Zəngin və qüdrətli Azərbaycan Heydər Əliyev ideyalarının təməl prinsipidir

 

Azərbaycanın özü qədər əbədi

 

Zəngin keçmişimizə və dövlətçilik ənənələrimizə nəzər yetirdikdə Azərbaycan xalqının XX əsr tarixinin ən parlaq səhifələrinin məhz ümummilli lider Heydər Əliyev fenomeni ilə bağlı olduğunu, bu zaman kəsiyində ölkəmizin keçdiyi böyük inkişaf yolunun ulu öndərin misilsiz xidmətlərinin nəticələri kimi çıxış etdiyini bir daha aydın müşahidə etmək olar. Eləcə də Azərbaycanın XXI əsrə müstəqil dövlət qismində artıq böyük uğurlara imza atmış ölkə olaraq qədəm qoyması da Heydər Əliyev dühası ilə bağlıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının yeni dövrün tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək uğurla davam etdirilməsi isə qloballaşma prosesinin geniş vüsət aldığı XXI əsrdə Azərbaycanın tərəqqi yolunda sürətlə irəliləməsini təmin etməkdə, onu zəngin və qüdrətli bir dövlətə çevirməkdədir.

Dünyada demək olar ki, bütün sahələr üzrə baş verən sürətli qloballaşma prosesləri son zamanlar yeni vəziyyətlərin və münasibətlərin, siyasi və ictimai baxışların formalaşmasına, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə ciddi və həlledici təsir göstərməkdədir.

Hazırda beynəlxalq münasibətlərin yeni, daha mükəmməl müstəviyə keçməsində qərarlı olan beynəlxalq təşkilatlar təkamül prosesinin labüdlüyünü dərk etdiklərindən mövcud durumun gələcək perspektivlərini araşdırmaq kimi vacib və ciddi problemlə qarşılaşmışlar. Bununla əlaqədar hazırlanan analitik hesabatlar, layihə və proqramlar məhz növbəti inkişaf mərhələsində planetin yaşam tərzinin müəyyənləşdirilməsinə xidmət edir.

BMT-nin 12 illik araşdırma və təhlillərinin nəticəsi olan "Minilliyin layihəsi" çərçivəsində qəbul edilmiş "Gələcəyin Bəyanatı"nda yaxın gələcək üçün yer almış mühüm fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi nəzərdə tutulan hədəflərə çatmaq üçün atılmış vacib addımdır.

Gənc, lakin artıq sarsılmaz müstəqillik və dinamik inkişaf dayaqları üzərində təşəkkül tapmış Azərbaycan Respublikası da dünya düzəninin ayrılmaz bir hissəsi olaraq bu proseslərdən kənarda deyil. Buna əminlik yaradan fakt olaraq özünün ən yeni tarixində - müstəqilliyinin 20-ci ildönümündə qlobal siyasətin böyük meydanı olan BMT-nin Təhlükəsizlik Şurasına 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçilən Azərbaycan Respublikasının müasir beynəlxalq siyasətin avanqardında yer alması bir daha sübut edir ki, ölkəmiz beynəlxalq münasibətlər sisteminin sıravi bir subyekti deyil, bu sistemin dinamikasını dərk edən və bu məsuliyyəti dünyanın qabaqcıl ölkələri ilə bölüşməyə hazır olan dövlətlərdən biridir. Şərqi Avropa qrupundan BMT TŞ-nın 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə seçkilərdə respublikamızın namizədliyinin böyük səs çoxluğu ilə dəstəklənməsi həm də onu göstərdi ki, Azərbaycan qarşısıalınmaz bir prosesin başlanğıcında formalaşmaqda olan yeni qlobal siyasətin ön cinahında özünə layiqli yer tutmaq iqtidarındadır. XX əsrin ən praqmatik və realist siyasətçilərindən olan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın xoşbəxt gələcəyinə bəslədiyi sarsılmaz inamı artıq öz əksini ölkəmizin bugünkü reallıqlarında tapır.

