Azərbaycanın
Birləşmiş Millətlər Təşkilatı
yanında daimi nümayəndəsi səfir
Aqşin Mehdiyev BMT Baş Məclisinə və Təhlükəsizlik
Şurasına məktub göndərmişdir
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev mayın 9-da BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin 66-cı sessiyasının ünvanına məktub göndərmişdir.
AzərTAc həmin məktubu və ona əlavəni təqdim edir.
Azərbaycanın
Birləşmiş Millətlər Təşkilatı
yanında daimi nümayəndəsinin Baş Katibin adına 9 may 2012-ci il tarixli məktubu
İcazənizlə, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına (S2012301) əlavə edilən Ermənistan Respublikasının daimi nümayəndəsinin Baş katibin adına 5 may 2012-ci il tarixli məktubuna istinad edirəm. Bu bəyanat Təhlükəsizlik Şurasının 4 may tarixli iclasında Azərbaycan Respublikası Prezidentinin gündəliyin "Terror aktlarının beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı bəndinə dair çıxışına guya cavabdır. Əslində isə Ermənistan Xarici İşlər Nazirliyinin həmin bəyanatı erməni tərəfinin beynəlxalq birliyi narahat edən ən ciddi cinayətlərə görə, o cümlədən Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün gedişində törədilən terrorizm aktlarına görə məsuliyyəti öz üzərindən götürməyə uğursuz cəhdi, məkrli və həyasız saxtalaşdırmaların daha bir əyani nümunəsidir.
Yaxşı məlumdur ki, beynəlxalq erməni terrorizminin qanlı tarixi müxtəlif ölkələrdə çoxsaylı terror aktları törədilməsi, bir sıra əcnəbi vətəndaşların və diplomatların qətlə yetirilməsi ilə sıx bağlıdır. Belə ki, kütləvi informasiya vasitələrinin verdiyi məlumatlara və vətəndaş cəmiyyəti təşkilatlarının hesablamalarına görə, 1973-cü ildən indiyə qədər erməni terror qrupları, məsələn, ermənilərdən ibarət məxfi Ermənistanın azadlıq ordusu və erməni soyqırımına münasibətdə ədalət uğrunda mübarizlər Azərbaycana və onun vətəndaşlarına terror hücumları ilə yanaşı, Şimali Amerika, Avropa, Yaxın Şərq və Sakit Okean regionunun müxtəlif ölkələrində 239 terror aktı törətmiş, nəticədə azı 70 nəfər həlak olmuş, 524 nəfər yaralanmış, 105 nəfər girov götürülmüş, onlardan 12 nəfəri edam edilmişdir. Bu terror hücumları sırasına ən azı 160 bomba terrorizmi daxildir. Həmin hadisələr ölən və yaralananların sayına görə, ən ciddi nəticələr doğurmuşdur, çünki onlar bir qayda olaraq, aeroportlar, şəhər meydanları və ticarət mərkəzləri kimi adamların çox olduğu ictimai yerlərdə törədilmişdir.
Federal Təhqiqatlar Bürosunun məlumatına görə, 1980-1986-cı illərdə Amerika Birləşmiş Ştatlarında baş vermiş terror insidentlərinin ümumi sayının 24,1 faizində erməni terrorçuların əli olmuşdur. Erməni terrorizminin yönəldiyi ölkələr arasında keçmiş Sovet İttifaqı da vardı. Belə ki, 1977-ci il yanvarın 8-də Sovet İttifaqının paytaxtı Moskva şəhərinin metrosunda və ərzaq mağazalarında törədilmiş üç silsilə partlayış nəticəsində 7 nəfər həlak olmuş, onlarca insan yaralanmışdır. 1978-ci ilin yanvar ayında yenə Moskva metrosunda partladıcı qurğunun işə düşməsi çoxsaylı sərnişinlərin həlak olmasına və yaralanmasına gətirib çıxarmışdır. Həmin terror aktlarını törətmiş üç nəfər erməni millətindən olan Sovet İttifaqı vətəndaşı S.Zatikyan, Z.Baqdasaryan və A.Stepanyan tapılmış və məhkəməyə cəlb edilmişdir.
