Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatmışdır

 

 Azərbaycan Mətbuat Şurasının (MŞ) və Türkiyə Respublikası Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə "Təcrübə mübadiləsi proqramı" çərçivəsində azərbaycanlı jurnalistlərin Türkiyəyə səfəri başa çatmışdır.

Mətbuat Şurasından AzərTAc-a bildirmişlər ki, ölkəmizin müxtəlif bölgə və şəhərlərində fəaliyyət göstərən jurnalistlərdən ibarət nümayəndə heyəti dörd gün ərzində qardaş ölkənin media qurumları və  xüsusilə regionların kütləvi informasiya vasitələri ilə yaxından tanış olmuş və birgə əməkdaşlığın inkişafı istiqamətində görüşlər keçirmişlər.

Azərbaycanlı jurnalistlər əvvəlcə İstanbulda ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin şərəfinə ucaldılan abidəni ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər.

Media təmsilçilərimiz proqram çərçivəsində Ankarada, Konyadaİstanbulda qardaş ölkənin bir sıra media qurumları ilə yaxından tanış olmuşlar. Türkiyənin "Kanal Türk" televiziyasında,  "Bu gün" və  "Zaman" qəzetlərində, "Cihan" xəbər agentliyində  görüşlər  keçirən nümayəndə heyəti,  həmçinin Türkiyənin Qəzetəçilər və Yazarlar Birliyində  olmuşlar. Burada iki qardaş ölkənin medialarının xarakterik xüsusiyyətləri ətrafında diskussiyalar aparılmış, Dialoq Avrasiya Platformasının rəhbəri İsmayıl Tas və Türkiyə Qəzetəçilər və Yazarlar Birliyinin baş katibi Erkan Tufan Aytab hər iki qurumun fəaliyyət istiqamətlərindən danışmışlar.

MŞ-nın icraçı katibi Rəhim Hüseynzadə MŞ ilə Türkiyə Qəzetəçilər və Yazarlar Birliyi arasındakı əlaqələrdən,  hər iki qurum tərəfindən həyata keçirilən layihələr barədə məlumat vermişdir.

Sonda hər iki ölkənin jurnalistləri üçün bu cür görüşlərin gələcəkdə də davam etdirilməsi, təcrübə mübadilələrinin keçirilməsinin vacibliyi vurğulanmışdır.

 

 

Azərbaycan.- 2012.- 1 may.- S. 4.