Almaniyanın Welt online elektron KİV-ində Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində qorxulu həyat sərlövhəli məqalə dərc olunmuşdur

 

Almaniyanın "Welt online" elektron KİV-ində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məqalə dərc olunmuşdur.

Ağdamın Çıraqlı kəndində hazırlanmış "Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində qorxulu həyat" məqaləsi cəbhə bölgəsində yerləşən və orada yaşayan dinc əhalinin gündəlik həyatından bəhs edir. Məqalədə qeyd olunur ki, kəndin dinc sakinləri çox təhlükəli şəraitdə və daim erməni snayperlərindən qorunmaq məcburiyyətində yaşayırlar. Kənd sakini Xosrov Şükürov qızının həyətdə oynadığı zaman, eləcə də toy mərasiminin bir iştirakçısının erməni tərəfinin açdığı atəş nəticəsində yaralanmaları hallarını misal gətirir.

Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər yetirilmişdir. Bu münaqişə nəticəsində Ağdam rayonu ərazisinin 77 faizinin Ermənistan tərəfindən işğal olunması, rayonun 6 mindən çox şəhid verməsi, 141 min ağdamlının evlərindən qovulması faktları diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələri yerinə yetirilmədiyi üçün ağdamlılar tezliklə evlərinə qayıtmaq ümidlərini itirmişlər. Məqalədə vurğulanmışdır ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrdə yekdilliklə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmiş və erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etmişdir. Bu qətnamələrdən birində - 1993-cü il iyulun 29-da Ağdamın adı ayrıca qeyd olunur. Beynəlxalq hüquqda məsələ tam aydındır: qondarma Dağlıq Qarabağ respublikası dünya ictimaiyyəti tərəfindən tanınmır və bu ərazi Azərbaycana məxsusdur.

Daha sonra müharibənin Ağdam rayonu üçün fəsadları, sakinlərin hazırkı vəziyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, müharibədən əvvəl 50 min əhalisi olan Ağdam şəhəri hazırda boşviran edilmiş ərazidir. Rayonun Azərbaycan tərəfinin nəzarətində qalan hissəsində sakinlər erməni snayperlərinin hədəfində təhlükəli şəraitdə təsərrüfat işləri ilə məşğul olmağa məcburdurlar. Bundan əlavə, torpaqların minalanması da onlar üçün problem yaradır. Ağdam sakinləri təmas xəttini "ölüm zonası" adlandırırlar.

Məqalənin sonunda qeyd olunmuşdur ki, ATƏT-in 20 ildən bəri vasitəçiliyinə baxmayaraq, danışıqlar prosesində heç bir irəliləyiş yoxdur. Siyasətçilər və diplomatlar Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş" adlandırsalar da, bu münaqişə bölgədə közərməkdə olan yanğına və barıt çəlləyinə bənzəyir.

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 13 may.- S. 10.