Eurovision-2012 mahnı müsabiqəsində iştirak edən 42 ölkənin təmsilçiləri Baku Crystal Hallda birinci və ikinci məşqlərini başa vurmuşlar

 

 "Eurovision-2012" mahnı müsabiqəsinin başlayacağı  an artıq çox yaxındadır. Bu məqsədlə də "Baku Crystal Hall"da təmsilçi ölkələrin məşqlərinin arası kəsilmişdir. Hər bir məşq bu ifaçıları qələbəyə daha da ruhlandırır.

Bu ərəfədə ikinci məşqlərini keçirən ifaçılarla yanaşı, müsabiqənin final mərhələsində birbaşa çıxış etmək hüququna malik ölkələrin - Almaniya, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya və qalib ölkə Azərbaycanın təmsilçiləri də ilk dəfə "Baku Crystal Hall" səhnəsinə çıxmışlar. Ümumiyyətlə, iki gün ərzində 20-dən çox ölkə təmsilçisi məşqlərini keçirmişdir.

AzərTAc xəbər verir ki, mayın 19-da  Bakı səhnəsində günün ilk çıxışçısı Sloveniya təmsilçisi olmuşdur. Müğənninin ilk məşqi ilə müqayisədə heç bir fərqlilik gözə çarpmamış, xoreoqrafiyasında xüsusi bir dəyişiklik edilməmişdir. Eva Botonun ikinci məşqində səhnənin arxa fonunda tünd mavi rənglər üstünlük təşkil etmişdir. Bu rənglər isə tədricən qızılı çalarları olan effektlərlə tamamlanmışdır.

Sloveniyanın 16 yaşlı təmsilçisi musiqi karyerasına yeni başlamasına baxmayaraq səhnədə özünə çox güvənir və professionallıq nümayiş etdirir.

"Baku Crystal Hall"ın səhnəsində çıxış etməkdən zövq aldığını söyləyən Eva Boto artıq yarışmanın yarımfinal mərhələsinə hazır olduğunu vurğulamışdır. İfasını doğma dilində oxuması məsələsinə aydınlıq gətirən gənc müğənni bildirmişdir ki, mahnısının serb və ingilis dillərində versiyaları da mövcuddur. On altı yaşında böyük səhnədə və tamaşaçı qarşısında çıxış etməyin qeyri-adi bir hiss olduğunu deyən Eva Boto, bu müsabiqəni onun musiqi sahəsində təcrübə qazanması və dünyada tanınması üçün gözəl bir fürsət kimi qiymətləndirmişdir.

Xorvatiyanın "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi Nina Badriç səhnəyə qara, arxası uzun paltarda çıxmışdır. Müğənninin geydiyi ayaqqabı hündürlüyü ilə diqqəti çəkmişdir. İlk baxışdan çox narahat görünən bu ayaqqabıda onun necə gəzməsi təəccüb doğurmuşdur. Bəzi həmkarları kimi, xorvatiyalı təmsilçi də ikinci məşqini yarımfinalda geyəcəyi paltarda etmişdir. Onun səhnə tərtibatı da olduqca maraqlı olmuşdur. Səhnədə mavi və rəngli işıq effektləri üstünlük təşkil etmişdir. Müğənninin təqdim etdiyi performans isə onun professionallığından xəbər vermişdir.

Xorvatiyalı Nina Badriç yüksək diapazonlu səs, səhnə mədəniyyəti və zövq oxşayan ifa nümayiş etdirmişdir.

Xorvatiya nümayəndə heyətinin rəhbəri Aleksandr Kostadinov müğənnini müşayiət edən qrup üzvlərini jurnalistlərə təqdim etmişdir. Birinci məşqlərini ikinci ilə müqayisədə daha yüksək qiymətləndirən nümayəndə heyətinin rəhbəri səhnə tərtibatında bir neçə dəyişikliklər edəcəklərini bildirmişdir.

