Tbilisidə nəşr olunan Qarapapaqlar jurnalının beş illiyi qeyd edilmişdir

 

 Mayın 21-də Azərbaycan Mətbuat Şurasında bu qurumunDialoq Avrasiya Platformasının təşkilatçılığı ilə Tbilisidə çap olunan "Qarapapaqlar" jurnalının nəşrə başlamasının 5 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalın fəaliyyətindən söz açaraq bildirmişdir ki, dərgi Gürcüstanda Azərbaycan dilində nəşr olunan ilk mətbu orqandır. Ayda bir dəfə oxucuların görüşünə gələn jurnalın məqsədi Gürcüstan-Azərbaycan dövlətlərarası ədəbi, mədəni və elmi əlaqələrini daha da inkişaf etdirilib möhkəmləndirilməsinə xidmət etməkdir. 5 ildə 60-a yaxın nömrəsi işıq üzü görən jurnal Borçalının  ədəbi-mədəni mühiti, tarixi, etnoqrafiyası, görkəmli elm adamlarının, tarixi şəxsiyyətlərinin həyatından bəhs edən maraqlı elmi nəşrdir.

Tədbirdə Dialoq Avrasiya Platformasının Azərbaycan təmsilçisi Mustafa Saatçı Mətbuat Şurası ilə birgə keçirdikləri bu cür tədbirlərin əhəmiyyətli olduğunu vurğulamış və mərasimdə iştirakından məmnunluğunu ifadə etmişdir.

"Qarapapaqlar" jurnalının baş redaktoru Akif Xansultanlı dərginin 5 illik fəaliyyəti, məqsəd və məramı haqqında məlumat vermişdir. Nəzərə çatdırılmışdır ki, 2007-ci ildən işıq üzü görən jurnalın adı Borçalı türklərinin oğuz qıpçaq boyuna daxil olan qoluna aid edilir. Jurnal türk dünyasına məxsus elmi, ədəbi, mədəni, dini, tarixi sferada baş verən yenilikləri və Tbilisidəki gürcü dilli ədəbi, mədəni və elmi mühitdə baş verənləri tərcümə vasitəsilə soydaşlarımızın diqqətinə çatdırmaq missiyasını öz üzərinə götürmüşdür. Məqsədimiz, həmçinin Azərbaycan ilə Gürcüstan arasında elmi, mədəni müstəvidə əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməkdir.

Dərgidə Borçalının tarixi, tanınmış elm adamları, mədəniyyəti haqqında məlumatlar verilir. Ötən 5 ildə 55 nömrəsi və 5 xüsusi buraxılışı ilə oxucuların görüşünə gələn jurnalda ədəbiyyat, tarix, etnoqrafiyakulturologiya ixtisasları üzrə müxtəlif elmi məqalələr yer almışdır. Dərginin üz qabığında əsasən, Gürcüstanda doğulan və fəaliyyət göstərən görkəmli şəxsiyyətlərimizin və qədim tarixi abidələrimizin şəkilləri əks olunur. Həmçinin xarici mətbu orqan olaraq jurnal  Azərbaycanda fəaliyyət göstərən dissertant, doktorant və magistrlərin elmi məqalələrinin dərc olunması vəzifəsini də öz üzərinə götürmüşdür.

Baş redaktor jurnalın fəaliyyətinə dəstək olanlara, xüsusən də Azərbaycanın Gürcüstandakı səfirliyinə minnətdarlığını bildirmişdir.

Tədbirdə Mətbuat Şurası idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Surəddin Hümbətov, Bakı Dövlət Universitetinin (BDU) professoru Cahangir Məmmədli, BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və digərləri çıxış edərək jurnalın 5 illik fəaliyyətini yüksək qiymətləndirmiş və kollektivə gələcək fəaliyyətində yaradıcılıq uğurları arzulamışlar.

 

 

Azərbaycan.- 2012.- 22 may.- S. 11.