Emin Ağalarov: “Eurovision-2012” mahnı
müsabiqəsi bu yarışmanın
tarixində ən genişmiqyaslı yaddaqalan
müsabiqə olacaqdır
"Eurovision-2012" mahnı müsabiqəsi bu yarışmanın tarixində ən genişmiqyaslı, yaddaqalan müsabiqə olacaqdır. Azərbaycan bu tədbirə çox ciddi hazırlaşmışdır.
Bu sözləri tanınmış müğənni və bəstəkar Emin Ağalarov "Russian Party for Everybody" adlı gecədə AzərTAc-a müsahibəsində söyləmişdir.
Bildirmişdir ki, bu tədbirə hazırlıq hər yerdə hiss olunur. Həmçinin "Baku Crystal Hall" mahnı yarışması üçün seçilmiş çox gözəl məkandır.
"Eurovision-2012" mahnı müsabiqəsinin finalında "Never enough" mahnısını ifa edəcəyini söyləyən Emin Ağalarov çıxışının möhtəşəm şou olacağını bildirmişdir. Vurğulamışdır ki, Bakıya bu çıxış üçün 80 nəfər gəlmişdir. Onunla birlikdə səhnədə bakılılar, moskvalılar, həmçinin rəqqaslar da olacaqlar. Müğənni Qərb auditoriyası üçün nəzərdə tutulmuş mahnıya milli musiqi alətlərinin əlavə edildiyini, burada həmçinin Müslüm Maqomayev elementi olduğunu bildirmişdir. E.Ağalarov müsabiqə ilə bağlı bütün tədbirlərin çox yüksək səviyyədə keçəcəyinə ümidvar olduğunu demişdir.
Mahnı müsabiqəsi iştirakçıları arasında Səbinə Babayevanın qalib gələcəyinə ümid etdiyini bildirən müğənni həmçinin yarışmada Rusiyanın təmsilçisi "Buranovskiye babuşki" qrupunun və Böyük Britaniyadan olan Engelbert Hamperdinkin ifalarını da yüksək qiymətləndirmişdir.
"Eurovision-2012" mahnı müsabiqəsindən
sonra sənətçi mayın 27-də
"EuroClub"da solo konsert proqramı ilə
çıxış edəcəyini bildirmişdir.
Azərbaycan.- 2012.- 22 may.- S. 3.