Nina Badriç təmsil etdiyi xalqın emosional olduğunu, ona görə də balladaya üstünlük verdiklərini demişdir. "Bizim üçün maraqlısı o oldu ki, ikinci məşqdə "Baku Crystal Hall"ın səhnəsinə yarımfinalda geyinəcəyimiz paltarda çıxdıq. Ümumiyyətlə isə "Eurovision" mahnı müsabiqəsində iştirak etmək mənim üçün böyük bir şansdır. Müsabiqədən sonra isə pərəstişkarlarıma mahnımın bir neçə versiyasını təqdim edəcəyəm" - deyə müğənni bildirmişdir.

İsveçi Bakıda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edən müğənni Lorin dağınıq saç quruluşu və pərakəndəliyi ilə seçilən paltarı ilə diqqəti çəkmişdir. Səhnənin qara fonundan çox da gur olmayan işıq effektləri ilə verilən səhnə tərtibatı onun ifasını "Eurovision-2012" müsabiqəsinin digər təmsilçilərinin ifalarından fərqləndirmişdir.  İkinci məşqinin çox uğurlu keçdiyi üçün özünü xoşbəxt hiss edən Lorin demişdir ki, bu dəfə nümayiş etdirdikləri performansa dəyişikliklər edilmişdir. İfaçılıq sahəsindəki fəaliyyətindən danışan müğənni yeni musiqi albomu üzərində işlədiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, həmin musiqi albomu cari ilin sentyabrında işıq üzü görəcəkdir.

"Baku Crystal Hall"da ikinci məşqini edən Gürcüstan təmsilçisi Anri Joxadze əvvəlcə səhnəyə rahib geyimi təsiri bağışlayan bir libasda çıxmışdır. Qırmızı uzun bir ətəkdə mahnısının birinci hissəsini təqdim edən müğənni ikinci hissədə qara kostyumda və qısa geyimli xoreoqrafların əhatəsində performans nümayiş etdirmişdir. Səhnə arxasında diqqət çəkən rəng effektləri və işıqlar isə ritmlə həmahəng olaraq tez-tez dəyişmişdir.

Performansla bağlı narahatlığına baxmayaraq məşqlərinin uğurlu keçdiyini deyən Anri jurnalistlər qarşısına onu səhnədə müşayiət edən vokalçılar və rəqqasə ilə birlikdə çıxmışdır. Vokalçıları jurnalistlərə təqdim edən Anri Joxadze bildirmişdir ki, onlardan biri müğənninin doğma bacısıdır. Müğənni demişdir ki, ifası zamanı onu müşayiət edənlərdən ilham alır.

Qardaş Türkiyənin təmsilçisi Can Bonomo demişdir: "Azərbaycan və türk dillərinin eyni ailədən olması bir-birimizi daha yaxşı başa düşməyimizə şərait yaradır". Boş vaxtlarında kitab oxumağı çox sevdiyini deyən Türkiyə təmsilçisi ABŞ-a gəmi ilə səyahət etmək arzusunda olduğunu bildirmişdir. Vurğulanmışdır ki, bu günədək qeyd etdiyi doğum günlərindən ən yaddaqalanı Bakıda keçirdiyi ad günü olmuşdur. O demişdir: "Doğum günü münasibətilə jurnalistlərin təbrikləri məni çox təsirləndirmişdir".

Həmin gün "Baku Crystal Hall"da "Eurovision-2012" mahnı müsabiqəsi çərçivəsində final mərhələsində iştirak edəcək 6 ölkə təmsilçisinin ilk məşqlərinə start verilmişdir. Bu altılıq arasında Bakı səhnəsinə ilk çıxan Almaniya təmsilçisi Roman Lob olmuşdur.

Yarışmada ölkəsini "Standing Still" mahnısı ilə təmsil edəcək ifaçı səhnədə vokal imkanları ilə yanaşı, maraqlı performans da nümayiş etdirmişdir.

1990-cı ildə Düsseldorfda doğulan almaniyalı təmsilçi musiqi karyerasına 2006-cı ildən başlamışdır. Mahnısı barədə məlumat verən Roman Lob ifasının ingilis dilində olmasının səbəbini  belə izah etmişdir: "Bu dildə daha çox insan anlayır və danışır" . İlk dəfə Bakıya gəldiyini qeyd edən müğənni paytaxtımızın çox gözəl olduğunu diqqətə çatdırmışdır. Roman Lob demişdir ki, buradakı göydələnlər çox xoşuna gəlir. Mənim Bakıda çoxlu pərəstişkarlarım vardır.

