Danimarkada
yaşayan azərbaycanlılar İran səfirliyi
qarşısında etiraz aksiyası keçirmişlər
Danimarka Krallığında yaşayan azərbaycanlılar gələn həftə Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsi ərəfəsində İranın Azərbaycanda sabitliyi pozmaq cəhdlərinə, bu yarışma ilə əlaqədar Tehranın ölkəmiz əleyhinə apardığı təbliğat kampaniyasına etiraz əlaməti olaraq İran İslam Respublikasının Kopenhagendəki səfirliyi qarşısında etiraz aksiyası keçirmişlər.
Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətindən daxil olmuş məlumatda bildirilir ki, İran səfirliyi qarşısında toplaşan nümayişçilər İranın Azərbaycan əleyhinə apardığı kampaniyanı pisləyən müxtəlif şüarlar səsləndirmişlər.
"Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi özünü bütün dünyada müsəlmanların müdafiəçisi kimi təqdim edən İran İslam Respublikasının Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına göz yumaraq təcavüzkar dövlətlə sıx diplomatik əlaqələr qurduğunu, İran ərazisində yaşayan 35 milyon azərbaycanlının ən adi vətəndaş hüquqlarını kobud surətdə pozduğunu, ən əsası "Eurovision" müsabiqəsinin finallarını izləmək üçün Avropadan Azərbaycana 1500-dək jurnalistin gəlməsindən təşvişə düşdüyünü bəyan etmişdir. "İran Azərbaycanın müasir mədəniyyəti ilə dünya ictimai rəyində önə çıxmasından narahat olaraq Azərbaycanda sabitliyi pozmağa çalışır" - deyə S.Sadiqi bildirmişdir.
Bir saat yarım davam edən nümayiş insidentsiz sona çatmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 22 may.- S. 11.