Nağıllar dünyasına düşmüşük

 

Xarici jurnalistlər "Eurovision" hazırlığına görə Azərbaycanı digər dövlətlərə nümunə göstərirlər

 

"Eurovision-2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün Bakı şəhərinə bütün iştirakçı dövlətlərdən müxtəlif media qurumlarını təmsil edən yüzlərlə jurnalist təşrif buyurub. "Baku Crystal Hall"un yanındakı Mətbuat Mərkəzində onların bəziləri ilə görüşüb ölkəmizlə bağlı fikirlərini öyrəndik.

 

Roy Delani, ingiltərəli müxbir:

 

- Ötən il Azərbaycan "Eurovision" mahnı yarışmasının qalibi olduqdan sonra hər kəs ölkənizlə daha yaxından maraqlanmağa, harada yerləşdiyini  və ora getmək üçün hansı marşrutdan istifadə etmək lazım olduğunu öyrənməyə başladı. Mən Azərbaycana birinci dəfədir ki, gəlirəm. Amma, düşünürəm ki, gərək əvvəllər də buraya səfər edərdim. Bakının gözəl şəhər olduğunu hava limanından duydum və sonra gördüm ki, həqiqətən də yanılmamışam. Burada olduğum bir neçə gündə şəhəri az da olsa, gəzmək imkanı əldə etdim. Buralar, doğrudan da, möhtəşəmdir. Tarixilik və müasirlik bir arada cəm olub. Həm Qərb, həm də Şərq elementləri sintez təşkil edir. İnsanlarınız gülərüz və mehribandır. Ölkəmizə dönəndə buradakı bütün gözəlliklərin hamısını öz vətəndaşlarımıza çatdıracam. Hətta bununla bağlı kitab yazmağı da planlaşdırıram. Ölkəniz çox sakitdir. Təhlükəsizlik baxımından dünyanın ən rahat yaşanacaq ölkələrindən biridir. Mübaliğəsiz demək istərdim ki, Azərbaycan gələcək 10 ildə Avropanın bəzi inkişaf etmiş ölkələrini geridə qoyacaq. Çünki, ölkəniz buna qadirdir. Bu ölkə haqqında fikirlərimi bir cümlə ilə belə deyərdim: Azərbaycan, sən məni valeh etdin.

 

Əndi Verez, Belçika, "Euro Firiends Show" internet radiosu:

 

- Bir həftəyə yaxındır Bakıdayıq. Qısa müddət olmasına baxmayaraq, onu demək istəyirəm ki, sanki neçə illərdir burada yaşayırıq. Bizi çox mehriban və dostcasına qarşıladılar. Şəhərdə ancaq səmimiyyət görürük. İnsanların çöhrəsindən  gülərüzlük və mehribanlıq yağır. Bizə yardım etmək üçün əllərindən gələni əsirgəmirlər. Arada jurnalistlərlə söhbət zamanı deyirəm ki, Bakıda qalıb işləmək də pis olmazdı (gülür). Sizin bəxtiniz gətirib ki, belə gözəl bir ölkədə yaşayırsınız. Azərbaycanla bağlı araşdırmalar apardım. Məlum oldu ki, bu ölkə 20 ildir müstəqilliyini əldə edib. Bu müddətdə böyük bir inkişaf... Təqdirəlayiqdir. "Eurovision" mahnı müsabiqəsinə hazırlıq işləri isə möhtəşəmdir. Mən indiyə qədər bir neçə ölkədə bu cür tədbirlərdə iştirak etmişəm, amma Bakıdakı kimi yüksək təşkilatçılıq heç harda görməmisəm. "Eurovision"un keçiriləcəyi "Crystal Hall" isə möhtəşəmlik nümunəsidir. Azərbaycan bu müsabiqədə təşkilatçılıq baxımından nəinki tarix yazır, hətta mütərəqqi ənənələrin də əsasını qoyur.

 

Elvira Qreiss, Almaniya, "Fride" internet radiosu:

 

- Hava limanında təyyarədən enər-enməz özümü sanki nağıllar dünyasına düşmüş kimi zənn etdim. Azərbaycana daha əvvəllər gəlməmişdim deyə ölkəniz və paytaxtınız barədə təsəvvürüm yox idi. Amma ilk gündən şahidi oldum ki, Bakı çox gözəl şəhərdir, öz görkəmi ilə Avropanın ən qabaqcıl şəhərləri ilə bir sırada dayanmağa layiqdir. Buradakı tarixi binalar mənə Avropanı xatırladır. Eyni zamanda, müşahidə etdim ki, Bakı keçmişlə müasirliyin vəhdətidir. Ona görə ilk dəfədən Bakı haqqında təəssüratım çox yüksək oldu.

