Erməni lobbisi ilə birgə hərəkət edən Azərbaycandakı "beşinci kolon"un fəaliyyəti tam iflasa uğrayacaqdır

 

Müsahibimiz Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovdur

 

- Əli müəllim, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi müstəqillik dövründə ən böyük diplomatik uğurumuz hesab olunur. Hazırda ölkəmiz bu quruma sədrlik funksiyasını yerinə yetirir. Prezident İlham Əliyev də bildirib ki, bu müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlannması prosesi gündəmdə olacaq. Sizcə, ölkəmiz bu imkandan necə yararlanmalıdır?

- Azərbaycan dövlətinin öz müstəqilliyinin bərpasının 20-ci ilində dünyanın ən mötəbər beynəlxalq təşkilatının üst qurumuna üzv seçilməsi böyük uğur hesab olunmalıdır. BMT və onun Təhlükəsizlik Şurası dünya dövlətləri tərəfindən etibar qazanmış bir qurumdur. Azərbaycanın belə bir qurumda təmsil olunması ölkəmizin dünya birliyində böyük hörmət və nüfuz qazandığının bariz nümunəsidir. Bu, eyni zamanda, Azərbaycanın inkişafına, bir dövlət olaraq qüdrətlənməsinə dünya birliyinin verdiyi qiymət kimi də qəbul oluna bilər.

Bütün bunlarla yanaşı, Azərbaycan terrora məruz qalan bir ölkədir. Torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, 1 milyondan artıq soydaşımız doğma yurdlarından didərgin düşüb. Eyni zamanda, Azərbaycan sivilizasiyalararası əməkdaşlığın mərkəzi, Cənubi Qafqazın lider ölkəsi hesab olunur. Ona görə də bölgədə təhlükəsizliyin təmin olunması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Münaqişənin nizamlanması prosesində ölkəmizin hansı formada yararlanması məsələsinə gəlincə, birmənalı şəkildə qeyd etmək lazımdır ki, bütünlükdə Azərbaycanın bu quruma üzv seçilməsi beynəlxalq aləmdə respublikamızın nüfuzunun artmasının nümunəsi kimi problemin həll olunmasına öz təsirini göstərir. Əgər dünya birliyində Azərbaycanın hörməti artırsa, bu, münaqişənin ədalətli şəkildə həll olunmasına öz təsirini də göstərə bilər. Digər tərəfdən, bu qurumda Azərbaycanın təmsil olunması ölkəmizin öz problemlərini həll etməsi üçün daha təsirli addım atmaq imkanı yaratmış olur. Azərbaycan terrorizmə, ədalətsizliyə qarşı mübarizə aparıb və bundan sonra da aparacaq. Ona görə də Ermənistanın təcavüzünün aradan qaldırılmasında ölkəmizin beynəlxalq gücü məsələyə cəlb etməyə haqqı var.

Birmənalı şəkildə qeyd etmək lazımdır ki, obyektiv olaraq ölkəmizin belə bir quruma üzv seçilməsi Dağlıq Qarabağ probleminin həll olunmasında Azərbaycan hökumətinin sistemli şəkildə bu istiqamətdə daha geniş miqyasda fəaliyyət göstərməsi üçün yaxşı imkanlar yaratmış olur.

- Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev Azərbaycana qarşı informasiya müharibəsinin aparıldığını və bu informasiya təxribatının arxasında dayanan qüvvələrin təsnifatını verdi. Artıq bu qüvvələr bizə bəllidir. Belə olan halda həmin qüvvələrə qarşı biz necə və hansı yolla mübarzə aparmalıyıq?