Məhz öz dövlətinin və xalqının potensialından bəhrələnən belə bir optimist siyasi mövqeyin 2003-cü ildən bəri getdikcə daha da möhkəmləndirilməsinin nəticəsidir ki, ölkə rəhbərliyi dövlət müstəqilliyimizin iyirminci ilində daha sonrakı 10 il ərzində həmin imkanların gələcək inkişafını təmin edən fundamental istiqamətlərin müəyyənləşdirilməsinə dair qərar vermişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası barədə imzalanmış sərəncam Azərbaycan Respublikasının gələcək inkişafında böyük siyasi əhəmiyyət daşıyan sənəd kimi tarixdə və yaddaşlarda qalacaqdır. Böyük əminliklə söyləmək mümkündür ki, bu sərəncam ölkə rəhbərinin Azərbaycana və dünyaya özünün yeni quruculuq siyasətinə dair iradəsini ortaya qoymuşdur.

Bundan sonra gedəcəyimiz yolun təməli isə müstəqillik dövründə əldə etdiyimiz uğurlar üzərində qurulur. Prezident İlham Əliyev dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda söylədiyi nitqində bu yolun perspektivinə işıq salaraq bəyan etmişdir: "Biz 20 il ərzində böyük yol keçmişik - müstəqillik yolu, suverenlik yolu, azadlıq yolu... Bu 20 il ərzində o qədər böyük işlər görülmüşdür ki, biz bu 20 ili böyük bir müddət kimi də qəbul edə bilərik və edirik. Ancaq biz hamımız bilirik ki, müstəqil Azərbaycan üçün bu, birinci addımdır. Müstəqil Azərbaycan bundan sonra əbədi yaşayacaqdır".

Bu inam xalqda belə bir əminlik yaradır ki,  dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə təkcə özümüzün deyil, bütün tərəqqipərvər dünyanın, hətta uğurlarımıza qısqanclıqla yanaşan rəqiblərimizin də etiraf etdiyi nailiyyətlərimiz bizə gələcəyin qapılarını daha cəsarətlə açmağa imkan verəcəkdir.

Yürüdülən dövlət siyasətinin nə qədər düzgün və öncədən bütün detalları düşünülmüş olduğunu təsdiq edən əsas fakt respublikamızın ildən-ilə yüksələn inkişafıdır. Əgər biz müstəqilliyimizin 20 illik bazasının inkişaf dinamikasını qısaca nəzərdən keçirsək, aydın görərik ki, bu inkişaf fazasında Azərbaycan özünə layiq bir gələcək qurmaqdan ötrü bütün potensialını formalaşdırmış, yeni fazaya keçid üçün hazır vəziyyətə gətirilmişdir.

Bu gün Azərbaycanda siyasi sistemin dayanıqlığı təmin edilmiş, dövlətçilik ənənələri etibarlı şəkildə qorunub saxlanmaqdadır. Ölkə vətəndaşlarının siyasi hakimiyyətə etimadı yüksələn xətlə böyüyür, ictimai şüurda qərarlaşmış təkamül məntiqi insanları mövcud sosial-siyasi quruluşun daha da təkmilləşdirilməsinə, mahiyyətcə yeniləşdirilməsinə sövq edir. Azərbaycan cəmiyyəti öz milli-mənəvi dəyərlərini qoruyub saxlamaqla bərabər, eyni zamanda müasirliyə, modern cəmiyyətin təşəkkül tapmasına rəğbətlə yanaşır.

Azərbaycan Respublikasının daxili və xarici siyasəti bir-birini tamamlayaraq suveren dövlətimizi beynəlxalq münasibətlər sisteminin əhəmiyyətli bir seqmentinə, milli iqtisadiyyatımızı isə dünya iqtisadiyyatının ayrılmaz və mütəhərrik parçasına çevirə bilmişdir. Azərbaycandan start götürən qlobal layihələr dünyada gedən siyasi-iqtisadi prosesləri sürətləndirmiş, beynəlxalq təhlükəsizlik siyasətinin inkişafında öz yeri və rolu olan ölkəmizə dünya dövlətləri arasında yüksək etimad yaratmışdır. Şərq və Qərbin sintezinin səmərəliliyi baxımından məhz Azərbaycanda sivilizasiyalararası dialoqun ahəngliliyinə nail olunmuş, ölkəmiz universal humanist dəyərlərə, demokratiya və fundamental insan hüquqları prinsiplərinə sadiqliyini nümayiş etdirmişdir.

