Müstəqil varlığımızın gələcəyi və milli humanitariya: çağırışlar, cavablar

 

 Azərbaycan 2020: təklif edirəm

 

Müstəqillik əldə ediləndən sonra ilk dəfə gələcəyimizə dair ümumxalq  müzakirələri başlanmışdır. Onun təkanverici səbəbi isə Prezident sərəncamıdır. "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası dövlətimizin yeni keyfiyyət mərhələsinə keçid almasını təmin edəcəkdir. Sərəncamda başlıca ideyalar ən qısa şəkildə deyilsə belə səslənir: ölkə yeni gələcək inkişafa keçid almaq ərəfəsindədir və bu ideyaların kapitallaşması üçün yaxın 8 il sınaq dövrü kimi seçilmişdir.

Dövlət başçısının bu sərəncamda imzası - Azərbaycanın rəsmi olaraq yeni, innovasiyalı strategiyanı qəbul etməsi, yaxın perspektivdə inkişafın təbii resurslara əsaslanan formasından intellektual resurslara keçidin təmin edilməsi deməkdir. Dövlət başçısının yüksək texnologiyalı və innovasiyalı cəmiyyət quruculuğu ilə qabaqcıl ölkələr səviyyəsinə çatmağı bəyan edən kursu, öz növbəsində, humanitar elmi-intellektual elitanın islahatların önündə getməyi, əməli və real dəstək verməsini tələb edir.Go Front-end

Yeniliyin fəlsəfəsi belədir ki, yalnız gələcək məqsədlərin irəli sürülməsi, onların gerçəkləşdirilməsi, yeni layihələrin həyata keçirildiyi şəraitdə yeniləşmək mümkündür. Əgər miqyaslı ümummilli inkişaf strategiyaları,  layihələr, dövlət proqramları, yoxdursa, deməli, yeni mərhələyə keçiddən  söhbət gedə bilməz.

Müstəqil Azərbaycanın inkişaf tarixinin ən mühüm yekunlarından biri də budur ki, siyasi liderlər davamlı olaraq həm dövlətimizin müstəqil varlığını qüdrətli edən siyasətin strateji təşəbbüskarı, həm də ümummilli layihələrin reallaşmasının təminatçısı olduğunu sübut edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il 29 noyabr tarixində ölkəmizin gələcək inkişafının əsaslarını müəyyən edəcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqda sərəncam imzalamışdır. Sərəncamdan sonra "dəyirmi masa" təşkil edilmiş, ölkə ictimaiyyətinin fikir mübadiləsi və müzakirələri keçirilmişdir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" Prezident İlham Əliyevin sərəncamını şərh edərkən bu sahənin  qarşısında duran əsas məsələlər barədə demişdir: "Təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafı, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin edilməsi də əsas istiqamətlərdəndir".

Hazırda həm ölkəmizdə, həm də bütün dünyada yaxın və uzaq gələcəyin ən müxtəlif - nikbin və bədbin, real və qeyri-real ssenariləri gündəmin əsas mövzularını təşkil edir. Gələcəyin modeli - mümkün gələcəyin reallığa ən yaxın  ifadəsi, təsviridir. Gələcəyin  arzu olunan, məqsədəuyğun obrazına və gerçəkliyə çevrilməsi yollarına dair təsəvvürlər ortaq modeldə birləşərək perspektivlərin ümumi mənzərəsini yaradır.

Xüsusilə də son illər ərzində milli quruculuq və islahatların sistemli, düşünülmüş və strateji xarakter daşıması vurğulanmalıdır. Uzunmüddətli strateji planlaşdırmaya və proqnozlara əsaslanan bu siyasət Azərbaycanı digər postsovet ölkələrindən fərqləndirən cəhətdir və son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasi fəaliyyətin əyani sübutudur.

İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam - ölkəmizin yaxın gələcək üçün ictimai-siyasi, iqtisadi inkişaf strategiyasının müəyyən edilməsini əks etdirən və müstəqillik dövründə bu qəbildən olan ilk rəsmi dövlət sənədidir. Nəzərə almaq lazımdır ki, xronoloji çərçivələrin aydın göstərilməsi  ilə yanaşı, sərəncam mahiyyətcə dövlətçiliyimizin qarşısında duran daha geniş vəzifələri - XXI əsrdə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq, güclü dövlət qurmaq və yüksək rifah təmin etməyə yönəlmiş siyasətin tərkib hissəsidir. Qısa demək olarsa, bundan sonra gerçəkləşdirilə biləcək vəzifələrin və veriləcək bütün qərarların doktrinal, nəzəri əsasıdır. Yeni yüzillikdə milli müstəqil  varlığımızın daha güclü, əbədi olmasının konseptual əsasıdır.

 Sovetlər imperiyasının dağılmasını təhlil edərkən məşhur siyasətçi Z.Bjezinski başlıca səbəb kimi bu dövlətin "varlıq konsepsiyasına" malik olmamasını göstərmişdi.

Hazırda dünya ölkələrində yaxın və uzaq gələcəyin ən müxtəlif - nikbin və bədbin, real və utopik, esxatoloji ssenariləri fəal müzakirə edilir.

Azərbaycanın da öz inkişaf modelini təkmilləşdirmək və daim yeniləşdirmək yönündə axtarışları davam edir. Çünki dünya sürəkli surətdə dəyişir və mürəkkəbləşir. Strateji planlaşdırma müasir dövrdə öz rəqabətə davamlılığını təmin etmək istəyən qabaqcıl dövlətlər tərəfindən geniş istifadə edilir. Strategiya ehkamlara çevrilməyib, dövlətçiliyin inkişafının çevik vasitəsi kimi çıxış etməli, daxili və xarici əhatənin dəyişən reallıqları nəzərə alınmaqla  onlara daimi düzəlişlər edilməlidir. Zamana adekvat olan inkişaf strategiyasının hazırlanması üçün mövcud siyasi və iqtisadi, sosial-mədəni proseslərin, dünya inkişafının meyillərinin, çağırışlarının dərk edilməsi vacibdir. Son 50 ildə dəyişən dünyada milli dövlətin statusu və rolunun azalmasına dair verilən proqnozlara  baxmayaraq, bu gün də milli dövlət dünya birliyinin aparıcı  subyekti olaraq qalır. Dövlətlərarası münasibətlərdə məhz belə ssenarilərin reallaşmasına yönəlmiş rəqabət isə, öz növbəsində, yaşadığımız ən yeni tarixin təkanverici amili kimi çıxış edir.

 

 Gələcəyi hədəfə alan ümummilli lider siyasəti yaşayır və inkişaf edir

 

Azərbaycanda dövlət müstəqilliyinin bərpasının ilk illərində xalqımız  gələcəyimizin necə olmasına dair geniş müzakirələrin aparılmasına imkan tapa bilməmişdir. Qarşıda fövqəladə dərəcədə çətin məsələlər dururdu. Paradoks onda idi ki, bütün bu məsələlərin hamısını eyni vaxtda həll etmək tələb edilirdi. Müstəqilliyin ilk illərində transmilli korporasiyaların, beynəlxalq maliyyə təşkilatlarının, xammal ixracatçılarının, bir sözlə, Azərbaycana sərmayə qoyuluşunda marağı olan tərəflərin yeni iqtisadi sistemin qurulmasına cəlb edilməsi özü də strateji məsələ idi. Bu baxımdan Azərbaycanın siyasi müstəqilliyinə xidmət edən iqtisadiyyatının dirçəldilməsi və güclənməsi naminə müxtəlif təşkilatların baxışları və fəaliyyəti həssaslıqla nəzərə alınırdı. Lakin tarixi baxımdan qısa bir vaxt ərzində iqtisadi müstəqilliyimiz artıq həlledici amilə çevrildi və Azərbaycan öz taleyinin sahibi olduğunu qətiyyətlə bəyan etdi.

 Ən böyük strategiya da, missiya da müstəqil ola bilmək qadirliyini sübut etmək, dünyaya göstərmək idi. Xalqın istəyi ilə hakimiyyətə gələn, Azərbaycan dövlətçiliyinin sükanını ələ alan ümummilli lider Heydər Əliyev mahir strateq, siyasət dahisi kimi bu missiyanı gerçəkləşdirdi. Strateji məqsədlərlə Ermənistan-Azərbaycan cəbhəsində ağır və üzücü müharibə dayandırılmış, qiyamın qarşısını almaqla bütövlükdə Azərbaycanda dövlətin sütunlarını möhkəmləndirmək üçün milli birliyi təmin etmək məqsədilə bütün qüvvələr işğal və təcavüzün dəf edilməsinə, daxili siyasi çəkişmə və vətəndaş qarşıdurmasının aradan qaldırılmasına yönəldilmişdi. Bütün bunları təmin etmək üçün atəşkəs sazişi və "Əsrin müqaviləsi" imzalandı. Heydər Əliyevin tarixi uzaqgörənliyinin və cəsarətinin nəticəsi olan saziş Azərbaycanın nəinki ilk neft strategiyasının, bütövlükdə milli quruculuq və dirçəliş strategiyasının başlanğıcı oldu.

Heydər Əliyev irsinin - intellektualizmin və strateji təfəkkürün yüksək keyfiyyətlərini özündə cəmləyən zəkanın böyük örnək və məktəb kimi öyrənilməsinin zəruriliyi təkcə bu faktla bitmir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır. Dünya birliyinə, Avropaya inteqrasiya kursu - bütün bunlar gələcəyin güclü Azərbaycanını yaratmaq strategiyasının həyati vacib həlqələri idi. Bütün bunlar ulu öndər Heydər Əliyevin qadir siyasətini ümummilli inkişaf strategiyası səviyyəsinə qaldırdı və qalibiyyətlərimizin başlıca səbəbinə çevirdi.

