Ali Məhkəmədə hüquqi və fiziki şəxslərin
vergi hesablamaları və ödəmələrinin
vergitutma bazasının təkmilləşdirilməsi
ilə bağlı “dəyirmi masa” keçirilmişdir
Ali Məhkəmədə hüquqi və fiziki şəxslərin vergi hesablamaları və ödəmələrinin vergitutma bazasının təkmilləşdirilməsi ilə bağlı "dəyirmi masa" keçirilmişdir.
Ali Məhkəmənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Ali Məhkəmənin İnzibati - İqtisad Kollegiyasının, Bakı və Sumqayıt Apelyasiya məhkəmələrinin İnzibati-İqtisad Kollegiyalarının, Şəki, Şirvan Apelyasiya məhkəmələrinin, İnzibati-İqtisad məhkəmələrinin hakimləri və Vergilər Nazirliyi vergi xidmətinin məsul əməkdaşları iştirak etmişlər.
Ali Məhkəmənin İnzibati-İqtisad Kollegiyasının sədri Hikmət Mirzəyev tədbirin əhəmiyyətindən danışmış və bildirmişdir ki, Azərbaycan müasir standartlara cavab verən vergi qanunvericiliyi bazasına malikdir və bu qanunvericilik bazası ölkənin iqtisadi inkişafına uğurla xidmət edir. Bu sahədə xalqın və dövlətin iqtisadi maraqlarının qorunmasına kömək etmək hər bir vətəndaşın ümdə vəzifəsidir.
Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi vergi ödəyiciləri üçün bərabər iqtisadi şərait yaradır, vergi ödəyiciləri arasında diskriminasiyaya yol vermir. Qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində hüquqi şəxslərin mənfəət vergisi ilə fərdi sahibkarların gəlir vergisinin dərəcəsi uzlaşdırılmış, rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükü bərabərləşdirilmişdir. Bu da investisiya yatırılmasını şərtləndirən əsas amillərdəndir. Natiq Əmirov belə görüşlərin qanunvericiliyin tətbiqi ilə əlaqədar qarşıya çıxan problemlərin həllinə kömək etdiyini bildirmişdir.
Çıxış edənlər diqqəti hüquqi və fiziki şəxslərin vergi hesablamaları və ödəmələri ilə bağlı məhkəmə baxışlarına yönəltmişlər. Bununla əlaqədar geniş təhlillər aparılmışdır.
Hakimlər "dəyirmi masa"
iştirakçılarını maraqlandıran sualları
cavablandırmış, ölkədə həyata keçirilən
vergi siyasəti barədə fikir və təkliflərini bildirmişlər.
Azərbaycan.- 2012.- 1 may.- S. 3.