Milli Məclislə Almaniya Bundestaqı arasında əlaqələr inkişaf edir

 

Azərbaycanda səfərdə olan  Almaniya Azad Demokrat Partiyasının federal sədri, Bundestaqın deputatı  xanım Birqit Homburqer aprelin 30-da Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovla görüşüb.

Görüşdə V.Ələsgərov Milli Məclislə Almaniya Bundestaqı arasında əlaqələrin inkişafından danışaraq qarşılıqlı səfərlərin, aparılan danışıqların, deputatlarımızın beynəlxalq tədbirlərdəki faydalı əməkdaşlığının parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildirib.

Azərbaycana səfərindən məmnun qaldığını deyən xanım Birqit Homburqer bildirib ki, səfərin məqsədi ölkələrimiz arasında əlaqələrin inkişafı, xüsusən də parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır. B.Homburqer Azərbaycanın əldə etdiyi uğurları, enerji layihələrindəki rolunu yüksək qiymətləndirərək ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Valeh Ələsgərov qonağa ölkəmizin dinamik inkişafı, Azərbaycanın regionda həyata keçirilən irimiqyaslı layihələrdə, eləcə də Avropanın enerji təhlükəsizliyindəki rolu barədə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.- 2012.- 1 may.- S. 4.