Eurovision mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fanklubu növbəti möhtəşəm aksiyaya imza atmışdır

 

"Eurovision" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fanklubu mayın 21-də axşam saatlarında Dənizkənarı Milli Parkda möhtəşəm aksiya keçirmişdir.

Aksiyanın iştirakçıları olan 500 nəfər gənc Xəzər dənizinin dəhlizində toplaşmışlar. Hava fənərlərini yandıraraq səmaya buraxan gənclər Bakının səmasını al-əlvan rənglərə boyamışlar. Müxtəlif rənglərdə olan 2000-dən çox hava fənərlərinin yandırılaraq səmaya  buraxılması 57-ci "Eurovision" mahnı müsabiqəsinin "Light Your Fire!" sloqanına uyğunluğun rəmzinə çevrilmişdir.

Fanklubun üzvü Nərmin Kərimli AzərTAc-a müsahibəsində demişdir ki, ötən müddət ərzində "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı 100-dən çox layihə reallaşdırmışıq. Bugünkü aksiyanın keçirilməsi əsasən yarımfinal məşqlərinin başlaması ilə bağlıdır. Hazırda bizi "Baku Crystal Hall"da olan ayrı-ayrı ölkələrin "Eurovision-2012" mahnı müsabiqəsindəki  təmsilçiləri də izləyirlər.

Artıq bütün dünyada geniş yayılan və böyük marağa səbəb olan hava fənərləri ilə keçirilən bu aksiya "Eurovision" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fanklubu tərəfindən ikinci dəfə təşkil edilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 22 may.- S. 3.