Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasında sədrliyin ölkəmizə keçməsi ilə bağlı bəyanat yaymışdır

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) mayın 1-dən BMT Təhlükəsizlik Şurasında sədrliyin Azərbaycana keçməsi ilə bağlı bəyanat yaymışdır.

XİN-in mətbuat xidmətindən AzərTAc-a daxil olmuş bəyanatda bildirilir: "Azərbaycan 2011-ci il oktyabrın 24-də böyük diplomatik uğura imza ataraq, BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçilmişdir. Yüksək rəqabət şəraitində keçən 17 turdan sonra ölkəmiz beynəlxalq ictimaiyyətin etimadını qazanaraq, BMT-nin 155 üzv dövlətinin dəstəyini əldə edə bilmişdir.

Müstəqilliyimizin 20 illiyinə təsadüf edən bu qələbəmiz ölkəmizin qısa müddət ərzində balanslaşdırılmış, çoxşaxəli və məqsədyönlü xarici siyasətinin həyata keçirilməsi nəticəsində əldə etdiyi yüksək nailiyyətlərinin əsl göstəricisidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onun həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.

Bu gündən etibarən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq bir ay müddətinə bu mötəbər quruma sədrlik edəcəkdir. Sədrlik müddəti ərzində Azərbaycan Yaxın Şərq, AfrikaBalkan regionlarında cərəyan edən proseslər, o cümlədən dünya ictimaiyyətinin diqqət mərkəzində olan sülh və beynəlxalq təhlükəsizlik,  terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi digər qlobal əhəmiyyətli məsələləri Təhlükəsizlik Şurasının gündəliyi çərçivəsində müzakirələrə çıxaracaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi "Biz Təhlükəsizlik Şurasında, ilk növbədə, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və müdafiə edirik".

Təhlükəsizlik Şurasının sədri olaraq, terrordan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan "Terror aktları ilə beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidlər" mövzusunda yüksək səviyyəli iclas keçirməyi planlaşdırır. Bununla yanaşı, Azərbaycan Təhlükəsizlik Şurasındakı sədrliyi müddətində beynəlxalq ictimaiyyətin qarşısında duran əsas problemlərin müzakirələrə çıxarılması məqsədilə müxtəlif məsələlərlə bağlı iclasların keçirilməsini planlaşdırır".

 

 

Azərbaycan.- 2012.- 2 may.- S. 1.