Bakı gözəl olduğu qədər də insanları çox səmimidir. Mən şərqli və qafqazlı qonaqpərvərliyini eşitmişdim. Bakıda bunun şahidi oldum. İnanıram ki, ölkənizə gələn bütün insanlarda mənim kimi müsbət bir fikir formalaşıb. Başqa cür də ola bilməz. Bundan sonra yəqin ki, çalışacam Azərbaycana yenə də səfər edim. Çünki buralar ilk gündən mənə doğmalaşdı. Artıq mən bu ölkəni sevirəm. Yaxın günlərdə regionlara da səfər etməyi planlaşdırıram. İnanın, tam səmimi deyirəm. Yarışma başa çatdıqdan sonra nağıllar dünyasından heç ayrılmaq istəmirəm.

 

Haim Haimson, İsrail, internet radiosu:

 

- Azərbaycan, sən məni heyran etdin. Bakı, mən səni çox sevirəm. Bütün bunları  tam səmimi söyləyirəm. Yaxşı ki Azərbaycan ötən il Almaniyada "Eurovision"un mahnı müsabiqəsinin qalibi oldu. Çünki belə olmasaydı, biz belə gözəl ölkəyə səfər etməyəcəkdik. Səfərə çıxmamışdan əvvəl ölkənizin tarixi ilə maraqlandım və gördüm ki, odlar yurdu adlandırılan Azərbaycan çox böyük və zəngin tarxiə malikdir. Bakının bu cür gözəl şəhər olduğunu da heç bilmirdim.

Məlum məsələdir ki,  Azərbaycanın torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunub. Belə bir problemin içərisində bu cür inkişaf həqiqətən bu millətin mərdliyindən, çalışqanlığından, mübarizliyindən xəbər verir. "Eurovision" mahnı müsabiqəsinə təşkilatçılıq isə çox yüksək səviyyədədir. Onu da vurğulamaq istərdim ki, Azərbaycan xörəkləri  çox dadlıdır. Böyük bir süfrə mədəniyyətiniz də var. Yeməklərinizin dadını heç vaxt unutmayacam.

 

Alek Parkin, Birləşmiş Krallıq, www.escxtra.com xəbər saytı:

 

- Ölkəni tanımağın və onu kəşf etməyin ən yaxşı üsulu oraya yollanmaq və yerli sakinlərlə söhbət etməkdir. İşimlə əlaqədar olaraq dünyanın bir çox ölkələrində ezamiyyətlərdə olmuşam. Elə ölkə var ki, insanları çox soyuq qarşılayırlar, elə ölkə var ki, bir daha ora getmək istəmirsən. Açığı, Azərbaycana əvvəllər gəlmədiyim üçün bu ölkə ilə əyani tanışlığım yox idi. Lakin burada gördüm ki, Azərbaycan, doğrudan da, görməli və gəzməli yerdir. Bakıda olduğum qısa müddət ərzində ölkənizə valeh olmuşam. Sizin insanlarda olan mehribanlığı, səmimiliyi dünyanın heç bir ölkəsində görməmişəm. Hər gün iş planımı yerinə yetirdikdən sonra yarım saat Bakını gəzmək mənim bütün yorğunluğumu aradan qaldırır. Bütün bunlar həmişəlik qəlbimdə qalacaq. Bakı həm də çox koloritli şəhərdir, özünəməxsus ənənələri var, memarlıq abidələri ilə zəngindir. Sizin gözəl və rəngarəng təbiətiniz də var. Azərbaycanlıların qonaqpərvərliyi çox məşhurdur. Mən sizin xalq rəqslərinizə baxdım. Çox möhtəşəmdir: hamar hərəkətlər, elastiklik və zəriflik.

Azərbaycanın "Eurovision" mahnı müsabiqəsinə hazırlığına isə söhbət ola bilməz. Biz jurnalistlər üçün Mətbuat Mərkəzində elə gözəl şərait yaradıblar ki, adam buranı heç tərk etmək istəmir.

 

Liam Klare, Avstraliya, xəbər saytı:

 

- Ötən il Azərbaycan "Eurovision" mahnı müsabiqəsinin qalibi olandan sonra ilk işim xəritəni tapıb ölkənizi axtarmaq oldu. Bir neçə gün sonra isə internet vasitəsilə bəzi araşdırmalar apardım. Tarixiniz və mədəniyyətiniz məni cəlb etdi. Elə həmin vaxtdan qərara gəldim ki,  "Eurovision" mahnı müsabiqəsi zamanı Bakıya səfər edib bu ölkəni yaxından tanımalıyam.  Həqiqətən, ölkəniz haqda o qədər xoş sözlər söyləmək olar ki, heç bilmirəm hansını deyim. Ən əsası, dövlətinizin xaricdən gələn tursitlərə viza şərtlərində etdiyi güzəştlərə görə minnətdaram. Çox rahat bir şəkildə Bakıya gəldik. Paytaxtınız isə qonaqpərvər və çox müasir bir şəhərdir. Mahnı müsabiqəsinə hazırlıq isə bəlkə də 57 illik tarixi olan bir yarışma üçün təşkilatçılıq baxımından ilkdir. KİV təmsilçilərinin rahatçılığı üçün yaradılan şəraitin isə heç bir şərhə ehiyacı yoxdur.

