Azərbaycanın hərbi potensialı artır

 

Silahlı Qüvvələr ölkəmizin maraqlarını müdafiə etməyə hazırdır

 

 Azərbaycan hökuməti hərbi büdcəsinin və Silahlı Qüvvələrə ayrılan vəsaitlərin artırıldığını açıq şəkildə bəyan edib. Yəni nizami orduya, güclü silah-sursata, ən müasir hərbi texnikaya malik olmaq strategiyasını seçib. Güclü ordu hər dövlətin müstəqilliyini və suverenliyini təsdiq edən əsas amildir. Hər bir dövlət o zaman güclüdür ki, inkişaf edən iqtisadiyyatı və güclü ordusu var. Müharibə şəraitində yaşayan bir ölkənin isə hərbi gücünü artırması nə dünyanı, nə də hansısa xarici təşkilatı narahat etməlidir.

Atəşkəsin imzalanmasının 20 ilinə az qalsa da, indiyədək aparılan danışıqlarda Ermənistan hər hansı bir konstruktivlik nümayiş etdirməyib və bütün danışıqlar nəticəsiz qalıb. 1993-cü ildə döyüşlərin davam etdiyi bir dövrdə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etdi. Qətnamələrin hamısı beynəlxalq sərhədlərin toxunulmazlığını, ərazi mənimsəmək üçün güc tətbiq etmənin yolverilməz olduğunu təsdiqlədi və işğalçı qoşunların dərhal çıxarılmasını tələb etdi.

2005-ci il yanvarın 25-də AŞ PA 1416 saylı qətnamə qəbul etdi və Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətinamələrinə əməl etməyə, hər hansı düşmənçilik aktından çəkinməyə və hərbi qüvvələrini işğal etdiyi ərazilərdən çıxarmağa çağırdı. 2010-cu il mayın 10-da Avropa Parlamenti Cənubi Qafqazla bağlı strategiyaya dair qətnamə qəbul etdi. Qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması tələb olunur. 20 ildir nizamlanmaya vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticə verməyib. Azərbaycanın pozulmuş ərazi hüquqları bərpa olunmayıb. Rəsmi Bakı və ölkə başçısı dəfələrlə beynəlxalq tədbirlərdə, münaqişə ilə bağlı keçirilən danışıqlarda problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib, işğalçı ölkəni sülhə çağırıb.

Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə növbəti dəfə diqqət çəkib: "Bu münaqişənin həllinin iki yolu var: danışıqlar yolu və hərbi yol. Üçüncü yol yoxdur. Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır. Əgər kimsə fikirləşirsə ki, danışıqlarda əsas məsələ müharibənin qarşısını almaqdır, mən bununla razı deyiləmEBiz də istəmirik ki, müharibə olsun, ancaq bunun yolu var".

Müdafiə sənayesinin güclənməsini və hərbi büdcənin artırılmasını xüsusilə qeyd edən Prezident bu sahəni hər zaman diqqətdə saxlayacağını bildirdi: "Biz həm iqtisadi sahədə, həm də beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız da artır. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir. Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda böyük həcmdə hərbi texnika, silah-sursat alırıq və alacağıq. Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram. Tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaqdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş siyasət aparırıq, bir istehsalçıdan asılı deyilik. Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız vardır. Biz bəzi başqa ölkələrdən fərqli olaraq, heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcəkdir. Azərbaycanın güclü ordusu vardır. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağdaişğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq..."

Azərbaycan dünyanın 30-dək ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən sazişmemorandum imzalayıb. Ölkəmiz ABŞ, Türkiyə, Çin Xalq Respublikası və Tacikistanın müvafiq qurumları ilə hərbi sahədə sənədlər imzalayıb. NATO-nun yüksək səviyyəli nümayəndə heyəti dəfələrlə Azərbaycanda olub. Onu da diqqətə çatdıraq ki, müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin heç də hamısı silahlanmayaya döyüş hazırlığının artırılmasına yönəlməyib. Sosial sahəyə də xeyli vəsait sərf edilib. Sosialyönümlü tədbirlər, hərbi şəhərciklərdə aparılan yenidənqurma işləri, hərbçilərin mənzillə təminatı ilə bağlı verilən sərəncamlar dövlətin hərbi qulluqçulara göstərdiyi diqqətin bariz nümunəsidir. Son illər paytaxda və bölgələrdə 43-dən çox hərbi şəhərcikdə dəyişiklik edilib, təmir işləri aparılıb, sukanalizasiya xətləri yeniləndirilib. Hərbçilərin əməkhaqqlarının artırılması xüsusilə vurğulunmalıdır. Demək olar ki, hər il hərbi qulluqçuların maaşlarının artırılması, sosial müdafiələrinin gücləndirilməsi ilə bağlı müvafiq addımlar atılır. Silahlı Qüvvələrin hərbi qulluqçuları xarici dilixtisas kurslarında iştirak etmək üçün xarici dövlətlərə ezam olunurlar. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil edilən ingilis dili kurslarına hərbi qulluqçular cəlb edilir.

