatın adını çəkəcəm.
Onlar "Eurovision" mahnı müsabiqəsinin
Azərbaycanda keçirilməsi
ilə bağlı məsələlər yəqinləşdikdən
sonra davamlı olaraq Azərbaycan dövlətini, onun daxili həyatını, respublikamızın beynəlxalq
imicini təhdid etməkdə davam etdirirlər. Bunlar "Amnesty International" və
"Human Rights Watch" təşkilatlarıdır.
Biz bu qurumları yaxşı tanıyırıq,
ancaq heç bir vaxt istəməzdik
ki, bu təşkilatlar
Azərbaycan xalqının,
ictmaiyyətinin etimadını
itirsin! Onlar xalqımızın etimadını itirsə,
o zaman bu təşkilatların məlumatlarının
Azərbaycan ictimaiyyəti
üçün heç
bir əhəmiyyəti
olmayacaq".
Gürcüstan-Azərbaycan münasibətlərini pozmaq istəyən qüvvələr məqsədlərinə
çatmayacaqlar
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri son günlər Gürcüstan-Azərbaycan münasibətlərini pozmaq istəyən bəzi qüvvələrin əməllərini də pisləyib. Onun fikrincə, məlum dairələr Cənubi Qafqazda Gürcüstan-Azərbaycan münasibətlərindən narahatdırlar və bunu pozmağa çalışırlar. Həmin dairələr indi də Keşikçi dağ məbədi ilə bağlı məsələni gündəmə gətirməklə münasibətləri pozmağa cəhd edirlər: "Müstəqillik əldə etdikdən sonra hər iki dövlət öz sərhədini müəyyənləşdirib. Həmin ərazi isə Azərbaycan ərazisi olduğu üçün bizim tərəfimizdən qorunması tam qanunauyğundur. Lakin təəssüflər olsun ki, bu məsələni son günlər Gürcüstanın bəzi dini dairələri, müxalifət millətçi dairələri gündəmə gətirərək iki dövlət arasındakı münasibətlərə xələl gətirmək istəyirlər. Biz hesab edirik ki, Gürcüstan Azərbaycanın və Azərbaycan da Gürcüstanın ATƏT çərçivəsində tanınmış, qəbul olunmuş ərazi bütövlüyünü tanıyır və heç bir ərazi dəyişdirilməsindən, ya da yaxın ərazilərin yenidən hansısa şəkildə müzakirəsindən söhbət gedə bilməz".
"Eurovision"
fonunda Azərbaycana qarşı təbliğat
mərkəzinin ən kəskini İrandır
Əli Həsənov son zamanlar İranın bəzi qüvvələrinin və Avropanın bəzi mətbu orqanlarının Azərbaycana qarşı apardığı antitəbliğata da öz münasibətini bildirdi: "Son günlər "Eurovision" fonunda Azərbaycana qarşı təbliğatın iki mərkəzi var. Bu mərkəzin biri və ən kəskini İrandır. İran başlanğıcdan Bakının getdikcə belə cəlbedici şəhərə çevrilməsini, xarici turistlərin bu şəhərə sərbəst gəlib istirahət etməsini, beynəlxalq idman yarışlarının getdikcə Bakını daha çox məşhur etməsini ciddi şəkildə qısqanclıqla qarşılayır. Ancaq fakt budur ki, İran Azərbaycanda "islamın təqib edilməsi, respublikamızın islam yolundan döndərilməsi" tipli uydurmalarla ölkəmizə qarşı antiazərbaycan təbliğatı aparır. Bununla bağlı biz İran hakimiyyətini dəfələrlə xəbərdar etmişik və mən məhz bununla bağlı İrana səfər etdim. Bu ölkənin müvafiq qurumları ilə danışıqlar keçirdim. Bu məsələləri geniş müzakirə etdik ki, gəlin indiyə qədər necə qonşuluq münasibətlərini saxlamışıqsa, bundan sonra da o formada davam etdirək. Siz bizim dünyəvi quruluşumuza müdaxilə etməyin, biz də sizin dini quruluşunuza müdaxilə etməyəcəyik. Bizim xalqın iradəsi bu gün sivil dövlət olmaqdı və heç vaxt islam yolundan daşınmayıb və öz islami əqidəsinə sadiqdir. Ancaq təəssüflər olsun ki, bu qərəzli və əsassız təbliğat yenə də davam edir. Hər gün, hər həftə İranda namazlardan sonra ayrı-ayrı şəhərlərdə xüsusi təşkil olunmuş qruplar bizi təhdid edirlər".
