Moskva Dövlət Universitetinin Azərbaycan klubunun nümayəndələri Moskvadakı uşaq evlərinin birində xeyriyyə tədbiri keçirmişlər

 

 M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Azərbaycan klubunun nümayəndələri və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) fəalları Rusiya paytaxtının cənub-qərbində fiziki imkanları məhdud olan yetim uşaqlar üçün 11 nömrəli korreksiya uşaq evində xeyriyyə tədbiri keçirmişlər.

MDU-nun Azərbaycan klubunun fəalları vaxtaşırı bu uşaq evinə baş çəkir, valideyn qayğısından məhrum olan, lakin fəalların hər biri üçün artıq doğmalaşmış uşaqlara imkan daxilində kömək edirlər. 11 nömrəli uşaq evinin direktoru Lidiya Slyusaryova azərbaycanlı gənclərin xeyriyyə "karvanını" müəssisənin həyətində qarşılamış və ürəkdən salamlamışdır. Tələbələr oraya çatan kimi bu uşaq evi üçün gətirdikləri ərzaq məhsullarını, paltarları və başqa hədiyyələri avtomobillərdən boşaltmağa başlamışlar.

MDU-nun Azərbaycan klubunun sədri Ülfət Əliyev müəssisənin direktoru L.Slyusaryova ilə söhbətində bildirmişdir ki, bu uşaq evinə kömək etmək klubda nəcib bir ənənəyə çevrilmişdir. Müəssisənin direktoru 11 nömrəli uşaq evinə göstərilən diqqətə və xeyriyyəçilik fəaliyyətinə görə tələbələrə, eləcə də RAGT-nın sədri Leyla xanım Əliyevanın şəxsində bu təşkilata təşəkkürünü bildirmişdir. O, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin xeyriyyə aksiyalarını da xüsusi minnətdarlıqla xatırlayaraq qeyd etmişdir ki, bu fondun xeyriyyə tədbirlərinin ünvanları arasında 11 nömrəli uşaq evi də vardır.

Xatırladaq ki, Moskva şəhərindəki 11 nömrəli korreksiya uşaq evi 1960-cı il yanvarın 1-dən fəaliyyətə başlamışdır. Rusiya Federasiyasının ali ixtisas kateqoriyalı əməkdar müəllimi, əmək veteranı, öz parlaq fəaliyyətinə görə bir sıra nüfuzlu mükafatlara layiq görülmüş Lyudmila Slyusaryova 25 ildir ki, bu müəssisənin direktorudur. O bildirmişdir ki, 2007-2010-cu illərdə bu uşaq evində tərbiyə almış Məhəmməd adlı azərbaycanlı oğlanı (yeri gəlmişkən, Məhəmməd bu müəssisədə tərbiyə almış yeganə azərbaycanlıdır) iki il bundan əvvəl bir italyan ailəsi övladlığa götürmüşdür. L.Slyusaryova daha sonra qeyd etmişdir ki, çoxsaylı uğurlara imza atmış bu uşaq evi digər oxşar müəssisələr üçün nümunə sayılır, buna görə Moskva şəhərinin meri Sergey Sobyanin şəxsən buraya təşrif gətirmişdir.

Direktorun kabinetində söhbətdən sonra uşaq evinin yetirmələri musiqi zalında qonaqlara kiçik bir tamaşa göstərmişlər. Azərbaycanlı tələbələr uşaqların ifa etdiyi rəqs nömrələrini, deklamasiya dedikləri şeirləri, oxuduqları mahnıları gurultulu alqışlarla qarşılamışlar.

Ülfət Əliyev uşaq evinin yetirmələri və müəllim heyəti qarşısında çıxış etmişdir. O, səmimi qəbul üçün təşəkkürünü bildirərək qeyd etmişdir ki, bu uşaqlara baş çəkmək RAGT  fəalları üçün həmişə xoşduronlar bu fəaliyyəti müntəzəm davam etdirmək niyyətindədirlər.

Konsertdən sonra uşaqlara hədiyyələr verilmiş, uşaqların və tərbiyəçilərin səmimi sevinci və ürəkdən gələn minnətdarlıq sözləri isə azərbaycanlı tələbələr üçün əvəzsiz mükafat olmuşdur.

 

 

Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 1 may.- S. 6.