Moskva Dövlət Universitetinin
Bakı filialının rektoru professor Nərgiz Paşayevaya
Macarıstanın “Xidmətlərə
görə” komandor xaç ordeni təqdim edilmişdir
Aprelin 30-da "ÜNS" yaradıcılıq səhnəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, tanınmış filoloq alim, professor Nərgiz Paşayevaya Macarıstanın "Xidmətlərə görə" komandor xaç ordeninin təqdim edilməsi mərasimi keçirilmişdir.
Professor Nərgiz Paşayeva bu ali mükafata macar mədəniyyətinin Azərbaycanda təbliği istiqamətindəki uğurlu fəaliyyətinə görə Macarıstanın dövlət başçısının sərəncamı ilə layiq görülmüşdür.
Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora mərasimdə Nərgiz Paşayevanın "Xidmətlərə görə" komandor xaç ordeni ilə təltif edilməsi haqqında Macarıstan Prezidentinin sərəncamını oxumuş, sonra yüksək mükafatı təqdim etmişdir.
Azərbaycan ilə Macarıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən səfir mədəniyyət sahəsində həyata keçirilən tədbirlərin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını bildirmiş, bu istiqamətdə Nərgiz xanım Paşayevanın rolunu xüsusi vurğulamışdır.
Son dövrlərdə Azərbaycanın zəngin mədəniyyətinin dünyada təbliği baxımından böyük işlərin görüldüyünü deyən diplomat bildirmişdir ki, ölkəmiz mədəniyyətlərarası dialoqun təşviq olunmasında da xüsusi rola və əhəmiyyətə malikdir.
Mərasimdə çıxış edən professor Nərgiz xanım Paşayeva Macarıstan Prezidentinin sərəncamı ilə yüksək mükafata layiq görülməsinin onu qürurlandırdığını söyləmiş, bunun ölkələrimiz arasında mədəni dialoqun inkişafına göstərilən diqqətin bariz nümunəsi olduğunu demişdir.
Macarıstanın çoxəsrlik zəngin mədəni irsi haqqında danışan professor Nərgiz xanım Paşayeva Qərbin bir çox dahi bəstəkarlarının məhz macar xalq musiqisinin təsiri altında yaşayıb-yaratdıqlarını vurğulamışdır.
Macar mədəniyyətinin Avropanın qərb hissəsinin zəkasını, şərq hissəsinin isə ürəyini özündə birləşdirdiyini deyən Nərgiz xanım Paşayeva xarici ölkəyə ilk səfərini 32 il əvvəl Macarıstana edərkən bunun şahidi olduğunu söyləmişdir.
Sivilizasiyalararası dialoqun inkişafında mədəniyyətin mühüm rol oynadığını deyən professor Nərgiz xanım Paşayeva "ÜNS" yaradıcılıq səhnəsinin dəvəti ilə Bakıda maraqlı proqramla çıxış etmiş dünya şöhrətli macar vokalisti və bəstəkarı Marta Sebestyenin də bu ordenə layiq görüldüyünü xatırlatmışdır.
"Mən çox xoşbəxtəm ki, əməyimə bu qiyməti bizimlə səmimi dostluq münasibətləri olan Macarıstan hökuməti vermişdir. Həm də ona görə çox xoşbəxtəm ki, bu mükafata təkcə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "ÜNS" yaradıcılıq səhnəsinin bədii rəhbəri kimi deyil, doğma Vətənim - Azərbaycanın nümayəndəsi kimi layiq görülmüşəm", - deyən Nərgiz xanım Paşayeva bir daha minnətdarlığını bildirmişdir.
Sonra tədbir bədii hissə ilə davam etmişdir.
Macarıstanın "Duna" kvartetinin və rəqs duetinin çıxışları mərasimə xoş ovqat bəxş etmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 1 may.- S. 6.