- Bu, yeni hadisə deyil və Azərbaycan Prezidenti İlham Əliyev çox ciddi təhlil apararaq həmin qüvvələri bir daha ölkə ictimaiyyətinə, beynəlxalq aləmə göstərmiş oldu. Təbii ki, bu qüvvələrin Azərbaycana qarşı apardığı mübarizə geniş meydanda həyata keçirilir və respublikamız diplomatik sahədə həmin qüvvələrin bizə qarşı apardığı antitəbliğat kampaniyasına sinə gərməlidir və onun təsiri azalmalıdır. Yəqin ki, bu mübarizənin qarşısının alınmasının ən əsas istiqamətlərindən biri Azərbaycanın güclənməsi, qüdrətinin artmasıdır və bütün bu uğurların dünya birliyinə təqdim olunmasıdır. Azərbaycan inkişaf etdikcə, dövlətin qüdrəti artdıqca, insanların sosial rifahı yaxşılaşdıqca ölkəmizə qarşı olan qüvvələrin apardığı təbliğat daha da azğınlaşmış olur. Daha incə üsullardan istifadə etməyə çalışırlar ki, Azərbaycan haqqında təsəvvürləri dəyişdirsinlər. Bunun ən təsirli əks-təbliğatı Azərbaycanın reallıqlarının dünyaya çatdırılmasıdır. Ölkəmizdə olan demokratiyanın dünya birliyinə təqdim olunması Azərbaycana qarşı aparılan mübarizənin effektini ciddi şəkildə azaldır. Son illərdə Azərbaycan iqtisadiyyatı ilə yanaşı, insanların sosial rifah halı yüksəlib, ölkəmiz modern bir cəmiyyətə çevrilmək istiqamətində çox inamlı addımlar atır. Azərbaycan dünyanın diqqətini cəlb edən çox əzəmətli layihələr həyata keçirən bir ölkəyə çevrilib. Digər sahələrdə - idman, mədəniyyət, humanitar sahələr üzrə ölkəmizdə keçirilən yarışlar, tədbirlər dünya tərəfindən alqışlanır. Bütün bunların hamısı Azərbaycan reallıqlarının dünyaya təqdim olunmasıdır. Diplomatik fəaliyyətimizin hüdudları daha da genişlənməlidir. Bu sahədə böyük işlərin görüldüyü göz qabağındadır.

Xüsusi olaraq qeyd edim ki, Heydər Əliyev Fondunun xətti ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük layihələr reallaşıb. Bu layihələrin həyata keçirilməsi nəticəsində ölkəmizi tanıyan ayrı-ayrı vətəndaşların sayı artır, Azərbaycana olan münasibətlər dəyişir. Bu işdə fəaliyyət göstərən Azərbaycan diasporuna, xarici diplomatlarımıza harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı dəstək verməlidir. Hər bir qeyri-hökumət təşkilatı, gənclər bu prosesin həyata keçirilməsində yaxından iştirak edə bilərlər. Azərbaycandan kənarda ölkəmizi təbliğ etmək gücünə malik olan insanların hər biri bu imkandan istifadə etməli və ölkəmizə qarşı aparılan kampaniyanın qarşısının alınması istiqamətində işlər görməlidir.

Prezident İlham Əliyevin qeyd etdiyi qüvvələr içərisində Azərbaycanın daxilində az sayda olsa da, ölkəmizə qarşı aparılan təbliğatda iştirak edənlər var. Azərbaycan vətəndaşları onların kimliyi barədə kifayət qədər məlumatlıdır. Buna görə də xalq onların bu çirkin əməllərini dəstəkləmir.

- Məlumdur ki, Azərbaycana qarşı aparılan informasiya müharibəsinin arxasında erməni lobbisi dayanır. Müxtəlif ölkələrdə respublikamız haqqında yalan, həqiqətə uyğun olmayan informasiyalar yaymaqla anti-təbliğat aparırlar. Ancaq Azərbaycan həqiqətləri artıq dünyaya tanıdılır və ölkəmiz haqqında olan rəylər tamamən dəyişir. Demək olarmı ki, Azərbaycanın bu istiqamətdə apardığı hücum diplomatiyası artıq erməni lobbisini qorxuya salıb?

- Azərbaycanın əsas düşməni erməni lobbisidir və biz bunu açıq etiraf edirik. Dövlətimizin günü-gündən qüdrətlənməsi, dünyada tanınması torpaqlarımızı işğal etmiş erməniləri vahiməyə salıb. Bu gün həqiqət ondan ibarətdir ki, Azərbaycan iqtisadi cəhətdən və digər parametrlərə görə Ermənistanla müqayisə olunmayan bir mərtəbəyə çatıb. Ölkəmizin ordusu Ermənistanın ordusu ilə müqayisədə həddən artıq böyük gücə malikdir və bütün bunların hamısı həm böyük rəqəmlərlə ifadə olunur, həm də illər keçdikcə Ermənistanla Azərbaycan arasındakı fərqlər böyüməkdədir. Təbii olaraq, bütün Azərbaycanın dinamik inkişafı erməni lobbisini qorxuya salır və onların Azərbaycana qarşı apardığı mübarizə də güclənir. Aydındır ki, erməni lobbisi Azərbaycanın güclənməsinin qarşısını öz təbliğatı ilə heç vaxt ala bilməz! Nə qədər Azərbaycana qarşı kampaniyalar aparsalar da, ölkəmizin həqiqətləri daha güclü təsiretmə imkanlarına malik olduğundan, dünya birliyini çaşdırmaq da mümkün deyil! Çünki Azərbaycan açıq bir ölkədir, bir çox ölkələrlə, istər qonşular, istərsə də digər bölgələrdə yerləşən dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlər qurub.