Suveren Azərbaycanın intellektual-elmi inkişaf strategiyasının təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dövlətimizin siyasi müstəqilliyini onun elmi intellektual, mədəni intibahı ilə bir arada, tarixin və taleyin sınağında gerçəkləşdirə bilən şəxsiyyətin - Heydər Əliyevin həm dövlət öndəri, həm də, eyni zamanda, zəka öndəri olması bütün dünyada qəbul edilmiş tarixi həqiqətdir. Məhz bu səbəbdəndir ki, obyektiv elmi siyasətə əsaslanan əbədi, suveren Azərbaycan ideyası üzərində qurulan müstəqil vətənimiz tarixin heç bir dövründə Heydər Əliyev epoxasında olduğu qədər dünyada etiraf və təsdiq olunmamışdır. Məhz onun fədakar xidmətləri sayəsində Azərbaycan dünya siyasi xəritəsinə adını birdəfəlik həkk etmişdir.

İntellekt və zəkanın dünyada, xüsusilə də yeni qurulan Azərbaycan cəmiyyətində nələrə qadir olduğunu, ümummilli liderimizin necə dəyərləndirdiyini onun bütün həyatı, ictimai-siyasi fəaliyyəti sübut edir. İnnovasion yönümlü elm cəmiyyətinin formalaşması qanunauyğunluqlarını, yeni dövrün başlandığını bütün dünyada vurğulayan zəka sahibləri sırasında Heydər Əliyev birincilərdən olmuşdur. Onun elmə, intellektə münasibəti, milli elitanın formalaşdırılması istiqamətində göstərdiyi xidmətlər bu sahədə konkret məqsədləri, aydın hədəfləri necə müəyyən etməsi hələ çoxlu tədqiqatların mövzusu olacaqdır.

Qüdrətli Azərbaycanın qurulması, siyasi və iqtisadi sabitliyin təmin olunması kimi möhtəşəm vəzifənin hər şeydən əvvəl elmə və zəkaya əsaslanan siyasət əsasında həyata keçirilməsinə, bu istiqamətdə ölkənin malik olduğu intellektual potensialın səfərbər edilməsinə, insanların intellektual imkanlarına xüsusi dəyər verməsi Heydər Əliyevin fəaliyyətinin bütün dövrləri üçün səciyyəvi olmuşdur. Hələ sovet dövründə ölkə gənclərinin dünya elminin qabaqcıl nailiyyətlərinə yiyələnməsi üçün seçilmiş ali məktəblərə göndərilməsi bunu sübut edir. Dövlətçiliyin tarixində, müstəqillik salnaməsində dönüş nöqtəsi olan 1993-cü ildə yeni, suveren Azərbaycanın yaradılması üçün Bakıya qayıdan ümummilli liderin ilk görüşə ölkə alimlərindən, düşünən insanlardan, ziyalılardan başlaması hamının xatirindədir. Bu, əslində, hər bir inqilabi yeniliyin şüurlardan başladığına, insanın inam və intellektinin vəhdətinə əsaslandığına bəslənilən böyük ümiddən irəli gəlirdi. Bu görüş həm də cəmiyyətdə intellektin missiyasının və fəlsəfəsinin bilicisi olan tarixi şəxsiyyətin hansı zəkaya sahib olduğuna bir simvolik işarə idi. Ümummilli lider bununla da yaradılan yeni dövlətin bünövrəsinin elmi əsaslar üzərində qurulduğunu, zəka potensialına arxalandığını, insan resurslarını necə dəyərləndirdiyini nümayiş etdirdi. Onun elmə, təhsilə, mədəniyyətə, mənəviyyata göstərdiyi diqqət və qayğının kökündə, bunların milli qüdrətin və özünüdərk prosesinin ayrılmaz tərkib hissəsi olduğuna əminlik dururdu.

Bu qayğının kökündə insan amilinə, onun mədəni-elmi səviyyəsinə, intellektual imkanlarına dərin inam dururdu.

Heydər Əliyevi  dövlət və siyasət öndəri səviyyəsinə ucaldan amil, onun nadir istedada, ensiklopedik biliyə, fəhm və intuisiyaya malik böyük strateq, həm də praqmatik olması öncə məhz zəka və düha sahibliyindən irəli gəlir. Onun elmə verdiyi dəyərin səbəblərini məhz burada, "zər qədrini zərgər bilər" xalq deyimində axtarmaq lazımdır. Təhsilin və elmin strateji istiqamətlər və dövlət siyasətinin ən mühüm məsələsi kimi bəyan edilməsi, ardıcıl quruculuq işləri bu gün öz konkret nəticələrini verir və verəcəkdir.

İnkişafın yeni mərhələsindən - 2003-cü ildən Azərbaycan dövlətçiliyi qazaınılan uğur və təməllərin üzərində strateji təşəbbüsü ələ keçirməyə nail olmuşdur. XXI əsrin gəlişi ilə strateji oriyentirlərin seçimi əsasında milli layihələrin müəyyən edilməsi və həyata keçirilməsi dövlət başçısının  təşəbbüsü ilə ənənəyə çevrilmişdir. Bu o qədər də asan məsələ olmayıb, nəinki  böyük məsuliyyət tələb edən vəzifədir, belə layihələrin ümumxalq müzakirəsinə təqdim edilməsi ilk növbədə tarixi nailiyyətdir. Çünki Azərbaycan xalqı bu sərəncamda əksini tapan yeni tarixi vəzifələri irəli sürmək üçün 20 illik müstəqil inkişaf yolunu qət etməli olub. Bu 20 illik zaman müddətini əksər postsovet dövlətləri keçib. Lakin daha keyfiyyətli inkişaf mərhələsinə adlamaq üçün qəbul edilən bu cür dövlət qərarları ətrafımıza baxanda yox dərəcəsindədir. Çünki dünya təcrübəsindən məlumdur ki, yeni gələcək yalnız fundamental tarixi nailiyyətlər üzərində qurula bilər. Azərbaycan məhz bu dövlətlər sırasındadır. Akademik Ramiz Mehdiyev bununla bağlı qeyd edir: "Mövcud çətinliklərə və geosiyasi mühitin incəliklərinə baxmayaraq, neft strategiyasının uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi suverenliyini təmin etdi, ölkə iqtisadiyyatının dinamik inkişafına təkan verdi. Öz növbəsində Azərbaycan Xəzər dənizinin enerji resurslarının istehsalı və emalını ilk olaraq xarici sərmayəçilər üçün açdı və bu gün ölkəmiz neft və qazını 7 istiqamət üzrə dünya bazarına çıxarır. Güclənən iqtisadiyyatımız müasir qloballaşma kontekstində uğurla idarə edilir. Nəticədə 2009-cu ildə Azərbaycan bazar iqtisadiyyatına keçidi başa vurdu. Ölkəmiz iqtisadi keçid dövrünü bitirərək yeni iqtisadi münasibətlər sisteminə qədəm qoydu. 90-cı illərin əvvəlində 500 milyon dollar olan dövlət büdcəmiz 2011-ci ildə 20 milyard dolları artıq keçmişdir. Dövlətin maliyyə imkanlarının artması, onun iqtisadi fəaliyyətini daha da genişləndirmiş, xarici ölkələrə sərmayə yatırmasına şərait yaratmışdır. Məhz bu fəaliyyətin nəticəsidir ki, ümumdaxili məhsul 2003-cü ildən 2011-ci ilə qədər 7 dəfə artmışdır".

Azərbaycan dövləti siyasi, sosial, mədəni-mənəvi sahələrdə yeni  miqyaslı dəyişikliklər ərəfəsindədir. Bu, hər bir vətəndaşın və ya hər bir təşkilatın nəzərə almalı olduğu obyektiv reallıqdır. Dövlət başçısının sərəncamında qeyd etdiyi məsələlər miqyas baxımından epoxal məsələləri əhatə edir. Lakin sərəncamın imzalanmasından artıq yarım ilə yaxın vaxt keçir. İctimaiyyətşünaslarımız bu sahədə nə kimi baxışlarını təqdim edə bilmişlər? Milli humanitariyanın sosial-iqtisadi, mədəni, mənəvi, intellektual sferada resurs və potensialları səfərbər edilirmi?

 

 Gələcək üçün modellər çoxluğu

 

 Yeni mərhələyə qədəm qoyuruq və ilk növbədə, onun necə gördüyümüzü təsəvvür və dərk etməliyik. Suallar isə kifayət qədərdir. Bizim dünyada tutduğumuz yer 8-10, 20 ildən sonra necə görünəcək? Hadisələrin gedişatını müşahidə edəcək, yoxsa oyun qaydalarının formalaşmasında iştirak edəcəyik?!

XXI yüzilin  lider dövlətləri hansı mərhələlərdən keçmişlər, kapitalizm, sosializm, ənənəvi və müasir dövlət modelləri bir-birindən nə ilə fərqlənir? Bütün ölkələr üçün vahid "dövlət quruculuğu resepti" mövcud deyil. Elə isə hansı modellərdən bəhrələnmək daha məqbul hesab edilməlidir. Belə ki, qabaqcıl dövlətlər hər hansı yekcins inkişaf modelinə malik deyillər. ABŞ, İngiltərə, Almaniya, yaxud da Yaponiya hər biri spesifik inkişaf tarixinə malikdirlər. ABŞ-ı "böyük depressiyadan" çıxaran F.Ruzveltin "Yeni kursu" olub, yaxud Asiya möcüzəsi adlanan Asiya pələnglərinin inkişaf modeli var.

Azərbaycan da daxil olmaqla bütün dövlətləri birləşdirən bir anlayış var ki, bu da yaşanılan zamanın "postindustrial, qloballaşma və informasiya sivilizasiyası" mərhələsi adlanmasıdır. Bu nə klassik anlamlı kapitalizm, nə də imperializmdir.

Bütövlükdə hazırda qabaqcıl dövlətlərin malik olduğu və formalaşdırdığı inkişaf modellərini  fərqləndirmək o qədər də mürəkkəb məsələ deyil və bu barədə kifayət qədər ədəbiyyat mövcuddur.

Söhbət qabaqcıl ölkələrdən getdikdə qeyd edək ki, "Böyük səkkizliyə" (G8) daxil olan, bu gün üçün inkişafin lokomotivləri hesab edilən, beynəlxalq məsələlərdə kifayət qədər həmrəy çıxış edən dövlətlər qrupunun modelləri var. Qloballaşmanın hegemonu və lideri kimi qəbul edilən bu dövlətlərin milli quruculuq təcrübəsi var.