Milli dövlətçiliyimizin siyasətində prioritet istiqamətlər üzrə həyata keçirilmiş islahatlar nəticəsində ictimai-siyasi həyatın, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin bütün sahələrində davamlı və sürətli irəliləyiş inkişafın ana xəttini təşkil etmişdir. Kökü ulu öndər Heydər Əliyev dönəmindəki 1994-cü il islahatlarına bağlı olan ardıcıl pozitiv dəyişikliklərin nəticəsi olaraq Azərbaycan 2005-ci ildən iqtisadiyyatın inkişaf sürətinə görə dünyanın lider dövlətinə çevrildi və bu günə qədər də həmin göstəriciyə görə öncüllük mövqeyini qoruyub saxlamaqdadır.

Ümumiyyətlə, bu son mərhələdə ölkənin sosial, iqtisadi, mədəni həyatına əhəmiyyətli dərəcədə təsir göstərən bütün sahələrdə inkişaf tempi daha yaxşı keyfiyyət göstəriciləri ilə davam etmişdir. Heç də təsadüfi deyildir ki, ən nüfuzlu beynəlxalq hesabatlarda Azərbaycanın inkişaf dinamikası birmənalı olaraq real faktlar əsasında təsdiq edilir.

İnamla demək olar ki, Azərbaycanın dünya ölkələri sırasında sayılıb-seçilən, qüdrətli və zəngin bir dövlətə çevrilməsi ideyası dəyişib-yeniləşən zamanın tələbindən və gələcəyin inkişaf modelini aydın görə bilən strateji düşüncənin və bu inkişafı həyata keçirməyə qadir olan siyasi iradənin vəhdətindən bəhrələnir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi Azərbaycan dövləti və cəmiyyəti bunun üçün həm maddi-iqtisadi potensialına, həm də yaradıcı mənəvi ruhuna, əzminə görə hazırdır. Milli inkişafın məhz bu istiqamətdə təşəkkül tapması üçün real ictimai-siyasi şərait, sosial-psixoloji əsaslar vardır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ərsəyə gəlmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallığına əminlik yaradan əzm və iradə də məhz hər bir vətəndaşın arzu və istəyinin ifadəsi olaraq xalqımızı növbəti uğurların əldə olunmasına səfərbər etməyə yönəlmişdir.

Artıq qlobal siyasət sahəsində ötən illər ərzində özünü sülhə, mədəniyyətlərarası dialoqa, tolerantlığa sadiq ölkə kimi tanıtmış Azərbaycan dünya siyasi səhnəsində "yeni nəsil dünya dövləti"nin müasir modelini yaratmağa nail olmuş və bu sırada özünəməxsus layiqli yerini tuta bilmişdir. Gələcəyə doğru inkişafın təməli, start nöqtəsi olan bu nailiyyətlər ölkəmizin xarici və daxili siyasətində yeni meyillərin əsasını qoymağa, 2020-ci ilə qədərki dövrdə dünya birliyinə daha zəngin, daha modern və daha güclü Azərbaycanın təqdim olunmasını təmin edəcək layihələri həyata keçirməyə imkan verəcəkdir.

Qarşıdakı dövrdə Azərbaycanın beynəlxalq siyasi arenada öz nüfuzunu gücləndirməklə yanaşı, beynəlxalq səviyyəli təşəbbüs irəli sürməkdən çəkinməyərək universal dəyərlərə söykənən yeni dünya düzəninin formalaşmasında fəal iştirak edəcəyi artıq təəccüb və şübhə doğuran məsələlərdən deyil. Yaxın gələcəkdə Azərbaycan Respublikası bugünkü nailiyyətlər zirvəsindən müasir beynəlxalq sistemdə yeni nəsil dünya dövlətlərinin lideri qismində və bu dövlətlərin Azərbaycanın maraqları ətrafında birgə fəaliyyətinə nail olmuş bir dövlət kimi görünür.