Xüsusi qeyd etmək lazımdır ki, beynəlxalq birlik, ilk növbədə BMT Baş Məclisi və Təhlükəsizlik Şurası vasitəsilə terrorizmin qurbanları və onların ailə üzvləri ilə səmimi həmrəy olduğunu dəfələrlə bəyan etməsinə, terrorizmin qurbanlarına kömək göstərməyin, onlara və onların ailə üzvlərinə dəstək verməyin vacibliyini dəfələrlə vurğulamışdır ki, onlar bu itkiyə və kədərə davam gətirə bilsinlər. Buna baxmayaraq, Ermənistan rəhbərliyi daim terror aktlarını törədənlərlə həmrəy olduğunu, onları dəstəklədiyini və rəğbət bəslədiyini nümayiş etdirir. Ermənistanda terrorizmə xüsusi münasibətin təsdiqini terrorçuların alqışlanmasında, onların milli qəhrəman statusuna yüksəldilməsində, onlara dövlət mükafatları verilməsində görmək olar. Buna nümunə kimi başqa hallarla yanaşı, Fransada "Orli" aeroportunda partladıcı qurğu qoyulmasına görə ömürlük həbs cəzasına məhkum edilmiş erməni terrorçu Varujan Karapetyanın müdafiəsi üçün 1.277.473 Ermənistan vətəndaşının imzasının toplanmasını göstərmək olar. Üstəlik, Yerevandakı məktəblərin birinin altıncı sinifinə onun adı verilmiş, Yerevanda və Eçmiədzində onun rəsm əsərlərinin sərgiləri təşkil edilmişdir. Ermənistan rəhbərliyi tərəfindən terrorçulara rəğbət təzahürü kimi məsələn, Ermənistan prezidentinin Fransa prezidentinə müraciətlə Varujan Karapetyanın əfv olunmasını xahiş etməsi, habelə məşhur beynəlxalq terrorçu Monte Melkonyanın dəfnində Ermənistan dövlətinin başçısının iştirakını göstərmək olar. Qeyd etmək lazımdır ki, Monte Melkonyana milli qəhrəman adı verilmiş və o, ölümündən sonra ən yüksək əsgəri ehtirama və Ermənistanın təltiflərinə layiq görülmüşdür.
Bu fonda Ermənistan Xarici İşlər Nazirliyinin təqsiri Azərbaycanın üzərinə yıxmaq və onu beynəlxalq terror şəbəkələri ilə əlaqə saxlamaqda suçlamaq üçün ümidsiz cəhdləri ən azı qəribədir. Bir vəziyyət də eyni dərəcədə absurddur ki, ermənilərin irqi üstünlüyü və irqi ayrı-seçkilik kimi çirkin ideyaları açıq təbliğ edən və yayan, həm öz ölkəsinin ərazisini, həm də Azərbaycanın işğal edilmiş rayonlarını bütün qeyri-ermənilərdən təmizləmiş Ermənistan rəhbərliyi beləliklə, orada monoetnik mühit yaratmağa nail olduqdan sonra öz cinayətlərini həyasızcasına başqalarının adına yazır.
Erməni təbliğatı tərəfindən istifadə edilən çirkin saxtalaşdırma metodunu ifşa edən faktlar lazım olduğundan da çoxdur və beynəlxalq ictimaiyyətin diqqəti dəfələrlə belə faktlara cəlb edilmişdir. Bunu xatırlatmaq kifayətdir ki, Ermənistan prezidenti Serj Sarkisyan 2000-ci il dekabrın 15-də verdiyi məşhur müsahibəsində "vəziyyət başqa cür ola bilərdimi və ermənilərin dinc Azərbaycan sakinlərinə hücumları nəticəsində minlərlə insanın həlak olmasına görə təəssüflənirsinizmi" sualına cavab olaraq açıq şəkildə bildirmişdir ki, buna əsla təəssüflənmir, çünki onun fikrincə, "bu cür sarsıntılar, hətta minlərlə insan həlak olsa belə, zəruridir" (bax: http:carnegieendowment.org20120224president-interview-andtragic-anniversary9vpa, ingilis dilində).