Digər qrup ölkələr (məs.Avstriya,  İsveç və s. kimi) dünya sistemində öz uğurlu  yerini tapmış, əhalisinin yüksək həyat səviyyəsini təmin etmiş və daim inkişaf edən dövlətlər sırasındadırlar.

Üçüncü qrup ölkələr də var ki,  onlar nə inkişafın liderləri, nə də  onların ətrafında yer alan  ölkələr sırasında deyillər. Bununla belə, öz mövqelərini ardıcıl olaraq saxlamağa nail ola bilirlər. Sadalanan postmodern inkişaf  modellərinin hansı Azərbaycan üçün cəlbedici və məqbul ola bilər? Təbii ki, müzakirə mövzusu olarsa, əksəriyyət birinci qrupda olmağa üstünlük verərdi. Birinci qrup ölkələr sırasında heç kim bizi "səbirsizliklə qoynunu açıb" gözləmir, digərlərini isə Azərbaycan öz hədəfi kimi müəyyən etməmişdir. Öz əhalisinə layiqli həyat təmin edə bilən ikinci qrup ölkələrin modeli də çoxları üçün müzakirə predmeti ola bilər.

Lakin məsələ ilk baxışda göründüyü qədər asan deyil!

Qlobal maliyyə böhranının qərq etdiyi birinci qrup ölkələrlə müqayisədə  böhran dövründə də inkişaf templərini saxlayan və hətta artımı təmin edə bilən Azərbaycan kimi dövlətlər var. Yaxud qeyd edilən modellərin heç birini yararlı hesab etməyən Çin inkişaf modeli mövcuddur.

Deməli, qabaqcıl ölkələrin inkişaf modellərindən bəhrələnmə məsələsinə gəldikdə çoxsaylı amillərin dərin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanın müstəqillik illərində yaratdığı və böhran dövrünün sınaqlarından çıxmağa imkan verən öz modelinin daha da inkişaf etdirilməsi əsas məsələdir. Məsələ qabaqcıl və müsbət hesab edilən nə varsa, həmin modelin məzmun və mahiyyətinə uyğun şəkildə tətbiq edilməsidir.

Gələcəyə strateji baxışın kompromis və kreativ modelləri mövcuddur. Birinci halda əsasən mövcud təcrübənin tətbiqinə, uyğunlaşmaya və inkişafın önündə olan ölkələrə çatmağa mühüm diqqət verilir. İnkişaf etmiş iqtisadiyyatlarda kreativlik maddi və mənəvi dəyərlərin başlıca mənbəyinə çevrilmişdir. Yeni təfəkkür tipi - sistemli kreativ təfəkkürdür.Kreativlik isə başlıca olaraq özünü məhz strateji baxışlarda göstərir. ABŞ alimi, "kreativ sinif" anlayışını elmə gətirən Riçard Floridaya görə,  ABŞ-da kreativ sinif 30 faiz   təşkil edir. Onun 11 faizini superkreativ özək, 18,3 faizini peşəkar kreativlər, 26 faizini fəhlə sinfi, 43 faizini xidmət sinfi, 0,4 faizini isə kənd təsərrüfatı işçiləri  təşkil edir. Yəni bu onu göstərir ki, kreativlik cəmiyyət və fəaliyyət həyatının bütün sahələrində işləyən insanlara xasdır.

Rəqabətədavamlı təfəkkür, mövcud olan bütün mövqelərə, baxışlara bələd olmaqla yanaşı, həm də qeyri-standart, yaradııcı təşəbbüsləri irəli sürülməsi qabiliyyəti deməkdir. Azərbaycanın inkişafı göstərir ki, xalqımız həm də unikal intellektual-kreativ resurslara malikdir. 

İkinci halda isə mövcud olan bütün modellər çoxluğu tənqidi və yaradıcı şəkildə öyrənilərək milli özünəməxsusluğu nəzərə alan fərqli və yeni inkişaf yolu seçilir.

 

 İctimai elmin missiyası: sosial-humanitar "kollayderlərin", intellektual infrastrukturun formalaşması

 

Dünya məkanında dövlətlər çoxdur, lakin müasir dövlətlərin sayı o qədər də çox deyil. XXI əsrdə müasir dövlət olmadan güclü olmaq qeyri-mümkündür. Müasir olmaq, qabaqcıl dövlətlər səviyyəsində olmaq, elmə və biliyə əsaslanan cəmiyyəti formalaşdırmaq deməkdir.  Milli inkişaf xətti qloballaşma dövründə əvvəlki - ənənəvi mənadan daha geniş müstəviyə keçid alır, başqa sözlə, qlobal kontekstli  milli doktrina məzmunu kəsb edir; qlobal və milli aspektlərin koordinasiyası, balanslaşdırılması, proseslərə fəal qoşulmaqla strateji təşəbbüsün əldə olunması, dünya birliyinə Azərbaycan üçün maksimal əlverişli şərtlərlə inteqrasiyanın təmin olunması üzvi bağlılıq təşkil edir. Prezident İlham Əliyev XX əsrin əvvəllərində öz siyasətində dünyada qlobal oyun qaydalarının dəyişməsi prosesində dövlətçiliyin maraqları ilə dünyanın magistral inkişaf meyilləri arasında kövrək balansın əldə edilməsinə nail ola bilmişdir. Geosiyasi mövqedən irəli gələn unikal aspekt və üstünlükləri reallaşdırmaqla qloballaşmanın verdiyi unikal tarixi şansları əldən verməmək, dinamik realizm və siyasi praqmatikanın optimal sintezini təmin etmək, qlobal layihələrdə Azərbaycanın statusunu möhkəmləndirmək yeni siyasi manevrlərin tam olmayan sırasıdır. Qloballaşan dünyada Azərbaycan öz siyasi dəst-xətti olan suveren milli dövlət və müstəqil subyekt qismində çıxış edir.

Gələcəyin yeni cəmiyyət quruculuğuna keçid texnoloji mənada başadüşülən proses deyil, hər şeydən əvvəl humanitar, sosial-mədəni problemdir. Hər bir cəmiyyətin mənəvi, iqtisadi tərəqqisi bu problemlərin həlli ilə təmin olunur. Onun reallaşması cəmiyyətdə zamanın tələbləri ilə ayaqlaşa bilməyən, qlobal inkişaf meyillərinə uyğun gəlməyən hər şeyin yenidən yaradılması, innovasion infrastrukturun formalaşdırılması deməkdir.

Sərəncamın əhəmiyyətini Azərbaycanın XXI əsrin kreativ millətləri sırasında yer almasına, yeni nəsil elitanın formalaşmasına, mədəni-intellektual statusunun yüksəldilməsinə xidmət etmək kimi amillər müəyyən edir. Yaşanılan məqamın daha bir özəlliyi ondadır ki, inkişaf səviyyəsindən asılı olmayaraq, dünyanın bütün ölkələri qarşısında eyni məqsəd durur: insan resurslarına, intellektual kapitala əsaslanan innovasion cəmiyyət modelinə keçid almaq, onu reallaşdırmaq və möhkəmləndirmək.

  XXI əsrin inkişaf fəlsəfəsinin müəyyənləşməsi də burada mühüm yerlərdən birini tutur. İnkişafın fəlsəfəsi sahəsində müxtəlif baxış və təlimlərin min illərlə yaşı var. Ona ilk nümunə olaraq Cin fəlsəfi abidəsini - "Dəyişikliklər kitabı" qeyd etmək olar. Qədim filosof öz davamçılarını dəyişikliklərə hazırlayırdı. Bugünkü inkişaf fəlsəfəsi çeviklik və dəyişikliklərin sürətini duymaq və yeniləşmək fəlsəfəsidir.

  Milli humanitariya bu deyilənlər aspektində dəyişikliklərin təşəbbüskarı, millətin səsi, nailiyyətlərin təkanverici qüvvəsi olmalıdır. Milli ziyalı elita xalqın həm simvolik, həm də real resursudur.

Sərəncamda qarşıdakı illərdə ölkənin yüksəliş templərinin  təbii sərvətlərdən asılılığını minimuma endirən rəqabətədavamlı inkişaf strategiyasının müəyyənləşməsi Azərbaycan elminin, birincisi, ənənəvi rolu və statusunun; ikincisi, elmin struktur, funksiya və mahiyyət aspektlərinin tamamilə yeniləşməsini, fərqli model əsasında inkişafını gündəmə gətirmişdir. Dünya elm və təhsil məkanına inteqrasiya, informasiya cəmiyyətinin qurulması və elmin inkişaf səviyyəsinin yüksəldilməsi üçün müasir şəraitdə hər bir dövlət öz intellektual resursrlarına, təhsilə, qabaqcıl texnologiyalara, innovasiyalara əsaslanır.

Azərbaycan dövlətinin XXI əsrdə tərəqqisi bütün sahələrdə inkişafın intellektual-elmi əsaslar üzərinə keçirilməsini təmin edən, yaxın və uzaq perspektivlər üçün nəzərdə tutulan milli innovasiya sisteminin yaradılmasını təxirəsalınmaz məsələyə çevirir. Bütün bu məsələlər və formalaşmaqda olan informasiya sivilizasiyasında Azərbaycanın hansı yeri tutacağına dair düşüncələr, ilk növbədə, bir neçə vacib sualları cavablandırmağı tələb edir.

Son illər dünyada informasiya inqilabının texnoloji başa düşülən mənası dəyişmişdir.