Dünya dövlətləri ilə ikitərəfli və çoxşaxəli münasibətlərin dərinləşdirilməsi və intensivləşdirilməsi üçün  artıq ciddi zəmin yaranmışdır. Regiondakı digər dövlətlərlə dinc qonşuluq və dostluq siyasəti nəticə etibarilə Xəzəryanı bölgə və Cənubi Qafqazın planetin təhlükəsizlik zolağına çevrilməsi ideyasına güclü töhfədir. Bu, Azərbaycanın bölgədəki lider rolunun bir qədər də möhkəmlənməsinə öz həlledici təsirini göstərməklə yanaşı, onun beynəlxalq aləmdə sülhsevər imicinin formalaşması və nüfuzunun daha da yüksəlməsi üçün bir meyardır.

Bu ilin fevralında Mexikoda dünyanın ən inkişaf etmiş 20 dövlətinin qatıldığı ənənəvi "G-20" sammitinə ilk dəfə olaraq Azərbaycanın dəvət olunması onu göstərdi ki, ölkəmiz artıq regional liderlikdən yüksələrək beynəlxalq miqyasda qlobal oyunçuya çevrilməkdədir.

İqtisadiyyat sahəsində son 10 ildə Azərbaycan dünyadakı ağır maliyyə böhranı şəraitində ən yüksək iqtisadi tərəqqi əldə etməyə nail olmuş ölkə kimi dünya miqyasında kifayət qədər müsbət imic qazanmış və siyasi leksikona "inkişafın Azərbaycan modeli" anlayışını gətirə bilmişdir. İnkişafın mövcud dinamizmi, şübhəsiz son nəticədə Prezident İlham Əliyevin irəli sürdüyü strateji məqsədlərə uyğun olaraq, milli iqtisadiyyatımızın - səmərəli və innovasiyayönümlü, çoxşaxəli iqtisadiyyat kimi formalaşdırılmasını təmin edəcəkdir.

Bu gün Azərbaycanda enerji təhlükəsizliyi problemi nəinki həll  olunub, ölkəmiz "Ümid" və "Abşeron" kimi yeni təbii qaz mənbələrinin kəşf olunması ilə Avropanın ən etibarlı enerji təminatçısına çevrilmiş və bu mövqe getdikcə daha da möhkəmlənməkdədir.

Yaxın gələcəkdə Azərbaycanın inkişaf etmiş sənaye dövlətinə çevrilməsi, dünya bazarlarında rəqabətədavamlı məhsulların istehsalı üçün yeni, müasir texnologiyaların tətbiqi istiqamətində artıq əsaslı baza yaranmaqdadır. Dövlət başçısının sərəncamına əsasən yaradılmış Sumqayıt Texnologiyalar Parkı, Balaxanı Sənaye Parkı və bir çox digər müəssisələr məhz bu məqsədlərin reallaşmasını təmin edəcəkdir.

Azərbaycanda kosmik sənayenin formalaşdırılması və inkişaf etdirilməsi, bu istiqamətdə ən modern informasiya texnologiyalarının tətbiqi ilə bağlı çox mühüm layihələrin həyata keçirilməsi ilə ölkəmizin yaxın illərdə aparıcı dünya dövlətləri sırasında layiqli yer tutmasına öz töhfəsini verəcəkdir. Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına həsr olunmuş yığıncağında ölkə Prezidenti İlham Əliyev bu il Azərbaycan telekommunikasiya peykinin orbitə buraxılmasını tarixi hadisə adlandıraraq, bu istiqamətdə daha möhtəşəm nailiyyətlərin əldə olunacağına inamını ifadə etmişdir.

Hal-hazırda bəşəriyyəti təhdid etməkdə olan ərzaq təhlükəsizliyi probleminin aradan qaldırılması və ölkənin xarici qida məhsullarından asılılığının minimuma endirilməsi üçün ölkə rəhbərliyinin ciddi siyasi iradəsi mövcuddur. Müxtəlif ərzaq məhsullarının istehsalı ilə məşğul olan çoxsaylı müəssisələrin açılması da məhz bu məqsədə xidmət edir. Ona görə də Yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-nun Azərbaycanda olmasından və digər təbii və texniki imkanlardan səmərəli istifadə etməklə ölkəmizdə yaxın dövr üçün ərzaq təhlükəsizliyinin təmin olunmasının mümkünlüyü real görünür.