Respublikamızın çoxlu sayda dostu olan ölkələr mövcuddur və bu ölkələrin sayı günü-gündən artır. Deməli, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasının qarşısını erməni təbliğatı vasitəsi ilə almaq mümkün deyil. Azərbaycan seçdiyi düzgün yolla inkişaf etdikcə qüdrəti artacaq, dövlətin gücü yüksələcəkdir. Ermənistan isə seçdiyi yolda nə qədər qalacaqsa, iki ölkə arasında olan fərqlər daha da artacaq və bu, Azərbaycanın üzləşdiyi problemin aradan qaldırılması üçün ölkəmizin imkanlarının güclənməsinə gətirib çıxaracaqdır.

Təəssüfedici hal odur ki, erməni lobbisinin Azərbaycana qarşı apardığı təbliğat kampaniyasında bu və ya digər dərəcədə sinxron fəaliyyət göstərərək əslində o təbliğatın dəyirmanına su tökən Azərbaycanın daxilində qüvvələr də var. Azərbaycan cəmiyyəti bu qüvvələrin mövcudluğuna və onların apardığı antiazərbaycan təbliğatına qarşı daha ciddi müqavimət göstərməlidir ku, daxilimizdə ermənilərə dəstək verən hansısa insan, təşkilat mövcud olmasın.

 

- Bakıda ulu öndər Heydər Əliyev Mərkəzinin açılışında çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı tam əmindir ki, əgər ölkəmiz üçün həlledici illərdə - 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Heydər Əliyev Azərbaycanda rəhbərlikdə olsaydı, bir qarış torpaq işğal altına düşə bilməzdi. Məhz ona görə erməni lobbisi, - bu mənfur qurum bütün səylərini Heydər Əliyevin neytrallaşdırılmasına yönəltmişdi. Əfsuslar ki, buna nail oldu. Bu çirkin kampaniyada Azərbaycanda olan milli satqınlar da iştirak ediblər. Öz dahi liderinə qarşı hazırlanmış çirkin kampaniyada iştirak edənlərə nə ad vermək olar?

- Doğrudan da, 1980-ci illərin sonlarında Azərbaycanın üzləşdiyi bir çox problemlərin yaşanmasının səbəblərindən biri də ulu öndər Heydər Əliyevin hakimiyyətdə olmaması idi. Erməni diasporunun və digər qüvvələrin arzusu o idi ki, dahi lider Heydər Əliyev istefaya getsin və onlar Azərbaycanda öz məkrli niyyətlərini həyata keçirə bilsinlər və müəyyən dərəcədə də bu niyyətlərini həyata keçirə bildilər. Azərbaycanın torpaqlarını işğal etdilər və bu gün də işğal davam edir. Təbii ki, ulu öndər həmin dönəmdə siyasi hakimiyyətdə olsaydı, ermənilərin bu niyyətləri ürəklərində qalacaqdı.

Eyni zamanda, onu da etiraf etmək lazımdır ki, Azərbaycanın daxilində az sayda olsa da, bütün bunlara dəstək verənlər var idi. O zaman daxildə Azərbaycana qarşı çevrilmiş qüvvələrin hərəkətləri  ermənilərin ölkəmizə qarşı apardığı savaşın məlum nəticələrə gətirib çıxarmasında az rol oynamadı.

Hər bir millət öz liderləri ilə fəxr edir. Azərbaycan xalqı da Heydər Əliyevlə həmişə fəxr edib, ona güvənib. Azərbaycanın bir çox uğurları onun adı ilə bağlıdır. Millətin, ölkənin liderlərinə qarşı çıxmaq onun milli maraqlarına qarşı çıxmaqdan, o maraqları satmaqdan əslində heç nə ilə fərqlənmir. Vaxtı ilə Heydər Əliyevə qarşı kampaniya aparanlar eyni dərəcədə, əslində, Azərbaycanın maraqlarını hərraca çıxarmağa bərabər hərəkətə yol verdilər. Satqınların isə həmişə bir adı olur.

İndinin özündə də bir sıra qrupların davranışında keçən əsrin 80-ci illərinin bəzi antimilli hərəkətləri müşahidə olunmaqdadır. Yenə də əsas hədəfi Azərbaycan xalqının və dövlətinin maraqları olan xəyanətkar elementlər var. Onların ideologiyası ikrahdoğuracaq qədər antimillidir və hesab edirlər ki, Azərbaycana nə qədər çox ziyan vura bilsələr, onların özləri üçün o qədər yaxşı olar. Satqınlıq, xəyanət həmişə eyni dərəcədə lənətəlayiq sayılıb - istər ötən əsrin 80-ci illəri olsun, istər XXI əsrin əvvəlləri.