Yeni cəmiyyətin qurulması və inkişafı üçün yeni intellektual mərkəzlər, çoxsaylı institutlar var. Lakin onların müxtəlif ölkələrdə innovasiyalı inkişafa töhfəsi müxtəlif cürdür. Hazırda artıq dünyada texnoloji tsiklin 7-ci mərhələsindən - sosial humanitar texnologiyalar (ukladından) söhbət gedir. Bu gün dünyada intellektual kapitalın: "silikon vadiləri", texnoparklar, biznes inkubatorları, innovasiya mərkəzləri və s. kimi təşkilatlanma formaları mövcuddur. Dünya ölkələrinə nəzər salsaq, hazırda Finlandiyada innovasiya məhsulu - 30 faiz, İtaliya, Portuqaliya və İspaniyada 10-20 faiz, Rusiyada 1 faizdir. Dünya ticarətinin ümumi həcmində ABŞ və Yaponiyanın elm tutumlu məhsullarının payı 30-35 faiz Almaniyanın 17 faiz, Çinin isə 6 faiz təşkil edir. Bu nailiyyətlər, ilk növbədə, insan resurslarının həlledici olmasının dərki ilə əldə edilmişdir. Bu baxımdan yeni mərhələyə - innovasiyalı inkişaf mərhələsinə keçid  ictimai-humanitar elmin potensialının düzgün dəyərləndirilməsi çox vacib məsələdir. İnkişafın adi subyekti ilə müasir kreativ subyekti bir-birindən tamamilə fərqlənir.

Burada bir paralel aparmaq istərdik. Dünya alimləri maddi, nüvə (vakuum) enerjisini ram etməyə çalışaraq "süni günəş" effektinə bərabər enerji qaynağı yaratmaq üçün səylərini birləşdirir, Böyük Adron Kollayderində ortaq qüvvələrini sərf edirlər. Analoji olaraq, sosiumda sosial-humanitar enerjini cəmləyərək onu dəfələrlə artıran, gələcəyimizi qurmağa yönəldilən humanitar-mənəvi sosial kollayderin yaradılması lazımdır.

Müasir dünyada texnoloji tərəqqi yalnız ayrıca götürülmüş bir ölkənin qüvvəsi sayəsində mümkün deyil. Beləliklə də, Azərbaycanın qabaqcıl ölkələrdəki səviyyəyə uyğun modernləşməsi üçün xarici siyasi resurslar hərəkətə gətirilmişdir. Bu sahədə əsas tərəfdaşlar, təbii ki, texnoloji baxımdan yüksək inkişaf etmiş dövlətlər, onlarla əlaqələrin qurulmasıdır. Hərbi-siyasi alyanslara analoji olaraq müasir dövrdə texnoloji-innovasiya alyanslarının təşkili Azərbaycan üçün ön sırada duran məsələlərdəndir. Azərbaycanın daxili resursları bu sahədə çox böyükdür: bu iqtisadi inkişafın lideri olan ölkə imici, mükəmməl investisiya mühiti, xarici sərmayələr, qeyri-neft infrastrukturunun potensialı, ən başlıcası isə - dövlət başçısının siyasi iradəsi və əzmidir.

 Azərbaycan ictimai elmi dövlətimizin intellektual-elmi resurslarının yeni dövrün tələblərinə və dünya təcrübəsinə uyğun şəkildə maksimum səfərbər edilməsinə və minimum zaman müddəti ərzində intellektual kapitala çevirməyə imkan verən inkişaf modelinə keçməsi hansı istiqamətlərdə islahatların aparılmasını zəruri edir?

 

Elmin XXI yüzillikdə inkişaf strategiyasını  müəyyənləşdirmək üçün hökmən bu təcrübəyə bələd olmaq, səhvləri təkrar etməməklə daha tez uğur qazanmağa imkan verir. Həmçinin "romantik-utopik şüarlarla" real elmi praqmatizmə əsaslanan təklifləri fərqləndirməyə şərait yaradır. İnkişaf etmiş ölkələr bir neçə on il əvvəl belə seçim qarşısında olmuşlar. Bu baxımdan çeşidli müqayisə imkanlarının olması optimal model seçiminə müsbət təsir göstərə bilər.

Müasir elmin optimal inkişaf modeli dünyada "innovasion strategiya" kimi qəbul edilmişdir və dünya elmi bu gün "innovasion səfərbərlik" rejimində işləyir. Yalnız ideyalar deyil, onların praktiki təcəssümünün reallaşması innovasiyalar adlanır.

 

İnnovasiya modelini  bu prinsiplər səciyyələndirir:

 

1. Elm və cəmiyyətin məqsəd və dəyərlərinin inteqrasiyası;

2. Tədqiqat, tədris və innovasiya proseslərinin vəhdəti;

3. Cəmiyyətin müvafiq strukturları ilə strateji tərəfdaşlıq;

4. Yeni korporativ mədəniyyət. Dövlət maraqlarına xidmət;

5. İntellektual resursların diaqnostikası və ardıcıl ciddi attestasiyası.

 

Bu gün dünyada korporativ universitetlər anlayışı və hadisəsi var. Bu o deməkdir ki, dövlətçiliyin müəyyən strateji hesab edilən sahələrinin öz tədris və təlim mərkəzləri, insan resurslarının təkrar istehsalı mərkəzləri var. Məsələn, ABŞ-da əməkdaşlarının sayı 1000 nəfərdən çox olan hər bir müəssisənin 62 faizində elektron təhsil də daxil olmaqla tədris sistemi mövcuddur. Yaxud başqa ölkələrdə ən iri transmilli şirkətlərin korporativ universitetləri var. Bütün dünyada korporativ universitetlərin sayı ötən əsrin 90-cı illərində 400-dən 1800-ə qədər artmışdır.

Azərbaycanda dövlət başçısının sərəncamı ilə yaradılan Ali Neft Məktəbi və başqa sahəvi ali təhsil müəssisələrini də bu qəbildən olan korporativ universitetlər sırasına daxil etmək olar və çox təqdirəlayiq bir təcrübənin tətbiqindən xəbər verir.

Korporativ universitetlərin yaranması və inkişafı yeni innovasiyalı iqtisadiyyat üçün gərək olan mütəxəssis hazırlığının innovasiyalara həssas və çevik olaraq yeniləşən tədris proqramların tətbiqinin zəruriliyi, ənənəvi başa düşülən akademik təhsilin kifayət qədər səmərəli olmaması, işçilərin fasiləsiz təhsil almasının zəruriliyi diktə etmişdir. Bu deyilənləri nəzərə alsaq, təbii ki, milli elm və təhsil məkanında da korporativ universitetlərin yaranması və fəaliyyəti, Qərb təcrübəsi ilə müqayisədə nisbətən gecikən sahə kimi   gündəmdə duran mühüm məsələlərdən biri olmalıdır.

Dünyanın aparıcı universitetlərinin və tədqiqat institutlarının ətrafında yüzlərlə kompakt, mobil, kiçik elmi müəssisə yeni ideyaların həmən alınaraq satılması ilə məşğuldur. Fəaliyyət və düşüncənin bütün sahələrdə yeni standartlarını, dövlətin humanitar resurslarının konsolidasiyasını təmin edən beyin mərkəzləri, fikir fabrikləri, ideyalar bankı dünya elminin genişlənən "innovasiya dalğasının" təzahürləridir. Bəşəriyyəti yarandığı gündən ənənə və novasiyalar kimi fundamental inkişaf meyilləri onu həmişə müşayiət etmişdir. Müasir cəmiyyət və insan çoxşaxəli innovasiya axınlarının (elmi, texnoloji, sosial, siyasi, mədəni və s.) təsəvvürəgəlməz ritmi və təsirinə məruz qalır. Demək olar ki, hər gün "yenilik - qeyri-müəyyənlik - seçim" şəraitində mövcudluq - yəni fasiləsiz novasiyalar prosesi hər birimizi müşayiət edir. Bu da, öz növbəsində, artıq baş verənlərin nəticələrini təhlil etmək deyil, prosesləri önləyərək fəaliyyət göstərməyi gündəmə gətirir - innovasiya fenomenini  şərtləndirir. Yəni bütün sahələrdə inkişafın intellekt sayəsində məqsədəuyğun yönəldilməsi zərurətə çevrilir.

İngilis aliminin dediyi kimi, "dinozavrlar problemi yenə də mövcud olaraq qalır. Çünki onları atom bombası, başqa hansısa xüsusi hadisə deyil, dəyişikliklərin tempi məhv etmişdir. Biz özümüzü informasiya inqilabı faktı ilə aldada bilmərik. Biz bu inqilabı şərtləndirən dəyişikliklərin tempinə  baxmalıyıq. Bu temp isə dəyişikliklərdən çox sürətlidir və biz məhz ona uyğunlaşmalıyıq". (B.Stafford).

Azərbaycan ictimaiyyətşünaslığı müasir elmin optimal inkişafı baxımından alternativi olmayan "innovasiya paradiqmanın" əsasında  yeni strateji konsepsiyanın yaradılması və həyata keçirilməsi işində öndə getməli, fəal iştirak etməli, dövlətə ən yaxın dəstəyini təmin etməlidir. Elmimizin inkişafının innovasion əsaslar üzərinə keçirilməsi, milli innovasya sisteminin yaradılması başlıca hədəf olmalıdır. Çünki bu, dünyanın qabaqcıl ölkələrində ən yaxın tarixi praktikada təsdiq olunmuş  inkaredilməz paradiqmadır.

 

İnkişaf konsepsiyasının başlıca məqsədi:

 

1) Azərbaycan elmini, onun dünyada rəqabətədavamlı inkişafını, xalqın iqtisadi firavanlığını təmin edən təkanverici qüvvəyə cevirmək;

2) Azərbaycan elminin strukturu ilə inkişaf templəri arasındakı sistemli ziddiyyətləri aradan qaldırmaqdır.

 

Bu baxımdan dünya təcrübəsini və Azərbaycan reallığını nəzərə almadan irəli sürülən istənilən baxışlar sistemi strategiya hesab edilə blməz. Burada yalnız nəzəri sxematizm deyil, milli spesifika, yaxın və uzaq perspektivlərdə islahatların həyata keçirilməsinin konkret mərhələ, faza və ssenariləri, mümkün nəticələr  əksini tapmalıdır. Konsepsiya elmin optimal inkişafına dair baxışlar konkret sosial-iqtisadi şəraitdə elmi fəaliyyyətin dövlət tənzimlənməsinin mexanizmləri və prinsiplərinin sistemidir.

Dünya ölkələrində elmin inkişaf strategiyası ilə tanışlıq müasir informasiya texnologiyalarının verdiyi imkanlar şəraitində çətin məsələ deyildir. İstənilən ölkənin bu sahədə təcrübəsi, necə deyərlər, kifayət qədər "hazır strategiyalar" mövcuddur. Lakin onların, sadəcə, imitasiyası ilə Azərbaycan elminin inkişaf modelini müəyyənləşdirmək olmaz. Çünki bütün problemlər kompleksi milli elmi "landşaftda" əks olunduqda tamamilə fərqli, unikal mənzərəni formalaşdırır.