Ötən illərin təcrübəsi göstərdi ki, Azərbaycan ən çətin sınaqlarda belə qarşısına çıxan problemləri öz gücünə həll etməyə qadirdir. Dünya iqtisadi və maliyyə böhranı şəraitində nəzərdə tutulan bütün proqramların, infrastruktur layihələrinin qətiyyətlə həyata keçirilməsi ölkəmizin real gücünün, yürüdülən siyasətin düzgünlüyünün əyani təsdiqidir. Beynəlxalq aləmdə, eləcə də yerləşdiyimiz regionda bir çox ölkələrin böyük çətinliklərlə üzləşdiyini, bəzilərinin isə tam tənəzzülə uğradığını nəzərə alsaq, Azərbaycanın əldə etdiyi makroiqtisadi göstəricilər olduqca böyük nailiyyətdir. Bir çox Qərb dövlətləri hazırda xalqın sosial yüksəlişini uğurla təmin etməkdən ötrü məhz Azərbaycan modelinə üstünlük verir. Uğurlu sosial siyasətin prioritet istiqamətləri də bütün bu faktorları təsdiqləməkdədir.

Azərbaycanda turizmin inkişafı üçün formalaşdırılmış potensial gələcəkdə ölkəmizin bu sahədəki reytinqini ən yüksək zirvəyə çıxara biləcəkdir. Nəfis memarlıq üslublarının yer aldığı, həm Şərq, həm də Avropa mədəniyyətinin  sintezini özündə əks etdirən, milli-mənəvi və tarixi dəyərlərdən bəhrələnmiş arxitektura, yüksək səviyyədə qurulmaqda davam edən infrastruktur, məşhur "Hillton" və "Cumeyra", "Kempinski" tipli otellərin, Qusar Qış-Yay Turizm Kompleksinin, respublikanın müxtəlif bölgələrində yüksək səviyyəli xidmətin təşkil olunduğu istirahət və biznes mərkəzlərinin tikintisi, Zaqatala, Lənkəran, Naxçıvan və Gəncədə müasir tipli beynəlxalq hava limanlarının salınması, üstəlik ölkənin əsrarəngiz təbiəti ölkəmizin cəlbedici turizm məkanına çevrilməsi üçün güclü zəmin yaratmışdır. 2011-ci ilin "Turizm ili" elan olunması da məhz gələcəkdə bu sahədə həyata keçirilməsi nəzərdə tutulan qlobal layihələrin reallaşması və müvafiq bazanın yaradılması üçün bir stimuldur. Bu sahədə görüləcək işlərin miqyası isə daha böyükdür.

Bu gün bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda 2012-ci ilin "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin ən yüksək səviyyədə keçiriləcəyi şübhə doğurmur. 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarının ölkəmizdə keçirilməsinə dair təklifin qəbul olunması və müsbət nəticəyə bəslənən ümidlər ildən-ilə güclənir. Bu, eyni zamanda Azərbaycanın real imkanlarının beynəlxalq təşkilatlar tərəfindən etirafıdır. Vaxtilə həsəd apardığımız İtaliya kimi dövlətin bu yarışda rəqabətə davam gətirməyərək meydandan geri çəkilməsi fonunda bizim böyük idman sahəsində qazandığımız uğurlar daha əhəmiyyətli məna yükünə malik olur, daha geniş götürsək, bu beynəlxalq səviyyədə ölkəmizin potensialına inamın ifadəsini ortaya qoyur.

Azərbaycan gəncinin gələcəkdə müasir, yüksək elmi və intellektual potensiala malik vətəndaş kimi yetişməsi üçün bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyət getdikcə daha böyük vüsət alır. Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Çünki hər bir dövlətin bu günü və gələcəyi onun intellektual potensialından asılıdır. Bu sahənin inkişafına yatırılan investisiyalar gələcəyimizin təminatıdır. Azərbaycan da məhz bu yolu seçmişdir.

