Sankt-Peterburqda mötəbər beynəlxalq hüquq forumu keçirilmişdir

 

  Mayın 16-dan 19-dək Rusiya Federasiyası Prezidentinin dəstəyi ilə Sankt-Peterburq şəhərində "İkinci Peterburq Beynəlxalq Hüquq Forumu" keçirilmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Rusiyanın ədliyyə naziri A.Konovalovun dəvəti ilə ölkəmizin ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov başçılıq etdiyi nümayəndə heyəti ilə tədbirdə iştirak etmişdir.

Dünyanın 50-dən çox dövlətindən 2000 nümayəndənin, o cümlədən ədliyyə, məhkəmə, prokurorluq və digər qurumların, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilmiş bu mötəbər forumu giriş nitqi ilə açan Rusiyanın Baş naziri Dmitri Medvedev onun əsas plenar sessiyasına sədrlik etmişdir.

Sonra tədbir "dəyirmi masa"larda öz işini davam etdirmişdir.

Səmimi dialoq şəraitində keçirilmiş müzakirələr zamanı məhkəmə sistemlərinin müasirləşdirilməsi və islahatı, məhkəmə qərarlarının icrası, notariat institutunun inkişafı, korrupsiyaya qarşı beynəlxalq-hüquqi mexanizmlər və s. bu kimi aktual məsələlər üzrə faydalı təcrübə mübadiləsi aparılmışdır.

Azərbaycan nümayəndə heyətinin üzvləri ədliyyə sahəsi üzrə müxtəlif "dəyirmi masa"lara qatılaraq müzakirələrdə fəallıq nümayiş etdirmişlər.

Ədliyyə və məhkəmə sistemlərinin müasirləşdirilməsinə həsr olunan "dəyirmi masa"da Azərbaycanın ədliyyə naziri iştirak etmişdir.

Forum çərçivəsində həmçinin bir sıra dövlətlərin, o cümlədən Rusiya, Ukrayna, Böyük Britaniya, Slovakiya, Mərakeşin ədliyyə nazirləri, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilmişdir.

Müzakirələr və görüşlər zamanı respublikamızda Prezident  İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, o cümlədən məhkəmələrin müstəqilliyinin təmin olunması, vətəndaşların məhkəmələrə müraciətlərinin asanlaşdırılması, bu sahədə infrastrukturun modernləşdirilməsi və ən qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə görülən genişmiqyaslı işlər qeyd olunmuş, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, ölkəmizdə həyata keçirilmiş ədliyyə və məhkəmə islahatları, həmçinin Ermənistanın təcavüzü və onun acı nəticələri barədə ingilisrus dillərində xüsusi hazırlanmış məruzə tədbir iştirakçıları arasında yayılmışdır.

 

 

Azərbaycan.- 2012.- 22 may.- S. 5.