Dünyada milli innovasiya sisteminin formalaşmasına müxtəlif dövlətlər fərqli yanaşırlar. Bəzən konkret modellər, bəzən də bütöv bir modellərin sintezini müşahidə etmək olar. Hesab edirik ki, ikinci yanaşma daha səmərəlidir. Bu gün üçün mövcud olan nəzəri modellər şərti olaraq aşağıdakı kimi fərqləndirilir:

 

1. Təkamül və islahatlar yolu ilə bazar iqtisadiyyatı münasibətlərinə uyğun milli innovasiya sisteminin (MİS) qurulması; bu halda elmin dövlət tərəfindən maliyyələşdirilməsi öz mövcudluğunu saxlayır. Əsas olan həmin vəsaitin ən səmərəli istifadə olunmasına dövlətin nəzarəti məsələsidir. Lakin dövlət yeni MİS-nin institutsional strukturunun müəyyənləşməsində bilavasitə iştirak etmir. Yeni struktur elementlər "aşağıdan yuxarıya", tələb-təklif prinsipi ilə inkişaf edərək formalaşır. Bu modelin riskli cəhəti MİS-nin dövlət himayəsindən  üzaqlaşaraq xarici istehsalçılardan asılılığının artmasıdır.

2. Radikal yolla bazar iqtisadiyyatına uyğun MİS-nin qurulması; bu variantda dövlət yalnız öz funksiyalarının həyata keçirilməsinə kömək edən tədqiqatları maliyyələşdirir. Dövlət maliyyələşdirməsi öz qüvvəsini saxlasa da, ən sərt şərtlər əsasında: elmi kollektivlərin layihə və müsabiqələri nəticəsində həyata keçirilir. Getdikcə dövlət sektorunun payının  köklü ixtisarı və özəl sektorun  genişlənməsi baş verir. Bu modelin mümkün riski: fundamental elmin getdikcə ləğv olunması ehtimalıdır.

3. İnstitutsional "tamamlama" islahatları: MİS-nin yaradılmasına bu cür yanaşma belə bir qənaətə əsaslanır ki, elmin baza  elementləri öz-özlüyündə "pis deyil", lakin onların arasında əlaqə mexanizmləri olmadığı üçün işləmir. Müvafiq olaraq çatışmayan elementlər, yeni təşkilatlanma formaları yaradılır və "tamamlama" prosesləri həyata keçirilir. Bu variantın qüsuru odur ki, xarici təcrübənin mexaniki tətbiqi lazımi effekti verə bilmir. Yalnız formalara üstünlük vermək məzmun və keyfiyyətin arxa planda qalmasına səbəb olur.

4. Fəal innovasiya modeli - belə bir fikrə əsaslanır ki, tələbin olması üçün əvvəlcə innovasiyalı təklif olmalıdır. Bu  məqsədlə əsas diqqət kommersiya təyinatlı elmi məhsulun istehsalına yönəldilir. Lakin məhsula tələbat həmişə gözlənilən olmadığı üçün bu  yanaşmanın riskləri də böyükdür.

5. Fəal biliyə əsaslanan model; əvvəlki variantın başqa forması hesab olunur. Lakin burada vurğu innovasiya məhsulunun deyil, innovasiyalı təhsil sisteminin üzərindədir. İnsan kapitalının intensiv maliyyələşdirilməsi və innovasiyalı şəxsiyyətin fomalaşdırılması əsas məqsəddir. Əsas risk isə yeni mütəxəssis hazırlığına xeyli zaman sərf olunması nəticəsində gözlənilən effektin uzun müddət sonra əldə edilməsidir.

 

İnnovasiya siyasətinin spesifikası isə hər bir ölkədə MİS-nin gerçəkləşdirilməsi zamanı müəyyən prinsiplərə üstünlük verilməsindədir. Bu prinsiplər:

 

1) dövlətin fəal idarəetmə funksiyasını həyata keçirməsi;

2) elmin və innovasiyaların dövlət maliyyələşməsinin optimallaşdırılması;

3) fundamental tədqiqatların inkişafı;

4) özəl sektorun cəlb edilməsi;

5) elm və təhsilin, universitet və korporasiyaların inteqrasiyası;

6) elmdə dövlət sektorunun struktur islahatlarının həyata keçirilməsi;

7) kiçik və orta biznesin, xarici investisiyaların cəlbi və s.-dir.

 

1-ci prinsip Yaponiya, Norveç və Hindistanda, 2-cisi ABŞ, Fransa, İngiltərə, Danimarka, İsveç və Tayvanda, 5-ci ABŞ və Finlandiyada, 7-ci İrlandiya, İngiltərə və Malayziyada və s. tətbiq edilir. Yalnız sırf bir prinsipin tətbiq olunmasına rast gəlmək çətindir. Bununla belə, MİS-nin formalaşmasında Qərb modeli ilə birlikdə, bizim üçün qəribə səslənən bir Şərq modelinin də mövcudluğunu qeyd edə bilərik. Misal kimi deyə bilərik ki, dövlətin, eləcə də özəl sektorun kommersiya layihələri ilə müqayisədə, elmin fundamental tədqiqatlarına fəal, həssas qayğı göstərilməsi Şərq modeli üçün səciyyəvidir.

Modellərin ümumi təsviri göstərir ki, qabaqcıl ölkələrdə onlardan yalnız birinin mütləq tətbiqinə rast gəlinmir. Modellərin "sintezi və ya konsorsiumu" daha səmərəli effekt verir. Çünki bu, innovasiyalı inkişafda şəraitə, dəyişikliklərə çevik uyğunlaşmağa, "manevrlər etməyə" imkan verir.

Azərbaycanda da bu yanaşma üstünlük təşkil etməlidir. Hələlik isə bəzi mövqe və baxışlarda hər hansı modelin mexaniki tətbiqinə səy göstərənlər də az deyil. Bu isə ya dünya təcrübəsinə bələd olmamaqdan, ya da neçə illər formalaşan elmi potensialın təkamül yolu ilə, varislik prinsipi əsasında həm qorunması, həm də modernləşməsi kimi məsələyə biganə yanaşmadan irəli gəlir. 

Azərbaycanın dünya elminə inteqrasiyası mərhələsində bu sahədəki islahatların başlıca spesifikasını müəyyən edən müqəddəm şərtlər mövcuddur.  Reallıq bundan ibarətdir ki, bu gün Azərbaycan regionda dinamik inkişafın lideridir. Ölkə prezidentinin bir çox çıxışları islahatlar starategiyasının hədəfini müəyyən etməklə yanaşı, XXI yüzillikdə hər bir ölkənin gələciyinin məhz intellektual cəbhədə həll edildiyini birmənalı şəkildə göstərir. Hər bir dövlətin həyata keçirdiyi bütün islahatların sosial nəticələri, modernləşmənin ritmi məhz intellekt amilinə, insan kapitalına əsaslanır.

Son illərdə ölkəmiz də çoxşaxəli novasiyaların həyata keçirildiyi möhtəşəm məkana çevrilmişdir. Yeni cəmiyyət quruculuğundan irəli gələn demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin formalaşması, bazar iqtisadiyyatına keçid və s. hələ bunların hamısı deyil. Qloballaşma proseslərinin sürətləndirdiyi mədəni-mənəvi novasiyalar, ictimai şüurun və təsəvvürlərin "alt-üst" olması da bu sıradadır. Ölkəmiz çox önəmli bir mərhələni qət edərək innovasiyalı cəmiyyət quruculuğu vəzifəsinin astanasındadır. Yeni mərhələyə keçid start imkanlarımızı və milli spesifikamızı, resurs və potensialımızın səfərbər edilməsini tələb edir.

Biz İS-ni hansı təməllər üzərində reallaşdıra bilərik? Dünya modellərinin mexaniki tətbiqi zəruridirmi? Elmin inkişaf və təşkilatlanmasının akademik və universitet modellərinin münasibətləri, doğrudanmı, bu qədər ziddiyyətlidir? Universitet elmini etalon hesab edənlər nə dərəcədə haqlıdır?

Azərbaycanda qarşıda duran miqyaslı humanitar islahatları gerçəkləşdirən, intellektual potensialı səfərbər edə biləcək qüvvələr həm Milli Elmlər Akademiyasında, həm də ali məktəblərdə cəmlənmişdir. Məlumdur ki, hər bir ölkədə müxtəlif fəaliyyət sahələrinin tarixən inkişaf etmiş təşkilatlanma formaları və prinsipləri mövcuddur. Elm vahid və bölünməzdir. Onun təşkilatlanma formaları isə müxtəlif ola bilər və olmalıdır. Azərbaycanda elmin təşkilatlanmasında dövlət həmişə ən fəal rol oynamışdır. Azərbaycan reallığında ötən yüzillikdən bəri elmin təşkilatlanmasında aparıcı rol akademik elmə məxsus olmuşdur və böyük uğurlar əldə edilmişdir. Yəni, Qərbdə elmin universitet, bizdə isə akademik tədqiqat ənənəsi formalaşmışdır. Bu baxımdan  varislik prinsipinə əks olaraq, ənənəni inkar etmək həmişə uğur gətirə bilməz. Bizim universitetlərimiz ingilis-amerikan sistemində olduğu kimi, çoxəsrlik  elmi-tədqiqat  təcrübəsinə malik deyil. Yeri gəlmişkən, yuxarıda qeyd olunduğu kimi, orada da dövlətin elm siyasətində rolu danılmazdır. Elmin təşkilatlanma formalarının radikal şəkildə yenidən qurulması xaos yarada, akademik elm hesabına universitet elminin gücləndirilməsi əks nəticə verə bilər, onillərlə toplanan zəka potensialının itməsinə səbəb ola bilər. Hesab edirik ki, hansı təşkilatlanma forması yüksəkdirsə, digərini onun səviyyəsinə qaldırmaq və hər ikisini modernləşdirmək lazımdır. Yeni sistem mövcud təməllər üzərində qurulmalıdır.