Siyasətlə məşğul olmaq Azərbaycanın maraqlarına qarşı çıxmağa əsas vermir. Hesab edirəm ki, kiminsə siyasətlə məşğul olmaq adı altında öz çirkin niyyətinə çatması üçün Azərbaycanın maraqlarını hərraca çıxarması yolverilməzdir.

- Dövlət başçısı eyni zamanda deyib ki, Azərbaycanda "Beşinci kolon" o vaxt da var idi, əfsuslar olsun ki, bu gün də var. Onların sayı çox azdır, amma var. Bu gün də müstəqil ölkəyə zərbə vurmaq, ölkəmizi ləkələmək, respublikamızın imicinə xələl gətirmək onların peşəsidir. Antimilli qüvvələr geniş ictimaiyyətin qınaq obyektinə çevrilib. Sizcə, antiazərbaycanlı şəbəkənin son vaxtlar fəallaşması nə ilə bağlıdır?

- Azərbaycan davamlı inkişaf etdikcə, bütün sahələrdə uğur qazandıqca Prezidentin də qeyd etdiyi kimi, "beşinci kolon" fəaliyyətini aktivləşdirməyə çalışır. Səbəb tamamilə aydındır. Azərbaycanın inkişafı, güclənməsi, bir dövlət olaraq beynəlxalq aləmdə nüfuzunun artması bu qüvvələrə öldürücü zərbədir. Məsələn, ölkəmizin güclənməsi Ermənistana böyük zərbələr vurur. Eyni ilə də dövlətimizin qüdrətinin artması, yeniləşmə ab-havası "beşinci kolon"un mövqelərinə ciddi zərbələr vurmuş olur. Ona görə də "beşinci kolona" daxil olan insanlar öz çirkin əməllərini həyata keçirmək üçün daha da azğınlaşırlar, daha çirkin fəaliyyətlərə əl atmağa başlayırlar.

Azərbaycanda bir neçə gündən sonra "Eurovision-2012" mahnı müsabiqəsi keçiriləcək. Bütövlükdə ölkəmizin Avropanın mahnı müsabiqəsində uğur əldə etməsi, bu müsabiqənin qalibi olması Azərbaycanın gənc dövlət kimi böyük nailiyyətlərindən biri sayılmalıdır. Bu, Azərbaycana şans verir ki, öz milli üstünlüklərini, nailiyyətlərini bütün dünyaya təqdim edə bilsin, öz yüksək qonaqpərvərliyini bir daha göstərə bilsin və sözün həqiqi mənasında, gənc dövlət kimi ölkəmiz dünyaya təbliğ edilsin. Eyni zamanda, Azərbaycan əldə etdiyi uğurları və qurduğu cəmiyyəti yaranmış imkandan istifadə edərək bütün dünyaya təqdim etsin. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, "beşinci kolon" deyilən dəstə mahnı müsabiqəsinin verdiyi imkanlardan tamamilə başqa bir niyyətlə istifadə etməyə çalışır. Ayrı-ayrı mitinq və piketlərin keçirilməsi, yanlış informasiyaların yayılması onların niyyətini açıq şəkildə göstərir.

Təsəvvür edin, Azərbaycanda Avropanın mahnı müsabiqəsinin keçirilməsinə qarşı çıxanlar kimlərdir? Birinci qüvvə, təbii ki, erməni tərəfini təmsil edən erməni iştirakçılarıdır. Onlar mahnı müsabiqəsində iştirakdan imtina etdilər və beləliklə də yarışmanın Bakıda keçirilməsindən bir vasitə kimi istifadə edib Azərbaycanın imicini yaralamağa çalışdılar. İkinci qüvvə, erməni lobbisinin dəstəyi və maliyyə köməyi ilə ayrı-ayrı ölkələrin mətbuatında Avropa müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar uydurmalar yayaraq, Azərbaycanın imicinə zərbə vurmaq istiqamətində fəaliyyət göstərən bəzi ölkələrin qərəzli mətbuatıdır.

