Nəsillərə
örnək olan ömür
yolu
Hər bir alim qiymətlidir. Hər
bir alimin
yaratdığı elmi əsərlər
özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə
ilə birləşdirən, nəzəri fikirlərini tətbiq
edə bilən və onlardan əməli
nəticə götürə bilən, cəmiyyətə,
ölkəyə, xalqa konkret
fayda gətirən insanlar
alimlərin sırasında xüsusi yer tutur.
Heydər ƏLİYEV
Ümummilli
lider Heydər Əliyevin bu fikirlərindən
göründüyü kimi, hər bir insan
yaşadığı ömür yolunun dəyərinə, eləcə
də xalqı və Vətəni qarşısında xidmətlərinə
görə yaddaşlarda qalır. Əlbəttə, bu da onun
necə yaşamasından, həyatda qoyduğu izlərdən,
zəngin elmi yaradıcılığından daha çox
asılı olur. Deməli, hər bir insanın
düşüncələrdə, qəlblərdə və
duyğularda yaşaması onun əməlləri, doğma
elinə, obasına xidmət məramı ilə səciyyələnir.
Şərəfli ömür yoluna malik olanlar dünyadan
köçərkən belə sanki özlərindən
sonrakı nəsillərlə yenidən doğulur, yüksək
məhəbbət hissi, böyük hörmət və
ehtiramla qəlblərdə yaşayırlar. Görkəmli
iqtisadçı alim, yetirmələri, ardıcılları
üçün halallıq və paklıq nümunəsinə
çevrilən, dəyərli ziyalı, qeyrətli vətəndaş
kimi tanınan akademik Əhməd Əkbər oğlu Mahmudov
da belə insanlar içərisində ön yerlərdən
birini tutur.
Fədakar
alim, ləyaqətli və səmimi insan, iqtisad elmləri doktoru,
professor, AMEA-nın həqiqi üzvü Əhməd Əkbər
oğlu Mahmudov 1923-cü il may ayının 25-də
Naxçıvan Muxtar Respublikasının Kəngərli
rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.
1942-1945-ci
illərdə Böyük Vətən müharibəsində
iştirak edən Ə.Mahmudov 1950-ci ildə Azərbaycan
Dövlət Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə
diplomu ilə bitirmişdir. Elə həmin vaxtdan etibarən
onun taleyi və bütün elmi fəaliyyəti Azərbaycan
Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu ilə
bağlı olmuşdur. 1958-1964-cü illərdə institutun
elmi işlər üzrə direktor müavini, 1964-cü ildən
ömrünün sonunadək direktor vəzifəsində
çalışmışdır. 1956-cı ildə Moskva
şəhərində namizədlik və 1968-ci ildə isə
doktorluq dissertasiyalarını müvəffəqiyyətlə
müdafiə etmişdir.
Əhməd
Mahmudovun bu elm mərkəzinə rəhbərlik etdiyi
dövrdə İqtisadiyyat İnstitutu nəinki respublikada, həm
də keçmiş sovetlər məkanının
bütün bölgələrində zəngin elm məbədi
kimi tanınmağa və şöhrətlənməyə
başlamışdır.
Bir qədim
Şərq məsəlində deyilir: "Əgər
planın bir illikdirsə darı səp, on illikdirsə
ağac ək, bir əsrlikdirsə insan tərbiyə et".
Görkəmli iqtisadçı alim Əhməd Mahmudov öz
fəaliyyətində bunların hamısını birləşdirirdi.
Onun amalı müqəddəs idi, əməlləri
sağlam, faydalı prinsiplər üzərində
qurulmuşdu. Əhməd müəllimin yaşam tərzi
canlı bir məktəb idi, zəngin təcrübəsini gənclərə
öyrətməyə daha çox üstünlük verirdi.
Hətta tanımadığı, ilk dəfə
gördüyü bir insana da öz dəyərli məsləhətlərini
verməyi, ona imkanı daxilində qayğı göstərməyi
vətəndaşlıq borcu, insanlıq vəzifəsi
sayırdı.