"Bakı da mənim kimidir, Avropa ilə Asiyanın arasında yerləşir. Bura gəlməmişdən Azərbaycan haqqında oxumuşam, ölkəniz barədə məlumatım var. Onu da bilirəm ki, 1918-ci ildə bütün dünya üzrə ilk dəfə Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilmişdir". Bu fikirlər Fransanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Anquna məxsusdur.

"Baku Crystal Hall"da ilk məşqini edən 37 yaşlı müğənni İndoneziyanın Cakarta şəhərində anadan olmuşdur. Bakıya ilk səfəri olduğunu qeyd edən fransalı təmsilçi hələlik çox yeri görmədiyini demişdir. O, artıq beş aydır ki, Azərbaycana gəlmək barədə düşündüyünü bildirmişdir. Fransa təmsilçisi əgər təklif alarsa "Asyavision"da da İndoneziyanı təmsil edə biləcəyini söyləmişdir.

İtaliya təmsilçisi Nina Zillinin də Bakı səhnəsində ilk məşqi uğurlu olmuşdur. On üç yaşından musiqi sahəsində fəaliyyətə başlayan Nina Zilli 1997-ci ildə özünün "The Jerks" qrupunu yaratmışdır. İtaliyalı təmsilçi "Eurovision-2012" mahnı müsabiqəsində ölkəsini "L'Amore İ Femmina" (Out Of Love) mahnısı ilə təmsil edəcəkdir.

Günün ən yaddaqalan məşqlərindən biri isə  Azərbaycan təmsilçisinin çıxışı olmuşdur. Təmsilçimiz Səbinə Babayeva "Baku Crystal Hall"ın səhnəsinə dünyaşöhrətli xanəndə, Azərbaycanın xalq artisti Alim Qasımov ilə birlikdə çıxmışdır. "When the Music Dies" mahnısını oxuyan Səbinə Babayevanın çıxışına Alim Qasımovun muğam ifası xüsusi bir rəng qatmışdır. Məşqdə təmsilçimizi Alim Qasımov ilə yanaşı, üç vokalçı müşayiət etmişdir.

Məşq zamanı məlum olmuşdur ki, Səbinə Babayeva "Eurovision- 2012" mahnı müsabiqəsinin səhnəsində şou ənənələrini, incəsənətin və texnologiyaların sintezini təqdim edəcəkdir.

Müsabiqədə ilk məşqi zamanı səhnə paltarını təqdim edən tək ifaçı azərbaycanlı təmsilçi olmuşdur. Səbinə Babayeva mayın 26-da "Baku Crystal Hall" səhnəsinə rəngli səhnə geyimi ilə çıxacaqdır.

 "Baku Crystal Hall"ın növbəti qonağı isə İspaniya təmsilçisi Pastora Soler olmuşdur. İspaniyalı təmsilçi ölkənin müsabiqə üzrə milli yayımçısı olan "TVE" kanalının münsiflər heyəti və tamaşaçı səsverməsi nəticəsində seçilmişdir. Pastora Soler 1978-ci ildə İspaniyada anadan olmuşdur. İlk musiqi albomu 1994-cü ildə işıq üzü görən müğənninin bu vaxtadək 10 albomu buraxılmışdır.

Böyük Britaniyanın "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi Engelbert Hamperdinkin çıxışı isə Bakı səhnəsində günün son məşqi olmuşdur.

Əsl adı Arnold Corc Dorsi olan Böyük Britaniya təmsilçisi 1936-cı ildə doğulmuşdur. 45 illik uğurlu musiqi karyerası olan müğənninin səsyazıları bu günədək 150 milyon nüsxə ilə satılmışdır. 4 "Qremmy" mükafatına, 63 qızıl və 24 platin musiqi albomuna sahib olan Engelbert Hamperdink dünya şoubiznesinin varlıları siyahısında beşinci yerdə müəyyənləşmişdir.

Bu günədək 80 musiqi albomu təqdim edən Böyük Britaniya təmsilçisi "Eurovision-2012" mahnı müsabiqəsində ölkəsini "Love Will Set You Free" mahnısı ilə təmsil edir.