Sonuncu qüvvə isə Azərbaycanın daxilində "beşinci kolon" missiyasını öz üzərinə götürmüş insanlardır ki, onlar yenə də "Eurovision"un Bakıda keçirilməsindən istifadə edərək ölkəmizə ləkə yaxmağa çalışırlar. Bu üç qüvvə birgə fəaliyyət göstərir. Əgər bunlar birgə fəaliyyət göstərib eyni məqsədlər uğrunda çalışırlarsa, demək, eyni yerdən də idarə olunurlar, tapşırıqlar alırlar. Beləliklə də "beşinci kolon" funksiyasını Azərbaycan müxalifətinin bəzi hissəsi öz üzərinə götürüb və bu gün də bu missiyanı yerinə yetirməklə məşğuldurlar. Bunu açıq şəkildə Azərbaycan cəmiyyətinə çatdırmaq lazımdır. Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkəsi kimi imic qazanan bir məmləkətə çevrilib. Ölkəmizin inkişafından hər bir vətəndaş fayda götürür. "Beşinci kolon"un fəaliyyəti bu nöqteyi-nəzərdən, əslində, Azərbaycanın hər bir vətəndaşının əleyhinə çevrilib. Belə olan halda yəqin ki, hər bir Azərbaycan vətəndaşı da "beşinci kolon"un üzvlərinə çevrilmiş insanların fəaliyyətinin qarşısını almaq üçün səfərbər olmalıdır.

"Eurovision" ərəfəsində aqressiv müxalifətin xoşagəlməz hərəkətləri həm də onu göstərir ki, bu qüvvələrə yenə də tapşırıqlar verilib. Bir halda ki onların bəziləri "beşinci kolon"un üzvü kimi fəaliyyət göstərirlər, deməli, onlar tapşırıqsız heç bir işlə məşğul ola bilməzlər. Bu tapşırıqlar Azərbaycanın imicinə zərbə vurmaq, dövlətimizin əleyhinə aparılan kampaniyaya qoşulmaqdan ibarətdir. Ancaq hesab edirəm ki, "beşinci kolon" missiyasını öz üzərinə götürən şəxslər çox zəifdirlər. İnsanların içərisində onlara inanan yoxdur və son günlərdə onların təşkil etdikləri mitinqlərin, kütləvi aksiyaların uğursuzluğa düçar olması ondan xəbər verir ki, Azərbaycan vətəndaşlarının onlara hər hansı bir etimadı qalmayıb.

- Bir neçə gündən sonra Bakıda "Eurovision" mahnı müsabiqəsi keçiriləcək. Bu, ölkəmizin dünyaya tanıdılması istiqamətində ən yaxşı imkanlardan biri hesab olunur. Amma "İctimai Palata" adlanan qurum və bu quruma daxil olan partiyalar paytaxtda qarışıqlıq yaratmaq, xoşagəlməz hadisələr törətmək niyyətində olduqlarını gizlətmirlər. Maraqlıdır, nədən bu dağıdıcı qüvvələr Azərbaycanın uğurlarına sevinmir, reallığı qəbul etmək istəmirlər?

- Bəli, bu qüvvələr Azərbaycanın uğurlarına sevinmirlər. Azərbaycan əleyhinə çirkin kampaniyaya qoşulub xarici qüvvələrin tapşırıqlarını yerinə yetirirlər. Müxalifət normal olduqda onların davranış qaydaları da xalqın marağına uyğun şəkildə formalaşır. Azərbaycan müxalifəti barədə isə bu fikirləri demək olmur. Onların müəyyən hissəsi destruktiv qüvvəyə çevrilib və öz məqsədlərinə çatmaq üçün istənilən vasitəyə əl atırlar. Çox təəssüflə qeyd etmək lazımdır ki, onların fəaliyyəti bir çox hallarda ölkənin milli maraqlarına qarşı çıxmış olur.

Tarixdə belə hallar olub. Məsələn, vaxtilə Rusiyada bolşeviklər öz partiya maraqlarını həyata keçirmək üçün bütövlükdə dövlətin maraqlarının əleyhinə çıxıblar. 1905-ci ildə rus-yapon müharibəsində rusların məğlub olmasını arzu etməklə bolşeviklər, əslində öz partiya istəklərini həyata keçirmək üçün daha əlverişli şəraitin yaranacağını düşünürdülər. Azərbaycan müxalifətinin bir hissəsi də eyni təfəkkürlə fəaliyyət göstərir. Onların düşüncəsinə görə, Azərbaycan üçün nə qədər pis olarsa, onların şəxsi və partiya maraqlarının həyata keçirilməsi üçün bir o qədər yaxşıdır. Belə olan halda Azərbaycanın inkişafı, güclənməsi, bütövlükdə ölkəmizin imicinin formalaşması və dövlətimizin bu imiclə tanınması onların maraqlarına uyğun deyil. Azərbaycanda maraqları bütövlükdə xalqın və dövlətin maraqları ilə nəinki üst-üstə düşməyən, ziddiyyət təşkil edən anormal bir müxalifət formalaşıb. Əlbəttə, bunu müxalifətin hamısına aid etmək olmaz. Amma aqressiv mövqe tutan, antiazərbaycan təbliğatının fəal iştirakçısına çevrilən dağıdıcı müxalifətin maraqları ilə Azərbaycan xalqının və dövlətinin milli maraqları ziddiyyət təşkil edir. Onların istəkləri Azərbaycanın inkişafının qarşısını almaqdır. Bu dağıdıcı qüvvələr hesab edirlər ki, Azərbaycan üçün hər hansı bir problem yaranarsa, insanların sosial rifahı pis olarsa, dövlətimiz çətin bir duruma düşərsə, onların hakimiyyətə gəlmə şansı artar.