İctimai elmin innovasiyalı inkişaf modelinə keçməsi qarşıda hansı yeni vəzifələri ortaya çıxarır və humanitariyamız özünün hansı istiqamətlərində islahatlar prosesinin aparılmasını sürətləndirməlidir?

Bu baxımdan bir neçə məsələ prioritet təşkil edir.

Birincisi - dövlət elm sahəsində innovasiyalı inkişaf konsepsiyasının müəyyənləşdiriliməsində bilavasitə iştirak etməli, öz layihələrini verməlidir. İkincisi, ictimai elmlərdə humanitar islahatların strategiyasını təqdim etməlidir. Üşüncüsü və ən vacibi - artıq bu gün cəmiyyətdə innovasiyalara həssas olan mühitin, yeni məzmunlu humanitar düşüncənin, ictimai şüurun formalaşması məsələsini Azərbaycan ictimai elmi ən ciddi şəkildə müzakirə mərkəzinə gətirməli, dövlətə, ən yaxın dəstəyini göstərməlidir. Ölkəmizin öz intellektual-humanitar resurslarını səfərbər etmək, vəziyyəti real qiymətləndirmək və təxirəsalınmaz tədbirlər sistemini müəyyənləşdirmək, cəmiyyətşünaslığın elmi əsaslar üzərinə qoyulması kimi strateji məsələlər ictimai elmin qarşısına çox böyük vəzifələr qoyur.

Döğrudanmı belədir və ictimai elmin MİS-nin formalaşmasında roluna dair təsəvvürlər həqiqətə uyğundurmu?

Humanitar islahatların Qərb modelinə birtərəfli, soyuq münasibət var. Bəziləri hətta artıq "qeyri-humanitar epoxanın" başlandığıni "bəyan" edirlər. ABŞ-da texnoloji profilli ali məktəblərdə, ümumi hazırlıq fənləri içərisində humanitariyanın payı 45 faiz təşkil edir. İnkişaf etmiş Qərb ölkələrində təkcə klassik etikanın müasir ictimai və beynəlxalq həyatın tələblərinə uyğun yeniləşərək tədris edilən və ictimai şüurda geniş əks-səda doğuran sahələrini misal çəkək: insan hüquqları etikası, biznes etika, iqtisadi etika, əmək münasibətləri etikası, sosial ədalət etikası, obyektiv borc etikası, siyasət və ekologiyanın etik əsasları, media-etika və s. Bu gün Qərbdə yeni əsrin etik problemlərinin həll edilməsi zamanın fəlsəfə qarşısında qoyduğu  ən çətin vəzifə hesab olunur və ümidlər buna bağlıdır. Misalları çox çəkmək olar və bu, ictimai elmin Qərb modelinə dair təsəvvürlərin yanlışlığını göstərir. Söhbət humanitar fənlər spektrinin birmənalı ixtisarından deyil, yeniləşməsindən gedir.

Tam məsuliyyətlə demək olar ki, bu gün elmin yaxin gələcək üçün konsepsiyasının hazırlanmasında ictimai elmimizin üzərinə çox böyük vəzifələr düşür. Çünki, ilk növbədə, cəmiyyətdə islahatların mənası və zəruriliyini dərk edən, ona həssas olan innovativ mühitin formalaşması həyata keçirilməlidir və burada humanitariya nümayəndələri özlərindən başlamalıdılar. Müasir reallıq ictimai elm sahəsindəki islahatların ideologiyasını, fəlsəfəsini, cəmiyyətdə rolu və statusunu köklü surətdə dəyişdirmişdir. Bu sahə nümayəndələri yeni dünyada taleyin hökmü ilə intellektual elmi rəqabətin, informasiya müharibəsinin ön cəbhəsində yer almışlar. Belə bir şəraitdə humanitar elmlər sisteminin də cəmiyyətdə sosial funksiyaları və vəzifələri mahiyyətcə dəyişir.

İctimai elm insan və cəmiyyət kimi materiya ilə işləyir. Hansı ölkə olur-olsun, islahatların sürəti, tempi, keyfiyyəti və son nəticəsi ictimai şüurun yeni düşüncə tərzinə köklənməsindən, çevik keçid almasından asılıdır. İnnovasiya mühitinin təməl subyektləri onu təşkil edən dövlət, ictimai institutlar və strukturlar, ayrı-ayrı vətəndaşlardır. Bu bütün səviyyələrdə ictimai elmə olan ehtiyacın göstəricisidir. Dünya təcrübəsi göstərir ki, dövlətin innovasiya islahatları vətəndaşların həssaslığından asılı olaraq həyata keçə də, ləngiyərək tənəzzül də edə bilər. Proseslərin "sürət vahidi"- iştirakşıların fəallığıdır. Yeniliklər mövcud düşüncə və fəaliyyət üsullarını dəyişdirməyi tələb edir. Bu isə uzunmüddətli prosesdir. Dünya təcrübəsi sübut edir ki, innovasiyaların texniki-texnoloji aspektini 20 ilə dəyişmək mümkün olsa da, kadrların dünyagörüşündə inersiya ənənəsini dəyişmək üçün 30-50 il, hətta yüz il tələb oluna bilər. Passiv refleksiya və ya biganəlik bütün səylərin hədər getməsinə səbəb ola bilər. Yeni quruculuq kollektiv yaradıcılıq tələb edir və bunun üçün ilk növbədə, ictimai elmin təxirəsalınmadan dünyagörüş və sosial mühit səviyyəsində kompleks işləri həyata keçirməsi gərəkdir. Bu funksiyanı heç bir başqa sahə öz üzərinə götürə bilməz. Bu da ictimai elmin müvafiq ritm və rejimdə işləməsini tələb edir. Artıq sakit, statik vəziyyətdən dinamik yaradıcılıq və kreativ təfəkkür tərzinə keçid alınmalıdır.

 

 Bizi gələcəyə aparan potensial və resurslarımız

 

Müstəqil qət edilən illərin yekunları bir daha aşkar şəkildə göstərir ki, Azərbaycanın xeyrinə işləyən yalnız zaman deyil. Azərbaycanın son illər yığdığı  milli kapital - xalqın etimadı, ideyalar, uğurlar, resurslar, kadrlar - hamısı ümummilli problemin həllinə, dövlətin möhkəmlənməsinə xidmət edir. Sərəncamdan və dövlət başçısının daimi olaraq səsləndirdiyi çıxışlarından bəlli olur ki, bəyan edilən siyasi xətt dövlət və cəmiyyət həyatının bütün sahələrində - siyasətdə, iqtisadiyyatda, sosial-mədəni sahədə, mənəviyyatda, əhalinin həyat tərzində və səviyyəsində - dərin dəyişikliklərin reallaşacağından xəbər verir. İlk növbədə isə bu strateji hədəflərin - yaxın gəcələyin real obrazının  vətəndaşlarımızın dünyagörüşündə, ictimai şüurda dərk edilməsinə nail olmaq olduqca önəmlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı indiyə qədər həyata keçirilən siyasəti ən yaxından dəstəklədiyi üçün nailiyyətlər bu qədər böyükdür.     

Sərəncam məhz bu məsələlərin, yəni prioritetlərin  son dərəcə aydın müəyyən edilməsi, inkişafımıza təkan verən resursların səfərbər olunması ətrafında milli müzakirələrin başlanğıcını qoymuşdur. Bu, ictimai şüurda tarixi zamanın dərki ilə bağlı məsələdir. Azərbaycan hansı məqsədə və hədəfə doğru gedir - əsas olan bu məsələnin aydın mənzərəsinin yaradılmasıdır. Cəmiyyətimizə gələcək haqqında düşünmək mədəniyyətini gətirir. Biz dərk etməyə başlayırıq ki, söhbət ölkəmizin miqyaslı və nəhəng, eyni zamanda, həlli o qədər də asan olmayan inkişaf mərhələsinə keçid almasından gedir. Bu inkişafa gətirilən dəyişikliklər, ilk növbədə, dünyagörüşümüzdə, ideologiyamızda əksini tapmalıdır. Geniş ideoloji maarifləndirmə işi aparılmalıdır.

Dövlətimizin siyasi, iqtisadi təməllərinin qurulması, bu gün dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilməsi kimi mövcud olan zəmin və təməllər üzərində innovasion cəmiyyətin qurulmasına şərait yaradır. Bunun üçün dövlətin qayğı və diqqəti də, maddi imkanları da, mənəvi potensialı da mövcuddur. Azərbaycan həm də möhtəşəm resurslara malikdir. Unikal coğrafi və geostrateji mövqe bu resursların sırasındadır. Tarix boyu üzləşdiyimiz bütün çətinliklərə baxmayaraq, xalqımızın öz varlığını, özünəməxsusluğu və bənzərsizliyini şərtləndirən, müstəqillik illərində onun sıçrayışlı inkişafını və Şərq - Qərb arasında ahəngdar sintez statusunu təmin edən sivilizasion dəyərlərimiz var. Azərbaycanın bəzi inkişaf etmiş ölkələrlə müqayisədə üstün təbii sərvətləri, xalqımızın özünəməxsus mədəni-mənəvi inkişaf xüsusiyyətləri var.

Təbii ki, çox milli və çoxkonfessiyalı ölkəmizdə, müxtəlif baxışlar, fərqli mövqelərin tolerantlığı mövcuddur. Gələcək inkişafımızın ümumi mənzərəsi bu baxışların kompromis vəhdətindən yaranır.

Yaxın gələcəyin də arzuedilən mənzərəsi zəruri potensialın olmasını tələb edir. Bu potensial sırasında milli ideyanın rolu ilk yerdədir. Konsepsiya milli ideyanın müasir, qüdrətli Azərbaycan dövlətçiliyinin növbəti mərhələdə reallaşmasının əsas fazalarından biri kimi çıxış edir.