Mayın 20-də isə "Baku Crystal Hall"ın səhnəsinə ilk olaraq Estoniya təmsilçisi çıxmışdır.

Estoniyanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Ott Leplandun növbəti məşqi zamanı səhnə tərtibatında və ifasında ciddi bir fərq diqqəti cəlb etmişdir. Ott Lepland demişdir: "Baku Crystal Hall"a bənzər möhtəşəm səhnədə heç vaxt çıxış etməmişəm. Müsabiqənin gələcək fəaliyyətinə təkan verəcəyini deyən Estoniya təmsilçisi bu günədək iki musiqi albomunun işıq üzü gördüyünü diqqətə çatdırmışdır.

Ott Lepland "Eurovision-2012" mahnı müsabiqəsini həyatında bir fürsət kimi qiymətləndirdiyini vurğulamışdır. Bildirilmişdir ki, yarışmada ölkəsini qürurla təmsil etmək üçün əlindən gələni edəcəkdir.

Mahnısı barədə məlumat verən müğənni ifasını eston dilində səsləndirməsi ilə bağlı fikirlərini bölüşmüşdür. İfasının həm ingilis, həm ispan, həm də rus dillərində versiyalarının mövcud olduğunu qeyd edən Ott Lepland hisslərini doğma dilində tamaşaçılara daha rahat çatdırdığını vurğulamışdır. O demişdir: "Ümid edirəm ki, mahnı seçimimdə yanılmamışam".

Slovakiya təmsilçisi Max Jason Mai "Baku Crystal Hall"ın səhnəsinə rok üslubunda geyimdə çıxmışdır. Yarımfinalda təqdim edəcəyi hərəkətli və ritmik "Don't Close Your Eyes" mahnısı ilə bu məşqində də diqqəti çəkən ifaçı yüksək enerji və emosiyası ilə yadda qalmışdır.

Slovakiyanın 24 yaşlı müğənnisinin repertuarında pop, rok janrında musiqilər üstünlük təşkil edir. İkinci məşqinin daha uğurlu keçdiyini söyləyən Slovakiyanın təmsilçisi  dəyişiklikləri çox sevdiyini diqqətə çatdırmışdır. "Eurovision-2012" mahnı müsabiqəsindəki ifasına rok həvəskarlarının daha çox dəstək olacağını qeyd edən müğənni jurnalistlərin qarşısına əlil insanlara xeyriyyə aksiyasının rəmzi olan kukla ilə çıxmışdır.  Slovakiya təmsilçisi "Eurovision-2012" mahnı müsabiqəsində ən çox sevdiyi ifanın isə Monteneqro təmsilçisi Rambo Amadeusun "Euro Neuro" mahnısı olduğunu demişdir.

Bakı səhnəsinin qonağı olan  Norveç təmsilçisi son dərəcə mükəmməl vokal imkanlarının nümayişi ilə də diqqəti cəlb etmişdir.

Touraj Keshtkarın məşqləri arasında ciddi bir fərq diqqəti cəlb etməmiş, səhnənin arxa fonunda da ciddi bir dəyişiklik olmamışdır. Norveç təmsilçisi dörd vokalçı, rəqqas və əlavə bir müğənninin müşayiəti ilə performansını təqdim etmişdir.

"Eurovision-2012" mahnı müsabiqəsində ifa etdiyi mahnı barədə məlumat verən Norveç təmsilçisi demişdir: "Mən səsləndirdiyim mahnıların bəstələnmə prosesində iştirak etməyi çox sevirəm". Müğənni müsabiqədə ifa edəcəyi "Stay" mahnısını canlı olaraq jurnalistlər üçün səsləndirmişdir.

Bosniya və Herseqovinanın təmsilçisi Maya Sar qara royal qarşısında həzin və ruh oxşayan bir ifa nümayiş etdirmişdir.  Qaranlıq səhnə tərtibatı ilə yadda-qalan müğənninin ifası mavi işıqlarla müşayiət olunmuşdur. Maya Sar gənc və istedadlı müğənnidir. O, uzun müddət Dino Merlinin qrupunun üzvü olmuş və 56-cı "Eurovision" mahnı müsabiqəsində onunla bir səhnədə çıxış etmişdir. Müsabiqədə səsləndirəcəyi mahnıya yeniliklər etdiyini deyən Maya Sar mahnısının daha mükəmməl səslənməsi üçün İstanbula və İtaliyaya səfər etdiyini diqqətə çatdırmışdır. O demişdir: "Bu mahnını ifa etmək istəyi qəlbimdən gəlmişdir. Mən həyatımda istədiyim və doğru bildiyim hər bir şeyi etməyi sevirəm".

