Nəhəng musiqi çələngi
Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətinin günəşi sayılır. Məhz o ucalıqdan nur içən silsilə dağların - yeni sənət zirvələrini fəth edənlərin də öz imzaları var: Müslüm Maqomayev, Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Arif Məlikov... Bu möhtəşəm sırada məhz öz yeri və yaradıcılıq üslubu olan xalq artisti Aqşin Əlizadənin Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı xidmətləri əvəzsizdir. Teatrşünas Fərəh Əliyeva bu görkəmli bəstəkar haqqında belə yazır: "Aqşin Əlizadəni haqlı olaraq Azərbaycan musiqisinin klassiki, Üzeyir Hacıbəyli ənənələrinin ən parlaq davamçısı hesab edirlər. Üzeyir Hacıbəylinin musiqisinə xas gözəllik və nəciblik, həssas forma duyumu, xəlqilik, sözün əsl mənasında, klassik təfəkkür tərzi Aqşin Əlizadənin yaradıcılığında yeni səpkidə, müasir görümdə davamını tapır... Aqşin Əlizadə çağdaş dünya musiqisinin ən müxtəlif üslub təmayüllərinə, yazı üsullarına yaxşı bələddir".
Elə bu səbəbdəndir ki, Aqşin Əlizadənin yaradıcılığı orijinaldır, özünəməxsusdur. Nə süni şəkildə müasirçilik, nə də mənasız, maraqsız ənənəçilik onun musiqisində öz əksini tapıb. Ötən əsrin 60-cı illərindən başlayaraq Aqşin Əlizadə bir çox həmkarı ilə birlikdə Azərbaycan musiqisində, məhz yeni bir mərhələnin başlanğıcını qoydu. İstər müasir üsluba, istərsə də milli incəsənətin ənənələrinə Aqşin müəllim həmişə yeni gözlə baxır, yeni estetik mövqelərdən yanaşır. O, xalq musiqisinin dərin qatlarından aldığı qidanı çağdaş kompozisiya üsullarında birləşdirərək musiqi mədəniyyətimizə bir-birindən gözəl və yeni, o cümlədən nəhəng əsərlər bəxş edir. Əlbəttə, burada önəmli rolu Aqşin Əlizadənin istedadı oynayırsa, digər səbəb onun unudulmaz bəstəkar Cövdət Hacıyevin sinfində təhsil almasıdır.
İstər kamera, istərsə də simfonik orkestr üçün Aqşin Əlizadə bir-birindən orijinal və dəst-xətti ilə seçilən xeyli sayda simfonik əsərlər bəstələyib. Onun skripka və violonçel üçün yazdığı poema və konsertləri musiqi dünyamızın maraqlı səhifələrini təşkil edir. Yaradıcılığının ilk dövrünə aid üçhissəli kamera simfoniyası onun üslubunun mühüm keyfiyyətlərini aydın üzə çıxarır. Eləcə də məşhur "Bayatılar" əsəri (xor üçün) Azərbaycan musiqisində müşayiətsiz xor üçün ilk silsilədir. Məhz Aqşin Əlizadə milli musiqimizdə bu janrın yaradıcısı kimi məşhurdur.
Teatrşünasların fikrincə, Aqşin Əlizadə lirik
bəstəkardır. Onun musiqisində dolğun, lirik melodiyalar,
müğamlarımızın təsirli sədası,
aşıq havalarının ruhu, xalq nəğmələrimizin ahəngi,
döyüşkən oyunların ritmik
naxışları, "Yallı"nın müxtəlif təsirləri,
hətta təbiətin özündə olan
səslər, avazlar duyulmaqdadır. Ona görə də Aqşin
Əlizadə sənətinə istər
tamaşaçılar, dinləyicilər, istərsə də
teatrşünaslar və musiqiçilər
tərəfindən böyük rəğbət
və diqqət var. Aqşin
Əlizadə xalqımızın təbiətini, məişətini,
ovqatını lirik düşüncələrlə
musiqinin dilində ifadə etməyi bacaran ustad bəstəkardır.
Səmimiliyini, insanlara inamını,
xalqına məhəbbətini
yaradıcılığında əks etdirən bəstəkarın
müxtəlif dövrlərdə yazılmış əsərləri
bu səbəbdən də hər zaman müasir və təzətərdir.
Həmişə iri əsərlər yazmağa marağı olan
və kiçik əsərlərə
"vaxt tapa bilmirəm"
- söyləyən Aqşin Əlizadə
iki baletin müəllifidir.