 

Vivian Kristiansen, Norveç, esnorge.net xəbər saytı:

 

- Azərbaycana ayaq basdığım ilk gündən bəri məni cəlb edən ən əsas məqam ölkənizin müasirliyidir. Demək olar ki, artıq bir həftəyə yaxındır ki, buradayam. Bircə onu fikirləşirəm ki, görəsən, yarışma başa çatdıqdan sonra mən bu gözə şəhərdən necə ayrılacam (gülür). Mənim ən böyük diqqətimi çəkən amillərdən biri də yarışmanın keçiriləcəyi "Crystal Hall"dur. Möhtəşəmliyi və müsairliyi ilə həqiqətən, çox unikal bir tikilidir. Mətbuat Mərkəzində isə bizə yaradılan hər bir şəraitə görə təşkilat komitəsinə təşəkkürümü bildirirəm. Bakı isə bənzərsiz bir şəhərdir. İnsanlar isə gülərüz və mehribandırlar.

 

Karsten Nilson, Danimarka, eurosong.dk saytı:

 

- Azərbaycana birinci dəfədir səfər edirəm.  Bu qısa müddətdə Bakının gözəlliyinə heyran olmuşam. Azərbaycan elə əvvəldən təsəvvür etdiyim kimi çox zəngin və gözəl bir ölkədir. Paytaxt Bakı isə sözün əsl mənasında, möhtəşəmdir. Bütün bu işlərin əsas təşəbbüskarı, sözsüz ki, Azərbaycan dövlətidir. Dövlətin xalqın firavan yaşaması naminə gördüyü işlər göz qabağındadır. Düzdür, zaman baxımından 20 il heç də böyük tarix deyil, amma bu illər ərzində görülmüş işlərə nəzər salanda bir daha əmin olursan ki, demək, qısa bir vaxtda böyük uğurlara imza atmaq mümkündür. Bütün bunlar göstərir ki, bu ölkəni daha xoşbəxt bir gələcək gözələyir. "Eurovision" mahnı müsabiqəsinin təşkilatçılığı ilə bağlı görülən işlərə isə söz yoxdur. Hər şey əladır. Bir daha vurğulamaq istərdim ki, bu ölkədə olduğum üçün özümü xoşbəxt hesab edirəm. Gələcəkdə buraya tez-tez gəlməyi düşünürəm.

 

Georgi Demetretios, Yunanıstan, müstəqil jurnalist:

 

- Çox təəssüf edirəm ki, mahnı müsabiqəsinin başa çatmasına bir həftədən də az vaxt qalıb. Çünki Azərbaycandan heç ayrılmaq istəmirəm. İlk gündən buraların gözəlliyinə vurulmuşam. Demək olar ki, nə görsəm, şəklini çəkirəm. Azərbaycanda, Bakıda əvvəllər də beynəlxalq səviyyəli tədbirlər keçirilib. Təəssüf edirəm ki, niyə əvvəllər Bakıya gəlməmişəm. Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşir. Amma məncə, Bakı daha çox müasir Avropa şəhəridir. Sizin xalqın milli adət və ənənələri isə bu müasirliyi daha rəngarəng edir. Azərbaycanın "Eurovision" mahnı müsabiqəsini yüksək səviyyədə təşkil etməsini isə təkcə mən yox, bütün Avropa danışır.

 

Jasob Stepaşko, Norveçdən olan fan klubun üzvü:

 

- İlk öncə onu qeyd etmək istərdim ki, Bakı həqiqətən şəhər infrastrukturunun səviyyəsinə görə Avropanın bir çox şəhərlərini qabaqlayır. Xaricdən gələn turistlərə şəhərdə rahat gəzmək üçün bütün şərait yaradılıb. İnformasiya qıtlığımız yoxdur. Hər yerdə Bakı sakinlərindən yalnız səmimi münasibət görmək mümkündür.

Mən Bakıya ölkəmizin fan klubunun üzvü kimi gəlmişəm. Azərbaycanın "Eurovision" mahnı müsabiqəsinə hazırlıq məsələsində bütün ölkələrə nümunə olmağa haqqı var. Çünki bütün təşkilati məsələlər dəqiq ölçülüb-biçilib. Bizim əlavə sualımıza və ya kiçicik narahatçılığımıza əsas qalmayıb. Düşünürəm ki, hər kəs Azərbaycana minnətdar olmalıdır.

 

 

Elçin CƏFƏROV,

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 22 may.- S. 6.