"Yaratmaq, oxumaq, rəqs etmək" artıq Litva təmsilçisinin həyat kredosuna çevrilmişdir. Litvanı təmsil edən Donny Montell bu dəfə səhnəyə qara kostyum və köynəkdə çıxmışdır. Mahnının həzin hissəsini gözləri bağlı şəkildə oxuyan müğənni ritmik hissədə gözlərindəki sarğını açaraq akrobatik hərəkət nümayiş etdirmişdir.

"Eurovision-2012" mahnı müsabiqəsinin həyatında ən yaddaqalan hadisə olduğunu söyləyən Donny Montell ikinci məşqinin də uğurlu keçdiyini bildirmişdir. O demişdir: "Gözlərimi səhnədə bağlamağımın səbəbi insanları təəccübləndirməkdir. Musiqidə göz önəmlidir. Çünki hissləri onun vasitəsilə ötürmək mümkündür. "Eurovision-2012"də uğur qazanacağıma inanıram".

Böyük Britaniyanı təmsil edən Engelbert Hamperdinkin səsləndirdiyi "Love Will Set You Free" mahnsı "Eurovision-2012"-nin ən həzin mahnılarındandır.  Əsl adı Arnold Corc Dorsi olan Engelbert Hamperdink bu müsabiqənin ən yaşlı iştirakçısıdır. 45 illik uğurlu musiqi karyerası olan 76 yaşlı müğənninin lent yazıları bu vaxtadək 150 milyon nüsxə ilə satılmışdır.

Ölkəsini belə gözəl müsabiqədə təmsil etməkdən qürur hissi keçirdiyini söyləyən Engelbert Hamperdink müsabiqədə səsləndirdiyi mahnısı ilə gənc pərəstişkarlar qazanmışdır. O demişdir: "Mahnım elə bir məhəbbətlə yazılmışdır ki, onu dinləyən hər kəs yaşadığı sevgi hekayəsini xatırlayır".

Fransalı müğənni Anqunu Bakı səhnəsində üç akrobat müşayiət etmişdir. O, səhnəyə sadə boz şalvar və qara rəngli koftada çıxmışdır. Onun səhnə geyimini isə uzun qara rəngli tül tamamlamışdır. Ziqzaq şəkilli səhnə işıqları ilə bəzədilmiş səhnədə performansını nümayiş etdirən Anqunun çıxışı daha sonra parlaq sarı rənglə əvəz edilən işıqların fonunda davam etmişdir.

İtaliya təmsilçisi   Nina Zillinin  "Baku Crystal Hall"da çıxışı maraqlı olmuşdur. Onu müşayiət edən üç vokalçı isə daha sadə geyimlə yadda qalmışdır. İtaliyalı müğənninin səhnə tərtibatında ilk məşqi ilə müqayisədə ciddi bir fərq hiss olunmamışdır. Müğənni birinci məşqində olduğu kimi, yenə də sərbəst bir performans nümayiş etdirmişdir.

Nina Zilli demişdir ki, "Baku Crystal Hall"ın səhnəsi inanılmaz dərəcədə böyükdür. "Eurovision-2012" müsabiqəsində mahnısını ingilis dilində səsləndirməsinə münasibət bildirən Nina Zilli qeyd etmişdir ki, bu dildə oxumağının məqsədi onu anlayanların sayının daha çox olmasıdır. O demişdir: "İdealım amerikalı müğənni Nina Simonedir. Onun mahnılarını çox sevirəm. O, dünya qadınları üçün bir nümunədir. Bütün konsertlərimin yekununda Nina Simonenin repertuarından mütləq bir mahnı səsləndirirəm".