Ümumiyyətlə, elmdə perspektiv inkişafa hədəflənmiş strategiyanın milli ideya ilə müqayisə edilən nümunəsi mövcuddur. Belə ki, dövlətin milli ideyasının yaşanılan tarixi mərhələ ilə əlaqədar konkret fazaları olur. Milli ideyanın çoxsaylı izahları sırasında bəzi prinsipləri yada salaq: 1. Xalqın varlığının təməl prinsiplərini əks etdirir; 2. Xalqın varlığının onun ruhuna, tarixi yaddaşına və mənəvi dəyərlərinə uyğun prinsiplərini əks etdirir; 3. Xalqın gələcək varlığının əsas prinsiplərini əks etdirir; 4. Xalqın varlığının hazırkı zamanda lazım və arzuedilən səviyyədə reallaşması prinsiplərini əks etdirir;

5. Gələcək haqqında real və praqmatik idealarzunun ifadəsi olur; 6. Keçmiş, indiki və gələcək nəsillərin dövlətçiliyə dair ümumi amalını və missiyasını  əhatə edən milli vəhdət prinsipini əks etdirir; 7. Milli ideya "bu günün bütün"  xalqın arzuladığı və ideallarında daşıdığı "gələcək günə" çevrilməsini təmin etməyə yönəlir;

Azərbaycan  tarix boyu həmişə bölgədə, həm də qlobal miqyasda baş verən hadisələrin gedişatına təsir edə bilən ölkələr sırasında olmuşdur. Son iki əsrdə isə onun bu yöndə fəallığı dünyanın demək olar bütün qitələrinə yayılmışdır. Bəşəriyyətin mədəni-mənəvi irsinə olan töhfələri ölkəmizi xüsusilə dünyada tanınan dövlətə çevirmişdir. Təbii ki, belə bir ölkədə milli ideyaya dair düşüncələrin tarixi də çox qədimdir. Üstəlik də xüsusi olaraq vurğulanmalıdır ki, tarixi-obyektiv şərtlər üzündən həmişə çoxmilli, çoxkonfessiyalı birgəyaşayış ənənəsinə malik olan bu məmləkətdə milli ideya həmişə qüsurlu məzmundan  uzaq olmuşdur.

Bu gün milli ideyanın məzmununda dinamizmi əks etdirən tezis inkişaf etmiş müasir dövlətlər səviyyəsinə çatmağı mümkün edən güclü dövlət, yüksək rifah yaratmaqdır. Həm də uzaq gələcəkdə deyil, artıq indiki nəslin əksəriyyətinin görə biləcəyi səviyyənin əldə edilməsidir.

Qloballaşan dünyada yeni birgəyaşayış və eyni zamanda, ümumbəşəri sivilizasion identiklik formalarının təzahürü intensivləşmişdir. Şərqin və Qərbin qovşağında yerləşən ölkəmizdə insanların da həyat tərzi bu dəyişikliklərin təsirinə məruz qalır. Yeni üslub və modellər ortaya çıxır. Məhz belə bir zamanda azərbaycançılıq ideologiyası milli və bəşəri dəyərlərin ahəngdarlığını təşkil edən fundamental resursa çevrilir. Hər bir xalq dünya birliyi ailəsinə öz töhfəsini verir. Azərbaycanda millətlərarası və dinlərarası münasibətlərin azərbaycançılıq modeli bu töhfələrdən ən böyüyüdür.

"Azərbaycan-2010: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması dövlətçiliyin müasir tarixində müxtəlif mərhələlər yaşayan milli ideyanın mahiyyətcə yeni keyfiyyət məzmunu kəsb etdiyi mərhələyə qədım qoyması deməkdir. Xalqın müstəqil varlığının daha da güclənməsi, inkişaf etdirilməsi və həyat keyfiyyətinin artırılması deməkdir.

Digər fundamental resurs - bütün uğurlarımızın təməlində duran sabitlikdir. Dünya tarixi də, Azərbaycan tarixi də sübut edir ki, sabitlik olmadan heç bir quruculuq işləri gerçəkliyə çevrilə bilməz. Sabitlik adi söz deyil, gecə-gündüz çəkilən əziyyət müqabilində əldə edilən böyük nemət, inkişafın əvəzsiz resursudur. 20 il müddətində bərqərar edilmiş sabitliyin qorunub saxlanılması prioritetlər sırasında birinci olmalıdır.

Gələcəyin modelini quruculuğun subyekti Azərbaycanın gələcək vətəndaşının obrazı olmadan formalaşdıra bilmək nəinki qeyri-mümkündür, hətta mənasızdır. Yeni gələcək üçün yeni düşüncəli insan modelini, strateji təfəkkür vərdişlərinə yiyələnən Azərbaycan gəncini, onun mənəvi ideal və dəyərlərini, gələcəyin humanitar modelinin mənzərəsini cəmiyyətə yalnız ictimaiyyətşünaslarımız təqdim edə bilərlər.

Hər bir cəmiyyətdə yeniliyin təməli gələcək modelimizin humanitar siması, yaşadığı və yaratmaq istədiyi zamanı dərk edən fəal, təşəbbüskar, dünyada gedən proseslərə həssas şəxsiyyətdir. İstənilən ölkənin milli inkişafı, ilk növbədə, arzuedilən, gələcək cəmiyyət modelinin, konsepsiyasının ideoloji əsaslarının müəyyənləşdirilməsindən, onun geniş ictimaiyyətə, şüurlara çatdırılması istiqamətində aparılan miqyaslı vəzifələrdən başlayır. Yaponiya möcüzəsinin "atalarından" sayılan E.Deminqin sözlərini xatırlatmaq istərdik: "Ölkədə bütün sahələrin kökündən yeniləşməsi, yalnız müvafiq məqsədlərin milli ideyaya və ideologiyaya çevrilməsindən sonra mümkündür".

XXI əsr humanitar, sosial, informasiya və innovasion texnologiyaların sintezi əsri kimi səciyyələndirilir. Hər bir ölkədə innovasion cəmiyyət quruculuğu artıq texnoloji başadüşülən deyil, humanitar - insana yönümlü prosesdir. Bütün insanları həyativacib milli məsələyə - Azərbaycanın yaxın gələcəkdə innovasiyalı inkişaf üçün səfərbər etmək milli elmi elitanın hazırkı tarixi mərhələdə başlıca missiyasıdır. İnnovasiyalara əsaslanan cəmiyyətin ideoloji əsasları, onlara həssas ictimai şüurun, mühitin formalaşması üçün ən mühüm təsəvvürlər sistemli şəkildə izah olunmalıdır. Belə cəmiyyətin əsas həlqələri, resursları, institutları, elm, təhsil, mədəniyyət, təşkilatlanma formaları barədə strateji maarifləndirmə fəaliyyəti aparılmalıdır.

Bu gün cəmiyyətin də, insanın da fasiləsiz problemlər məkanında mövcud olduğu diqqət mərkəzində saxlanılmalıdır. Bu, başlıca olaraq yenilik, sürət və dəyişikliyin hər şeyə qadir gücü və təzyiqinə qarşı dura biləcək yeni insanın formalaşmasıdır.

Qabaqcıl ölkələr səviyyəsinə çatmaq Qərb təcrübəsinin təqlidi kimi bəsit başa düşülmür. Bu, hər şeydən əvvəl, milli inkişaf modelidir. Çünki onun subyekti də, obyekti də Azərbaycan xalqıdır, vətəndaşıdır. "Azərbaycan - 2020: gələcəyə baxış" inkişaf strategiyası təsəvvür edildiyi kimi, ümumi vəzifələrin: sadəcə, bir istiqaməti, qolu deyil. Bu, suveren Azərbaycanın gələcəyi, rəqabətədavamlı perspektivləri, sabahından əminliyi və milli varlığının, təhlükəsizliyinin təminatı məsələsidir.

Azərbaycan cəmiyyəti, vətəndaşları gələcək modelin humanitar məzmun və tərkib hissəsi, oriyentasiyası barədə geniş təsəvvürlərə maik olmalıdır. Dövlətimizin XXI əsrdə modernləşmə xəttinin intensiv surətini, bütün sahələrdə inkişafın intellektual-elmi əsaslar üzərinə keçirilməsini, bütün dəyişikliklərin təkanverici qüvvəsi olan yeni milli elitanın formalaşmasını təmin edən dinamik strategiyalar əsasında ölkənin inkişafına düşüncə və intellektin real təsirinin təmini kimi müəyyən etmək olar. Azərbaycanda intellektual-elmi, insan resurslarının yeni dövrün tələblərinə və dünya təcrübəsinə uyğun şəkildə maksimum səfərbər etməyə  imkan verən təkliflərin hazırlanması, XXI əsrin strateji alyansını - innovasiya möcüzəsini yaradan intellektual kapital, humanitar texnologiyalar və sosial energetikanın ölkəmizin davamlı yüksəlişinin fundamental faktoruna çevrilməsinə imkan verən amillərin cəmlənməsi önəmlidir.

Demokratik vətəndaş cəmiyyəti, hüquqi dövlət quruluşu kimi qlobal tarixi vəzifələr sırasına daha biri - innovasion elm cəmiyyəti qurmaq vəzifəsi əlavə olunmuşdur. Daha dəqiq deyilsə, demokratik cəmiyyətin uğuru və tərəqqisi hər şeydən əvvəl, innovasion inkişaf paradiqmasının nə dərəcədə müəyyənləşdirilməsindən, uğurlu tətbiqi və həyata keçirilməsindən birmənalı asılı olmuşdur.

Bu həyativacib məsələ ölkəmizin milli intellektual elitası qarşısında olduqca məsuliyyətli, miqyaslı vəzifələr irəli sürür. Azərbaycan elmində, ümumiyyətlə, elita problemi, elitologiya mövzusu o qədər də geniş müzakirələrin mövzusu ola bilməmişdir. Milli intellektual elita, onun təşəkkülü, cəmiyyətdə rolu, mövqeyi və funksiyaları və s. problemlər isə demək olar ki, hələ ictimai elmin diqqət mərkəzinə gəlməmişdir. Bu isə intellektual kapitalın və insan resurslarının bir nömrəli məsələyə çevrildiyi XXI əsrdə narahatlıq doğurur.