Akademik
Əhməd Mahmudov əldə etdiyi hər bir uğura
böyük zəhmət, yenilməz iradə hesabına nail
olmuşdu. Alim başqalarını da ciddi fəaliyyətə
cəlb etməyi bacarırdı. İnsanları yaxşı
tanımaq qabiliyyəti və möhkəm yaddaş onun
fenomenal xüsusiyyətlərindən idi. Gənclərə
qayğı, ətrafındakılara səmimi münasibət,
özünə və başqalarına qarşı dərin məsuliyyət
hissi, məqsədi yolunda dönməzlik bu insanın şəxsiyyətini
səciyyələndirən ən gözəl xüsusiyyətlər
idi. Şübhəsiz ki, bu Vətəninə, xalqına məhəbbətdən
və insanlığa hörmətdən qidalanan keyfiyyətlər
onu ümumbəşəri maraqlara xidmət edən sivil bir
alim kimi ölkəmizdə və xaricdə
tanıdırdı.
Əhməd
Mahmudov çalışdığı sahədə və ətrafda
baş verən nöqsanlara həmişə təmkinlə
yanaşırdı, daha çox gərginliklərin
qarşısını almağa, vəziyyəti
yaxşılaşdırmağa çalışırdı.
Belə hallarda alim səmərəli əməkdaşlıq
və sağlam rəqabət mühiti yaratmağa
üstünlük verirdi. Əhməd müəllim
iqtisadçı alimlər arasında həmişə mükəmməl
obrazı ilə seçilir, özünəməxsus yüksəklikdə
görünürdü. Bu üstünlüyün əsas səbəbləri
onun elmi potensialı və idarəetmə məharətindən
irəli gəlirdi. Bütün əmək fəaliyyəti Azərbaycan
Milli Elmlər Akademiyası ilə bağlı olan Əhməd
Mahmudov kiçik elmi işçidən akademiyanın həqiqi
üzvlüyünə qədər pillə-pillə yüksələ
bilmişdi. Alim ötən əsrin 60-cı illərinin əvvəllərindən
ömrünün sonuna kimi AMEA-nın İqtisadiyyat
İnstitutuna rəhbərlik etmiş, həm də
akademiyanın iqtisadiyyat, fəlsəfə, tarix və
hüquq bölməsinin akademik katibi vəzifəsini məharətlə
icra etmişdi. Əhməd müəllimin akademiya sistemində
40 ilədək əmək fəaliyyəti, 25 ildən
artıq İqtisadiyyat İnstitutuna rəhbərliyi əsl
elmi fədakarlıq idi. Bu böyük iqtisadçı alimin
qayğı və himayəsi ilə çoxsaylı elmlər
namizədi və doktorlar yetişmişdir. Bu sahədə
qazanılan çoxsaylı uğurlar, sözün əsl mənasında,
ölkəmizdə iqtisad elmini yüksəkliklərə
qaldırmışdır.
Respublikada
mütərəqqi ruhlu iqtisadçı alim, qurucu və təşkilatçı
kimi şöhrətlənən akademik Əhməd Mahmudov
keçmiş Sovetlər İttifaqında elmi və ictimai fəaliyyəti
ilə böyük nüfuz qazanmışdı. Bir çox gənc
iqtisadçılar respublikamızdan kənarda Əhməd
müəllimin ad-sanı, nüfuzu sayəsində
sorğu-sualsız, müsbət
qarşılanmışdılar.
