Prezident Almazbek Atambayev Azərbaycan hökumətinin nümayəndə heyətini qəbul etmişdir

 

Qırğızıstan Prezidenti Almazbek Atambayev aprelin 30-da Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi Qırğızıstan-Azərbaycan hökumətlərarası komissiyasının birinci iclasında iştirak etmək üçün Qırğızıstana gəlmiş nümayəndə heyətini qəbul etmişdir.

Qırğızıstan Respublikası Prezidenti Aparatının İnformasiya Siyasəti Şöbəsindən verilən məlumata görə, A.Atambayev nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirərək qeyd etmişdir ki, onun Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların reallaşdırılması üçün təkan lazım idi. O demişdir: "Şadam ki, sizin buraya gəlişinizlə əlaqədar, tarixlər və müddətlər barədə konkret qərarlar qəbul edilmişdir".

Dövlət başçısı vurğulamışdır ki, Qırğızıstan rəhbərliyi Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Hökumətlərarası Komissiyanın həmsədri Yaqub Eyyubov görüş zamanı Qırğızıstanın dövlət başçısına iki ölkənin prezidentləri arasında razılaşmaya uyğun olaraq keçirilmiş birinci iclas barədə məlumat vermişdir.

Y.Eyyubov demişdir: "Prezident İlham Əliyev bizim qarşımızda belə bir məsələ qoymuşdur ki, bütün müştərək razılaşmalar yerinə yetirilməlidir. Bizim gələcək əməkdaşlığımızın spektri çox genişdir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 1 may.- S. 4.