Bu qeyri-sağlam ideologiya da hesab edirəm ki, xoş olmayan bir təcrübəyə əsaslanır. 1990-cı illərin əvvəllərində iqtidarda, bu gün isə müxalifətdə olan qüvvələr hakimiyyətə elə həmin üsulla gəlmişdilər. Onlar ölkədəki əmin-amanlığı pozdular və xaos, anarxiya üzərində hakimiyyətə gəlməyə nail oldular. Sonra məlum oldu ki, onlar hakimiyyətə hansı niyyət və məqsədlər üçün gəliblər, eyni zamanda, hakimiyyətdən hansı məqsədlər üçün istifadə edirlər. Bu gün də onlar həmin üsullarla hakimiyyətə gəlməyə çalışırlar və ona görə də o qüvvələrin Azərbaycana qarşı apardıqları təbliğatın kökündə eyni məqsəd dayanır. Azərbaycan vətəndaşları həmin həqiqətləri çox gözəl anlayırlar.

Qeyd etməyi lazım bilirəm ki, AXC-Müsavat cütlüyü hakimiyyətdə olanda ölkədə bütün vətəndaşlar yalnız çörək, sabitlik, əmin-amanlıq haqqında düşünürdülər. Azərbaycan indi çörək haqqında deyil, ləyaqətli həyat haqqında düşünən bir ölkəyə çevrilib! Ona görə də bu reallıq, bu gerçəklik çirkin üsullarla hakimiyyətə gəlmək məqsədini qarşısına qoymuş müxalifəti təmin etmir. Onlar insanları cəlb etmək üçün  yaxşı nəsə düşünə və yaxşı bir şey təklif edə bilmirlər. Digər bir tərəfdən, onların keçmişi də insanların onlara inanmasına imkan vermir. Belə olan halda təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müxalifətin arsenalında yenə də gərginlik, qarşıdurma yaratmaq, Azərbaycanın imicinə zərbə vurmaq vasitəsilə çirkin yolla hakimiyyətə gəlmək üstünlük təşkil edir.

- Aqressiv müxalifət bir neçə dəfə icazəli mitinq keçirdi. Ancaq "Eurovision-2012" mahnı müsabiqəsi öncəsi Bakı Şəhər İcra Hakimiyyətinin onlara təqdim etdiyi məkanda mitinq keçirmək istəmədilər. Bu səbəbdən icazəsiz mitinq keçirərək qarışıqlıq yaratmağa başladılar. Sizcə, bunun səbəbi nədir?

- Destruktiv müxalifətin mitinq keçirmək üçün arzuladıqları marşrutlara nəzər yetirdikdə bir çox mətləblər aydın olur. Müxalifəti təmin edən yerlər kimi kütləvi şəkildə insanların toplaşdığı yerləri - bazarların, metroların qarşısını göstərirlər. İstər-istəməz sual yaranır ki, nə üçün onlar belə ünvanlar seçirlər. Səbəb bəllidir. Çünki onların keçirdikləri mitinqlərdə insanların sayı o qədər az olur ki, səsləndirdikləri bəyanatların arxasında hər hansı bir ictimai dayağın, dəstəyin olmadığı açıq şəkildə görünür. Onlar bu biabırçılıqlarını ört-basdır etməkdən ötrü şəhərin elə yerlərində mitinq keçirmək haqqında təkliflər səsləndirirlər ki, həmin yerlərdə adi hallarda insanlar  kütləvi şəkildə toplaşmış olur. Müxalifət bununla aksiyalarının kütləvilik effektini təmin etməyə çalışır. Hesab edirəm ki, bu, hər şeydən əvvəl müxalifətin özünü aldatmaq cəhdidir. İkinci bir tərəfdən, ola bilər ki, onlara verilən tapşırıqların arxasında hansısa daha məkrli niyyətlər dayanır. Kütləvi şəkildə insanların olduqları yerlərdə təxribatlar, xoşagəlməz hadisələr törətmək həm mümkün, həm də asandır.

Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerlərdən müxtəlif bəhanələrlə imtina edilməsini əsaslı saymıram. Əgər onların tərəfdarları varsa, tərəfdarlarının sayı yetərincədirsə, şəhərin istənilən yerində öz mitinqlərini keçirə bilərlər. Nəzərə almaq lazımdır ki, təklif olunan yer şəhərin mərkəzindən uzaqda deyil və bəhanə üçün səbəb yoxdur. Deməli, təklif olunan yerdə mitinqlərin keçirilməsindən imtina edilməsi məkanla əlaqədar deyil. Ümumiyyətlə, mitinqin harada keçirilməsindən daha çox mitinqdə nə qədər adamın iştirak etməsi əsasdır. Digər tərəfdən, mitinqin keçirilməsinin müəyyən bir məqsədi olmalıdır. Mitinq keçirmək məqsədə çevrilə bilməz. Hər həftənin sonunda mitinq keçirilməsinin mənasını  başa düşmək mümkün deyil. Mitinqi keçirməklə müxalifət nəyəsə öz etirazını bildirir və bu etirazı bildirmək üçün bir və ya iki mitinq keçirilməsi yetərlidir. Hər həftə mitinq keçirmək iddiasını ortaya qoyan müxalifətin, görürəm ki, gizli niyyətləri var. Azərbaycan vətəndaşları müxalifətin keçirdiyi mitinqlərdən xəbərdardır. Əgər onlar səsləndirdikləri şüarların ətrafına çoxlu sayda insanların yığıldığını görmürlərsə, deməli, bunu Azərbaycan vətəndaşlarının onların bütövlükdə davranışına, irəliyə sürdüyü çağırışlara münasibəti kimi qəbul etməlidirlər.

Azərbaycan Konstitusiyasında insanlara sərbəst toplaşmaq hüququ təmin edilib. İstənilən siyasi təşkilat bu hüquqdan faydalana bilər. Ancaq hər həftənin sonunda mitinq keçirmək istəyini sağlam düşüncə nümunəsi hesab etmirəm. Bunu Azərbaycanda nə demokratiyanın inkişafına dəstək kimi, nə də sərbəst toplaşmaq hüququnun reallaşdırılması kimi qəbul etmək olar. Bu, olsa-olsa xoşagəlməyən niyyətlərdən xəbər verir. Digər tərəfdən, müxalifətin mövcudluğu təkcə mitinq keçirilməsində özünü göstərməməlidir. Azərbaycan müxalifəti görünür ki, öz mövcudluğunu göstərməkdən ötrü mitinq, aksiya keçirməklə məşğuldur. Bu da onu deməyə əsas verir ki, Azərbaycan müxalifəti hələ də normal mübarizə taktikası seçə bilməyib.

Müxalifətin və onlara sifariş verib havadarlıq edənlərin bütün cəhdlərinə baxmayaraq, ölkəmizdə "Eurovision-2012" mahnı müsabiqəsi uğurla həyata keçiriləcək. Kimin hansı niyyətlərə xidmət etməsindən asılı olmayaraq, bu yarışma Avropa müsabiqələri tarixində ən əhəmiyyətli, ən yaddaqalan müsabiqədən biri kimi tarixə qovuşacaq! Bakıya gələn hər bir insan açıq şəkildə görəcək ki, Azərbaycana qarşı bəzi qüvvələrin çirkin niyyətli fəaliyyəti böhtan və qarayaxmadır! Azərbaycan həqiqətlərini gözləri ilə görən xarici vətəndaşın nəzərlərində antiazərbaycançı qüvvələrin məkrli niyyətləri puç olacaq!

Unutmaq olmaz ki, "Eurovision -2012" mahnı müsabiqəsi Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ həqiqətlərini dünyaya yaymaq üçün əlavə imkandır. Azərbaycana gələn hər hansı bir əcnəbi musiqiçi Bakıda "Sarı gəlin" mahnısını Azərbaycan dilində ifa edirsə, bu, təbliğatımızın əzəmətli uğuru sayılmalıdır. Bununla, eyni zamanda, ermənilərin uydurduğu antiazərbaycan təbliğatına böyük zərbələr vurulmuş olur. Təsəvvür edin, Azərbaycanın içərisində elə qüvvələr tapılır ki, bu müsabiqənin Bakıda keçirilməsini əngəlləməyə çalışır! Buna necə qiymət vermək olar? Görünür, bir əcnəbi müğənninin Azərbaycan dilində "Sarı gəlin" mahnısını oxuması təkcə erməniləri deyil, Azərbaycanda da kimlərisə çox narahat edir!

- Necə düşünürsünüz, 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində aqressiv müxalifət birləşmiş halda seçkiyə qatıla biləcəkmi?