Maraqlıdır ki, Aqşin
Əlizadə liberetto seçəndə
də həmişə tarixi mövzulara əsaslanır. Bu
mənada, onun "Babək" baleti haqqında ayrıca danışmaq
lazımdır. O, bu əsər üzərində
on yeddi il işləyib. "Bu
baletdə hər bir səhnəni yeni bir əsər kimi yazmışam. Məqsədim əyilməzliyimizi,
gücümüzü bəyan etmək olub", - söyləyən bəstəkarın
bu böyük əsərinin
uğurunu şərtləndirən səbəblər
çoxdur. Musiqinin əzəməti,
gözəlliyi öz yerində, xalq rəssamı Tahir Salahovun, eləcə də məşhur opera-balet rəssamı Tahir
Tahirovun əsərə tərtibat vermələri
onun gözəlliyini, təsirini daha da
artırmışdır. Bəstəkarın ikinci
baleti isə "Qafqaza
səyahət" adlanır. Məlumdur ki,
XX əsrin ortalarında məşhur fransız
yazıçısı Aleksandr Düma (ata) Qafqaza səyahət etmişdir.
Bu səyahət vaxtı o,
həm də Azərbaycanda olmuş, Xurşud Banu Natəvanla,
eləcə də digər məşhur şəxsiyyətlərlə
görüşmüşdür. Tarixi mövzulara xüsusi maraq göstərən
Aqşin müəllim baletin
liberettosunu da özü yazmışdır. Balet
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının səhnəsində dəfələrlə nümayiş etdirilib. Xan qızı Natəvanın rolunu
xalq artisti Mədinə
Əliyeva yaradıb. Hər iki balet bəşər mədəniyyətinin incisi sayıla bilər. Dünya
səhnəsinin bəzəyi olan bu möhtəşəm əsərlərin məhz
azərbaycanlı bəstəkar tərəfindən
yazılması qəlbimizdə iftixar hissi doğurur. "Babək"
baleti, demək olar ki, dünyanın bir çox səhnəsində
tamaşaçı rəğbəti ilə
qarşılanmışdır. Yəqin ki,
proloq, epiloq və 4
şəkildən ibarət "Qafqaza səyahət"
("Natəvan") baletində təqdim olunan
hadisələrin əks-sədası çox
genişdir. Bəstəkar Azərbaycan musiqisinin folklorunun, muğam və rəqslərinin avazından hörülmüş rəngarəng bir musiqi çələngi
yaratmışdır. Və bu ahəngin ruhunda duyulan fransız musiqisi də təbii səslənir. Əsərdə
müasir xoreoqrafik
konsepsiyanın mühüm tələbləri
yüksək səviyyədə yerinə yetirilib.
Bununla son dərəcədə
yaddaqalan orijinal süjetli bir balet meydana gəlmişdir. Yəqin ki,
baletin məziyyətləri
haqqında mütəxəssislər
mükəmməl rəylərini
mütləq davamlı
surətdə bildirəcəklər.
Aqşin Əlizadə həmişə irihəcmli əsərlərə meyilli olduğundan cəmi 7-8 mahnı yazıb. Maraqlıdır ki, onun ilk nəğməsini - "Mənim anam"ı 1957-ci ildə xalq artisti Sara Qədimova oxuyub. "Onda mənim 20 yaşım var idi". İkinci mahnısı - "Bahar nəfəslim"i isə xalq artisti Şövkət Ələkbərova ifa edib.
"İçimdən tələb gəlməsə, mahnı yaza bilmərəm. Mən bütün varlığımla simfonik əsərlərə bağlıyam. Gecə-gündüz daim bu yolda öz axtarışlarımı davam etdirirəm", - deyə fikirlərini bizimlə bölüşən Aqşin Əlizadə 40-dan çox filmə və tamaşalara musiqi yazıb. "Tütək səsi", "Təkcə adanı özünlə apara bilməzsən", "Qızıl qaz", "Uşaqlığın son gecəsi", "Mən sizi dünyalar qədər sevirdim" və s. filmlərdəki həzin, eləcə də coşqun musiqi tamaşaçıların yadındadır.
