Niderlandın milli bayramı şərəfinə

 

Aprelin 30-da "Park Hyatt Baku" mehmanxanasında Niderlandın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Kraliça Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.

Tədbirdə çıxış edən Niderland Krallığının Azərbaycandakı səfiri Arjen Peter Uijterlinden əlaqələrimizin inkişafından söz açmışdır. Diplomat bu işdə Niderlandın Azərbaycandakı səfirliyinin fəaliyyətə başlamasının böyük rol oynadığını qeyd etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan səfir, məsələnin qısa vaxtda beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həllinə ümidvar olduğunu bildirmişdir.

Mədəniyyət və iqtisadiyyat sahəsində də əlaqələrimizin inkişafından danışan diplomat Niderlandın infrastruktur və ətraf mühit nazirinin Azərbaycana səfərini bu baxımdan müsbət addım kimi qiymətləndirmişdir. Bildirilmişdir ki, Niderlandda ənənəvi olaraq təşkil olunan "Floriana" sərgisində Azərbaycanın fəal iştirakı əlaqələrimizin inkişafının göstəricisidir.

Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlığın yüksək səviyyədə aparıldığını vurğulayan diplomat işlərin sürətlə başa çatdırılmasını böyük uğur kimi qiymətləndirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin adından əlamətdar bayram - Kralica Beatriksin doğum günü münasibətilə mərasim iştirakçılarını, Niderland xalqını təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dost ölkəyə firavanlıq və uğurlar arzulamışdır.

İki ölkə arasındakı mövcud münasibətlərdən danışan nazir Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində Niderlanda uğurlar arzulamışdır.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 1 may.- S. 6.