Terror aktları nəticəsində beynəlxalq sülhə və təhlükəsizliyə yaranan təhdidlərin Təhlükəsizlik Şurasında müzakirə edilməsi kontekstində Ermənistanın əsaslandırılmış əməlləri Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən qeyri-adekvat və məsuliyyətsiz reaksiyaya səbəb olmuşdur. Bununla əlaqədar mən, Azərbaycan Respublikası hökumətinin tapşırığına əsasən Sizin diqqətinizi Ermənistan tərəfindən Azərbaycana qarşı yönəlmiş terror aktlarının təşkil olunmasına və həyata keçirilməsinə dəlalət edən bəzi faktlara cəlb etmək şərəfinə layiq görülmüşəm (bax: əlavə).
Bu məktubun və ona əlavənin Baş Məclisin gündəliyinin 35, 39, 67 və 109-cu bəndləri üzrə sənədi və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasının təmin edilməsinə görə Sizə minnətdar olardım.
(İmza)
Aqşin MEHDİYEV,
Səfir, Daimi nümayəndə
Azərbaycanın Birləşmiş
Millətlər Təşkilatı yanında daimi nümayəndəsinin
Baş Katibin adına 9 may 2012-ci il tarixli məktubuna əlavə
Ermənistan tərəfindən Azərbaycana
qarşı yönəlmiş terror aktlarının təşkil
edilməsinə və həyata keçirilməsinə dəlalət
edən bəzi faktlar haqqında informasiya
1980-ci illərin axırlarında Ermənistan
Azərbaycan ərazisinə iddialarını açıq bəyan
edəndən və Azərbaycanın Dağlıq Qarabağ
regionunda hərbi əməliyyatlara başlayandan sonra o,
terrorizmdən öz işğalçı niyyətlərinin
həyata keçirilməsi vasitələrindən biri kimi
istifadə edir. Bütövlükdə 1980-ci illərin
axırlarından etibarən Ermənistanın məxfi xidmətləri
və onlarla sıx əlaqədar olan erməni terror təşkilatları
tərəfindən törədilmiş terror aktları nəticəsində
2000-dən çox Azərbaycan vətəndaşı, əsasən
qadınlar, qocalar və uşaqlar həlak olmuşlar.
Qeyd
etmək lazımdır ki, erməni terrorçularının
Azərbaycan ərazisində törətdiyi cinayətlərin
faciəli siyahısı münaqişə başlayandan əvvəl
açılmışdır. 1984-cü ildə Bakıda 106
nömrəli marşrutda işləyən sərnişin
avtobusunun partladılması nəticəsində iki uşaq
anası olan bir qadın həlak olmuş, daha bir neçə
nəfər yaralanmışdı. Bu cinayəti törətmiş
terrorçunun şəxsiyyəti müəyyən edilmiş,
onun Vartanov soyadlı erməni olması sübuta
yetirilmişdir.
1988-ci ilin dekabr ayında Bakıdan Yerevana gedən hərbi nəqliyyat təyyarəsində Ermənistanda zəlzələ qurbanları üçün humanitar yardım və xilasedicilər olmuşdur. Həmin təyyarə indiyə qədər aydınlaşdırılmamış şəraitdə Yerevanın yaxınlığında qəzaya uğramışdır. Bir versiyaya görə təyyarə atəşə tutulmuş, başqa bir versiyaya görə Yerevan aeroportunun aviadispetçerləri uçuşun dağlıq ərazidə kiçik yüksəklikdə keçməsindən istifadə edərək pilotu qəsdən çaşdırmışlar. Bu planlaşdırılmış "aviasiya qəzası"nın təşkil edilməsinin motivi tamamilə görünməmiş məsələdir, çünki həmin dövrdə iki respublika arasında münasibətlərdə yaranmış gərginliklərə baxmayaraq, Azərbaycandan Ermənistana humanitar missiya ilə göndərilən 79 nəfər bu cinayətin qurbanı olmuşdur.