Yaxşı
yadımdadır, Mixail Qorbaçovun respublikamıza riyakar və
qərəzli münasibəti nəticəsində o
zamankı Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunda (indi isə dünya səviyyəli elm və tədris
ocağına çevrilən Azərbaycan Dövlət
İqtisad Universiteti) aparılan əsassız yoxlamaların nəticələri
Sov.İKP MK-nın Siyasi Bürosunda müzakirəyə
çıxarılmışdı. Artıq həmin dövrdə
mənim iqtisad elmləri doktoru alimlik dərəcəsi
almağa təqdim etdiyim dissertasiya işi dosenti olduğum bu
ali təhsil müəssisəsinin bir sıra kafedralarında
müzakirədən keçərək açıq
müdafiə üçün Elmi Şuraya təqdim
edilmişdi. Lakin Sov.İKP MK-nın Siyasi Bürosunun qərarı
ilə, həm da haqsız olaraq Azərbaycan Xalq Təsərrüfatı
İnstitutu ləğv edilərək Voznesenski adına
Leninqrad (Sankt-Peterburq) Maliyyə-İqtisad İnstitutunun
filialına çevrildi. Bu da respublikada elmin inkişafı
yolunda süni çətinlik və maneələr
yaradırdı. Dissertasiya Leninqrad Maliyyə-İqtisad
İnstitutunun müvafiq kafedralarında yenidən müzakirə
olunmalı və sonra qərar qəbul edilməli idi. Belə
də oldu. O zaman Əhməd müəllimin ağıllı
məsləhətləri, düzgün istiqamət verməsi
mənə dözüm, ümid və iradə verirdi. İki
ilə qədər əlavə vaxt getsə də,
böyük əziyyətlərlə üzləşsəm də,
hər şey uğurla nəticələndi. Mən indi də
fəxr edirəm ki, Əhməd Mahmudovun tövsiyəsi,
xeyir-duası ilə respublikadan kənarda, həm də müvəffəqiyyətlə
doktorluq dissertasiyasını müdafiə etdim. Xüsusi
olaraq vurğulamalıyam ki, bütün bu çətinlikləri
akademik Əhməd Mahmudovun sovet iqtisad elmindəki mövqeyi,
nüfuzu və Azərbaycan elminə
qazandırdığı mötəbərlik sayəsində
uğurla dəf etdim. Onun "sən dönməzliyini
sübut etməlisən və sərt əngəllərə
qalib gəlməlisən, respublikadan kənarda elmi iş
müdafiə etmək ikiqat şərəflidir" sözləri
mənə güc verdi, daha çox səfərbər oldum.
Yeri
gəlmişkən qeyd edək ki, yaşadığı
dövrün bəzi üzdəniraq ənənələri Əhməd
müəllimi də ağrıdır,
qayğılandırırdı. O, daha çox
xalqımızın maraqlarına xidmət edirdi. Alim elmimiz və
mənəviyyatımız üçün zərərli olan
nə vardırsa hamısına qarşı barışmaz
idi, yetirmələrini də belə tərbiyələndirirdi.
Elmi potensialı güclü, siyasi baxışları
aydın, mənəvi-etik aləmi zəngin olan akademik Əhməd
Mahmudov bu gün də çoxlarına örnəkdir. Bu
görkəmli elm adamının əziz xatirəsi onu
tanıyanların, xüsusilə iqtisadçı alimlərin
qəlbində daim yaşayır, adı və əməlləri
məhəbbətlə, qədirbilənliklə
anılır. Ən azı ona görə ki, akademik Əhməd
Əkbər oğlu Mahmudov öz doğmalarına,
yaxınlarına rəva bilmədiyini özgələrə,
hətta tanımadığı kənar adamlara da məsləhət
görməzdi. O, hər bir insanın təkcə qələbəsinə
və sevincinə deyil, həm də dərdinə, kədərinə,
qəminə şərik olmağa
çalışırdı.
Nümunəvi
həyat yolu keçmiş görkəmli iqtisadçı alim
akademik Əhməd Mahmudovun bu il mayın 25-də 89
yaşı tamam olur. 2013-cü ilin həmin tarixində isə
bu böyük alimin dünyaya göz açmasının
90-cı ildönümüdür. Ümidvaram ki, Azərbaycanımızın
müasir uğurları ilə fəxr edən Vətən
övladları bu tarixi günü də unutmayacaq və zaman
keçdikcə akademik Əhməd Mahmudovun əziz xatirəsi
onu tanıyanların qəlbində daha şirin
düşüncələrlə anılacaq, ehtiramla yad ediləcəkdir.
Xanhüseyn KAZIMLI,
iqtisad elmləri doktoru,
professor, Milli Məclisin
deputatı
Azərbaycan.- 2012.- 22 may.- S.
10.