- Son illərin təcrübəsinə istinad etsək, deməliyəm ki bu, mümkün deyil! Azərbaycan müxalifəti indiyədək hər hansı bir birləşmək niyyətlərini sona çatdıra bilməyib. Dəfələrlə onlar bu və ya digər formada birləşməyə cəhd göstəriblər. Amma daxili intriqalar, şəxsi iddialarının partiya maraqlarından üstün olması belə bir birliyi həyata keçirməyə imkan vermir. Ona görə də əminəm ki, onların birləşib vahid namizədi ortaya çıxarması mümkün olmayacaq. Digər tərəfdən, müxalifət liderləri qarşıdan gələn prezident seçkilərində heç bir uğur qazana bilməyəcəklərini aydın dərk edirlər. Ona görə də onlar üçün ən böyük nailiyyət prezidentliyə namizəd kimi irəliyə sürülməkdir. Bu isə təbii ki, imkan vermir ki, onlar seçkiyə vahid namizədlə qatıla bilsinlər. Qəti əminliklə qeyd etmək istəyirəm ki, Azərbaycan vətəndaşları ölkəmizdə həyata keçirilən siyasəti dəstəkləyir və daim Prezident İlham Əliyevlə birdirlər!

- "Ziyalılar forumu" adlanan qurumda təmsil olunanlar bircə dəfə də olsun Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərə münasibət bildirməyiblər. Maraqlıdır, bəs onda əsl ziyalı mövqeyi harada qaldı?

- Bilirsiniz, əslində onlar Azərbaycanın uğurları haqqında danışmağı heç arzulamırlar da! İstəklərinimi deyim, yoxsa niyyətlərinimi, nəticə eynidir, şər demək, qara yaxmaq! Reneqat Eldar Namazovun başına toplaşmış bir dəstə narazı insandan, görünür, başqa şey gözləmək olmaz!

"Ziyalılar forumu", əgər həqiqətən öz adına sadiqdirsə, heç olmasa hərdən ziyalıların məşğul olmağı vəzifə bocu bildikləri problemlərdən də söhbət açaydılar. Onlar yalnız siyasətlə məşğuldur, yalnız siyasi bəyanatlar verirlər. Əgər belədirsə, niyə adlarını "ziyalıların siyasi forumu" qoymayıblar? Gözəl bir söz var: ya olduğun kimi görün, ya da göründüyün kimi ol! Bunlar nə olduqları kimi görünə bilirlər, nə də göründükləri kimi ola! Siyasətlə məşğul olmaq istəyirlər, buyurub olsunlar. Amma bunu etiraf etsinlər, daha oram ağrayır, buram ağrıyır deyib ah-zar etməsinlər. Azərbaycanda hamı çox gözəl bilir ki, ziyalılar forumunda toplaşanların ağrayan orqanlarının adı nə ürəkdir, nə də baş. Ağrayan yerlərinin adı mədədir!

Onlardan biri, Rafiq Əliyev son toplantılarında deyib ki, neft pulları hər yerə xərclənir, amma Qarabağa xərclənmir. Açığı mən bu qədər cəfəng, mənasız, məntiqdənkənar bir iddia eşitməmişəm. Belə bir iddianı ortaya qoymaq üçün insan nəinki ağlını, görünür, vicdanını da itirmiş olmalıdır!

Bu gün Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən xeyli çoxdur. Azərbaycanın Neft Fondunun vəsaitləri hesabına yüz milyonlarla pullar xərclənib, məcburi köçkün əhali üçün hər bir şəraiti olan evlər tikilib, qəsəbələr salınıb. Onlar çadırlarda, vaqonlarda yaşamaq məhrumiyyətindən qurtulublar. Azərbaycan hökuməti  qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə hər il on milyonlarla  vəsait xərcləyir. Siyahını uzada bilərəm. Hesab edirəm, yetərlidir! Ancaq onu demək istəyirəm ki, bunların hamısı əvvəla, Qarabağ üçün, ikincisi isə neftdən gələn gəlirlər hesabına edilir. Əgər bunu kimsə dərk edə bilmirsə, bu, artıq onun problemidir! Azərbaycanda həyata keçirilən nə varsa, birbaşa Dağlıq Qarabağ probleminin həllinə yönəlib. Azərbaycan bu məqsədlə ortaya böyük səylər qoyur. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsas qayəsi Dağlıq Qarabağ probleminin həllinə nail olmaqdır. Amma bu həqiqətləri kimlərsə ya görmür, ya da qəbul etmək istəmirlər. Azərbaycana qara yaxmaq üçün hər cür ifadələr işlədən insanların bəzisi təəssüf ki, özünü ziyalı adlandırır. Əslində, "ziyalılar forumu"nun bu cür bəyanatlar səsləndirməsi orada toplaşanların hansı maraqlara xidmət göstərməsindən xəbər verir.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 22 may.- S. 4.