1989-cu il mayın 27-də Yerevan-Bakı qatarında Ermənistan vətəndaşı olan V.Minasyan soyadlı bir qadın həbs edilmiş, onda partladıcı qurğu aşkar edilmişdi. V.Minasyan öz ifadələrində etiraf etmişdir ki, o, həmin qurğunu Azərbaycanın paytaxtı Bakıda işə salmaq niyyətində olmuşdur.
1989-cu il iyulun 24-də Karçevan stansiyası yaxınlığında qatarda, Azərbaycan dəmir yoluna aid hissədə partlayış baş vermişdir.
1989-cu il oktyabrın 7-də Xankəndi şəhərinin cənub hissəsində yerləşən Xəlfəliçay üzərindəki avtomobil körpüsü partladılmışdır. Həmin terror aktını törətmiş A.Abramyan 1992-ci il aprelin 29-da 15 il həbs cəzasına məhkum edilmişdir.
1990-cı il yanvarın 19-dan fevralın 17-dək bir qrup terrorçu Ermənistan ərazisindən Azərbaycanın Qazax rayonunun sərhədyanı Xeyrimli və Sofulu kəndlərinə bir neçə dəfə basqın etmiş, bu hücumların obyekti kimi həmin kəndlərin sakinlərini seçmişdi. Yenə həmin terrorçu qrup Qazax rayon Daxili İşlər Şöbəsinin patrul maşınına hücum etmiş və teplovozu məhv etməyi planlaşdırmışdı. Həmin qrupun iki üzvü L.Arutyunyan və A.Mkrtçan, müvafiq surətdə beş il və altı il həbs cəzasına məhkum edilmişdir.
1990-cı il fevralın 18-də Yevlax-Laçın yolunun 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən şəhərlərarası avtobusda baş vermiş partlayış nəticəsində 13 nəfər yaralanmışdır.
1990-cı il martın 4-də Dağlıq Qarabağ regionunda Şuşa şəhərini içməli su ilə təmin edən Nabyar-Şuşa su kəməri partladılmışdır.
1990-cı il iyulun 11-də Azərbaycanın Tərtər rayonunun Getavan və Çərəktar kəndləri arasındakı yolda hərbi qulluqçuların müşayiəti ilə Kəlbəcər şəhərinə adamları və yükləri daşıyan avtomobil dəstəsinə silahlı hücum edilmişdir. Bu terror aktı nəticəsində üç nəfər həlak olmuş və 23 nəfər yaralanmışdır. İstintaq müəyyən etmişdir ki, bu cinayəti A.Ayriyan soyadlı bir erməni törətmişdir.
1990-cı il avqustun 10-da Azərbaycanın Xanlar rayonunda terrorçular Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən şəhərlərarası avtobusu partlatmış, nəticədə 20 sərnişin həlak olmuş və 30 nəfər yaralanmışdır. Bu terror aktını törədənlər həbs edilmiş və özlərinin daha bir planını - 1991-ci il iyunun 17-də Ağdam-Tbilisi marşrutundakı avtobuslardan birini partlatmaq niyyətini həyata keçirə bilməmişlər. Bu cinayətlərin törədilməsində iki erməni - A.Avanesyan və M.Tatevosyan təqsirkar bilinmişdir.
1990-cı ilin noyabr ayında Ermənistan ərazisində yerləşən və Ermənistanın Eçmiədzin rayonunun sakinlərindən ibarət olan "Erqraparx" terror təşkilatına daxil olan M.Qriqoryan adlı birisinin yaratdığı terrorçu qrup Azərbaycan ərazisinə göndərilmişdir. Bu qrup terror aktları həyata keçirməyə cəhd edərkən Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tərk-silah edilmişdir.
