Berlində Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı keçirilmişdir

 

Samirə Patzer-İsmayılova konqresin prezidenti seçilmişdir

 

Aprelin 29-da Almaniyanın paytaxtı Berlin şəhərinin "Konkord" otelinin tədbirlər salonunda Avropa Azərbaycanlıları Konqresinin (AAK) IV Qurultayı keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Sonra dünyada Azərbaycan diaspor quruculuğundan bəhs edən "Gücümüz birliyimizdədir!" sənədli filmi nümayiş olunmuşdur.

Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərlərinin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, Milli Məclisin və digər ölkələrin parlamentlərinin deputatlarının, AAK-a üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin, həmçinin digər xalqların diaspor təşkilatlarının təmsilçilərinin iştirak etdikləri qurultayın rəyasət heyəti seçildikdən sonra AAK-ın prezidenti Başar Kömür hesabat məruzəsi ilə çıxış etmişdir. O, Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə Azərbaycan diasporunaonun işinə verdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir. B.Kömür demişdir ki, qurultayın işində Avropanın müxtəlif ölkələrindən 61 Azərbaycan diaspor təşkilatından nümayəndə heyətləri iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin AAK-ın fəaliyyətinə daim dəstək verdiyini söyləyən B.Kömür qurumun yarandığı gündən bəri sürətlə böyüdüyünü, həm öz sıralarını, həm də təsir imkanlarını genişləndirdiyini vurğulamışdır.

Üçüncü Qurultaydan ötən müddət ərzində Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan cəmiyyət və dərnəklərinin fəaliyyətində mühüm keyfiyyət dəyişiklikləri baş verdiyini söyləyən AAK prezidenti qeyd etmişdir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının diqqət yetirdiyi əsas məsələlərdən olmuşdur. 20 Yanvar faciəsi, Xocalı qırğını, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü  ilə əlaqədar Avropanın onlarla ölkəsində müxtəlif tədbirlərin, o cümlədən etiraz aksiyalarının, konfrans və "dəyirmi masa"ların, sərgilərin keçirilməsi yolu ilə Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən danışan B.Kömür Avropanın müxtəlif ölkələrində onlarla ədəbi-bədii, musiqili tədbirlərin keçirildiyini demişdir. O, Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Evrovision - 2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin tarixi qələbə qazanmasında xaricdə, xüsusən Avropa ölkələrində yaşayan soydaşlarımızın da fəallığının mühüm rol oynadığını vurğulamışdır.

B.Kömür Avropa ölkələrində yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunmasının, ölkəmizin maraqlarının qorunmasında onların fəal iştirakının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd etmişdir.

"AAK-ın yarandığı gündən bəri bir vacib məsələ var və həll olunana qədər biz onu gündəliyimizdən çıxarmayacayıq. Bu, işğal olunmuş torpaqların azad edilməsi məsələsidir. Bu məsələnin həlli üçün çalışmaq hər birimizin Vətən qarşısında müqəddəs borcudur" - deyə B.Kömür məruzəsini başa çatdıraraq, yeni seçiləcək heyətə uğurlar arzulamışdır.

Qurultayda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış etmişdir.

Professor Əli Həsənov Azərbaycan dövlətinin AAK-ın işini yaxından izlədiyini, təşkilatın yarandığı 2004-cü ildən bəri onun 4 qurultayının keçirildiyini, bu illər ərzində qurumun üç prezidentinin seçildiyini və onların müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini vurğulamışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildən başlayaraq diaspor quruculuğu işinə azərbaycançılıq ideologiyasını əsas amal elan edərək başladığını diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri hazırda o illərlə müqayisədə hədəflərimizin daha da genişləndiyini bildirmişdir.

Bu mühüm işdə diaspor təşkilatlarımıza, o cümlədən AAK-a  nailiyyətlər arzulayan Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyada yaşayan azərbaycanlılara həm güvəndiyini, həm də onların dayağı olduğunu vurğulamışdır. O, son illərdə ölkəmizin artan qüdrətinin, qazandığı beynəlxalq əhəmiyyətli nailiyyətlərin Azərbaycan dövlətinin düşmənlərini qıcıqlandırdığını, həmin qüvvələri antiazərbaycan fəaliyyətinə sövq etdiyini demişdir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçildiyinibu quruma sədrlik edəcəyini xatırladan Əli Həsənov həmin qüvvələrin, o cümlədən bəzi mətbu orqanların antiazərbaycan fəaliyyətini neytrallaşdırmaqda, ölkəmiz barədə həqiqətlərin dünya, həmçinin  Avropa ictimaiyyətinə olduğu kimi çatdırılmasında diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü söyləmişdir.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında AAK-ın səkkiz illik mövcudluğu dövründə çox mühüm işlər gördüyünü bildirmişdir. Komitə sədri bu illərdə AAK-ın tam mənada diaspor təşkilatı kimi formalaşdığını demişdir.

Nazim İbrahimov Dövlət Komitəsinin AAK-a seçiləcək yeni rəhbər heyətə dəstəyini davam etdirəcəyini bildirmişdir.

Qurultayda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Belarus Azərbaycanlıları Konqresinin prezidenti Natiq Bağırov, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, TADEF-in sədri Bilal Dündar, Azərbaycan-Almaniya Dostluq  Cəmiyyətinin sədri Haqqı Kəskin, Milli Məclisin deputatı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı, Danimarkadakı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi, AAK-ın birinci prezidenti Bahəddin Kaya çıxış edərək Avropa Azərbaycanlıları Konqresinin bundan sonrakı hədəflərindən danışmış, bu qurumun Azərbaycan naminə fəaliyyəti istiqamətində daha peşəkar və mütəşəkkil aparmasının vacibliyini vurğulamışlar.

Çıxışlarda Azərbaycanın diaspor təşkilatlarının Avropa ölkələrində siyasi çəkisinin artmasının sevindirici fakt olduğu da xüsusi vurğulanmışdır.

Müzakirələrdən sonra təşkilati məsələlərə baxılmışdır. Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilmişdir. 

Avropa Azərbaycanlıları Konqresinin İcraiyyə Komitəsi və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçildikdən sonra AAK-ın birinci vitse-prezidentləri və vitse-prezidentləri seçilmişlər. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar AAK-ın birinci vitse-prezidentləri, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, İsveçin Azərbaycan Federasiyasının sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı, "Bakı" klubunun həmsədri Eldar Əfəndiyev, Ümumrusiya Azərbaycanlıları Konqresi Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev vitse-prezidentləri seçilmişlər.

Avropa Azərbaycanlıları Konqresinə yeni üzvlər qəbul olunmuşdur. Qurultayda "Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidentlərinin Məşvərət Şurası"nın yaradılması haqqında qərar qəbul olunmuşdur.

Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət, IV qurultayın qətnaməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanat qəbul edilmiş, Dünya Azərbaycanlılarının III qurultayının yekunlarına dair kitabın təqdimatı keçirilmişdir.

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı 2014-cü ildə keçiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 1 may.- S. 3.