Avropanın ürəyi Azərbaycanda döyünür

 

 Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin başlanmasına artıq günlər qalır. Sanki hər gün bütün Avropanın ürəyi Azərbaycanda döyünür. Bu günlər bütün nəzərlər Qərb ilə Şərqin qovuşuğunda yerləşən Bakıya dikilmişdir.

Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan öz qüdrətini, qonaqpərvərliyini, nəyə qadir olduğunu bir daha nümayiş etdirmək üçün qollarını bütün Avropaya açmışdır. Hamı o anın baş verəcəyi, o möcüzənin reallığa çevriləcəyi günü səbirsizliklə gözləyir. Biz isə hər gün, hər saat o möhtəşəm ana doğru daha böyük inam və səylə irəliləyirik.

Aprelin 29-da Dənizkənarı Milli Parkda "Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fanklubunun təşəbbüsü ilə açıq havada təşkil edilmiş möhtəşəm konsert proqramı da buna bariz sübutdur.

AzərTAc xəbər verir ki, "Ulduzlar "Eurovision"u dəstəkləyir" devizi altında təşkil edilmiş bu möhtəşəm konsert proqramı doğma Bakımızın sakinləri, eləcə də paytaxtımızın qonaqları üçün əsl bayrama çevrilmişdir.

Yenə də bayramsayağı bəzədilmiş Dənizkənarı Milli Parkda müsabiqənin rəmzi bayrağı ilə yanaşı dalğalanan Azərbaycanın dövlət bayrağı isə on minlərlə tamaşaçıya daha böyük ruh yüksəkliyi bəxş etmişdir. Hamı bir ağızdan "Bakı!" deyə səslənərək bu yarışmaya nə qədər sevindiyimizi və necə böyük həvəslə hazırlaşdığımızı bir daha bütün dünyaya çatdırmağa çalışmışdır.

Konsertdə çıxışından əvvəl jurnalistlərə müsahibə verən tanınmış müğənni və bəstəkar Emin Ağalarov bütün musiqisevərləri Bakıya dəvət etdiyini bildirərək demişdir ki, Azərbaycan paytaxtında təşkil ediləcək bu yarışma öz möhtəşəmliyi ilə ürəkləri fəth edəcəkdir.

E.Ağalarov demişdir: "Əlbəttə, müsabiqəyə bir iştirakçı kimi deyil, xüsusi dəvət edilmiş qonaq qismində qatılsam da, hər halda, tamaşaçılar üçün öz ölkəmin təmsilçisi olacağam. Heç şübhəsiz, yaddaqalan, baxımlı, milli koloritli, eyni zamanda, çox parlaqmüasir bir nömrə hazırlamaq istəyirəm".

Gecənin ilk çıxışçısı olan "Eurovision-2010" təmsilçimiz Səfurə Əlizadə və konsertin aparıcısı Murad Dadaşov bu möhtəşəm musiqi bayramına ev sahibliyi edəcək Azərbaycanın bir-birindən maraqlı tədbirlərlə 57 illik tarixi olan yarışmaya öz töhfəsini verdiyini böyük iftixar hissi ilə qeyd etmişbütün müsabiqə iştirakçılarına uğurlar arzulamışlar.

Möhtəşəm konsertin qonaqlarından olan "Eurovision-2012" mahnı müsabiqəsində Gürcüstanı təmsil edəcək Anri Joxadzeöz növbəsində Bakıda olmasından məmnunluqla danışmış və əminliklə vurğulamışdır ki, Azərbaycanda keçiriləcək bu musiqi yarışması öz möhtəşəmliyi ilə uzun illər yaddaşlardan silinməyəcəkdir.

Gecə Fanklubun rəsmi diceyi (dj) Ç.Mustafayevin rəngarəng musiqi proqramı ilə başlanmışdır.

Konsertdə Fanklubun son iki ayda gördüyü işləri əks etdirən videomaterial nümayiş olunmuşdur. Bir daha vurğulanmışdır ki, bu möhtəşəm konsert  proqramının əsas məqsədi "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində əhalini yarışmanın ruhuna kökləmək, bu möhtəşəm şouya marağı daha da artırmaqdır.

Fankluba dəstək məqsədilə keçirilən konsertdə Səfurə Əlizadə, Eldar Qasımov və Nigar Camal kimi ulduzlar çıxış etmişlər. Eyni zamanda, "Eurovision-2012" mahnı müsabiqəsində Gürcüstanın təmsilçisi Anri Joxadze, həmçinin Ani LorakDiana Qurtskaya kimi görkəmli musiqiçilər də ifaçılar arasında olmuşlar.

Emin Ağalarovun çıxışı gecəyə xüsusi ahəng qatmışdır. Müğənni həmişəki kimi, bu dəfə də səhnədə olduğu zaman ekranda zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin vaxtı ilə oxuduğu mahnılardan fraqmentlər nümayiş etdirmişdir.

Bir-birindən fərqli və rəngarəng ifalarqeyri-adi səhnə tərtibatı tamaşaçılara xoş anlar bəxş etmişdir.

Konsertə müğənni Xəyyam Mustafazadənin ifasında Müslüm Maqomayevin şah əsəri olan "Azərbaycan" mahnısı ilə yekun vurulmuşdur.

İştirakçılara "Eurovision" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fanklubu tərəfindən müxtəlif hədiyyələr təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 1 may.- S. 7.