1991-ci il yanvarın - 9-da Laçın-Şuşa yolunun 5-ci kilometrində, Qaladərəsi kəndinin yaxınlığında terrorçular Gəncə şəhərində dislokasiya etmiş 44688 nömrəli hərbi hissəyə məxsus olan UAZ-469 avtomobilinə atəş açmış, nəticədə sürücü, serjant İ.İ.Qoyek, kəşfiyyat batalyonunun komandiri, podpolkovnik A.P.Larionov, 3505 nömrəli hərbi hissənin (Sovet Sosialist Respublikaları İttifaqı Daxili İşlər Nazirliyi xüsusi təyinatlı daxili qoşun bölmələri idarəsi) qərargah rəisi, mayor İ.D.İvanov, habelə "Molodyoj Azerbaydjana" qəzetinin jurnalisti S.Ə.Əsgərova həlak olmuşdur. İstintaq müəyyən etmişdir ki, bu cinayəti A.Mkrtçan, Q.Petrosyan, A.Manqasaryan, Q.Arutyunyan və Q.Arustamyan törətmişdir.
1991-ci il mayın 30-da Moskva-Bakı sərnişin qatarında Xasavyurt stansiyası (Dağıstan, Rusiya Federasiyası) yaxınlığında baş vermiş partlayış nəticəsində 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
1991-ci ilin mayında Bakı-Tbilisi qatarında Şəmkir stansiyasında hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistanın Noyemberyan rayonunun sakini S.Aznaryanı həbs etmiş və ondan iki mina, bir avtomat, Azərbaycanın dəmir və avtomobil yollarının xəritələrini müsadirə etmişlər.
1991-ci il iyulun 31-də Temirtau stansiyası (Dağıstan, Rusiya Federasiyası) yaxınlığında Moskva-Bakı sərnişin qatarında partlayış baş vermiş, nəticədə 16 nəfər həlak olmuş və 20 adam yaralanmışdır.
Azərbaycanın hüquq-mühafizə orqanları Ermənistanda bazası yerləşən "Urartu" terror təşkilatının iki üzvünü - 1991-ci il avqustun 2-də Azərbaycanın Kəlbəcər rayonu ərazisində terror hücumları törətmiş A.Tatevosyanı və V.Petrosyanı saxlamış və tərk-silah etmişlər.
1991-ci il noyabrın 20-də içərisində Rusiya Federasiyasının və Qazaxıstanın bir qrup nümayəndəsi, habelə Azərbaycanın ali rəhbərləri olan Mİ-8 helikopteri Azərbaycanın Xocavənd rayonunda, Qarakənd kəndi yaxınlığında vurulmuşdur. Üç ölkənin dövlət xadimləri də daxil olmaqla 22 nəfərin qətlə yetirilməsi əslində Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla tənzimlənməsi üçün birinci cəhddən imtina edilməsinə səbəb olmuş və regionda zorakılığın yayılmasına gətirib çıxarmışdır.
Erməni terrorçular tərəfindən Azərbaycanın Xəzər dəniz gəmiçiliyi idarəsinə məxsus gəmilərdə törədilmiş yeganə terror aktı 1992-ci il yanvarın 8-də baş vermişdir. Həmin gün Krasnovodskdan Bakıya gedən "Sovetskaya Kalmıkiya" bərəsində törədilmiş partlayış nəticəsində 25 nəfər həlak olmuş və 88 nəfər yaralanmışdır. Elə həmin il "Sabit Orucov" teploxoduna partladıcı qurğu keçirmək cəhdinin qarşısı vaxtında alınmışdır.
1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan mülki helikopter Azərbaycanın Dağlıq Qarabağ regionundakı Şuşa şəhəri səmasında terrorçular tərəfindən vurulmuş, nəticədə əksəriyyəti qadınlar və uşaqlar olan sərnişinlər (41 nəfər), habelə bütün heyət üzvləri həlak olmuşdur.