Müasir dünyada inkişaf və idarəetmə məsələlərinin obyektivlik və elmilik prinsipinə əsaslanması, yüksək statusa və qabiliyyətə malik ictimaiyyətşünasların,  humanitar elitanın həlledici rol oynaması elmi həqiqətdir. Humanitar elita intellektual, siyasi, mədəni, iqtisadi, psixoloji, mənəvi, təşkilatçılıq qabiliyyətləri ilə başqa qruplarla müqayisədə daha çox dövlətçilik missiyasına xidmət edən insanların birliyidir.

Modernləşmə və postmodernləşmə proseslərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını məhz hər bir ölkənin innovasion inkişaf strategiyası təmin edir. Dünya innovasiya məkanına inteqrasiya yolunun alternativi mövcud deyil. Bu miqyaslı vəzifənin dərki, izah edilməsi və hərtərəfli konsepsiyasının formalaşdırılması milli intellektual elitanın üzərinə düşür. Onu səciyyələndirən başlıca cəhətlər: yeni şəraitdə cəmiyyətin inkişafının yeni ideya və konsepsiyalarının irəli sürülməsi; cəmiyyətin idarə olunması üçün strateji qərarların qəbulunda dövlətə ən yaxın dəstəyin göstərilməsi; yeniliklərə həssas və fəal, təşəbbüskar mövqeyə malik, ictimai şüurun, innovasion mühitin formalaşdırılması; xalqın intellektual potensialının, insan resurslarının səfərbər edilməsi; cəmiyyət və dövlətin inkişafı üçün yüksək məsuliyyət hissi; konkret intellektual-elmi nailiyyətə yönəlmiş novatorluq fəaliyyəti; milli maraqlara yönümlü olması; milli ideyanı formalaşdırmaq və onun həyata keçməsinə xidmət etməsi; ali mənəvi keyfiyyətlərin daşıyıcısı olması; bütün cəmiyyətin ideal və dəyərlərinin cəmləşdiyi obraza malik olması; kütlələrə, emosiyalara deyil, şüur və zəkaya ünvanlı, düşüncəyə  yönümlü fəaliyyət aparması; cəmiyyətlə dövlət arasında ahəngin, ünsiyyətin təmin olunmasına xidmət etməsi; yeninin yaradılması, ənənə və innovasiyalar arasında optimal sintezin təmin edilməsi, yeni mənəvi dayaqların müəyyən edilməsidir. Xalqın düşünən beyni, "mədəni nüfuz sahib"ləri olan elita üçün, qeyd edildiyi kimi, mütləq müqəddəs missiyanın daşıyıcısı olmaq hissi, mənəvi meyar ən önəmli keyfiyyətlərdəndir.

Müasir dünyada intellektual və texnoloji tərəqqiyə yalnız ayrıca bir ölkənin gücü sayəsində nail olmaq mümkün deyildir. Buna görə də Azərbaycanın inkişaf etmiş ölkələrdəki səviyyəyə uyğun modernləşməsi üçün siyasi, iqtisadi, elmi və mədəni resurslar hərəkətə gətirilməlidir. Dövrümüzün çağırışları ölkəmizin texnoloji-innovasiya alyansları ilə geniş əlaqələr qurmasını zəruri edir. İnnovativ iqtisadiyyatın formalaşması Azərbaycan üçün ön sırada duran məsələlərdən biridir və dünya birliyinə inteqrasiyanın mühüm şərtlərindəndir. İnnovasion cəmiyyət, insan resurslarının və intellektual kapitalın, dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrildiyi cəmiyyətdir. Belə cəmiyyət bilik iqtisadiyyatına, təfəkkür iqtisadiyyatına əsaslanır, ideya və təşəbbüslərin fasiləsiz təkrar istehsalını, məhsuldar qüvvəyə çevrilməsini şərtləndirir.

Milli humanitariya dövlət, milli lider ətrafında birləşə, xalqın potensial enerjisini bir araya gətirə, quruculuq işlərinə səfərbər edə bilər. Bu gün inkişaf etmiş ölkələrdə intellekt və siyasət vahid cəbhədə dövlətçilik maraqlarına xidmət edir. Bu ölkələrin qazandığı uğurların təminatçısı məhz həqiqi intellektualların dövlətçiliyin inkişafını hər şeydən üstün tutmasıdır. Dünya  inkişafının hazırkı mərhələsində fatehlik hünərini, sərkərdə qılıncını, zəka "qılıncı", ağlın gücü əvəz edir və təbii ki, intellektual elitanın üzərinə çox çətin və şərəfli bir missiya düşür. O elə etməlidir ki, qədim Poma senatorları  öz müddətləri bitdikdə dedikləri bu sözləri deməyə haqqları olsun: "Mən bacardığım hər şeyi etdim, qoy başqaları bundan daha yaxşısını etsinlər".

 

 Hər şey vətəndaş və onun gələcəyi üçün

 

 Sərəncamla demək olar eyni vaxtda Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev "İnsan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə Milli Fəaliyyət Proqramını" təsdiq etmişdir. Sadə görünən bu fakt onu göstərir ki, İnsan hüquqları sahəsində Milli Fəaliyyət Proqramı "Azərbaycan - 2020: gələcəyə baxış" inkişaf strategiyasının müəyyən etdiyi məqsədlərə hədəflənmişdir

Bu sənəd göstərir ki, insan hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasətin prioritetlərindən biridir.

Eyni zamanda, Milli Fəaliyyət Proqramı ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan davamlı tədbirlərin tərkib hissəsidir. Yeni proqram isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəlmişdir.

Mahiyyət etibarilə Milli Fəaliyyət Proqramı və "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası - hər iki sənəd bir-biri ilə bağlıdır və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını göstərir.

İnsan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi ehtiva olunur.

Bundan əlavə, proqrama əsasən, gələcəkdə insan hüquqları sahəsində maarifləndirmə, elmi-analitik tədbirlərin davam etdirilməsi, beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali Komissarlıq, UNESCO, UNICEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi planlaşdırılır.

Milli Fəaliyyət Proqramının hazırlanması zamanı müxtəlif beynəlxalq  təşkilatlar ilə həyata keçirilən əməkdaşlıq proqramları nəzərə alınmışdır. Bu proqramda, eyni zamanda insan hüquqları sahəsində beynəlxalq öhdəliklərin davamlı implementasiyası üçün dövlət orqanlarına konkret tapşırıqlar verilir.

Bu, bir daha dəlalət edir ki,  İnsan hüquqları sahəsində yeni Milli Fəaliyyət Proqramı "Azərbaycan - 2020: gələcəyə baxış" konsepsiyasının hədəflərinə yönəlmişdir. Burada fikrimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə bitirmək istərdim: "Biz ölkəmizi qanunun aliliyinin bərqərar olduğu, çox güclü sosial siyasəti, inkişaf etmiş iqtisadiyyatı və regionda möhkəm mövqeləri olan müasir və demokratik bir ölkə kimi görürük.

 

 Gələcəyimizi düşünmək və gerçəkləşdirmək milli xüsusiyyətə, dövlətçilik ənənəsinə çevrilir

 

Sərəncam Azərbaycan dövlətçiliyinə müstəqillik dövründə rəhbərlik edən siyasi liderlərə xas olan gələcəyə hesablanmış siyasi kursun rəsmi dövlət sənədi ilə strateji planlaşdırma və idarəetmə ənənəsinə çevrilməsini təmin edir. Müstəqillik təcrübəsi göstərir ki, dövlətimiz ən çətin problemləri milli birlik amilinə dayaqlanaraq həll edə bilmişdir. Bu baxımdan, bütün cəmiyyətin anladığı və dəstəklədiyi yeni strategiya labüd olaraq reallaşır.

Dövlət başçısı İlham Əliyev son illərdə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin təşəbbüskarına çevrilmiş, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar dövlətimizin daha da güclü olmasına, cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Əminliklə demək olar ki, dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının öz liderinə  etimadının əsas səbəblərindən biri kimi çıxış edir.

Prezident İlham Əliyevin gələcəyə baxışı yalnız "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı sərəncamında deyil, onun həyata keçirdiyi siyasətdə və bütün çıxışlarında əksini tapmışdır:  "Bütün bu işlər Azərbaycan xalqının dəstəyi sayəsində görülür, bizim bütün uğurlarımız Azərbaycan xalqının uğurlarıdır. Əgər xalq bizim təşəbbüslərimizi dəstəkləməsəydi, onların heç biri yerinə yetirilə bilməzdi. Mən gələcək illərə böyük nikbinlik hissi ilə baxıram və bilirəm ki, Azərbaycanın çox parlaq, bundan da gözəl gələcəyi olacaqdır. Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil olacaqdır. Bizdə iqtisadi, siyasi, sosial və digər sahələrdə bütün meyarlar dünyanın ən inkişaf etmiş ölkələrinin meyarlarına bərabər olacaqdır. Belə olan halda ölkəmizin uzunmüddətli inkişafı təmin olunacaq və Azərbaycan uğurla irəliyə gedəcəkdir".

Yaxın gələcəyin güclü Azərbaycan dövlətini milli birlik və həmrəyliklə yaratmaq kimi böyük vəzifələr, sözün əsl mənasında, Azərbaycan xalqının bütün mənəvi, intellektual və əlbəttə ki, maddi resurslarının səfərbər edilməsini qarşıya qoyur. Vətəndaş cəmiyyətinin, alimlərin, ziyalıların, gənclərin, sahibkarların, idarəetmə strukturlarının, dünya azərbaycanlılarının - bir sözlə, bütün azərbaycançı qüvvələrin ən fəal töhfəsini tələb edir. Müasir tariximizin 2003-cü ildən başlayan yüksəliş və inkişaf göstəricilərinin davamlılığını 2020-ci ildə də, daha sonra da təmin etmək yaxın onillikdə də qarşıda duran ən böyük vəzifələrimizdəndir .

 

 

Rəbiyyət ASLANOVA,

Milli Məclisin İnsan hüquqları

Komitəsinin sədri, fəlsəfə elmləri 

doktoru, professor, Bakı Dövlət

Universitetinin "Fəlsəfə tarixi və

mədəniyyətşünaslıq kafedrası"nın

müdiri

 

Azərbaycan.- 2012.- 1 may.- S. 5.