İlham ƏLIYEV: Ziyalıların sözü müstəsna əhəmiyyətə malikdir

 

Dövlət başçısı İlham Əliyevin Qərb bölgəsinə səfərinin proqramı çox zəngin oldu. Prezident Qazax, AğstafaTovuz rayonlarında neçə-neçə obyektin açılışında iştirak etdi, yeni ucaldılan obyektlərdə işlərin gedişi ilə tanış oldu. Dövlət başçısı bu səfər zamanı həm də Qərb bölgəsinin yazarları ilə  çox geniş, çox dəyərli görüş keçirdi.

Qazax mahalı şeir-sənət diyarıdır. Bu yerlər Azərbaycanın ədəbi aləminə Vaqif, Vidadi, Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mehdi Hüseyn, Hüseyn Arif, Nəriman Həsənzadə, İsa Hüseynov, Vidadi Babanlı kimi korifeylər bəxş edib. Səməd Vurğun bir vaxt bu bölgəni "Şairlər vətəni" adlandırmışdı. Ulu öndər Heydər Əliyev isə demişdi ki, "Xalq şairi Səməd Vurğun millətimizin başını uca edən şəxsiyyətlərdəndir". Məhz Heydər Əliyevin təşəbbüsü ilə S.Vurğunun vətənində poeziya evi açıldı, onun abidəsi qoyuldu.

Nəcib ənənə davam edir. Ulu öndərin yolunu uğurla davam etdirən İlham Əliyevin tövsiyə və tapşırıqları ilə Qazaxda "Mütəfəkkirlər parkı" yaradıldı. Xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının heykəlləri ucaldıldı. Ağstafa şəhərində Hüseyn Arifin mənzil-muzeyi fəaliyyətə başladı. Səməd Vurğunun adını daşıyan mədəniyyət və istirahət parkı yenidən quruldu. "Kitab" abidəsi, Poeziya evi, "Vurğun" kafesi, Gənclər meydanı açıldı.

Bugünkü ab-havaya baxdıqca ölməz S.Vurğunun müdrik sözləri yada düşür:

 

"Bizdə şeirvar, sənət də vardır,

Şairə, sənətə hörmət də vardır".

 

Ağstafa rayonundakı Poeziya mərkəzində bölgənin yazarları ilə keçirilən görüş zamanı bu sözlər dönə-dönə səsləndi. Prezident İlham Əliyev Qazax-Ağstafa ziyalıları qarşısında çox genişçox məzmunlu çıxış etdi.

Hər sözü, hər kəlməsi son dərəcə dəyərli olan bu müdrik söhbətlə tanış olduqca Dünya azərbaycanlılarının birinci qurultayında ümummilli lider Heydər Əliyevin ürəkləri riqqətə gətirən çıxışı yada düşür. Ulu öndər əsl el ağsaqqalı kimi yaxın-uzaq ellərdəki soydaşlarımızı həmrəyliyə çağırır, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasını tövsiyə edirdi. Hazırda dillər əzbəri olan bu müdrik sözlər də ilk dəfə məhz orada səslənib: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". O dahi insan dönə-dönə tövsiyə edirdi ki, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.

Ulu öndərin layiqli davamçısı İlham Əliyevin Ağstafa görüşündəki parlaq çıxışı da məhz bu ruhda köklənmişdi. Qeyd olundu ki, gündən-günə inkişaf edən, dünya miqyasında öz sözü, öz yeri olan müstəqil dövlətimizin əsasları bizim milli-mənəvi dəyərlərimizdir. Cənab İlham Əliyev dedi ki, əgər biz dövlətçiliyimizi güclü mənəvi dəyərlər üzərində qurmasaydıq, bugünkü inkişaf yarımçıq olardı, uzunmüddətli olmazdı.

İndi zaman başqadır. Dünyada gedən proseslər son dərəcə mürəkkəbdir. Ölkələr arasındakı münasibətlər yeni müstəviyə keçir. Dünyanın siyasi xəritəsi dəyişir. Hər yerdə, hər sahədə qloballaşma getdikcə güclənir.

Qloballaşma meyillərinin müsbət və mənfi çalarlarının, qloballaşma adı altında güc mərkəzlərinin yeritməyə çalışdıqları siyasətdən söz açan dövlət başçısı dedi ki, qloballaşma dövründə təhsil, mədəniyyət, ziyalıların sözü müstəsna əhəmiyyətə malikdir. Prezident diqqəti belə bir mühüm məsələyə cəlb etdi,  biz bu barədə açıq danışmalıyıq - dedi, - belə olan halda mütləq hər bir dövlət, hər bir xalq öz mənəvi dəyərlərinə daha da bağlı olmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, çox gözəl ənənələrimiz, gözəl dəyərlərimiz vardır. Bunlar Azərbaycan dəyərləridir. Bizim dəyərlər ümumbəşəri dəyərlərin bir hissəsidir. Azərbaycan dəyərləri, deyə bilərəm ki, dünya üçün örnək ola bilər.

Prezidentin dərin məzmunlu çıxışındakı hamının qəlbindən xəbər verən bir neçə məqamı önə çəkmək istəyirik:

 

"Gənc nəsil milli ruhda böyüməlidir".

"Biz tariximizi yaxşı bilməliyik".

"Biz Azərbaycan dilinin saflığını qorumalıyıq".

 

Görüşdə bu məsələnin hər biri haqqında çox geniş söhbət oldu. Qeyd edildi ki, gənc nəslin milli ruhda böyüməsi üçün ilk öncə hamı öz ölkəsində rahat yaşamalıdır. Daim qürur hissi keçirməlidir ki, Azərbaycan vətəndaşıdır.