1993-cü il fevralın 28-də Qudermes stansiyası (Dağıstan, Rusiya Federasiyası) yaxınlığında Bakı-Kislovodsk qatarında partladıcı qurğunun işə düşməsi nəticəsində 11 nəfər həlak olmuş və 18 nəfər yaralanmışdır.
1993-cü il iyunun 2-də Bakı dəmir yol vağzalının ehtiyat yollarında sərnişin vaqonu partladılmış, 1994-cü il iyulun 22-də Azərbaycan Respublikası Ali Məhkəməsi bu cinayətin törədilməsində Rusiya Federasiyası Kalininqrad vilayətinin Slavski rayonunun Qastelovo kəndinin sakini, "Demokratiçeskiy Tilzit" qəzetinin müxbiri, Rusiya vətəndaşı İ.Xatkovskini təqsirkar hesab etmiş və onu səkkiz il həbs cəzasına məhkum etmişdir. İstintaq müəyyən etmişdir ki, Xatkovski Ermənistan Baş Milli Təhlükəsizlik İdarəsi (keçmiş Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən ələ alınmış və Azərbaycanın nəqliyyat və rabitə obyektlərində, həyati əhəmiyyətli infrastruktur obyektlərində partlayışlar təşkil etmək, kəşfiyyat informasiyası toplamaq və Rusiya Federasiyasının ərazisində terror aktları törətmək barədə ətraflı təlimat almışdır. Xatkovskinin işinin təhqiqatı Ermənistan Baş Milli Təhlükəsizlik İdarəsi agentlərinin Azərbaycan, Gürcüstan və Rusiya Federasiyasında terror aktları təşkil edilməsinə görə məsuliyyət daşıyan qrupunu ifşa etməyə və zərərsizləşdirməyə kömək etmişdir. Bu qrupa düşmən ərazisində kəşfiyyat və pozucu əməliyyatlar şöbəsinin rəisi, polkovnik-leytenant Can Ohanesyan başçılıq edirdi. Tambov qarnizonunun (Rusiya Federasiyası) hərbi tribunalı polkovnik-leytenant Ohanesyanı və onun tabeliyində olan iki şəxsi - Aşot Qaloyan və Boris Simonyanı müxtəlif müddətlərə həbs cəzasına məhkum etmişdir.
1994-cü il fevralın 1-də Bakı Dəmir Yol Vağzalında Kislovodsk-Bakı sərnişin qatarında partlayış baş vermiş, nəticədə üç nəfər həlak olmuş, 20-dən çox adam yaralanmışdır.
1994-cü il martın 17-də Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazisinin səmasında İrana məxsus S-130 təyyarəsi vurulmuş, nəticədə İran İslam Respublikasının 32 vətəndaşı həlak olmuşdur.
1994-cü il martın 16-da Bakı metrosunun "20 Yanvar" stansiyasında vaqonların birində partladıcı qurğu işə salınmış, nəticədə 14 nəfər həlak olmuş və 42 nəfər yaralanmış, o cümlədən ciddi xəsarət almışdır.
1994-cü il martın 26-da Azərbaycan dəmir yolunun Qazıməmməd stansiyasında dəmir yol vaqonunda partladıcı qurğu aşkar edilmişdir.
1994-cü il aprelin 9-da Xudat stansiyasında sərnişin vaqonu partladılmışdır.
1994-cü il il aprelin 13-də "Daqestanskiye oqni" stansiyasında (Rusiya Federasiyası) Moskva-Bakı sərnişin qatarında baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olmuş və 3 nəfər yaralanmışdır.
1994-cü il iyulun 3-də Bakı metrosunun
"28 May" və "Gənclik"
stansiyaları arasında qatarda
partlayış baş vermiş,
nəticədə 14 nəfər həlak olmuş
və 54 nəfər yaralanmışdır.
Azərbaycan.- 2012.- 22 may.- S. 9.