Azərbaycanın yeni analitik
informasiya portalı Fransada maraq doğurur
Azərbaycanın informasiya məkanında
yeni analitik portal fəaliyyətə başlamışdır.
İnformasiyaları Azərbaycan, türk, rus və ingilis dillərində
yayımlanan portal qısa bir vaxtda nəinki ölkəmizdə,
habelə xarici ölkələrdə maraq doğurur. Cənubi
Qafqaz regionunda və dünyada siyasət, geosiyasət, beynəlxalq
münasibətlər, iqtisadiyyat, sivilizasiyalararası və mədəniyyətlərarası
dialoq və digər mövzularla bağlı analitik
materialları www.NewTimes.az saytında izləmək
mümkündür. Yeni portalda yayımlanan materiallarda ədalətli
yanaşma, müxtəlif mövqe, fikir və ideyaların əks
olunması onun geniş oxucu kütləsi tərəfindən
maraqla qarşılanmasına səbəb olmuşdur.
Azərbaycanda
müxtəlif sahələr sürətlə inkişaf edir və
ölkəmiz regionda lider dövlətə
çevrilmişdir. Azərbaycan cəmiyyətinin davamlı və
yeniləşən inkişafını, dövlətimizin
siyasətinin beynəlxalq aləmə
çatdırılması istiqamətində yeni portalın
atdığı addımlar dünya ictimaiyyətinin diqqətini
cəlb etməyə başlamışdır.
Dinamik bir
quruma çevrilməkdə olan NewTimes saytında yayımlanan
materiallar Fransada da maraq doğurur. Artıq saytda yayımlanan
informasiyalar bu ölkənin bəzi elektron qəzetlərində
yer almaqdadır. Fransız və ingilis dillərində dərc
olunan actrurca.wordpress.com elektron qəzetində NewTimes
saytında gedən
"Türkiyənin Avropa İttifaqına
üzvlüyü və ya qazanarkən itirdiyi" sərlövhəli
analitik yazının ingilis dilindəki variantını öz
səhifələrində yerləşdirməsi buna əyani
misaldır.
Məqalədə
Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ilə
əlaqədar etdiyi müraciətdən 25 il
ötdüyü qeyd olunmuş, 1987-ci ildə Türkiyənin
Avropa İttifaqına üzv olmaq üçün rəsmən
müraciət etdiyi və bu məsələnin bu gün
Avropa məkanında gedən müzakirələrin əsas
mövzusuna çevrildiyi diqqətə çəkilmişdir.
Müraciət
edildiyi vaxtdan ötən dövr ərzində Türkiyənin
beynəlxalq aləmdə oynadığı rol barədə
söhbət açan yazıda Türkiyənin Avropa
İttifaqına üzvlük məsələsində Qərbi
qorxudan amillərin analitik təhlili yer almışdır.
Türkiyənin
Avropa İttifaqına daxil olmasını əngəlləyən
ilk amil kimi onun müsəlman ölkəsi olması diqqətə
çəkilmişdir. İkinci məqam kimi iqtisadi yük
göstərilmişdir. Haradasa bütün Şərqi
Avropaya bərabər olan Türkiyədə yüksək həcmdə
investisiya tələb edən az inkişaf etmiş bölgələrin
mövcudluğu da Qərbi bu ölkənin Aİ-yə daxil
olmasına qarşı qoyması barədə oxuculara məlumat
verilmişdir.
Sonda qeyd
olunur ki, əgər Türkiyə Aİ-yə üzv olarsa, Qərb
beynəlxalq aləmdə formalaşmaqda olan
sivilizasiyalararası toqquşma nəzəriyyəsinin əsassız
olduğunu isbat edəcəkdir.
Azərbaycanda
fəaliyyətə başlayan NewTimes portalında
yayımlanan materiallarla tanış olan fransız oxucuları
onların fransız dilində tərcüməsinin verilməsinin
vacibliyini vurğulamışlar.
Əsgər ƏLİYEV
Azərbaycan.- 2012.- 1 may.- S. 7.