İşğal altında olan
ərazilərin flora və faunası 20 ildir erməni işğalçıları tərəfindən
məhv edilir
22 may Beynəlxalq Biomüxtəliflik
Günüdür
Planetin bioloji irsinin mühafizəsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiya qəbul edildi. Konvensiyanın protokolunda Yer üzündə, dəniz və okeanlarda biomüxtəlifliyin qorunması, genetik modifikasiya olunmuş bitkilərin ətraf mühitə nəzarətsiz buraxılmasının qarşısının alınması kimi məsələlər qoyulmuşdu.
Çünki planetin canlı növləri insan həyatını formalaşdırır. Ölkəmiz 2000-ci ildən bu konvensiyaya qoşulub və həmçinin "Kartagen" protokolunu imzalayıb. "Kartagen" anlaşmasında geni dəyişdirilmiş bitkilərin ətraf mühitə yayılmasının qarşısını almaq və ona qarşı mübarizə aparmaq məsələləri qoyulub. Yerli mütəxəssislər bildirirlər ki, son bir neçə ildə Azərbaycanda əsl bal verən arıların kökü kəsilib, 10-a qədər qarpız və pomidor növü yox olub, aborigen bitkilərin isə tamamilə kökü kəsilib. Bu da genetik modifikasiya olunmuş (GMO) bitkilərin geniş yayılması ilə əlaqədardır.
Təkcə ölkəmizdə deyil, dünyanın hər yerində meşələrin qırılması, torpaqların erroziyası, dünya əhalisinin yüksək sürətlə artması, nizamsız urbanizasiya, yerin yaşıl örtüyünün itməsi, sənayedə işlədilən kimyəvi maddələrin insan sağlamlığına zərəri, dəniz və okean sularının həddən artıq çirkəndirilməsi təbiətdə və okeanlarda biomüxtəlifliyin məhvinə səbəb olur. Bu barədə BMT-nin qərarında da bildirilir ki, Yer kürəsində canlı varlıqların müxtəlifliyi görünməmiş surətdə azalmaqda davam edir. Cəmiyyətlə təbiət arasında tarazlıq elə pozulmuşdur ki, onun bərpa edilməsi mümkünsüz, törətdiyi fəsadlar qaçılmaz olur.
Hazırda ölkəmizin ərazisinin ümumi sahəsinin 3,1 faizində Milli parklar salınmış, mövcud park və qoruqların əraziləri genişləndirilmişdir. Məqsəd Qafqazın cənub-qərb yamaclarının təbii landşaftlarının, flora və fauna növlərinin qorunub saxlanması, bərpası və təbii komplekslərinin mühafizəsini gücləndirməkdir. Parklarda ərazinin çox hissəsini sıx meşəlik, dekorativ ağaclar əhatə edir. Onlarla quş növləri (bunların arasında "Qırmızı kitab"a düşənlər də var) və vəhşi heyvanlar bu parkların sakinləridir. Qoruqlar çox gözəl, havası təmizdir. Hər ağacdan növ-növ quşların cəh-cəh nəğməsi, heyvanların səsi gəlir.
Ətraf mühitə və davamlı inkişafa dair Rio-de-Janeyro Bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prossesinə dağıdıcı zərbə endirməməli, təbiət təcavüzə məruz qalmamalıdır. Azərbaycanın işğal altında olan ərazilərində isə vəziyyət başqadır. Burada təbiətə qarşı törədilən amansızlıqlar təbii fəlakətlər deyil, erməni vandallarının əməlidir. İşğal olunmuş torpaqlar mütəmadi yandırılır, uzunömürlü ağaclar qırılaraq Ermənistana daşınır, dünya əhəmiyyətli təbii və yeraltı sərvətlərə ziyan vurulur. Zəngilanın, Cəbrayılın yaşı yüzillərlə ölçülən nəhəng çinar ağacları doğranaraq mebel üçün xammal kimi xarici ölkələrə satılır. Bununla da təbiətin fauna və florası məhv edilir. Diridağın özünəməxsus ekosisteminin işğaladək qoruyub saxladığı əsrarəngiz təbiət güşələri, mineral maddələrlə zəngin əvəzedilməz içməli su mənbələri erməni işğalçıları tərəfindən tamamilə məhv edilib. Araz çayının sol sahilində, Diridağın üzərində XII-XIII əsrlərdə tikilmiş "Qız qalası" və V-VI əsrlərə aid edilən, 500 kvadratmetri əhatə edən Sirik qalası da mənfur erməni siyasətinin qurbanı olmuş, darmadağın edilmişdir. Bu barədə rəsmi Bakı dəfələrlə BMT-yə və digər aidiyyəti beynəlxalq qurumlara müraciət etsə də, onlar susur. Vəziyyət bu şəkildə davam etdikcə də işğal olunmuş torpaqlarımızda biomüxtəlifliklər sürətlə tükənir. Ümumdünya Mədəni və Təbii İrsin mühaifzəsi haqqında Konvesiyaya üzv olan Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdə olmazın vəhşiliklər törədir, bəşəri əhəmiyyət daşıyan nadir təbiət və mədəniyyət incilərini dağıdır. Qarabağda həmişə xüsusi qorunma statusuna malik heyvan növləri olub. Bu fauna növlərinə canavar, bəbir, çaqqal, çöldonuzu, porsuq, dağkeçisi, cüyür, müxtəlif dovşanlar, quşlardan kəklik, tetra, bildirçin, alabaxta və başqaları daxildirlər. Daşaltı Dövlət Yasaqlığının və "Topxana" meşəsinin əsrarəngiz təbiəti var. Tərifi sözə gəlməyən yasaqlıq elə Topxanadakı dövlət meşə fondunu qorumaq məqsədilə yaradılmışdı. Burada ağacların, bitkilərin, heyvanların, quşların sayı-hesabı olmazdı. İşğal olunmuş ərazilərdə endemik və nəslikəsilməkdə olan fauna növlərinin çoxu hələ keçmiş ittifaq dövründə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının siyahısına və Azərbaycanın "Qırmızı kitab"ına düşmüşdü.