Bəzi Qərb
KİV-ləri antiazərbaycan təbliğatının ruporuna çevrilib
Əli Həsənov eyni zamanda vurğuladı ki, bəzi Qərb KİV-lərində də antiazərbaycan təbliğatı geniş vüsət alıb. Dünyada bu gün yüzlərlə qəzet, televiziya, informasiya agentlikləri var. Bunlardan cəmi 5-i davamlı şəkildə eyni məlumatları, yalanı, böhtanı yaymaqda davam edirlər: "Bunların sırasında Almaniyada bir televiziya, iki mətbu orqanı, son zamanlar isə "Guardian"la BBC korporasiyası və bir neçə digər bu yöndə fəaliyyət göstərən qurumlar var. Təəssüf edirik ki, biz bu mətbu orqanlar vasitəsi ilə dünyadakı hadisələrə qiymət veririk. Amma bu yanlış informasiyalar nəticəsində Azərbaycan xalqında onlara etimad itirilməkdədir. Mən Cenevrədə həmin mətbu orqanlarının nümayəndələri ilə görüş keçirdim və bir olayın şahidi oldum. Onların hər birinin masasının üstündə erməni diasporunun xüsusi hazırladığı linklərdən ibarət qovluq gördüm. Bu qovluqda bütün Azərbaycan müxalifətinin və xarici antiazərbaycan qüvvələrinin vaxtı ilə ölkəmiz haqqında yazdığı tənqidi materiallar yer almışdır. Deməli, bunlar antiazərbaycan təbliğatının ruporuna çevriliblər. Çox təəssüf edirik və buna baxmayaraq, onlarla əməkdaşlığımızı davam etdirəcəyik".
Beynəlxalq təşkilatlar hələ
də susmaqda davam edir
Əli Həsənov Azərbaycan və beynəlxalq təşkilatların qarşılıqlı öhdəlikləri barədə də danışdı: "Azərbaycanla yanaşı beynəlxalq təşkilatların da ölkəmiz qarşısında öhdəlikləri var. Biz dünyanın tərkib hissəsiyik və beynəlxalq hüququn subyektiyik. ATƏT-ə və BMT-yə üzv qəbul olunarkən biz üzərimizə bəlli öhdəliklər götürmüşük, eyni zamanda həmin təşkilatlar da bizim qarşımızda məlum məsuliyyət daşıyırlar. Bu məsuliyyət ilk növbədə, Azərbaycanın bir dövlət olaraq ərazi bütövlüyünün pozulmazlığı prinsipini müdafiə etmək, ölkəmizin daxili işlərinə müdaxilənin yolverilməzliyi normasını qorumaqdan ibarətdir. Amma təəssüflər olsun ki, Azərbaycanın Dağlıq Qarabağ problemi hələ də həll olunmur! 20 ildir ki, Azərbaycan ərazilərinin 20 faizi işğal olunub və ölkə əhalisinin hər səkkizdə biri qaçqın, məcburi köçkün vəziyyətində yaşayır, o cümlədən Azərbaycanın beynəlxalq, suveren hüquqları pozulub. Bununla bağlı BMT-nin 4 məlum qətnaməsi mövcuddur. Amma hələ də beynəlxalq huququn bu tələbləri yerinə yetirilmir və beynəlxalq təşkilatlar susmaqda davam edir. Hər yerdə davamlı şəkildə bəyan edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər, ancaq bu məsələ sülh yolu ilə həll olunmalıdır və müharibəyə əl atmayın! Biz də buna hələ ki dözürük. Azərbaycanın öhdəlikləri ilə bağlı heç vaxt bizə irad tutulmayıb. Ölkəmiz bütün öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirib".
"Baku Crystal Hall"ın tikintisinə xərclənən
vəsaitlərdə heç bir qaranlıq məqam yoxdur
Əli Həsənov bəzi əcnəbi mətbuat orqanlarında "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall"ın tikintisi ilə bağlı yayılan informasiyalara da münasibət bildirdi. Qeyd etdi ki, "Baku Crystal Hall"ın tikintisinə xərclənən vəsaitlərdə heç bir qaranlıq məqam yoxdur: "Təəssüf ki, bəzi jurnalistlər, həmçinin bəzi xarici kütləvi informasiya vasitələri Azərbaycanda 2005-ci ildən başlamış quruculuq işlərini "Eurovision" mahnı yarışması və insan hüquqları ilə bağlayırlar. Dünyanın hansı ölkəsində insanların köçürülməsi yoxdur? Dünyanın hansı ölkəsində şəhərin abadlaşdırılması, gözəlləşdirilməsi zamanı insanların bu və digər yaşayış məntəqəsindən digərinə köçürülməsi prosesi müşahidə olunmur?
Azərbaycan dövləti bu proseslərin başlanğıcında qarşısına üç tələb qoyub. Birincisi, köçürülən insanlara alternativ imkanlar ödənsin. Yəni, onlara digər yerlərdə adekvat mənzil almaq üçün lazım olan pul vəsaiti ödənilsin. İkincisi, onlara digər ünvanlarda indikindən daha yaxşı mənzillər təşkil edilsin. Üçüncüsü, əgər insanlar bu şərtlərin heç birinə razı olmurlarsa, onlara məhkəməyə müraciət edərək digər haqlarını tələb etmək imkanı yaradılsın. Köçürülən 10 min adamdan 3 nəfəri tapıb davamlı şəkildə süni ajiotaj yaradırlar, mətbuat orqanlarında danışdırırlar.