Təhsili millətin gələcəyi adlandıran ümummilli lider Heydər Əliyev ona fəaliyyətinin bütün dövrlərində böyük önəm verib, təhsilə qayğının artırılmasına dövlət siyasətinin üstün prinsipi, prioritet məsələsi kimi yanaşıb. Bu siyasi mövqeyə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev ölkəmizin gələcək inkişaf yolunun məhz gənclərdən asılı olduğunu önə çəkərək deyib: "Biz gələcəyə çox böyük ümidlərlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bugünkündən də gözəl olacaqdır. Bu gün Azərbaycan özünü dünya miqyasında sürətlə və uğurla inkişaf edən ölkə kimi tanıtdıra bilmişdir. Ancaq gələcəkdə elmə, təhsilə, yeni texnologiyaların tətbiqinə göstəriləcək diqqət və həyata keçiriləcək proqramlar Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil edəcəkdir. İnkişaf etmiş ölkə olmaq üçün isə gərək cəmiyyətin intellektual potensialı yüksək səviyyədə olsun".

Uzunmüddətli təhsil proqramlarının qəbul olunması Azərbaycanda elmin və təhsilin inkişafına güclü təkan verir, Azərbaycan vətəndaşının yüksək intellekt və bilik sahibinə çevrilməsinə şərait yaradır. Bu məqsədlə ölkə rəhbərliyinin siyasi iradəsi əsasında təsdiq olunmuş uzunmüddətli layihələrə uyğun olaraq böyük məbləğdə vəsaitlərin ayrılması azərbaycanlı gənclərin dünyanın aparıcı elm və təhsil ocaqlarında oxumaları üçün görülən konkret tədbirləri və Heydər Əliyev Fondunun həyata keçirdiyi böyükmiqyaslı layihələr öz bəhrəsini verməkdədir.

BMT-nin inkişaf proqramının hesabatına daxil olunan insan potensialının inkişaf indeksi bütün dünyada gözlənilən ömür həddinin, savadlılığın, təhsilin və həyat səviyyəsinin müqayisəli kompleks göstəricisidir. Azərbaycan bu siyahıda artıq yüksək indeksə malik ölkələrdən biri kimi qeydə alınıb. Lakin hədəf ən yüksək nailiyyətlər əldə etmiş birincilər sırasına daxil olmaqdır. Ölkəmiz bu yolda uğurla irəliləməkdədir. Səhiyyə sahəsində görülən işlər, ən müasir avadanlıqlarla təchiz olunmuş yeni xəstəxanaların, diaqnostika mərkəzlərinin açılması, insan sağlamlığının meyarı olan idmana göstərilən dövlət qayğısı son nəticədə əhalinin ömür həddinin daha yüksək səviyyəyə qalxmasına bilavasitə təsir edəcək. Elm və təhsil səviyyəsində aparılan köklü islahatlar isə hər bir Azərbaycan vətəndaşının yüksək savad və intellektual qabiliyyətinin formalaşmasını hədəfə alıb.

İnanıram ki, bütün bunların nəticəsi olaraq yaxın gələcəkdə biz bir neçə dildə sərbəst danışan, geniş dünyagörüşlü, yüksək elmi, mədəni səviyyəsi və zövqü ilə seçilən insanların yaşadığı Azərbaycan cəmiyyətini görə biləcəyik.

Bir sözlə, ölkəmizin perspektiv inkişaf istiqamətlərinin müəyyən edilməsi məqsədilə bir sıra mühüm addımlar artıq atılıb. Bununla əlaqədar müəyyənləşdirilmiş əsas istiqamətlərdən biri də siyasi sahədə demokratiya institutlarının daha da inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, həmçinin qanunun aliliyini təmin edən mexanizmlərin təkmilləşdirilməsidir. Önəmlidir ki, bu sahədə ilk fundamental sənəd olan Milli Dövlət  Proqramını hələ 1998-ci ildə ümummilli lider Heydər Əliyev imzalayıb. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə qəbul edilən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" isə bu prosesin keyfiyyətcə yeni mərhələyə keçməsinə xidmət edib. Dövlət başçısının ötən il imzaladığı "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" dövlətin gələcək illərdə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir və ictimaiyyətə, həmçinin beynəlxalq birliyə insan hüquq və azadlıqları sahəsində Azərbaycan prioritetlərinin tam şəklini təqdim edir.

