Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsi
və Rusiya Federasiyası Dövlət Statistika Federal Xidməti
arasında danışıqlar protokolu
imzalanmışdır
Bakıda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev və Rusiya Federasiyası Dövlət Statistika Federal Xidmətinin rəhbəri Aleksandr Surinov arasında işçi görüş keçirilmişdir.
DSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, danışıqların məqsədi qurumlar arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərin müzakirəsi olmuşdur.
A.Vəliyev çıxışında hər iki dövlətin statistika orqanlarının işində qarşılıqlı fəaliyyətlərin gedişini və nəticələrini ümumilikdə müsbət qiymətləndirmiş, gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirmişdir. O qeyd etmişdir ki, statistika orqanları arasında qarşılıqlı fəaliyyət 2001-ci ildə imzalanmış statistika sahəsində əməkdaşlıq haqqında razılaşmaya əsasən həyata keçirilir. Son onillikdə statistik müşahidələrin təşkili, xarici ticarət statistikası, ikitərəfli ticarətə dair göstəricilərin müqayisəsi, metodiki vəsaitlərin və statistik nəşrlərin mübadiləsinin təşkili həyata keçirilmiş və "Azərbaycan və Rusiya. 2006" adlı birgə məcmuə buraxılmışdır.
Aleksandr Surinov təmsil etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat vermişdir. O, ikitərəfli əlaqələrin inkişafından məmnun olduğunu bildirmiş və qeyd etmişdir ki, statistika orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlar qarşılıqlı xarakter daşıyır.
Danışıqlar zamanı tərəflər statistik nəşrlərin dərc olunması, statistik metodologiyanın və məlumatların mübadiləsi istiqamətində birgə qarşılıqlı fəaliyyətin gücləndirilməsi niyyətində olduqlarını bildirmişlər.
Tədbirdə qarşılıqlı maraqlar rəhbər tutularaq tərəflər arasında əməkdaşlığın istiqamətləri müəyyən edilmişdir.
Sonda Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin
sədri A.Vəliyev və Rusiya
Federasiyası Dövlət Statistika Federal Xidmətinin rəhbəri A. Surinov arasında danışıqlar protokolu imzalanmışdır.
Azərbaycan.- 2012.- 22 may.- S. 11.