Ağdərədəki Sərsəng su anbarı Azərbaycan hökuməti tərəfindən 1976-cı ildə Tərtər çayının üzərində Aran və Qarabağ torpaqlarının suvarılması məqsədilə tikilmişdi. Bəndinin hündürlüyünə görə (125 m-dir) ölkədə ən hündür su anbarı olan Sərsəng respublikanın 6 rayonunun - Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədinin 100 min hektara yaxın ərazisini suvarma suyu ilə təmin edirdi. Bu nəhəng su anbarı da neçə illərdir ki, işğal altındadır və erməni işğalçıları bundan başqa məqsədlər üçün istifadə edirlər. Qışda su bol olanda aşağı axardakı kəndləri yuyub aparsın deyə ermənilər anbarın suyunu açıb buraxır, yayda isə əkin-biçin mövsümündə suyun qarşısını kəsirlər. Nəticədə anbara yaxın ərazidə yerləşən bir neçə rayon yayda su qıtlığı çəkir.
Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğu torpaq və iqlim xüsusiyyətinə görə zəngin təbiətə malik idi. 117 hektar sahəni əhatə edən bu qoruq vaxtilə akademik Həsən Əliyevin təşəbbüsü ilə Azərbaycan hökumətinin 4 iyul 1974-cü il qərarı ilə yaradılıb. Qoruğun ərazisində 1500 il yaşı, 4 metr diametri olan nəhəng çinar ağacları qorunurdu. Bu ağaclar əsrlərdən yadigar olaraq ata-babalarımız tərəfindən qorunub saxlanmışdı, dünyanın hər tərəfindən bu qoruğu görməyə turistlər gələrdi. 1993-cü ildən işğalçılar bu tarixi qoruğu məhv edir. Erməni terrorçuları rayonun Rəzdərə kəndində ağac emalı zavodu açıblar. Neçə illərdir, bu zavod fasiləsiz olaraq Zəngilan çinarlarından mebel istehsal edir. Mənbəyini Ermənistandan götürən, Zəngilandan keçərək 35 km yol qət edib Araza qovuşan Oxçuçay da ekoloji təcavüzə məruz qalaraq ölü çaya çevrilib. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində diametri 6 m, hündürlüyü 25 m olan, 1 ədəd 1000 il, 1 ədəd 2000 il yaşı olan Şərq çinarları isə tarixi abidə kimi qorunurdu. Bu iki çinar xarici turistlərin ən çox seyr etdiyi məkan idi. Qarakənd kəndində respublikanın "Qırmızı kitab"a düşmüş, 0,5 ha üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 m, 100 illik azat ağacları da qorunurdu. Bu gün onların bir dənəsi belə qalmayıb.
Azərbaycanın ən qədim yaşayış məskəni kimi qədim insan qalıqları tapılmış və UNESKO-nun siyahısına düşmüş "Azıx" və "Tağlar" mağaraları tarixi təbiət abidəsi kimi xüsusi əhəmiyyətə malikdir. Bunlar Ümumdünya Mədəni İrs Siyahısına salınıb. Həmin tarixi mağara bu gün ermənilərin silah anbarına çevrilib. Uzun illərdən bəridir Azərbaycan hökuməti və ekoloqları işğal altındaki ərazilərinin məhv edildiyi haqqında beynəlxalq aləmi xəbərdar edib kömək istəsə də, indiyədək bu çağırışlara cavab verən yoxdur və 20 faiz torpaqlarımız hər il, hər gün yandırılır, dağıdılır, qırılır. Bunların yerində isə erməni terrorçularının əkdiyi narkotik maddələr "göyərir"...
Rəsmiyyə
RZALI
Azərbaycan.- 2012.- 22 may.- S. 10.