Siyasi  partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi, kütləvi informasiya vasitələrinə, mətbuata, qeyri-hökumət təşkilatlarına və vətəndaş cəmiyyəti institutlarına maddi dəstəyin verilməsi son nəticədə insanlar arasında alternativ siyasi baxışların formalaşması, cəmiyyətin demokratikləşdirilməsi, bu sahədə davamlı inkişafın təmin olunması üçün müsbət şəraitin yaradılması məqsədini güdür.

Bu gün bizim yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bugünkü reallığımız - iqtisadi tərəqqi, güclü ordu və beynəlxalq dəstək problemin tezliklə ölkəmizin maraqlarını əks etdirən ədalətli həllini tapacağına böyük inam yaradır. Rəsmi Bakı hər zaman bildirir ki, münaqişənin həllində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupu yerinə yetirsə də, bütün beynəlxalq təşkilatların potensialından səmərəli istifadə etmək niyyətindədir. Bu gün bir çox nüfuzlu beynəlxalq təşkilatların - BMT, Avropa Şurası, ATƏT, İKT, Avropa Parlamentinin qəbul etdikləri qətnamələrdə Ermənistanın işğalçılıq siyasəti pislənir, tarixi saxtalaşdırmamağa çağırışlar səslənir.

BMT TŞ-ya üzv olmaq üçün Ermənistanın sonda öz namizədliyini geri götürməsi isə onun heç bir sahədə, o cümlədən siyasi arenada Azərbaycanla rəqabət apara bilməyəcəyi qənaətini ortaya qoyur və son nəticədə Azərbaycanın real gücü ilə hesablaşmağa məcbur olacağına dəlalət edir.

Şübhə yoxdur ki, yaxın gələcəkdə bu problemin aradan qaldırılması üçün biz Azərbaycan Respublikasının xarici siyasətində ilk növbədə suveren dövlətimizin beynəlxalq münasibətlər sistemində rolunun və mövqeyinin daha da artmasının şahidi olacağıq. Ölkəmizin pozulmuş hüququnun bərpa edilərək Ermənistan tərəfindən işğal olunmuş Qarabağ və ətraf regionların geri qaytarılması üçün dünya birliyi üzvlərinin və beynəlxalq ictimaiyyətin konstruktiv mövqe birliyinə nail olunacağı gün heç də uzaqda deyil. Bununla da Cənubi Qafqazda Ermənistanın və hər hansı digər dövlətin işğalçılıq siyasətinə yol verməmək üçün Azərbaycan Respublikasının bu regionda siyasi, iqtisadi və hərbi üstünlüyü daha etibarlı şəkildə təmin olunacaqdır.

Beləliklə, Azərbaycan hakimiyyətinin xalq naminə, yüksək ideallar uğrunda apardığı məqsədyönlü siyasət ölkəmizi keçid dövründən sonrakı növbəti və daha uğurlu bir mərhələyə aparır. Bu siyasət ulu öndər Heydər Əliyevin təbirincə desək, "dünyaya günəş kimi doğacaq" Azərbaycanın zəngin və qüdrətli obrazını əks etdirən portretinə bundan sonra da yeni-yeni cizgilər vurulacaq və xalqımızın azad, xoşbəxt, firavan gələcəyini təmin edəcəkdir.

Heydər Əliyev ideyalarının təcəssümü olan, bütün bu uğurların altında öz imzasını əbədi həkk etmiş və bu gün cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ən güclü aparıcı qüvvə olaraq beynəlxalq miqyasda yüksək siyasi nüfuz sahibi kimi tanınmış Yeni Azərbaycan Partiyasının bayrağı da nailiyyət zirvələrində ucalan möhtəşəm üçrəngli Azərbaycan bayrağı ilə yanaşı həmişə qürurla dalğalanacaqdır.

 

 

Bahar MURADOVA,

Milli Məclis Sədrinin müavini,

YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.- 2012.- 1 may.- S. 2.