Aqşin Əlizadə həm də Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanın igid övladı Mehdi Hüseynzadənin bacısı oğludur. "Gözümü açandan anam Bikəxanımın dayım haqqında söylədiyi maraqlı hadisələri eşitmişəm. Mehdinin üç yaşım olanda mənə göndərdiyi fotoşəkili də indiyəcən saxlayıram. Şəklin arxasında dayımın öz əli ilə yazdığı cümlələr həyatımın, demək olar ki, işığına çevrilib". "Bəs nə əcəb Aqşin Əlizadə dayısı Mehdi Hüseynzadə haqqında musiqi əsəri yazmayıb", - sualımıza qəribə cavab aldıq: "Yəqin ki, siz "Uzaq sahillərdə" filminə baxmısınız. O filmin musiqisi böyük bəstəkar Qara Qarayevə məxsusdur. Həmin musiqinin özü ayrıca bir gözəl əsərdir. Radioda tez-tez səsləndirirlər. Elə paklıq, ilkinlik var ki, ona toxunmaq, onun gözəlliyini dağıtmaq günahdır. Qara Qarayev Mehdi Hüseynzadə ilə bağlı elə bir musiqi əsəri yazıb ki, mən bu mövzuya heç vaxt müraciət edə bilmərəm. Çünki bir mövzuda kimsə yazırsa və bu, çox əzəmətli, güclü alınırsa, sən öz daxili imkanlarını nəzərə almalısan, o səviyyədə, o möhtəşəmlikdə qüdrətini göstərə bilərsən, ya yox? Mənə elə gəlir ki, Qara Qarayev musiqisi bənzərsizdir. Bu səbəbdən də mən heç vaxt bu mövzuda yazmaq haqqında düşünmürəm".
Musiqi mədəniyyətimizin inkişafında böyük xidmətləri olan Aqşin Əlizadə 40 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasında, Yusif Məmmədəliyev adına Naxçıvan və Türkiyənin Van universitetlərində dərs deyir. Gələcək bəstəkarların, musiqiçilərin yetişməsində böyük fədakarlıq göstərir.
Qəribədir, o, dünyaya ancaq səslərlə baxır. Gördüyü hər bir rəngi, möcüzəni, hadisəni, qəribəliyi, mütləq səslərin içindən keçirir. Onun ahəngində, məhz səs gözəlliyi, səs incəliyi, səs təsiri axtarır. Varlığı ancaq səsə aludə olmuş Aqşin Əlizadə, bütün dövrlərdə, məqamlarda öz həmkarlarının hamısı ilə ünsiyyət bağlamağı, dostluq etməyi və bu dostluqda sədaqətli olmağı, nümunə göstərməyi bacarır. Onun fikrincə, Azərbaycanın tanınmış bəstəkarlarının hamısı gözəldir. O, heç bir sənət adamının, musiqiçinin bir-birlərinə münasibətdə hansısa bir incikliyin, narazılığın olacağına inanmır. "Biz gəldi gedərik, qalan sənətdir. Hər birimiz bu sənətə xidmət edirik". Onu narazı salan başqa məsələdir. Musiqiyə, xüsusilə də bəstəkarlığa elə-belə yanaşmaq, təhsil görmədən, notu bilmədən, "bəstəkaram, mahnı yazıram" - söyləmək çox gülüncdür. Tarixən həmişə hər hansı bir musiqinin, xüsusilə də mahnı janrının yaranmasında üç şəxsin rolu danılmazdır. Şair, bəstəkar, ifaçı. Təəssüf ki, indiki dövrdə bunun hamısı bir adamda cəmləşir. Əlbəttə, bu istedaddan gəlmir, sadəcə, sənətə, musiqiyə biganəlikdir, onun məsuliyyətini dərk etməməkdir. Amma qəribədir ki, bu təzə "bəstəkarlar" heç vaxt böyük, deyək ki, simfonik əsərlərə müraciət etmirlər. Çünki simfonik əsəri yazmaq asan deyil. Yaxşı olardı ki, mahnıya bəslənən biganə münasibətlərə də son qoyulaydı. Bizim ən yaxşı mahnılarımızı xalq özü yaradıb. Heç olmasa xalqın iradından çəkinək.
Əməkdar incəsənt xadimi, xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü Aqşin Əlizadənin arzuları çoxdur. O, tarixi mövzularda yeni iri musiqi əsərləri üzərində işləmək fikrindədir. "Hələlik müşahidələr aparır, ayrı-ayrı musiqi parçaları üzərində çalışıram", - söyləyən və ömrünün 75-ci baharını tamamlayan Aqşin Əlizadəyə yeni sənət uğurları, tamaşaçı alqışı gətirən xoş günlər arzulayırıq.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 22 may.- S. 10.