Azərbaycan təmsilçisinin paytaxt səhnəsində növbəti məşqi alqışlarla qarşılanmışdır. Həzin səsi, gözəl ifa tərzi ilə seçilən təmsilçimiz "Eurovision-2012" mahnı müsabiqəsinin favoritlərindən hesab olunur. İkinci məşqində emosiyalarını çatdırmağa çalışdığını bildirən Səbinə Babayeva Alim Qasımov kimi görkəmli muğam ustası ilə işləməkdən zövq aldığını demişdir. Müğənni bu müsabiqədə onu müşayiət etdiyi üçün böyük sənətkara təşəkkürünü bildirmişdir.

Milli seçimlərdə finala çıxmasından çox xoşbəxt olduğunu vurğulayan Azərbaycan təmsilçisi demişdir: "Mən xalqımın verdiyi səs və münsiflər heyətinin birgə qərarı nəticəsində "Eurovision-2012" mahnı müsabiqəsinə təmsilçi seçilmişəm. Bu, mənim üçün böyük məsuliyyətdir. Düşünürəm ki, özümü sübut etmək üçün bu müsabiqə mənim üçün bir şansdır".

Polşalı jurnalistin "Azərbaycanın daha çox qələbə qazanmaq şansı vardır. Siz bu qələbəyə hazırsınızmı" sualını cavablandıran Səbinə Babayeva bildirmişdir ki, qalib gəlsəm, çox şad olardım.

Musiqimizin zənginliyi və mədəniyyətimiz barədə jurnalistlərə məlumat verən azərbaycanlı təmsilçi Bakı səhnəsində çıxış etməyin böyük xoşbəxtlik olduğunu bildirmişdir.

Azərbaycan təmsilçisinin mətbuat konfransında iştirak edən xarici ölkə jurnalistləri qonaqpərvərliyə və səmimi münasibətə görə xalqımıza təşəkkürlərini çatdırmışlar. Onlar bundan əvvəlkində olduğu kimi, 57-ci "Eurovision" mahnı müsabiqəsində də Azərbaycanın qələbə qazanmaq şansının daha yüksək olduğunu qeyd etmişlər.

Mətbuat konfransında Azərbaycanın xalq artisti Alim Qasımovun ifa etdiyi muğam parçası jurnalistlər tərəfindən alqışlarla qarşılanmışdır.

İspaniyanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Pastora Solerin  səhnə tərtibatı son dərəcə maraqlı olmuşdur. Mavi işıqların fonunda qurulan səhnə tərtibatı şüşədən süzülən yağış damcıları təsvirini yaratmışdır. İfa zamanı müğənnini səhnədə 5 vokalçı müşayiət etmişdir. İspaniya təmsilçisi müsabiqənin təşkilatçılarına və Azərbaycan xalqına təşəkkür etmişdir.

Pastora Soler ölkəsini bu müsabiqədə təmsil etməkdən qürur duyduğunu və bunun həm də böyük məsuliyyət olduğunu bildirmişdir. İspaniya təmsilçisi Bakıda qarşılaşdığı hədsiz mehribanlığa və qonaqpərvərliyə görə müsabiqənin təşkilatçılarına və Azərbaycan xalqına təşəkkür etmişdir.

"Baku Crystal Hall"ın səhnəsində günün son məşqini isə  Almaniyanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Roman Lob keçirmişdir. "Standing Still" mahnısı ilə səhnəyə çıxan alman müğənni məşq zamanı geyimini bir neçə dəfə dəyişmişdir.

Gənc olmasına baxmayaraq almaniyalı təmsilçinin təqdimatında özünə güvənməyi və sərbəstlik açıq-aydın hiss olunmuşdur. Məşq zamanı kamera davamlı olaraq müğənninin ətrafında fırlanmışdır. Maraqlıdır ki, Roman Lobun da bütün diqqəti ifa boyu onu izləyən kamerada olmuşdur.

Bununla da müsabiqədə iştirak edən 42 ölkə təmsilçiləri "Baku Crystal Hall"da birinci və ikinci məşqlərini başa vurmuşlar.

Mayın 21-də isə birinci yarımfinalda iştirak edəcək 18 ölkə təmsilçisinin tamaşaçıların iştirakı ilə əsas məşqləri keçirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 22 may.- S. 8.