Heydər
Əliyev İrsini Araşdırma Mərkəzinin
həyata keçirdiyi layihələr
yüksək qiymətləndirilmişdir
Aprelin 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin 8 illik fəaliyyəti ilə bağlı tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə elm xadimləri, Milli Məclisin deputatları, media mənsubları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov ulu öndər Heydər Əliyevin müstəqil, müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, elm adamlarına verdiyi böyük dəyərdən danışmışdır.
Ulu öndərin fəaliyyətinin araşdırılması və təbliğində xüsusi xidmətləri olan Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin ötən dövrdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirən natiq bildirmişdir ki, mərkəzin www.aliyevheritage.org ünvanındakı portalı ümummilli liderin irsinin təbliği ilə məşğul olan ən iri elektron resursdur.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev rəhbərlik etdiyi qurumun yaranma tarixindən və gördüyü işlərdən söz açmışdır. Bildirmişdir ki, mərkəzin portalında ulu öndər Heydər Əliyevin fəaliyyətinin demək olar ki, bütün sahələri - xarici və daxili siyasət, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, beynəlxalq terrorizmlə mübarizə və s. geniş əhatə olunmuşdur.
Vurğulanmışdır ki, materialları oxucuların asanlıqla tapması üçün bölümlər və alt bölümlər yaradılmışdır. Portalda 50 dildə versiyanın olması dünyanın bir çox ölkə oxucularının materialları öz dillərində oxumasına geniş imkan yaratmışdır. Ötən il mərkəzin portalına 185 ölkədən 100 minlərlə oxucu daxil olaraq 2 milyona qədər sənədlə tanış olmuşdur. Oxucuların böyük əksəriyyətini dünyanın tanınmış elm mərkəzləri, rəsmi qərarların qəbul edildiyi dövlət qurumları, dünyanın nüfuzlu KİV-lərin nümayəndələri, transmilli şirkətlər təşkil edir. Hazırda gün ərzində dünyanın 80-100 ölkəsindən portala oxucular daxil olur.
Fuad Babayev bildirmişdir ki, oxucuları əsasən Heydər Əliyevin həyatı ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın neft strategiyası, iqtisadiyyatı, ordu quruculuğu, mədəniyyəti və gənclər siyasəti maraqlandırır.
Tədbirdə çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudov əvvəlcə rəhbərlik etdiyi elm müəssisəsinin çoxsaylı əməkdaşları adından Prezident İlham Əliyevə institutun maddi-texniki bazasının gücləndirilməsi haqqında imzaladığı sərəncama görə minnətdarlığını bildirmişdir.
Portalın əhəmiyyətindən danışan natiq demişdir ki, bu resursun Heydər Əliyev irsinin araşdırılması və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolu vardır.
Y.Mahmudov həmçinin diqqətə çatdırmışdır ki, rəhbərlik etdiyi institutda "Əliyevşünaslıq" şöbəsi fəaliyyət göstərir və gənc alimlər ulu öndərin irsinin araşdırılmasına böyük önəm verirlər. Hazırda Tarix İnstitutunda ulu öndər Heydər Əliyevin Moskvadakı fəaliyyəti dövrünü əhatə edən 2 cildlik monoqrafiya hazırlanır. Hər iki cildin Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə qədər geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulmuşdur.
Tədbirdə çıxış
edən AMEA-nın müxbir üzvi, Milli Məclisin
deputatı Asəf Hacıyev və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin elmi məsləhətçisi, akademik Asəf Nadirov da Heydər Əliyevin fəaliyyətinin
müxtəlif sahələri və dövrləri haqqında
danışmış və ümummilli
liderin zəngin irsinin
araşdırılmasının vacibliyini
vurğulamışlar.
Azərbaycan.- 2012.- 1 may.- S. 4.