NATO ilə birgə təlim və təhsildə fəaliyyət proqramına müvafiq olaraq Silahlı Qüvvələrin tədris proqramlarının təkmilləşdirilməsi üçün Hərbi Akademiyada, ali hərbi məktəblərdə, hərbi liseylərdə müəyyən işlər görülür. Azərbaycan NATO-nun rəhbərliyi ilə aparılan sülhə dəstək əməliyyatlarına hərbi qüvvə göndərməklə, 1999-cu ildən 2008-ci ilədək Kosovoda KFOR-un, 2002-ci ildən terrorizmlə mübarizə çərçivəsində isə Əfqanıstanda iştirak üçün İSAF-a qoşulmaqla Avratlantik təhlükəsizlik anlaşmasına əhmiyyətli töhfəsini verib. Bu əməliyyatlarda qazanılan təcrübə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasında mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi, ordumuzda peşəkarlıqla maddi-texniki bazanın möhkəmləndirilməsi bərabər şəkildə inkişaf edir.      

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu ötən ilin sonlarında dünya ölkələrinin hərbi büdcələri ilə bağlı açıqladığı illik hesabatında göstərir ki, son 2 ildə Azərbaycan hərbi büdcəyə 3 milyard dollardan çox vəsait ayırıb. Beynəlxalq normalara görə hər bir dövlətin hərbi büdcəsi onun ümumi büdcəsinin 4-6 faizini təşkil edə bilər. Azərbaycanın da hərbi büdcəsi ümumi büdcəsinin 4-8 faizini təşkil edir. Əlbəttə, Azərbaycanın buna haqqı var. Torpaqlarının bir hissəsi işğal olunub, 20 ildir ki, gedən danışıqlar nəticəsizdir, düşmən işğal etdiyi ərazilərdən narkotrafik kimi istifadə edir. Dünyanın bu qədər sülh çağırışlarına və işğal olunan torpaqlardan dərhal geri çəkilməsi haqqında qəbul edilən bəyanatlara baxmayaraq, Ermənistan işğalçılıq mövqeyindən nəinki geri çəkilmir, əksinə, bu ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirir. Son 5 ildə işğal altında olan ərazilərdə 600-dən çox ailə yerləşdirilib. Həmin ailələrin əksəriyyəti qoşunların təmas xətti yaxınlığında məskunlaşdırılıb. Şuşada, Kəlbəcərdə tikinti işləri aparılır, qızıl yataqları istismar olunur. Belə olan surətdə Azərbaycan nə etməlidir? Haqsız yerə işğala məruz qalmış hər hansı bir dövlət nə edərdisə Azərbaycan da onu edir. Dövlət başçısı dəfələrlə çıxışlarında bildirib: Nə qədər ki, işğal faktoru var, Azərbaycanın əraziləri işğaldan azad olunmayıb, Azərbaycan hərbi büdcəsini davam etdirməkdə haqlıdır.

Azərbaycan iqtisadi qüdrətinə görə Cənubi Qafqazda liderdir, günbəgün daha da qüdrətli dövlətə çevrilir. Azərbaycan dünyada təşəbbüsləri gerçəyə çevirən ölkə kimi tanınır. Dövlətimizin strateji neft-qaz kəmərləri, beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturu var. Üstəlik, terrorizmi dəstəkləyən təcavüzkar bir dövlətlə də qonşuyuq. Kim zəmanət verə bilər ki, bu terrorçular beynəlxalq cinayətlər törətməyəcək?! Məgər indiyədək belə cinayətlər Bakı metrosunda, dəmir yolu vağzalında, Dağıstanda, Tiflis-Bakı yolunda azmı törədilib?! Azərbaycan kimi qüdrətli dövlətin əlbəttə, hərbi gücü də, ordusu da, müdafiəsi də güclü, qüdrətli  olmalıdır. Azərbaycan vətəndaşı şübhə etmir ki, diplomatik mübarizələrdə qələbə qazanan dövlətimiz hərb yolunu seçməyə məcbur qalarsa, qüdrətli ordumuzun sayəsində az bir müddətdə işğal altındakı ərazilərimizi azad edəcək, ərazimiz bütövləşəcək.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 1 may.- S. 1; 4.