Əli Həsənov onu da bildirdi ki, "Eurovision" mahnı müsabiqəsinə Azərbaycan hökuməti cəmi 50 milyon manat xərcləyib: "Qalan məsələlərin, işlərin "Eurovision" mahnı müsabiqəsinə aidiyyəti yoxdur!"
İki Azərbaycan şairinin
İranda saxlanılması sadəcə
ayıbdır
Mətbuat konfransında Əli Həsənov İranda həbs olunmuş iki azərbaycanlı şairlə bağlı məsələyə də öz münasibətini açıqladı. O, bu hadisədən təəssüfləndiyini vurğuladı: "Mən bunun insani tərəfinə toxunuram. Sadəcə olaraq ayıbdır! Hər gün Azərbaycanın sərhədlərini, o cümlədən İranın sərhədlərini on minlərlə azərbaycanlı o tərəfə, on minlərlə iranlı da bu tərəfə keçir. Biz bunların hər birində bir casus, hər birini dövlətimizin təhlükəsizliyinə təhdid obyekti kimi görsək, bu, qonşuluq-dostluq münasibəti olmaz! İki gənc şairin valideynlərinin həftələrdir nə çəkdiyini insan olaraq təsəvvürümə gətirmək istəyirəm! Bizim hər birimizin övladının başına bu iş gətirilə bilər! Heç olmasa açıqlama verələr - hardadır, necədir, niyə bunları saxlamışıq? Belə hallara qarşı Azərbaycan jurnalistikası da təəssüflər olsun ki səsini qaldırmır!
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə məsələyə münasibət bildirərkən dedi ki, bu məsələ ilə bağlı bütün instansiyalara məlumat verilib. Ancaq İran tərəfi nəinki gənclərin Azərbaycana qaytarılması, heç həmin şəxslərin kim tərəfindən haraya aparılması, harada saxlanılması barədə də məlumat vermir: "İranın Xarici İşlər Nazirliyində dəfələrlə görüşlər keçirilib. Onların özləri də heç bu barədə məlumatlı deyillər. Elə bir qurum yoxdur ki, bu gənclərin həbsini təsdiqləyən məlumat versin. Amma buna baxmayaraq, biz işimizi yenə də davam etdiririk. Çünki Azərbaycan vətəndaşları ilə bağlı məsələ diplomatik orqanlarımızın ən öndə dayanan fəaliyyətidir".
Azərbaycana
qarşı qərəzli təbliğatı erməni diasporu maliyyələşdirir
Sonda isə Əli Həsənov Azərbaycana qarşı qərəzli mövqe tutan və ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq istəyən qüvvələrə bir daha mesaj yolladı: "Bir ilin içərisində Azərbaycanın qazandığı iki böyük nailiyyət - Azərbaycanın dünyanın 155 ölkəsinin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, qısa müddətdən sonra ona rəhbərlik etməsi, Avropada keçirilən "Eurovision" musiqi yarışmasının qalibi olması və ona bu il ev sahibliyi etməsi bu kiçik dövləti dünya siyasətinin, dövlətlərin, beynəlxalq ictimai marağın önünə çıxartdı. Bizim dünyada nə qədər dostlarımız varsa, onlardan yüz qat az düşmənlərimiz var! Bu düşmənlər Azərbaycanın artan nüfuzuna xələl gətirmək, onu aşağılamaq üçün dərhal qərəzli kampaniyalara başladılar! İnanın ki, "Eurovision-2012" yarışması əleyhinə kampaniyanın da təməlində ölkəmizin nüfuzuna xələl gətirmək məqsədi dayanır. Amma indi "Eurovision-2012"yə gələnlər öz gözləri ilə görürlər ki, Azərbaycan dünyanın normal, sivil dövlətlərindən biridir. Buradakı ictimai-siyasi-iqtisadi proseslər, vətəndaş-dövlət münasibətləri inkişaf etmiş ölkələrdən heç nə ilə fərqlənmir. Belə bir ölkəni və onun xalqını geridə qalmış, vəhşi kimi təqdim edənlər, əlbəttə ki, uduzurlar. Bu təbliğatı aparanların başında erməni mərkəzləri, erməni diasporu dayanır! Eyni zamanda, erməni diasporunun təsirində olan və onların maliyyəsi ilə fəaliyyət göstərən ayrı-ayrı insanlar, mətbuat orqanları və QHT-lər durur! Ancaq belə bir atalar məsəli var, deyərlər ki, ən böyük biclik, düzlükdür! Və yaxud quru divara heç vaxt palçıq yapışmaz. Biz öz işimizdə düzük və ona görə də bizə atılan çamurların əksəriyyəti sonda qayıdıb onu atanların özünə dəyəcək".
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2012.- 22 may.- S. 3.