Tariximiz müxtəlif dövrlərdə müəyyən təsirlərə, təzyiqlərə məruz qalmış, ideoloji çərçivələrdə sıxılmışdır. Yalnız müstəqillik əldə olunandan sonra tariximiz və taleyimizlə bağlı reallıqları üzə çıxarmağa imkan yaranmışdır. Gənclər tarixi dərindən bilməlidirlər. Biz hardan gəlib hara gedirik. Hamı bilməlidir ki, xalqımız milli müstəqillik uğrunda nə qədər böyük əziyyətlər çəkib. Müxtəlif qüvvələr zaman-zaman onun iradəsini sındırmaq istəsələr də milli mənliyimizi, dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik.

Cənab Prezident tövsiyə etdi ki, "Gənc nəsil tarixi keçmişə ədalətli mövqedən yanaşmalıdır, yəni tarixi yenidən öyrənirik. Gənc nəsil bu tarixi bilməlidir, vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdır".

Bu sahədə ziyalılar çox görə bilərlər və görməlidirlər. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, Azərbaycan cəmiyyətində ziyalılara bütün dövrlərdə böyük hörmət olub - ictimai-siyasi quruluşdan asılı olmayaraq, sovet dövründə də, ondan əvvəlki dövrdə də, müstəqillik dövründə də. Bu, çox müsbət bir haldır. İndi ziyalıların qarşısında geniş imkanlar açılıb. Yüzlərlə ziyalı fəxri adlar, prezident təqaüdü alır, müxtəlif tədbirlər keçirilir, uzun fasilədən sonra kitabların nəşri bərpa edilib". Bütün bunları xatırladan dövlət başçısı dedi ki, "ziyalılar da öz növbəsində, əlbəttə, vətəndaşlıq mövqeyi ilə ümumi  işimizə töhfəsini verməlidirlər, verirlər. Öz əsərləri, fikirləri ilə qarşıda duran məqsədlərimizə çatmaq üçün səylərini daha da artırmalıdırlar".

İyirmi illik müstəqillik tariximizin uğurlarından danışan dövlət başçısı dedi ki, "mən çox istərdim ki, həm bizim iyirmi illik müstəqillik tariximizlə,  həm də əvvəlki tariximizlə bağlı daha da dolğun, daha da mənalı və çoxsaylı materiallar üzə çıxsın. Əlbəttə ki, bu da çox vacibdirbu istiqamətdə də işlər gedir. Ümumiyyətlə, ölkəmizin gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılmalıdır".

Qərb bölgəsinin ziyalıları ilə görüşü zamanı dilin saflığı məsələsinə də geniş toxunuldu. Bu sahədə kütləvi informasiya vasitələrində, bəzi telekanallarda müşahidə olunan qüsurlardan da ətraflı söhbət açıldı. Prezident xüsusi vurğuladı ki, Azərbaycan dilini kim qorumalıdır? "İlk növbədə ziyalılar, ədiblər, şairlər, eyni zamanda nüfuzlu insanlar, söz sahibləri, bizim televiziya kanalları. Mən də baxıram bizim kanallara. Başqa qüsurlarla yanaşı, bax, bu məni çox incidir. Bizim dilimizə aid olmayan kəlmələr işlədilir. Nə üçün?! Axı bizim eyni məna daşıyan bir neçə kəlməmiz vardır. Sən Azərbaycan sözündən istifadə et... Biz dilimizi qorumalıyıq. Ona görə ki, bu, çox ciddi məsələdir.  Hesab edirəm ki, burada biz hamımız, xüsusilə mətbuata çıxışı olan insanlar daha da diqqətli olmalıdırlar. Ziyalılar öz sözünü deməlidirlər. Nəinki öz əsərləri, şeirləri ilə, həm də bir ziyalı kimi Azərbaycan dilini qorumalıyıq".

Görüş zamanı geniş fikir mübadiləsi aparıldı. Professor Nizami Cəfərov, şair Barat Vüsal, jurnalist Firdovsi Heydərli, müəllim Samir Hüseynov, şairə Cığatel Qasımova və Şahinə Həsənzadə çıxış etdilər.

Ziyalılara dövlət səviyyəsində göstərilən qayğı və diqqətdən minnətdarlıqla danışan şair Barat Vüsal maraqlı bir məsələyə toxundu. Qazax elə bir strateji mövqedə yerləşir ki, qonaq-qarası çox olur. Onlar Mütəfəkkirlər parkındakı söz-sənət karifeylərinin heykəllərinə, büstlərinə heyranlıqla baxırlar. Lakin Vaqif Xatirə muzeyi və yazıçılar birliyinin filialı darısqal, köhnə binada yerləşir. Əgər Qazax şəhərində Bakıdakı Ədəbiyyat muzeyinin filialı yaradılsaydı, bu, söz-sənət əhli üçün çox böyük töhfə olardı.

Prezident İlham Əliyev təklifi bəyəndi. "Mən bu təklifə mütləq baxacağam - dedi. - Siz bəlkə bunu daha da konkretləşdirəsiniz və orada yeni bir muzey tikmək o qədər də böyük problem olmaz. Əsas odur ki, bunun daxili tərtibatı və funksional tərəfi də müsbət olsun. Filial kimiöz fəaliyyətini göstərə bilər. Ümumiyyətlə bu, müsbət təklifdir".

Görüşdə Qazax mahalı yazarlarının əsərlərindən ibarət "Şairlər vətəni - bizim tərəflər" antologiyası Prezidentə təqdim olundu.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 1 may.- S. 1.